Şirinlik xəstəliyi » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » » Şirinlik xəstəliyi

Şirinlik xəstəliyi

Müəllif: Kürsüm
//
29 yanvar 2013
//
//

Şirinlik xəstəliyi

Diabet xəstəliyi insanlara çox qədim zamanlardan - bizim eradan təxminən 2000 il əvvəl məlumdur. Lakin xəstəliyi ilk dəfə kliniki cəhətdən qeydə alıb təsvir edən bizim eradan 30-100 il əvvəl yaşamış Selsi və romalı Areteus, sonralar isə məşhur tacik alim İbn-Sina olub. Ölümün bilavasitə səbəbi kimi şəkərli diabet ürək-damar və onkoloji xəstəliklərdən sonra 3-cü yeri tutur. Şəkərli diabetin belə sürətlə artmasına səbəb xəstəliyin genetik yolla ötürülməsi, insanlarda tez-tez stress vəziyyətlərinin təkrar olunması, piylənmənin geniş yayılmasıdır.

Şübhələr varsa...

5 ildir ki, şəkərli diabetdən əziyyət çəkən Esmira Əliyevanın dediyinə görə, xəstəlik ona genetik olaraq keçib. Özündən başqa iki bacısı və qardaşı da şəkər xəstəsidir: “Rəhmətlik anam da şəkər xəstəsi idi”.

E.Əliyeva deyir ki, təsadüfi müayinədən sonra onda şəkər xəstəliyinin olduğu aşkarlanıb: “Dilim-dodağım quruyur, bədənim tez-tez maye tələb edirdi. Ac olanda isə özümü çox pis hiss edirdim, ürəyim bulanırdı. Həkimə müraciət etdim. O, məndə əlamətlərindən şəkərli diabet olduğunu dedi. Düzü, əlamətlərindən mən də şəkərli diabetdən şübhələnirdim. Təxminim özünü doğrultdu. Analizin cavabına əsasən, həkim mənim şəkər xəstəliyindən əziyyət çəkdiyimi dedi”.

E.Əliyevanın sözlərinə görə, artıq 5 ildir ki, qanda şəkərin miqdarını stabil saxlayan preparatlardan istifadə edir. Vaxtlı-vaxtında həkim müayinəsindən keçir və ən başlıcası - pəhriz saxlayır: “Yağlı, duzlu qidalardan uzaq durur, pəhrizimi heç bir halda pozmuram. Həkimin məsləhətlərinə əməl edib normal yaşamımı davam etdirirəm”.

Qanda dəyişiklik

Həkim-endokrinoloq Fərqanə Məmmədlinin sözlərinə görə, endokrin sistemin xəstəliyi olan şəkərli diabet insulin çatışmazlığı nəticəsində qanda qlükozanın xroniki artımı ilə müşahidə edilir. Şəkərli diabet tədricən və ya kəskin şəkildə inkişaf edə bilər. Bəzən uzun müddət gizli şəkildə heç bir simptomu büruzə vermədən orqanizmdə davam edir. Lakin stres, psixi və fiziki travmalar, hamiləlik, piylənmə xəstəliyin gizli şəkildən aşkar vəziyyətə keçməsinə səbəb olur. Gizli diabet zamanı qanda şəkərin səviyyəsi normal hüdudlar çərçivəsində olur. Sidikdə isə heç zaman şəkər aşkar edilmir. Lakin gizli şəkərli diabeti olan xəstələrdə şəkər yükü şınağı müsbət olur. Aşkar şəkərli diabet zamanı isə xəstəliyə xas olan bütün klinik simptomlar - çox maye qəbul edilməsi, çox sidik ifraz etmək, çox yemək daha sıx rast gəlinir. Bundan başqa, qanda həmişə hirqlikemiya (yəni şəkərin normadan yuxarı olması) və qlükozuriya (sidiklə şəkərin ifraz olunması) aşkar edilir.

Diabetin tipləri

Həkimin dediyinə görə, şəkərli diabet xəstəliyinin 2 tipi var. 1-ci tip şəkərli diabet insulin çatışmazlığı ilə xarakterizə olunur. Yəni diabetə xas olan əlamətlər daha kəskin şəkildə özünü büruzə verir. Xəstələr qısa müddətdə çox çəki itirirlər. Yavaş-yavaş mədəaltı vəzin insulin hazırlayan hüceyrələri sıradan çıxır. Bunun nəticəsində də bədəndə kəskin insulin çatışmazlığı nəticəsində 1-ci tip şəkərli diabet əmələ gəlir. Xəstəlik tədricən proqressivləşir və vaxtında düzgün müalicə aparılmadıqda diabetik koma ilə nəticələnir: “İnsulyar aparatda insulin ifraz olunmadığından şəkərsalıcı həblərlə aparılan müalicə uzun müddət davam edərsə, xəstələr diabetik komaya düşürlər və ya kəskin arıqlama nəticəsində orqanizmin müqavimət qabiliyyəti zəiflədiyindən xəstələr vərəmə tutulurlar”.

İnsulinlə müalicə

Endokrinoloq vurğulayıb ki, xəstələrin müalicəsi insulinlə aparılır. İnsulinlə müalicə etdikdə xəstələrin vəziyyəti yaxşılaşır, simptomlar kəskin azalır, hətta itir: “Xəstəlik yenicə başlamış olanda insulinə tələbat bir qədər azalır, bəzən isə insulinə heç bir tələbat olmur. Bu dövr bir ildən üç-beş ilə qədər davam edə bilir. Lakin sonradan müxtəlif virus infeksiyalarının təsirindən və ya xəstələr düzgün qida, istirahət rejiminə əməl etmədikdə xəstəlik yenidən aktivləşir. Xəstələr ömürlərinin axırınadək insulinlə müalicə olunurlar”.

40 yaşdan sonra təhlükə

Həkim-endokrinoloqun sözlərinə görə, 2-ci tip şəkərli diabet isə tədricən inkişaf edir, bəzən uzun müddət klinik əlamətlər üzə çıxmır. Bəzi hallarda xəstəlik xeyli vaxt gizli gedir. Çox zaman xəstəlik təsadüfi müayinə nəticəsində aşkara çıxır. 2-ci tip şəkərli diabet stabil gedişə malik olur. Kəskin arıqlama qeyd olunmur. Xəstəlik adətən 40 yaşından sonra meydana çıxır. Xəstəliyin yüngül forması pəhrizlə müalicə olunur:

“Xəstəliyin orta ağır formasında müalicə həm pəhriz, həm də sulfanilamid və ya biquanid preparatları ilə aparılır. Diabetin fasadları inkişaf etmiş olur. Ağır gedişə malik olan 1-ci tip diabet yaşlılarda və yüngül, orta ağırlıqda gedişə malik 2-ci tip diabet isə uşaqlarda və gənclərdə də rast gəlinir. Ona görə bütün hallarda xəstəni tam müayinə və müşahidədən keçirəndən sonra diaqnoz dəqiqləşdirilir”.

Suya olan həsəd

F.Məmmədli bildirib ki, şəkərli diabet zamanı çox su içmək, tez-tez sidiyə çıxmaq, həddindən artıq susamaq, halsızlıq, yorğunluq, əmək qabiliyyətinin aşağı düşməsi, dişlərin laxlaması və çıxması, ürəkbulanma, qusma, yaraların gec sağalması, dəri qaşınması kimi simptomlara rast gəlinir. 2-ci tip şəkərli diabet zamanı halsızlıq, əmək qabiliyyətinin azalması daha çox müşahidə olunur:

“Şəkərli diabet xəstələrində dil quru olur və çox vaxt dişlərin izi dilin kənarlarında əks olunur. Dişlər tədricən laxlayır, tökülür, diş əti əl vurduqda qanayır. Şəkər xəstələrində bakterial infeksiya geniş inkişaf edir. Buna isə immun sisteminin zəifləməsi səbəb olur”.

Dəridə şəkər

Həkim-dermatoloq Gülsüm Quliyeva deyir ki, şəkərli diabetdən əziyyət çəkən xəstələrin, xüsusən də cavan xəstələrin yanaqları, alnı çox zaman qızarmış olur. Bəzən xəstələrin ovucları, ayaqlarının altı, bəzən də sifətləri sarımtıl rəngə çalır. Bu isə xəstələrdə qaraciyərin funksiyasının zəifləməsi ilə əlaqədar olaraq karotinin A vitamininə çevrilməsinin çətinləşməsi ilə əlaqədar olur. Dəridə qəhvəyi rəngdə ləkəli törəmələr əmələ gəlməyə başlayır. Baldır nahiyəsinin dərisində qırmızı-bənövşəyi rəngdə ağrısız düyünlər əmələ gəlir:

“Bir müddət keçdikdən sonra bu düyüncüklərin mərkəzində atrofik proseslər gedir və xoralar əmələ gəlir. Dərialtı piy təbəqəsi xəstəliyin ağır formasında zəif inkişaf etmiş olur. Bəzən isə dərialtı piy toxuması tamamilə atrofiya olunur ki, buna lipoatrofik diabet deyilir. Xəstələrin dərisi həmişə quru olur, kəpəklənir, qaşınma izləri olur. Şəkərli diabet xəstələrində dərinin irinli və göbələk xəstəliklərinə meyli güclü olur”.

Həkim bildirib ki, şəkər xəstələri digər insanlara nisbətən daha diqqətli olmalı və orqanizmlərini zədədən, yaralanmalardan qorumalıdırlar: “Kəsik, sıyrıq meydana gəldiyində sabun və su ilə yuyub üzərini quru, steril bir sarğı ilə örtməlidirlər. Əgər kəsik, sıyrıq dörd saat ərzində az da olsa, bitişməzsə, yəni qızartı, şişlik, ağrı, istilik, irin meydana gələrsə, mütləq həkimə müraciət edilməlidir. Şəkərli diabet xəstələrində qırıq, sınıq çox gec bərpa olur. Buna görə də belə xəstələr bədən üzvlərini sınıq və qırıqlardan qorumalıdırlar”.

Şəkərin ürəyə təsiri

Həkim-kardioloq Gülüstan Cavadova deyir ki, şəkərli diabet xəstələrində həm xırda, həm də iri damarların zədələnməsi baş verir. Böyük damarların zədələnməsi şəkərli diabeti olmayan xəstələrdə də baş verir. Lakin şəkərli diabeti olan xəstələrdə bu proses çox sürətlə inkişaf edir. İri damarların zədələnməsinin klinikası şəkərli diabeti olan və bu xəstəliyi olmayanlarda, demək olar ki, eyni olur. Miokard infarktı, aşağı ətrafların zədələnməsi kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Lakin şəkərli diabet xəstələrində bu hər iki cinsdə təsadüf olunur.

Diabet xəstələrində miokard infarktı çox hallarda xəstələrin ölümünə səbəb olur. Şəkərli diabeti olan xəstələrdə qəfləti ölüm hallarının baş verməsi bilavasitə ürək-damar sisteminin xəstəlikləri ilə əlaqədardır. Belə ki, bu xəstələrdə miokard infarktının ağrısız formasına tez-tez rast gəlinir ki, bu da xəstəyə ağrı vermədən onun ölümünə səbəb olur.

Həkimin sözlərinə əsasən, miokard infarktı şəkərli diabet xəstələrində diabeti olmayan şəxslərə nisbətən 2 dəfə çox rast gəlinir. Belə xəstələrin ölüm faizi birinci sutkada çox böyük olub, təxminən 40 faiz təşkil edir. İnfarktdan sonra 5 il ərzində ölüm halları 70-80 faiz təşkil edir.

Müalicəsi

Şəkərli diabetin müalicəsinə gəlincə, F.Məmmədli bildirib ki, hazırda ilkin kimyəvi qrup dərman preparatlarından - sulfanilamid və biquanidlərdən istifadə edilir. Sözügedən preparatlar bəzi hallarda insulinlə birgə tətbiq olunur: “Qeyd edim ki, şəkərli diabetin müalicəsində insulin heç nə ilə müqayisə edilə bilməyən əvəzsiz bir hormonal dərman preparatıdır. İnsulini optimal dozada tətbiq etdikdə o, karbohidrat, zülal, yağ, su-duz mübadiləsini və mübadilənin digər növlərini qısa bir zamanda nizama salır, diabetik komanın və ürək-damar fəsadlarının müəyyən qədər qarşısını alır. Belə ki, insulin tətbiq olunana qədər xəstələr diabet başlayandan sonra 3-5 il ərzində diabetik komadan tələf olurdular. Lakin insulin tətbiq ediləndən sonra diabetik komadan ölənlərin sayı 1-2 faiz təşkil edir”.

Pəhriz

Endokrinoloq deyir ki, şəkər xəstəliyindən əziyyət çəkənlər müalicə ilə yanaşı, pəhriz saxlamalıdırlar. Beləcə, qandakı şəkər miqdarını normal səviyyədə tuta bilərlər: “Şəkərli diabetin bütün formalarında, xəstəliyin bütün ağırlıq dərəcələrində pəhriz müalicəsi qanda şəkərin səviyyəsini aşağı salan həblər və insulinlə müalicə zamanı həmişə birlikdə aparılır. Yəni pəhriz bazis müalicəsi kimi aparılır. Ümumi qəbul olunmuş qaydaya görə, gündəlik qidanın 60 faizini karbohidratlar, 16 faizini zülallar, 24 faizini isə yağlar təşkil etməlidir. Qidada bunların miqdarı xəstənin bədən çəkisinə və gördüyü işə görə hesablanıb təyin olunur. Qəbul edilən yağların 50 faizinin heyvani, 50 faizinin isə bitki mənşəli olması məsləhətdir:

“Qida sutkada 5-6 dəfə qəbul edilməlidir. 2-ci tip şəkərli diabet xəstələrinin sutkada 4 dəfə qidalanmaları məsləhətdir. Pəhriz tam dəyərli olub vitaminlərlə, makro və mikroelementlərlə zəngin olmalıdır. Xörək duzu sutkada 10 qramadək məsləhət görülür. Spirtli içkilərdən və siqaretdən imtina edilməlidir. Rasiondan şəkər, bal, mürəbbə və sair tez mənimsənilən qida maddələri çıxarılmalıdır. Vitaminlərlə zəngin qidalardan geniş istifadə etmək lazımdır”.

Statistika

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hal-hazırda dünyada 240 milyondan artıq şəkərli diabet xəstəsi var. Azərbaycanda isə şəkər xəstələrinin sayı 163280 nəfər təşkil edir.

Bakı Şəhər Səhiyyə İdarəsinin rəisi Elmira Əliyevanın sözlərinə görə, 2005-ci ildə şəkərli diabet xəstələrinin sayı 56 min idisə, bu gün bu rəqəm 163280-dir. E.Əliyeva bildirib ki, keçən ilin 8 ayı ərzində paytaxtın 50 ilkin tibb müəssisəsində 48207 xəstə qeydiyyatdan keçib. E.Əliyeva qeyd edib ki, şəkərli diabet xəstələrinin müalicəsi üçün müvafiq dövlət proqramı qəbul edilib. Proqrama müvafiq olaraq lazımi tədbirlər həyata keçirilir: “Qeyd edim ki, diabet xəstələrinin müalicəsi üçün ölkənin 13 tibb müəssisəsində 400 çarpayı ayrılıb və bunun da 280-i Bakı şəhərində yerləşir. 14 adda dərman vasitəsi pulsuz qaydada xəstələrə verilib. Təəssüflə bildirmək istəyirəm ki, lazımi tədbirlərin görülməsinə baxmayaraq, bu sahə üzrə hələ də müəyyən problemlər var. Ancaq bu problemlərin aradan qaldırılması istiqamətində işlər görülür”.

Dövlət dəstəyi

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyir ki, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi dövlət büdcəsi hesabına maliyyələşdirilir. Müayinə və müalicənin maliyyələşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq Dövlət Proqramına uyğun olaraq, şəkərli diabet xəstələrinin dərmanla təmin olunması xeyli yaxşılaşıb və onların şəkərsalıcı dərman preparatları ilə təminatında mövcud olan gərginlik əsasən aradan götürülüb.

Xəstələrin əksəriyyəti özünənəzarət vasitələri - qlükometrlərlə təmin edilir. Müalicə-diaqnostika işinin yaxşılaşdırılması şəkərli diabet xəstələrinin aşkarlanması üçün şərait yaradıb və qeydiyyata götürülən xəstələrin sayı təxminən 2 dəfə artıb: “Şəkərli diabet xəstələrinin dəqiq qeydiyyatının aparılmasını, onların sağlamlıq vəziyyətinin dinamik müşahidəsini, dərmanla təminatına nəzarəti həyata keçirmək məqsədi ilə vahid registr forması hazırlanaraq təsdiq edilib. Lakin bütün dünyada olduğu kimi Azərbaycanda da şəkərli diabetə düçar olan şəxslərin sayı durmadan artır və bu tendensiya davam edir”.

Şəkər xəstələri üçün sanatoriya

Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzinin direktoru Rauf Cabbarovun sözlərinə görə, yaxın gələcəkdə şəkərli diabet xəstələri üçün sanatoriyalar yaradılacaq. Həmçinin diabet xəstələrinin şəkərsalıcı preparatlarla təminatı, xəstələrə pulsuz verilən dərmanların çeşidlərinin genişlənməsi nəzərdə tutulur: “Bütün bu və ya digər yeniliklər gələcək illəri əhatə edəcək “Şəkərli diabet üzrə Dövlət proqramı”nda öz əksini tapacaq”.
Xəbər Lenti Giriş Populyar Reklam