DataLife Engine / Koronavirusun Azərbaycan iqtisadiyyatına vura biləcəyi zərbələr - TƏHLİL

Koronavirusun Azərbaycan iqtisadiyyatına vura biləcəyi zərbələr - TƏHLİL

Koronavirusun Azərbaycan iqtisadiyyatına vura biləcəyi zərbələr - TƏHLİL

Azərbaycanın iki böyük ticarət partnyoru olan Çin və İranda koronavirusun yayılması ölkəmiz üçün bir sıra risklər və zərərlər formalaşdırır. Buraya virusun ölkəmizdə yayılmasından tutmuş, bir sıra mühüm istiqamətlərdə iqtisadi zərərin yaranmasına qədər çeşidli sahələr aiddir.

İqtisadçı-alim Qubad İbadoğlu İranda koronavirusun yayılmasından Azərbaycana dəyə biləcək zərərləri açıqlayıb. Onun sözlərinə görə, ötən il Azərbaycandan xaricə gedən hər 5 nəfərdən 2-si İranı seçib: “İran Çindən sonra koronavirusun ən çox can aldğı ikinci ölkəyə çevrilib. Artıq Azərbaycanla 765 km sərhədə malik olan İranda virusa yoluxan 43 nəfərin 8-i dünyasını dəyişib. Bu, həmçinin İranın səhiyyə sisteminin zəifliyinin göstəricisidir. Müqayisə üçün qeyd edim ki, Cənubi Koreyada bu virusa yoluxan 607 nəfərdən 5-i vəfat edib. İranda koronavirusun yayılmasının bir sıra istiqamətlərdə Azərbaycan iqtisadiyyatına mənfi təsirləri gözlənilir. Bunlardan birincisi turizmdir. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ildə Azərbaycana 257 min nəfər İran vətəndaşı gəlib. Ötən il ərzində Azərbaycandan İrana 2 milyon 43 min nəfər gedib. Bu o deməkdir ki, hər ay orta hesabla İrandan Azərbaycana 21 min 417 nəfər gəlir, Azərbaycandan İrana isə 170 min 250 nəfər səfər edir. Sərhərdlərin bağlanması İrandan Azərbaycana xüsusilə də Novruz bayramı ərəfəsində gələcək tuirstlərin sayını kəskin azaldacaq. Eyni zamanda Azərbaycandan İrana müalicə götürmək, alış-veriş etmək, iş qurmaq məqsədilə səfər edənlərin sayına ciddi surətdə azaldıcı təsir göstərəcək. Bununla yanaşı, ərəb ölkələrindən, Şimaldan və Qərbdən Azərbaycana gələn turistlərin bir qismi İrana görə səfərlərini təxirə salacaqlar. Bütün bunların nəticəsində Azərbayanda hotelçilik və restoran, turizm xidməti, səyahət agentliyi, hava nəqliyyatı sahəsində biznes imkanları pisləşəcək”.

İqtisadçı-alimin sözlərinə görə, ticarət sektoru da koronavirusdan ciddi təsirlənəcək: “Ötən il İrandan Azərbaycana 452 milyon 701 min dollarlıq mal idxal olunub. Azərbaycanın İrana ixracatı isə 41 milyon 130 min dollar təşkil edib. İrandan Azərbaycana həmçinin kənd təsərrüfatı məhsulları, ərzaq və gündəlik tələbat malları gətirilir. Belə olan halda yaxın zamanlarda İran mənşəli malların qiymətində bahalaşma müşahidə olunacaq.

Təsirə məruz qalacaq daha bir sahə investisiyalardır. Otən ilə qədər Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı və sair sahələrdə 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib. İran tərəfindən Azərbaycan iqtisadiyyatına 3,4 milyard dollar investisiya yatırılıb. Hazrıkı situasiya investisiya əməkdaşlığını mənfi yöndə təsirləndirəcək.

Bundan əlavə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə tranzit yüklər İrana və əksinə, Rusiyaya daşınır.Yükdaşınmalarında fasilələrin yaranması Azərbaycanın tranzitdən əldə edəcəyi qazanclarını azaldacaq.

Azərbaycanla İran arasında ticari, investisiya, turizm və nəqliyyat əlaqələrinin pisləşməsi bu sektorlardan dövlət büdcəsinə daxilolmalara da təsir göstərəcək. Xüsusilə də qeyri-neft sektorundan büdcəyə vergi və gömrük ödənişlərinin məbləği aşağı düşəcək".

Q.İbadoğlu bildirir ki, qeyd olunanları kiçik istisnalarla Azərbaycanın Çinlə iqtisadi münasibətlərinə də şamil etmək olar: “Bu halda Azərbaycan-Çin və Azərbaycan-İran iqtisadi münasibətlərinin, insanlar arasında ünsiyyət əlaqələrinin pisləşməsi ölkədə ciddi şəkildə satışların və alışların həcminə və qiymətinə, eləcə də büdcə daxilolmalarına neqatv təsir edəcək”.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadənin sözlərinə görə, bu ilin yanvar ayında Azərbaycana gələn xarici vətəndaşların sayı 18 faiz, İrandan gələnlərin sayı isə 26,5 faiz artıb: “Bu ilin yanvarında İrandan Azərbaycana gələnlərin sayı 13 min nəfər təşkil edib. Bizim proqnozlarımız belə idi ki, dəyişməyən şərtlər nəzərə alınanda - yəni koronavirus çox ciddi dəyişən faktordur - bu il İrandan Azərbaycana gələn vətəndaşların sayı ötən illə müqayisədə təxminən 20 faiz artacaq”.

Qurum rəsmisi deyib ki, koronavirus krizisi təkcə dövlət səviyyəsində verilən qərarlardan asılı deyil. Bu, ümumi qlobal, psixoloji krizisdir. Bütün dünyada bir psixoloji panika yarandığı üçün insanlar səfərlərini təxirə salırlar: “Bu, bütün dünyaya aiddir. Ona görə də dəqiq rəqəmləri yekunda biləcəyik” (APA).
“Yeni Müsavat”
25-02-2020, 15:40
Geri dön