Xəzərin hüquqi statusu tənzimləndi - TARİXİ RAZILAŞMA » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Xəzərin hüquqi statusu tənzimləndi - TARİXİ RAZILAŞMA

Xəzərin hüquqi statusu tənzimləndi - TARİXİ RAZILAŞMA

Müəllif: Gulnare
//
13 avqust 2018
//
//

Xəzərin hüquqi statusu tənzimləndi - TARİXİ RAZILAŞMA

"Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyətli sənəddir. Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib. Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyənləşdirən bu mühüm sənədi bu gün imzaladığımız üçün həmkarlarıma fəal işlərinə görə təşəkkürümü bildirmək istərdim".

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimindhəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev belə dedi.

Onun sözlərinə görə, Konvensiya imzalanana qədər də bizim ikitərəfli və çoxtərəfli münasibətlərimiz kimi Xəzər təhlükəsizlik, sabitlik dənizi və Xəzərdə sabitliyin və təhlükəsizliyin qarantı idi. Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır.



Bu gün Xəzərdə təhlükəsizlik və sabitlik bizim imzaladığımız Konvensiya ilə müəyyən olunur. Təbii ki, bu, Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır.

Azərbaycanın dövlət başçısının sözlərinə görə, ölkəmiz Xəzərdə ekoloji vəziyyətin yaxşılaşmasına fəal və böyük töhfə verir. Hökumətimizin gördüyü tədbirlər xüsusən neft-qaz əməliyyatlarının həyata keçirildiyi zaman Xəzər dənizinin çirklənməsinin qarşısını almağa hədəflənib: "Mən artıq Sammit zamanı bu barədə danışmışam və bir daha demək istəyirəm ki, Azərbaycanın müstəqillik dövründə həyata keçirdiyi bütün neft-qaz əməliyyatları İSO beynəlxalq standartlarına uyğundur".

Gələn il biz Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik, bu da dəniz yataqlarında neftin ilk hasilatı idi. Əlbəttə, əvvəlki illərdə Xəzərin neft-qaz ehtiyatlarının istismarı zamanı Xəzərin ekologiyasına müəyyən dərəcədə ziyan dəyib. Lakin bu gün ölkəmiz mümkün olan hər şeyi edir ki, Xəzər ekoloji inkişaf, ekoloji sabitlik zonasına çevrilsin.

İ.Əliyev daha sonra vurğuladı ki, Azərbaycan nəqliyyat infrastrukturuna fəal surətdə sərmayə yatırır və reallaşdırdığımız layihələr bu gün bizə Xəzəri mühüm nəqliyyat arteriyası kimi nəzərdən keçirməyə imkan verir. Azərbaycanın Qazaxıstana və Türkmənistana öz tranzit xidmətlərini təqdim etdiyi Şərq-Qərb dəhlizi, Azərbaycandan keçməklə İran və Rusiya arasında tranzitin reallaşdırıldığı Şimal-Cənub dəhlizi - bunlar iqtisadi əməkdaşlığı möhkəmləndirən, yeni iş yerləri yaradan, bizi bir-birimizə yaxınlaşdıran, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradan layihələrdir.

"Bu gün mən iclasda qeyd etdim ki, bu il İranla Rusiya arasında Şimal-Cənub dəhlizi üzrə yükdaşımaları 100 dəfədən çox artıb. Azərbaycan ərazisində bu istiqamətdə bütün işlər başa çatıb və biz yük axınının artmasını gözləyirik. Eynilə, Azərbaycan Avropa və Asiya dəmir yollarını birləşdirən layihəni həyata keçirib və bu dəhlizlə də yük axınının xeyli artmasını gözləyirik. Bütün bunlar ölkələrimiz üçün əlavə imkanlardır. Bu, iqtisadi rifahdır, bu, ölkələrimizin dünya miqyaslı mühüm tranzit qovşağa çevrilməsidir.

Əlbəttə, bugünkü imzalanma mərasimi qarşımızda yeni perspektivlər açır. Biz əməkdaşlığı davam etdirmək niyyətindəyik. Azərbaycan bütün Xəzəryanı ölkələrlə çox sıx etimada, qarşılıqlı, bərabərhüquqlu maraqların nəzərə alınmasına, ərazi bütövlüyünə hörmətə və bütün ölkələrin suverenliyinə əsaslanan münasibətlərə malikdir. Bütün Azərbaycan xalqı adından gələcəkdə ölkələrimizin hamısının uğurlu inkişafında böyük rol oynayacaq bu mühüm sənədi, nəhayət, imzaladığımız üçün böyük məmnunluğumu ifadə etmək istərdim", - Azərbaycan Prezidenti bəyan etdi.

İran Prezidenti Həsən Ruhani, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasının əhəmiyyətinə toxunaraq onun ölkələrimiz arasında gələcək əməkdaşlığa daha mühüm töhfələr verəcəyini bildirdilər.



Xəzərin hüquqi statusu ilə bağlı tarixi anlaşma

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb. V Xəzər sammitinin yekununda İlham Əliyev, Vladimir Putin, Nursultan Nazarbayev, Həsən Ruhani və Qurbanqulı Berdıməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədi təsdiq ediblər.

Dövlət başçıları mətbuat üçün bəyanatlarında müzakirə edilən əsas məsələlər arasında Xəzərin hüquqi statusu, Xəzər bölgəsində iqtisadiyyat, nəqliyyat, ekologiya və bioresursların qorunmasına dair əməkdaşlıq, bölgədə və qlobal miqyasda təhlükəsizlik kimi məsələləri qeyd ediblər.

Xəzər Konvensiyanın imzalanması avqustun 12-ə təsadüf edən Beynəlxalq Xəzər Günü ilə üst-üstə düşüb.

1992-ci ildən Xəzərin hüquqi statusu barədə konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri öz məntiqi yekununa yaxınlaşdı, çünki indiyədək Xəzərin hüquqi statusuna hər bir dövlət milli maraqlarından çıxış edərək fərqli yanaşıb.

Azərbaycan tərəfi uzun illər ərzində Xəzərin beynəlxalq hüquqi normalar çərçivəsində ədalətli bölgüsünü və "qazan-qazan" prinsipini təklif etsə də, müəyyən süni maneələr yekun statusla bağalı razılaşma əldə edilməsinə vermirdi.

Sənəd üzərində iş 1996-cı ildən aparılıb. 2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında "Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi" haqqında üçtərəfli saziş imzalanıb və tərəflər, Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıb.

Konvensiya layihəsi yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb.

Bu il martın sonunda İran prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanmış Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu bugünkü konvensiyanın razılaşdırılması yolunda mühüm tarixi əhəmiyyət daşıyan sənəd olmuşdur.

Konvensiyaya əsasən, Xəzəryanı ölkələr suverenlik, suveren hüquqlar, müstəsna hüquqlar və yurisdiksiyalarını həyata keçirir.



Xəzər sabitlik və əməkdaşlıq dənizinə çevrildi

Xəzərdə tarixi razılaşma dənizin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edir.

Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək, Xəzəryanı dövlətlərə və xalqlara fayda gətirəcək.

"Xəzər beşliyi" dövlət başçılarının imzaladığı sənəd xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşib.

Xarici ekspertlər qeyd edirlər ki, Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması 5 sahil ölkə üçün dönüş nöqtəsidir .

Bütün ölkələr xüsusən Azərbaycan Konvensiyadan daha çox iqtisadi fayda təmin edəcək, Xəzərin karobohidrogen ehtiyatalarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlər çəkilməsi üzərində maneə aradan qaldırılacaq.

Azərbaycan hüquqi statusla bağlı danışıqlar getdiyi bütün dövr ərzində beynəlxalq hüquqa v qaşlıqlı etimada söykənən milli mənafelərini müdafiə etmiş və digər qonşu ölkələr də xoş məram nümayiş etdirərərək Azərbaycanın milli maraqlarını müdafiəsi qarşısında müəyyən güzəştlərə gediblər.

Müzakirələr getdiyi bütün dövr ərzində, xüsusən Konvensiya imzalanması ərəfəsində xaricdəki anti-Azərbaycan qüvvələr, erməni lobbisinə yaxın dairələr həm digər Xəzəryanı paytaxtlarda, həm də Qərb paytaxtlarında "Xəzər Beşliyi" ölkələri arasında ziddiyyətləri qabartmağa çalışır, anlaşmanın baş tutmaması üçün fəaliyyət göstərirdilər.

Yalnız "Xəzər beşliyi" ölkələri rəhbərlərinin, xüsusən Azərbaycan tərəfinin güclü siyasi iradəsi, daim xoş qonşuluq siyasətinə sədaqəti və xoş məramı bu konvensiyanın imzalanması yolunda maneələrin aşılmasına imkan verib.



Xəzərin hüquqi statusu: mövqelər, iradlar, tələblər

Xəzərin hüquqi statusunun ilkin müddəaları Peterburq (1723), Rəşt (1731), Gülüstan (1813), Türkmənçay (1828) müqavilələrində öz əksini tapıb. Lakin həmin sənədlərdə də hüquqi baxımdan "status" anlayışı olmayıb. Bu müqavilələrlə Rusiya imperiyasına Xəzərdə böyük imtiyazlar verilirdi. Xəzərin hüquqi statusuna daha çox diqqət 1921-ci il fevralın 26-da Moskvada imzalanmış Rusiya-İran (Qacarlar) müqaviləsində verilib. Bu müqavilənin 3-cü maddəsində deyilir: "1881-ci ildə sərhəd komissiyası tərəfindən müəyyən edilmiş sərhəd xəttini hər iki yüksək səviyyədə danışıq aparan tərəflər İran və Rusiya arasında su sərhədi kimi qəbul etməyə razılaşır. Bu sərhəd qorunmalı və toxunulmazdır". 26 maddədən ibarət olan bu müqavilə Rusiya tərəfindən Georqi Çiçerin və İran tərəfindən P. Qaraxan-Məmlük tərəfindən imzalanmışdır. 1935-ci ildə İran-SSRİ arasında imzalanmış "Ticarət, dənizçilik və məskunlaşma haqqında", 1940-cı ildə "Ticarət və dənizçilik haqqında" imzalanmış müqavilələr də Xəzərin Sovet-İran dənizi olması bir daha vurğulanıb.

1970-ci ildə isə ilk dəfə olaraq Xəzər dənizinin SSRİ-yə məxsus hissəsinin sektorlara bölünməsi məsələsi müzakirə edilməyə başlanmışdı və SSRİ-nin Neft Sənayesi Nazirliyi tərəfindən həyata keçirilib. Bu bölgüyə əsasən Xəzər dənizi müvafiq olaraq Rusiya SFSR, Qazaxıstan SSR, Azərbaycan SSR, Türkmənistan SSR habelə SSRİ-nin quru sərhədi ilə müəyyən edilən İran sektoruna bölünmüşdü. Bu bölgü zamanı Xəzərin hüquqi, coğrafi vəziyyətindən irəli gələn, beynəlxalq-hüquqi təcrübədə hamı tərəfindən qəbul edilmiş orta xətt prinsipi əsas götürülmüşdü.

1992-ci illərdən başlayaraq Xəzərsahili dövlətlərin ikitərəfli və çoxtərəfli görüşlərdə Xəzərin hüquqi statusu məsələsi ilə bağlı müzakirə və danışıqlar başlanmışdı. Bununla da Xəzərin hüquqi statusunun həllində fərqli mövqelərinin ortaya çıxması ilə günümüzə qədər davam edən status məsələsinin müzakirəsinin startı verildi. Hüquqi status məsələsinin sonrakı müzakirələri də göstərdi ki, Xəzərin hüquqi statusu məsələsinə hər bir dövlət fərqli yanaşır və bu zaman daha çox beynəlxalq-hüquqi normalara deyil, milli maraqlara söykənirlər.

İranın Xəzərin beş bərabər hissəyə bölünməsini nəzərdə tutan prinsipi əldə bayraq tutması etirazla qarşılanır. İran Azərbaycan ilə Xəzərdəki sərhədin qeyri-müəyyən olmasından faydalanaraq müəyyən vaxtlarda Azərbaycan ilə əldə etdiyi razılaşmalar çərçivəsində fəaliyyət göstərən Exxon və BP kimi Qərb şirkətlərin gözünü qorxutmaq üçün hərbi təlimlər keçirib.

1998-ci ilin yanvarında Rusiya ilə Qazaxıstan prezidentlərinin Xəzərin statusu ilə bağlı qəbul etdiyi "Birgə Bəyanat" iki ölkənin orta xətt üzrə Xəzərin dibinin sektorlara bölünməsinə dair razılığa gəldiyini göstərirdi. Həmin ilin iyulunda isə Moskvada Rusiya ilə Qazaxıstan arasında "Xəzərin Şimal hissəsinin dibinin bölünməsinə dair Birgə Saziş" imzalandı. Bundan bir qədər sonra Rusiya Azərbaycanla da Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi haqqında danışıqlara başlayır və müvafiq şazişlərin hazırlanması tapşırığını verir ki, bu da faktiki olaraq "Xəzərin hüquqi statusu" məsələsini bölgə ölkələrinin və beynəlxalq aləmin geosiyasi gündəmindən çıxarır.

8-9 yanvar 2001-ci ildə Azərbaycan və Rusiya arasında imzalanmış "Xəzər dənizində birgə fəaliyyət" haqqında Bəyanatda "Xəzərin orta xətt üzrə milli sektorlara bölünməsi" prinsipi cüzi dəyişikliklərlə öz əksini tapdı. Üçüncü mərhələdə Rusiyanın mövqeyində müşahidə olunan konstruktivlik faktiki olaraq "Xəzərin statusu" problemini üç ölkə- Rusiya, Qazaxıstan və Azərbaycan üçün həll etdi. Az keçməmiş, 2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında "Xəzərin dibinin ora xətt üzrə milli sektrlara bölünməsi, su səthinin ümumi istifadəsi" haqqında üçtərəfli saziş imzalandı və tərəflər, Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atdılar. Üçtərəfli sazişə görə, orta xətt üzrə Xəzərin dibinin 18,7 faizi Rusiyanın, 19,5 faizi Azərbaycanın, 29,6 faizi isə Qazaxıstanın nəzarətində qaldı.



Xəzər dənizinin hüquqi statusunun təsbit edilməsinin zəruriliyini və sahilyanı dövlətlər üçün mühüm əhəmiyyətini nəzərə alaraq, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclasında (Aşqabad, 11-12 noyabr 1996-cı il) Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənməsi üzrə xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrup yaradıldı. Xəzəryanı dövlətlər arasında aparılan danışıqlar, məsləhətləşmələr və fikir mübadilələri onu göstərir ki, bu dövlətlərin mövqelərinin tam üst-üstə düşməməsinə baxmayaraq, bütün sahilyanı ölkələr, ümumiyyətlə, Xəzər dənizinin bölünməsi məsələsinə tərəfdardırlar.

Dünyada enerji ehtiyatlarına tələbatın artması, eləcə də Rusiya ilə Qərb arasında davam edən qarşıdurma fonunda Moskvanın Xəzər hövzəsi ölkələrini Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın razılaşdırılması istiqamətində danışıqlar prosesini sürətləndirməyə və yekun qərarın əldə olunmasına sövq edir.

Xəzərin yekun hüquqi statusunu müəyyən edəcək Konvensiyanın razılaşdırılması məqsədi ilə işçi qrupların görüşü davam etdirilirdi.

2015-cü il martın 5-də işçi qrupunun toplantısında tərəflər Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə tam razılıq əldə ediblər.

Azərbaycan mübahisəli məsələlərin danışıqlar yolu ilə həllinin tərəfdarıdır və Xəzər dənizində demilitarizasiyanın tərəfdarı kimi çıxış edirdi. Türkmənistan sahilyanı ölkələr arasında dənizin dibinin konkret hissələrində onların hüquqlarını müəyyənləşdirən razılaşma imzalanmadan birtərəfli şəkildə işlərin görülməsinə qarşı idi. Xəzər dənizinin statusuna dair Azərbaycan, Rusiya və Qazaxıstanın mövqeyi ilə razılaşmayan digər Xəzəryanı ölkə isə İrandı. İran Xəzərin statusu ilə bağlı Sovet İttifaqı ilə İran arasında imzalanmış müqavilələri bir kənara qoymağı təklif edirdi.

Beləliklə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiyanın Xəzərin bölünməsi ilə bağlı mövqeləri belə idi:

AZƏRBAYCAN - Rəsmi Bakı hamılıqla qəbul edilmiş beynəlxalq-hüquqi orta xətt və onun əsasında Xəzərin milli sektorlara bölünməsi prinsipindən çıxış edir və bəyan edir ki, hər dövlət öz milli sektoru üzərində müstəsna suverenliyə malikdir. Azərbaycanın xarici şirkətlərlə birgə işlənməsini nəzərdə tutduğu yataqlar dənizin ona məxsus sektorunda yerləşir. Xəzər dənizinin qərb sahilində yerləşən Xəzər dənizinin dibinin və səthinin beynəlxalq konvensiyalara uyğun olaraq orta xətt boyunca 5 sektorlar bölünməsinin tərəfdarıdır və sahildən 25 dəniz mili məsafədə daxili milli sektorların yaradılmasını istəyir. Azərbaycan bu yanaşmada Rusiya və Qazaxıstanla ortaq mövqe sərgiləyir. Azərbaycanla Qazaxıstan arasında 2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Azərbaycan və Qazaxıstanın Xəzər dənizində sərhədlərinin müəyyən olunması barədə müqavilə imzalanıb. 2003-cü il mayın 14-də isə Azərbaycan, Qazaxıstan və Rusiya Xəzər dənizindəki milli sektorlarının sərhədlərini müəyyən edən razılaşma imzalamışdılar. Bu razılaşma 3 dövlətin su sərhədlərinin ortaq xətt boyunca müəyyənləşdirilməsini nəzərdə tutur. Həmin ölkələrə neft-qaz və mineral resursların öz milli sektorları daxilində istismar etməsinə şərait yaradır.



Azərbaycanın əsas mübahisəsi İran və Türkmənistanla mövcuddu. Dənizin dibinin orta xətt boyunca bölünməsini son illərdə dəstəkləməyə başlayan Türkmənistan bununla belə Azərbaycanla "Kəpəz" yatağına görə mübahisə edirdi. Azərbaycan Xəzər dənizinin 21 faizi Azərbaycana məxsusdur.

RUSİYA - Xəzər dənizində sərhədləri müəyyən olunmuş yeganə ölkədir. Xəzər dənizi boyu həmsərhəd olduğu Azərbaycan və Qazaxıstanla imzalanmış müqavilələr Rusiyanın dəniz sərhədlərini müəyyən edib. Xəzər sahillərinin 16 faizi Rusiyaya məxsusdur.

İRAN - Xəzərin cənub və bir qədər də cənub-qərb sahillərini əhatələyir. Xəzər dənizinin İran sahili 900 kilometrdir. Xəzəryanı ölkələr arasında ən radikal mövqe İrana məxsusdur. Bu ölkə Xəzər dənizində sərhədlərin yalnız bütün tərəflərin razılığı əsasında müəyyən olunmasını istəyirdi. Eyni vaxtda 90-cı illərin əvvəllərində Xəzər dənizinin dibinin və səthinin, o cümlədən mineral resurslarının birgə istifadə olunmasını təklif edirdi.

İran 1921 və 1940-cı illər müqaviləsinə əsaslanaraq Xəzər dənizinin tərəflər arasında 20 faiz üzrə bərabər bölüşdürülməsini tələb edirdi. İran tərəfi Xəzər dənizinin quru sərhədlərindən başlayaraq dövlətlər arasında orta xətt boyunca bölüşdürülməsinin qəti əleyhdarıdır. Digər 4 Xəzəryanı dövlət onun bu mövqeyini dəstəkləmir. İran da Rusiya kimi xaric ölkələrin hərbi gəmilərinin Xəzər dənizində hərəkət etməsinin qadağan olunmasını dəstəkləyir. Xəzər sahillərinin 14 faizi İrana məxsusdur.

QAZAXISTAN - Xəzər dənizinin quru sərhədindən başlayaraq orta xətt boyunca müəyyən olunmasının tərəfdarı idi. Qazaxıstan 2003-cü ilin mayında Azərbaycan və Rusiya ilə imzaladığı müqavilələr əsasında Xəzər dənizinin 64 faiz sərhədini müəyyən edib. Rusiya ilə mübahisəli mövzusu olan "Xvalınoe", "Mərkəzi" və "Qurmanqazı" neft yataqları iki ölkə tərəfindən birgə istismar olunur. Xəzər dənizinin 29 faizi Qazaxıstana məxsusdur.



TÜRKMƏNİSTAN - Xəzər dənizinin şərq istiqamətində yerləşir. Xəzər dənizi ilə Türkmənistanın 1200 kilometrlik sahil xətti mövcuddur. 2005-ci ildən Xəzər dənizinin orta xətt boyunca bölünməsini təklif etsə də, Azərbaycanla bır sıra istiqamətlərdə razılıq əldə edə bilməyib. Türkmənistan tərəfi iddia edirdi ki, Xəzər orta xətt prinsipi ilə bölünməlidir və bu dövlətlər arasında sərhəd rolunu oynamalıdır. Dünya təcrübəsində orta xəttin "xüsusi vəziyyətlər" nəzərə alınmaqla müəyyənləşdirilməsi təcrübəsi də var. Məhz bu "xüsusi vəziyyətlər" 1982-ci ildə qəbul olunmuş BMT-nin dəniz sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı Konvensiyasının tətbiqinə bəzi əngəllər yaradır. Bu amili nəzərə alan Aşqabad hesab edir ki, Xəzərin Türkmənistanla Azərbaycan arasında bölünməsi zamanı Abşeron yarımadası və Çilov adası nəzərə alınmamalıdır. Təbii ki, Azərbaycan tərəfi bu prinsiplə razılaşmır. Xəzər sahillərinin 20 faizi Türkmənistana aiddir.

5 Xəzəryanı dövlətdən üçü Xəzər dənizinin orta xəttinin müəyyənləşdirilməsinin və onun sektorlara bölünməsinin bir metodunu, iki dövlət isə başqa metodunu təklif edirdi. Formal baxımdan yanaşdıqda, Azərbaycanın çoxluqda olan cinahda qərar tutmasının ona müəyyən üstünlüklər yaratdığını demək olar. Enerji daşıyıcılarının müxtəlif nəql marşrutlarının təklif olunması, mübahisəli yataqlar üzrə tərəflərdən bəzilərinin qeyri-konstruktiv mövqeyi Xəzərin statusu ilə bağlı müzakirələrin yaxın perspektivdə Konvensiyanın imzalanması ilə nəticələnəcəyini deməyi çətinləşdirir. Amma bütün bunlara baxmayaraq, Xəzərin dostcasına bölünməsinin vaxtı çatmışdı.

Çünki Xəzər dənizi münaqişə məkanı yox, sülh, dostluq, əmin-amanlıq dənizi olmalıdır.
Xəbər Lenti Giriş Populyar Reklam
6 otaqlı ev yandı Dünən, 10:156 otaqlı ev yandı
Cəbhədən XƏBƏR VAR Dünən, 10:05Cəbhədən XƏBƏR VAR