Novruz Məmmədov: "Azərbaycan və Qazaxıstan arasında regional əməkdaşlıq modeli qlobal miqyasda öz töhfəsini verəcək" » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Novruz Məmmədov: "Azərbaycan və Qazaxıstan arasında regional əməkdaşlıq modeli qlobal miqyasda öz töhfəsini verəcək"

Novruz Məmmədov: "Azərbaycan və Qazaxıstan arasında regional əməkdaşlıq modeli qlobal miqyasda öz töhfəsini verəcək"

Müəllif: Gulnare
//
01 noyabr 2018
//
//

Novruz Məmmədov: "Azərbaycan və Qazaxıstan arasında regional əməkdaşlıq modeli qlobal miqyasda öz töhfəsini verəcək"

"Azərbaycan və Qazaxıstan arasında regional əməkdaşlıq modeli qlobal miqyasda öz töhfəsini verəcək".

Xeberleragntliyi.com Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Novruz Məmmədov Qazaxıstanın ən böyük tirajlı dövlət qəzeti olan "Egemen Qazaxıstan" qəzetinə müsahibəsində deyib.

N.Məmmədov bildirib ki, Qazaxıstanla Azərbaycanı tarixi dostluq-qardaşlıq telləri bağlayır: "Burada eyni soykök, eyni mədəni və mənəvi faktorlar önəm kəsb edir. Eyni zamanda, Azərbaycanla Qazaxıstan strateji tərəfdaşdırlar. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından keçən 26 il ərzində münasibətlərimiz bütün sahələr üzrə inkişaf edib. Xüsusən, Qazaxıstanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan haqlı mövqeyinə ikitərəfli və çoxtərəfli müstəvilərdə dəstəyini yüksək qiymətləndiririk".

Baş nazir vurğulayıb ki, Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 2017-ci ildə Bakıda keçirilmiş 14-cü iclasında yol xəritəsi imzalanıb, onun icrası ilə bağlı həyata keçirilmiş tədbirlər cari ilin 31 oktyabr tarixində Astanada baş tutmuş Komissiyanın 15-ci iclasında buna müvafiq olaraq müzakirə olunub:

"Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir. Hər iki ölkənin marağı bu tranzit xəttin imkanlarından maksimal dərəcədə faydalanmaqdır. 2017-ci ilin 30 oktyabr tarixində istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Yeni Bakı Beynəlxalq Dəniz Limanı, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətləri və Kurık dəniz limanı ölkələrimizin tranzit potensialının daha da artırılmasına xidmət edir. Artıq biz Çin-Avropa istiqamətində region üzərindən yükdaşımalarının artdığını görürük. İnanıram ki, ölkələrimiz arasında mövcud olan bu regional əməkdaşlıq modeli gələcəkdə daha da genişlənərək qlobal miqyasda öz töhfəsini verəcək".

"Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya"dan da danışan N.Məmmədov bu sənədin Xəzər dənizində Xəzəryanı dövlətlərin əməkdaşlığının daha da inkişaf etdirilməsi baxımından fundamental əhəmiyyətə malik olduğunu bildirib:

"Avqustun 12-də Aktau şəhərində Konvensiyanın imzalanması ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli əsasda iqtisadi-ticari sahədə əlaqələrin intensivləşməsinə daha əlverişli şərait yaradacaq. İlk növbədə ona görə ki, Konvensiya Xəzəryanı dövlətlərin dənizdə suveren və müstəsna hüquqlarını tanımaqla, dənizin hüquqi statusuna dair qeyri-müəyyənliyi aradan qaldırır. Bundan başqa, Konvensiya bu günədək Xəzər dənizində sahilyanı dövlətlər tərəfindən həyata keçirilən təsərrüfat-iqtisadi fəaliyyətlərin hüquqi çərçivəsini müəyyənləşdirməklə, bu kimi fəaliyyətlərin təhlükəsizliyini təmin edir. Bütün bunlar ölkələrimiz arasında mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə geniş imkanlar açır. Həmçinin "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya"da əks olunmuş dəniz üzgüçülüyünün azadlığı və təhlükəsizliyinin təmin olunması prinsipləri, eləcə də tərəflərə məxsus gəmilərin limanlara sərbəst giriş-çıxış hüququ Xəzərin regionda tranzit potensialını artırmaqla, ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin yüksəldilməsinə və xalqlarımızın rifahına xidmət edəcək".

Qeyd edək ki, N.Məmmədov noyabrın 2-də Qazaxıstanın paytaxtı Astana şəhərində Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Baş nazir kimi iştirak edəcək.
Xəbər Lenti Giriş Populyar Reklam
Cəbhədən yeni xəbər Bu gün, 10:03Cəbhədən yeni xəbər