Əlilliyə görə pensiya alanların sayı açıqlandı » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Əlilliyə görə pensiya alanların sayı açıqlandı

Əlilliyə görə pensiya alanların sayı açıqlandı

Müəllif: Anar
//
03 dekabr 2012
//
//

Əlilliyə görə pensiya alanların sayı açıqlandı

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ictimaiyyətlə əlaqələr sektorundan xeberleragentliyi.com-a verilən məlumata görə, bu il oktyabrın 1-ə olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyası alan 1 milyon 271 min 210 nəfərin 26,5 faizi (336,7 min nəfəri) əlilliyə görə əmək pensiyası alanlardır. Onlardan 6,9 faizi (23,4 min nəfəri) I qrup, 85,6 faizi (288,2 min nəfəri) II qrup, 7,5 faizi (25,1 min nəfəri) III qrup əlillərdir. I qrup gözdən əlillərin sayı isə 7575 nəfər təşkil edir. Əlilliyə görə əmək pensiyası alan vətəndaşların 3,7 faizi müharibə əlilləri, 95,5 faizi ümumi səbəbdən əlillər, 0,8 faizi isə dövlət qulluqçularıdır.

“Əmək pensiyaları haqqında” qanunda əlilliyə görə, əmək pensiyası növü xüsusilə fərqləndirilərək, bu kateqoriyadan olan vətəndaşlara xüsusi güzəştlər tətbiq edilib. Qanunun müddəalarına əsasən, vətəndaşların yaşa görə pensiya hüququ müəyyən yaş həddi ilə məhdudlaşdırılsa da, əlilliyə görə pensiya təminatında heç bir yaş həddi qoyulmayıb. I qrup əlilə qulluq edilməsi müddəti, əmək xəsarəti və peşə xəstəliyi nəticəsində işləməyən I və II qrup əlillərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət sosial sığorta haqqının ödənilib-ödənilməməsindən asılı olmayaraq sığorta stajına daxil edilib. Əlillərin ailə başçısını itirməyə görə əmək pensiyası hüquqlarının müəyyən edilməsində də bir sıra güzəştlər nəzərdə tutulub. Qanunla 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşdan yuxarı əlillər, eləcə də I və ya II qrup əlil ata, ana, ər (arvad) yaşından və əmək fəaliyyətindən asılı olmayaraq ailə başçısını itirməyə görə pensiya hüququna malikdirlər.

Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120 faizi (I qrup gözdən əlillərə 200 faizi) həcmində müəyyənləşdirilib. Digər mühüm bir məqam əmək pensiyasının baza hissəsinə əlavələrlə bağlıdır. Qanunun 19-cu maddəsinə əsasən, öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 5 faizi məbləğində, I qrup əlillərə qulluq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində, I qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində (I qrup Böyük Vətən Müharibəsi əlillərinə 140 faizi məbləğində), II qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 70 faizi məbləğində (II qrup Böyük Vətən Müharibəsi əlillərinə 110 faizi məbləğində), III qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində (III qrup Böyük Vətən Müharibəsi əlillərinə 90 faizi məbləğində) əlavələr hesablanır.

Qeyd edək ki, bu əlavələr 1 yanvar 2006-cı ilədək mövcud olmuş əvvəlki pensiya sistemi ilə təyin olunmuş əmək pensiyalarının da üzərinə yenidən hesablanıb.
Xəbər Lenti Giriş Populyar Reklam