Əhməd Cavad Lənkəranda yad edilib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Əhməd Cavad Lənkəranda yad edilib

Əhməd Cavad Lənkəranda yad edilib

Müəllif: Anar
//
02 dekabr 2012
//
//

Əhməd Cavad Lənkəranda yad edilib

Lənkəran şəhər 4 saylı humanitar təmayüllü məktəb-liseydə Azərbaycanın istiqlal şairi Əhməd Cavadın 120 illik yubileyinə həsr edilən "Sən öylə bir şeyirsən ki, sevməyənlər anlamaz" adlı elmi-praktiki konfrans keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, Azərbaycan Reespublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov açıb.

Lənkəran Dövlət Universitetinin “Dil və ədəbiyyat” kafedrasının müdiri, dosent, Yazıçılar Birliyinin üzvü Yədulla Ağazadə “İstiqlal şairi Əhməd Cavadın həyat və yaradıcılıq yolu” mövzusunda geniş məruzə edib. Bildirilib ki, 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuş şair Gəncə ruhani seminariyasında və Azərbaycan Ali Pedaqoji İnstitutunun tarix və filologiya fakültəsində təhsil alıb. 45 illik həyatı boyu çox məşəqqətli ömür yolu keçən Əhməd Cavadın qəlbi daim Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyi ilə döyünüb. Nəticə etibarilə şair günahsız olmasına baxmayaraq, haqsız həbs edilib, dəhşətli işgəncələrə məruz qalıb və 1937-ci ildə imperiyanın amansız cinayətinin qurbanı kimi həyatdan vaxtsız köçüb.

Məruzə ətrafında çıxışlarda filologiya üzrə fəlsəfə elmləri doktoru, prezident təqaüdçüsü, Yazıçılar Birliyinin üzvü Mirhaşım Talışlı, Liman şəhər 2 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Rəqsanə Xasıyeva, Liman şəhər 1 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Əfayət Əsədova, şəhər 8 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Münasib Nuriyev və digərləri fikir və düşüncələrini ifadə ediblər. Bütün çıxışlarda həyatı boyu xalqımızın müstəqillik ideallarına sadiq qalan Əhməd Cavad poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsi qoyulduğu, şairin zəngin yaradıcılığının sonrakı nəslin milli azadlıq və istiqlal uğrunda mübarizə təfəkkürünün inkişafında xüsusi rolu dönə-dönə qeyd olunub.

Tədbirdə həmçinin məktəblilərin ifasında Əhməd Cavadın şeirləri və sözlərinə bəstələnmiş mahnılar səsləndirilib, iştirakçılara ədəbi-bədii kompozisiya təqdim edilib.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Əhməd Cavadın 120 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı sərəncamına əsasən təşkil olunub.
Xəbər Lenti Giriş Populyar Reklam
Neft ucuzlaşdı Bu gün, 11:06Neft ucuzlaşdı