Azərbaycanla İsrailin dostluğu kimi və niyə təşvişə salıb? » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanla İsrailin dostluğu kimi və niyə təşvişə salıb?

Azərbaycanla İsrailin dostluğu kimi və niyə təşvişə salıb?

Müəllif: Gulnare
//
11 dekabr 2018
//
//

Azərbaycanla İsrailin dostluğu kimi və niyə təşvişə salıb?

"Bakı xüsusilə də Dağlıq Qarabağ münaqişəsi məsələsində İran və Ermənistana qarşı İsrailin dəstəyini almaq düşüncəsidə olsa da, qarşıdan gələn dönəmlərdə həm daxili, həm də xarici siyasətində böyük problemlərlə qarşılaşa bilər. Türkiyə və Rusiya kimi Cənubi Qafqazda geosiyasətin iki önəmli oyunçusunun İsrailin bölgədə artan gücündən narahat olması ehtimalı bir yana, Azərbaycanın İsraillə mövcud yaxın əlaqələrindən dolayı müsəlman ölkədər də Bakıya qarşı siyasət yürütməyə başlaya bilərlər.

Bu anlamda Azərbaycanın İsrailə verdiyi dəyərin İsrail tərəfindən Azərbaycana verilmədiyi də ortadadır. Məsələn, Azərbaycan parlamentinin bir çox üzvü, millət vəkilləri İsraillə əlaqələri strateji və dostluq münasibətləri kimi dəyərləqdirsələr də, İsrailin sabiq müdafiə nazirinin müavini Efraim Sneh inkişaf edən əlaqələrə rəğmən, Azərbaycanın heç bir halda İsrailin müttəfiqi olmadığını söyləyib".

İlk baxışdan "siyasi təhlil" təsiri bağışlayan bu açıqlama Azərbaycana qarşı sərt antipatik mövqe tutmuş bəlli qurumlardan birinə məxsus deyil.

Əksinə, açıqlama fəaliyyətində insani, humanitar və İslami dəyərləri üstün tutduğunu bəyan edən bir qurumdur. Özü də mərkəzi ofisi İstanbulda yerləşən, 100-dən çox ölkədə fəaliyyət göstərdiyini, fəlakətlər və savaşlar qurbanı olan insanlara yardım etdiyini iddia edən təşkilatın nəzdindəki strukturdur.

Söhbət 1995-ci ildə yaradılmış, hazırda Bülent Fehmi Yıldırmın rəhbərlik etdiyi "İnsan Hak ve Hürriyetleri ve İnsani Yardım Vakfı"nın (İHH) nəzdindəki İNSAMER-dən (İHH İnsani ve Sosyal Araştırmalar Merkezi) gedir.

İHH 2010-cu ilin mayın 31-də "Free Gaza Movement" aksiyası keçirərək 3 sərnişin və 3 yük gəmisini Fələstinin Qəzza bölgəsinə yollamışdı.

Gəmilərdə 700 fəal və 10 min ton yük vardı.

İsrailin Qəzzaya qarşı tətbiq etdiyi blokadanı yarmaq istəyən İHH bu aksiyanın nə ilə sonuclana biləcəyini yaxşı anlasa da, Təl-Əvivi "sınağa çəkmək" qərarına gəlmişdi. "Mavi Mərmərə" gəmisinin adı ilə tanınan aksiyanın sonucu isə, bəlli, çox pis olmuşdu.



Çox zəngin və sərt İHH

İllik büdcəsi 200 milyon türk lirəsini keçmiş İHH Türkiyənin Yaxın Şərqdəki siyasətnin konturlarını bəlirləməyə iddialı strukturdur. İsrail və Suriya hakimiyyətlərinə qarşı çox sərt, hətta aqressiv mövqe tutmuş bu təşkilatın rəhbəri Fehmi Bülent Yıldırım hətta İsraillə bütün əlaqələri bilmərrə kəsmədiyi üçün rəsmi Ankaranı da tənqid edir.

İHH-nin nəzdindəki "beyin-düşüncə mərkəzi" sayılan İNSAMER-in analitik Burak Çalışkanın "İsrailin Cənubi Qafqaz strategiyası" (İsrail'in Güney Kafkasya Stratejisi) adlı təhlili subyektiv və qərəzli olmaqla yanaşı, Azərbaycana ünvanlanmış təhdid çalarlarından da xali deyil.

İlk baxışdan informativ, məntiqli və əsaslandırılmış araşdırma təsiri bağışlayan bu təhlilin qayəsini Azərbaycan-İsrail əlaqələrinin guya "Türkiyənin strateji maraqlarına və geosiyasi mənafelərinə zidd" proses təşkil etməsi ilə bağlı iddialar təşkil edir.

Eyni zamanda, müəllif Azərbaycanın Fələstin problematikası ilə "birmənalı olmayan, laübəli mövqe" tutduğunu da vurğlayır.

Məsələn, B.Çalışkan yazıb: "Azərbaycanın yəhudilərlə bağlı əsrlərdən bəri sərgilədiyi xoş münasibət siyasətinin tam tərsinə olaraq İsrail işğal etdiyi Fələstin torpaqlarında yüz minlərlə müsəlmanın ölümünə, milyonlarla müsəlmanın qaçqın və köçkün duruma düşməsinə səbəb olub. Azərbaycan beynəlxalq qurumlarda və toplantılarda İsrailin Fələstinə qarşı siyasətini tənqid edir, Fələstində iki dövlət prinsipi əsasında çözümü dəstəklədiyini vurğulayır. Lakin Azərbaycan açıq şəkildə Fələstinə dəstək verdiyini ifdə etsə də, bu durum Azərbaycan-İsrail münasibətlərinə zərər vermir. Yəni Azərbaycanın Fələstinə verdiyi dəstək Bakının İsraillə əlaqələri ilə müqayisədə böyük önəm kəsb etmir. Eyni zamanda İsrail rəhbərliyi Azərbaycanla yaxın əlaqələrini dünya birliyindəki anti-İslamçı imicini dəyişdirmək üçün istifadə edir".

Həddən ziyadə sadəlövh, subyektiv və qərəzli açıqlamadır.



Azərbaycanın İsraillə olan münasibətləri heç bir halda və şəkildə Fələstin problematikası ilə bağlı rəsmi Bakının tutduğu mövqeyə təsir etməyib.

Sadəcə, faktlara nəzər salaq.

1992-ci ilin 15 aprelində Azərbaycan ilə ilə Fələstin Milli Hakimiyyəti arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanıb. Bakıda Fələstinin səfirliyi fəaliyyət göstərir. İsrailin də Bakıda səfirliyi var. Amma Fələstin məsələsinə görə Azərbaycan hələ də İsraildə səfirlik açmayıb.

2011-ci ilin iyunun 28-də Azərbaycana səfərə gələn Fələstin prezidenti Mahmud Abbası "Bakının bizə verdiyi möhtəşəm dəstəyə görə dərin minnətdarlığımı bildirir, xalqımın ən xoş hisslərini sizə çatdırıram" demişdi.

2013-cü ilin 21 aprel tarixində xarici işlər naziri Elmar Məmmədyarov Fələstinə səfər edib. Səfər çərçivəsində E. Məmmədyarov Fələstinin xarici işlər naziri Riad al-Maliki və baş nazir naziri Salam Fayad ilə görüşüb. Səfər əsnasında xarici işlər naziri Elmar Məmmədyarov dünya müsəlmanlarının müqəddəs ziyarətgahlarından hesab olunan Əl-Aqsa məscidini ziyarət etmişdi ki, bu da İsrailə aşkar messic xarakteri daşıyırdı.

Fələstinə beynəlxalq dəstəyin aktivləşdirilməsi məqsədi ilə, Azərbaycan 2013-cü ildə "Əl-Qüds Əl-Şərif şəhərinin inkişafı üçün strateji planın maliyyələşdirilməsi üçün donor konfransı", eləcə də "Fələstin dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılması" adlı konfranslara ev sahibliyi etdi, bu məqsədlə əhəmiyyətli miqdarda ianə verdi.

Azərbaycanın hər zaman beynəlxalq təşkilatlarda, xüsusilə BMT TŞ, İslam Əməkdaşlıq Təşkilatında və Qoşulmama Hərəkatında Fələstinə dəstək verib və bu dəstək Fələstin tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən Ərəb Dövlətləri Liqası yekdilliklə Azərbaycanın namizədliyinin dəstəklənməsi barədə qərar qəbul edib. Azərbaycan Fələstin məsələsini BMT TŞ-nın qeyri-daimi üzvü olarkən özünün prioritetləri sırasına daxil etmişdi.



Azərbaycan Hökuməti Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə (AİDA) 2012-ci il ərzində Qəzza bölgəsində hərbi toqquşmalar nəticəsində yaranmış humanitar böhranın aradan qaldırılmasına kömək məqsədilə Fələstin xalqına 100 min ABŞ dolları məbləğində maliyyə yardımı göstərib.

Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri şurasının 42-ci sessiyasında çıxışını da xatırlayaq. O, demişdi: "Fələstindəki vəziyyət və Əl-Qüds Əl-Şərif məsələsi beynəlxalq ictimaiyyətdən vahid mövqenin olmasını tələb edir. Biz İƏT Baş katibi və onun heyətinin bizi səylərimizi birləşdirməyə və Fələstin xalqına bütün zəruri dəstəyin göstərilməsi məqsədilə İƏT Nazirlər Əlaqə Qrupunun səfərlərinin təşkil etməyə yönəlmiş dəyərli işini yüksək qiymətləndiririk. Azərbaycan Hökuməti iki dövlət həllinin tərəfdarıdır və bir daha qardaş Fələstin xalqına sülhə və stabilliyə nail olmaq səylərində və paytaxtı Şərqi Qüds şəhəri olan müstəqil dövlətlərinin yaradılmasında tam dəstəyini təsdiq edir".

Bundan başqa, ölkəmiz təkcə 2016-cı ildə BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, YUNESKO və digər qurumlar çərçivəsində Fələstinin mövqeyinə dəstək ifadə edən və İsrailin fəaliyyətini tənqid edən 20-dən artıq qətnamənin lehinə səs verib.

2017-ci ildə Azərbaycan BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyasının, Humanitar məsələlərin Əlaqələndirilməsi üzrə Ofisinin, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və digər QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi edib.

Bu ilin noyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Fələstinin xarici işlər naziri Riad Əl-Malikini qəbul edib. Görüşdə İ.Əliyev deyib: "Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirir, dəstəyini əsirgəmir".

Noyabrın 5-də isə Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısı Bakıda keçirildi, dövlət başçımız da həmin tədbirə qatıldı. Sözügedən tədbirdə Fələstinin XİN başçısı Riad Əl-Maliki, Fələstin xarici işlər nazirinin Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini Mazen Şamiyah, Fələstin Milli Fondunun rəhbəri-Nazir Mouin Elias Yousef Khouri, Fələstinin Asiya ölkələrində akkreditə olmuş 27 səfiri, Fələstin XİN-nin diplomatları iştirak etmişdilər.

Tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq gündəlikdə duran məsələlərin həllinə töhfə vermək əzminin, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan etimad və hörmətin nümunəsi deyildimi?

Azərbaycan Şərqi Əl-Qüds paytaxt olmaqla, Fələstin məsələsinin iki dövlət prinsipi əsasında BMT-nin müvafiq qərarları və qətnamələri əsasında həllini dəstəkləyir.



Azərbaycan Fələstin xalqının çətin günlərində hər zaman yanında olub və islam həmrəyliyinə sadiq qalıb. Ölkəmiz ciddi maliyyə çətinlikləri ilə üzləşən BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə cari ilin oktyabr ayında 200 min ABŞ dolları məbləğində yardım edib.

Bu ilin aprelində Azərbaycanda Qoşulmama Hərəkatının aralıq nazirlər toplantısı keçirilib. Nazirlər toplantısı çərçivəsində Fələstin üzrə Qoşulmama Hərəkatının Nazirlər komitəsinin iclası baş tutub. Qoşulmama Hərəkatının gündəliyində Fələstin məsələsi xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.

Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində Fələstinin mövqeyinə dəstək ifadə edən və İsrailin bəzi fəaliyyətlərini, o cümlədən, işğal edilmiş ərazilərdə həyata keçirilən qanunsuz addımlarını qınayan qətnamələri dəstəkləyir.

Azərbaycan tərəfi İsrail ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında qurduğu ikitərəfli əlaqələrinin verdiyi müsbət təsir imkanlarından istifadə edərək, bu dövlətlə siyasi dialoqu çərçivəsində İsrail-Fələstin münaqişəsinin həlli üzrə sülh prosesində müşahidə olunan durğunluqdan və münaqişə zonasında bəzi fəaliyyətlərdən narahatlığını ifadə edir, nəticə yönümlü sülh prosesinin bərpa edilməsinin və münaqişənin iki dövlət yanaşması əsasında tezliklə həll edilməsinin vacibliyini ifadə edir.

Sadaladığımız məqamlar Azərbaycanın Fələstinə verdiyi hərtərəfli, genişmiqyaslı dəstək deyilmi?!



Azərbaycanla İsrail niyə tərəfdaşdır?

İNSAMER-in təhlilində o da xüsusilə vurğulanır ki, Türkiyən Naxçıvanın təhlükəsizliyinin təminatçısıdır, Qars müqaviləsi var, buna rəğmən İsral Naxçıvanda aktiv fəaliyyətdədir və s.

Hesabatdakı digər iddiaları sadalamağa lüzum görmürük, çünki onların hamısı Azərbaycanla İsrail arasındakı əlaqələrin "müsəlman dövlətlərə və xüsusilə də Türkiyə ilə İrana qarşı yönəldiyi" təki irreallığa söykənir.

Halbuki Azərbaycan İsrail əlaqələrinin digər müsəlman ölkələrinə qarşı deyil. Ən azı ona görə ki, Azərbaycan islam həmrəyliyinin gücləndirilməsi işinə praktiki əsaslarla töhfə verir və İslam Əməkdaşlıq Təşkilatının fəal üzv dövlətlərindən biridir.

İsrail Azərbaycan münasibətləri obyektiv səbəblərə söykənir, Azərbaycanda heç zaman antisemitizmin olmaması, Azərbaycanda tarixən güclü yəhudi diasporunun mövcudluğu bu münasibətlərin inkişafını şərtləndirir. Azərbaycan yəhudiləri İsrail və Qərb ölkələrində yəhudi lobbisi ilə Azərbaycan arasında körpü rolu oynayır. Bu əlaqələrdən Azərbaycan güclü erməni lobbisini neytrallaşdırmaq üçün istifadə etməyə, öz təhlükəsizliyini təmin etməyə çalışır, bu həm də bu əlaqələr Türkiyənin mənafeyinə uyğundur.

Azərbaycan-İsrail əlaqələri ikitərəfli xarakter daşıyır və heç bir dövlətlə münasibətlərə xələl gətirmir. Ölkəmiz, eyni zamanda, Azərbaycan-İsrail dialoquna Fələstin məsələsini qaldırmaq üçün bir platforma, imkan kimi baxır.

İsrail parlamentində bir neçə dəfə gündəliyə salınmış qondarma "erməni soyqırımı"nın tanınması məsələsi məhz Azərbaycanın səyi ilə və Azərbaycanla münasibətlərin xarakteri nəzər alınaraq çıxarılıb.

Hesabat müəllifinin nəzərinə onu da çatdırmaq istərdik ki, İsraillə sıx əlaqələri olan yeganə müsəlman ölkəsi biz deyilik. İordaniya, Oman, Səudiyyə Ərəbistranı və Misirin Təl-Əvivlə təmasları, əlaqələri dəfələrlə aktiv, intensivdir.



Onu da xatırladaq ki, İsrailin bir dövlət kimi legitimliyi bütün müsəlman dünyasında mübahisəli sayılan ilk vaxtlarda yalnız İran və Türkiyə İsraillə xüsusi əlaqələrə malik idi.

1977-ci ildə isə ABŞ-ın Kemp Devid şəhərində İsraillə sülh müqaviləsi imzalayan Misir bu minvalla İsrailin müsəlman dünyasında legitimləşdirlməsi yolunu tutdu.

Azərbaycan müstəqilliyini əldə etdiyi və İsraillə diplomatik münasibətlər qurduğu zaman İsrail artıq müsəlman dünyasında qəbul edilmək səddini aşa bilmişdi.

Son əvəzi

İsraili sözdə pisləyən və tənqid edən, "işğalçı" adlandıran, lakin Təl-Əvivlə gizli, pərdərarxası əlaqələrə malik bir sıra müsəlman ölkələrdən fərqli olaraq Azərbaycanın İsraillə əldaqələri aşkar, legitim və şəffaf münasibətlərdir.

Türkiyənin xarici siyasətinin isə İNSAMER təki klerikal, din mərkəzli qurumların istəkləri və tələbləri üzərində quralması mümkün deyil, olmamalıdır da.



Vəqfin və onun nəzdindəki mərkəzin din-məzhəb mərkəzli siyasət yürütmə çağırışları, Türkiyənin xarici siyasətinə müdaxilə cəhdləri, o cümlədən İsraillə münasibətlərin diplomatik böhran həddinə çatmasına səbəb olmuş addımları türk mediasi və siyasi çevrələrində də birmənalı qarşılanmır, ciddi etirazlar doğurur.

Azərbaycan öz xarici siyasətində milli maraqlar və beynəlxalq hüququ əsas götürür, bu zaman müttəfiq ölklərin mınafelərini nəzərə alır. Həyata keçirdiyi siyasət və layihələr bütün bölgədə əməkdaşlıq, dostluq mühitinin güclənməsinə xidmət edir. Beynəlxalq münasibətləri dini baxışlar üzərində qurmağa edilən çağırışlar isə, sadəcə, yersizdir.

Milli.az
Xəbər Lenti Giriş Populyar Reklam