Gəncə hadisələrinin gizlinləri - faktlar, təfərrüat, "oyunçu"lar - FOTO » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Gəncə hadisələrinin gizlinləri - faktlar, təfərrüat, "oyunçu"lar - FOTO

Gəncə hadisələrinin gizlinləri - faktlar, təfərrüat, "oyunçu"lar - FOTO

Müəllif: Gulnare
//
11 iyul 2018
//
//

Gəncə hadisələrinin gizlinləri - faktlar, təfərrüat, "oyunçu"lar - FOTO


Dünən axşam saatlarında Gəncənin mərkəzi meydanında baş verənlər heç bir halda vətəndaşların etiraz aksiyaları, yerli sakinlərin elə yerli hakimiyyətə etirazı deyildi.

Meydana silahlı təxribatçılar, bir mərkəzdən idarə olunan adamlar girmişdilər.

"Ləbbeyk, ya Hüseyn!", "Allahu Əkbər!" qışqıran, əllərində qılınc və xəncər olanları vətəndaş cəmiyyəti, insan haqları və ədalət tərəfdarları saymaq olarmı?!

Elmar Vəliyevə sui-qəsd edən adamı "qəhrəman"laşdıran, onu vəsf edən və polisə hücum çəkən kəsləri gənclilərin maraqlarının təzahüru olan narazılığın daşıyıcıları hesab etmək mümkündürmü?

İqtisadi, sosial və s. problemlərin mövcudluğunu kimsə danmır. Dövlət başçısı da Nazirlər Kabinetinin toplantısında bu problemlərdən bəhs etdi, məmurlara sərt xəbərdarlıq etdi.



Xalqı incidən, xalqla inadlaşan dövlət yetkilisi cəzalanıb və bundan sonra da cəzasını alacaq.

Elmar Vəliyevin davranışında, idarəetmə stilində və göstərişlərində nöqsanlar, böyük nöqsanlar ola bilər və var da.

Amma bu, heç bir halda sui-qəsdə səbəb ola bilməz və olmamalıdır da. İllah da ki, həmin qəsd cəhdi, əslində, xüsusi hazırlıq keçmiş adam tərəfindən törədildiyi üçün terror aktıdırsa.

Gəncədə dünən təyin olunan və əsas şüarlarından biri "Elmar Vəliyevin ailəsi Gəncəni tərk etsin" kimi nəzərdə tutulmuş "mitinq"ə kimsənin qatılmadığını görəndə isə ssenarinin növbəti mərhələsi işə salındı, əvvəlcədən planlaşdırılmış təxribat həyata keçirilməyə başladı.

150-200 nəfərlik bir mənşəyi məlum olmayan qrupun etiraza cəhdi olub.

Gəncədə bu gün təyin olunan vaxtda "mitinq"ə heç kimin gəlmədiyini görən təxribatçılar planlaşdırdıqları təxribatı həyata keçirməyə başlayıblar. Əvvəlcədən planlaşdırdıqları kimi ərazidə xidmət aparan polis əməldaşlarına hücüm edərək xəsarət yetiriblər.

Xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid oldular.

Ölkənin radikal müxalifətin "lider"lərinin, sosial şəbəkələrdə az qala şəbih çıxarıb Yunis Səfərova dəstək olanların dedikləri kimi, "dinc aksiya" məqsədi vardısa, meydana silahlılar niyə çıxdılar?

Özünü "müxalifət" adlandıran qüvvələr buyurun. Bir daha öz iç üzünüzü, məqsədinizi göz önünə qoydunuz! Əgər əvvəlcədən aralığı qarışdırmağı planlaşdırmamışdınızsa, əgər aksiya dinc xarakter daşıyırdısa, kəsici alətlərlə aksiyaya niyə gəlirdiniz!

O "qəhrəman" deyil

"Kabaatun askariyya"... Vətəndaş müharibəsinin ağlar qoyduğu, qan çanağına çevrilmiş Suriyada bu kəlmələri əldə silah xarabazarlar arasında yürüyüb öldürməyə "sələfiyyün" və ya tam əksinə, "rafiziyyun" mənsubu arayanlarla yanaşı, silahdan qaçıb dərbədər düşənlər də yaxşı bilirlər.

"Kəabaatun askariyya" Suriyada prezident Bəşər Əsədin hakimiyyətinə dəstək, ordusuna arxa olan "Hizbullah" yaraqlıların başlarındakı şapkadır. "Beysbolka" tipli bu papaq "Hizbullah" yaraqlılarının döyüş papağıdır.



Ərəblərin "pəhya" dedikləri, dünyanın hər yerində müsəlman kişilərin namaz qılarkən başlarına qoyduqları toxunma papağın "militar" variantı olan bu şapka Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd edən Yunis Səfərovun sevimli "atribut"larından biridir.

Y.Səfərovun sosial şəbəkələrdə dolaşan fotolarına siz də diqqətlə baxın. Çünki bu fotolar çox, amma çox mətləblərdən xəbər verir.

Yunis Səfərovun az qala "milli qəhrəman" elan edən, onun "Gəncədəki müsəlmanlara divan tutan taqut, zülmkar və müstəbid Elmar Vəliyevdən bütün müsəlmanların qisasını alan şücaətli, namuslu, qeyrətli igid" olduğunu yazanların və deyənlərin ritorikasına fikir verin.

Onlar tipik terror aktı törətmiş şəxsi "mücahid" kimi qələmə verir, Səfərova qisasçı imici yaradırlar.

O da vurğulanır ki, Yunis Səfərov təkbaşına olub və kimsə tərəfindən idarə olunmayıb, hazırlıq keçməyib.

Yəni sosial şəbəkələrdə Azərbaycan əleyhinə təbliğat aparanların, dövlətimizə və millətimizə qənim kəsilənlərin sözlərinə inansaq, sən demə, Yunis Səfərov səbr kasası daşan "adi vətəndaş"dır.

Belə deyil.

"Adi vətəndaş" belə olmur.

Yunis Səfərovun qonşu ölkələrdən birində xüsusi hazırlıq keçəndən, "beyinyuyulma" əməliyyatına məruz qalandan və radikal-dini təşviqatın növbəti zombiləşmiş qurbanına çevrilməsindən sonra Suriyaya yollanaraq orada döyüşməsi barədə Azərbaycanın rəsmi strukturlarının yaydıqları məlumatları "yalan, hədyan, böhtan" adlandıranlar da var.

Gəncədə nələrin və niyə baş verdiyini anlamaq istəyiriksə, bu yalanların yayılmasının məqsədini də anlamalıyıq.

Yunis Səfərov hazırlıq keçib, Suriyada olub, döyüşüb. Bu, faktdır və çox asan sübut olunur.

Bu şəxsin sosial şəbəkələrdə yayılan fotolarına diqqətlə baxın.

Ən çox tirajlanan fotoda Yunis Səfərov qəbristanlıqdadır, məzarlardan birinin sinədaşının yanında durub, arxada da günbəz görünür.

Fotonu araşdıraq.

Y.Səfərovun bu fotosu Suriyanın paytaxtı Dəməşq, "Zeynəbiyyun" məscidinin cənubundakı məzarlıqda çəkilib. Bu məzarlıqda Suriyadakı döyüşlərdə həlak olmuş "Hizbullah" mənsubları dəfn olunurlar.

Hər məzarın sinədaşında "Hizbullah"ın gerbi, şüarı, çağırışı var.

Yunis Səfərovun da yanında durduğu məzarda "Hizbullah"çı Feruz Hudadad dəfn olunub. Sinə daşında belə yazılıb.

Y.Səfərovun başında "kabaatun askariyya" var. Arxa fonda görünən günbəz və qübbə də Hz.Əlinin (ə) qızı Xanım Zeynəb bint Əlinin əlinin məzarı üzərində ucaldılmış məscid kompleksinə məxsusdur.



Suriyada "Hizbullah" mənsubu olmayan kimsə (!) başında "kabaatun" dolaşmır.

Belədirsə, Y.Səfərovun Suriyada olmaması, hazırlıq keçməməsi barədə iddialar sarsaq yalan təsiri bağışlayır.

"Yunis Səfərovun anası Rusiya kəşfiyyatına işləyir" deyiləndə haray-həşir qaldıranlar, istehsza edənlər, ələ salanların "menyu"suna isə sadəcə, bir faktı çatdırmaq istərdik.

Moskvada yeganə azərbaycan dilli məktəb olan 157 saylı məktəbdə 3-4 il öncəyə qədər kitabxanaçı, sonra kitabxana müdiri işləmiş Leyla Səfərova hazırda Rusiyanın Federal Təhlükəsizlik Xidmətində (FSB) kitabxanaçıdır. Sovet dövrünün DTK-nın xələfi olan FSB-də azərbaycanlı xanımın işə götürülməsi təsadüf sayıla bilərmi?



Zülfüqarlı mayka

Yunis Səfər tutulandan az sonra "qisasçı"nın tərəfdarlarına xüsusi maykalar təklif olundu. Arxasında "Yunis, biz səninləyik" yazılmış maykada Y.Səfərin portretinin aşağısında Hz.Əlinin Zülfüqar qılıncı vardı.

Y.Səfər saxlanandan cəmi 11 saat (!) sonra paylanmağa başlanmış bu maykanın istehsalına minimum iki gün gərəkdiyini nəzərə alsaq, hər şeyin əvvəlcədən hazırlanması ilə bağlı şübhələr yaranır.



Çünki 11 saata yüzlərlə maykanı Çində istehsal etdirib Rusiyaya və Azərbaycana gətirmək, sadəcə, mümkün deyil.

Qanun tələb edən canilər

Gəncə hadisələrindən sonra internetdə polis əməkdaşlarını öldürməyə səsləyənlərdən biri də Mahir Bayeliyevdir. O, Facebook-dakı profilində yazmışdı: "Qardaşlar, polis əməkdaşlarını öldürməyin vaxtı çatıb. Silahlı dəstələr yarada bilsək, qələbə bizimdir. Birləşmək və polislərin dərsini vermək lazımdır".



Bu yazının ertəsi günü isə M.Bayaliyev Ağsuda kirayə mənzildə yaşayan sabiq həyat yoldaşını bıçaqlayıb.

30 yaşlı Rəşad Böyükkişiyev isə anasını qətlə yetirib, sonra da oğurluqla məşğul olub.



Suyu bulandıranlara diqqət

Dünən Gəncədə olaylar başlanan kimi şəhərin mərkəzi meydanında, icra hakimiyyətinin binasının qarşısında toplaşanların arasında Xatun Etibarqızı adlı xanım da vardı.

"Hədəf 14" adlı, başdan-ayağa bəlli ölkənin bəlli məqsədlərinə xidmət edən saytın "təqvalı" və cihablı əməkdaşı hadisələr başlanan kimi canlı yayımda idi.

İsterik, həyacanlı, təlaşlı səsi ilə. "Polis vurur!", "Camaat qaçır", "Bibər qazı sıxdılar, gözlərim çıxır!", "Ay aman, qan tökülür!", "Polkovniki öldürdülər!" ifadələri bir-birini əvəzləyir.

Maraqlıdır ki, hicablı xanım baş verənləri əllərində dəmir dəyənək, zopa, armatur kəsiyi və bıçaq olan qaragüruhçu dəstənin yanında duraraq çəkir.

"Ləbbeyk, ya Hüseyn!", "Allahu Əkbər!" bağıran dəstənin gözləri hədəqələrindən çıxan, əllərindəki silahları və dəmir parçalarını yelləyən adamları bu xanımın çəkiliş aparmasına mane olmurlar.

Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov qətlə yetirilən anlarda da bu xanım əks tərəfdə durmuşdu, çəkiliş aparırdı.



Qatillər -1988-ci il təvəllüdlü, əvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov isə qaçıb aradan çıxırdılar.

Onların birinin əlində xəncər vardı. Polis polkovniki İlqar Balakişiyev məhz bu xəncərin zərbələri ilə qətlə yetirilmişdi.

Bu, Gəncədə iğtişaşlar törətməyə, ölkədə qarşıdurma yaratmağa yönəlmiş ssenarinin, sadəcə, bir görüntüsüdür.

Sosial şəbəkələrdə isə Gəncədə millətə və dövlətə meydan oxuyanların iki polis zabitini qətlə yetirilməsi ilə bağlı ən absurd variantlar müzakirə edildi və bu zaman hakimiyyəti suçlayanlar da tapıldı.

Məsələn, "Azadlıq" radiosunun yerli bürosunun keçmiş rəhbərlərindən biri Xədicə İsmayıl Facebook profilində yazıb: "Polis bıçaqlanması olayından gözüm heç su içmir. Nardaranda da iki polis öldü, dindarların üstünə atdılar, amma məhkəmədə bircə sübut belə olmadı. Sübut görməmiş heç nəyə inanmaq olmaz. Bu ölkədə təsdiqini tapmış bircə fakt var: hökumət yalançıdır".



X.İsmayılın iddialarına görə, polis zabitlərini qətlə yetirənlər Gəncədə terror yeli əsdirmək istəyənlər deyilmiş.

Və həmişə olduğu kimi, Azərbaycanın radikal müxalifəti də situasiyadan maksimal dərəcədə bəhrələnməyə, Gəncədəki iğtişaş cəhdini az qala "xalqın kütləvi etirazı" kimi qələmə verməyə çalışır.

Azərbaycanı tərk edəndən sonra Rusiyaya yollanan, oradan İrəvana gedən, indisə Xankəndidə "fəaliyyət" göstərən, Ermənistanın xüsusi xidmət orqanlarının köpəyi funksiyasını yerinə yetirən, "Zabil Mədoj" kimi tanınan Zabil Cəmilo oğlu Məhərrəmov iyulun 6-da YouTube-dakı kanalında "İgid Yunis" adlı video paylaşır. Bu videoda Y.Səfərovu "Hz.Hüseynin şah əsəri" adlandıran Mədoj Gəncəbasar sakinlərini üsyana, qiyama çağırır.



"Meydan TV" isə meydana girərək yenə də məkrini, xıltını göstərib.

Gəncədə iğtişaş yaratmaq istəyənlərin polis əməkdaşlarına hücumunun əks olunduğ videonu Facebook səhifəsində paylaşan "Meydan TV" yazıb: "Gəncədə polis vətəndaşları belə döyüb". Şərhlərdə də Azərbaycan polisi, nəşi hələ morqdan götürülməmiş şəhidlər təhqir edilir.

Cəhənnəmdən işığa yol yox

Gəncədə indi sakitlikdir. Şəhəri terror dalğasına məruz qoymaq, vəziyyəti qarışdırmaq, ölkədə vətəndaş müharibəsi yaratmaq cəhdləri puç olandan sonra.

"Allahu əkbər!" bağıraraq meydana atılan, dəmir kəsikləri, armatur parçaları, qılınc və xəncərlə silahlanan insanları idarə edənləri müəyyənləşdirmək, onların məqsədlərini bəlirləmək zamanıdır.

Fəqət, artıq bəlli olan məqamlar az deyil:

1. Gəncədə meydana çıxıb bağıranlar, polisə hücum edənlər heç bir halda dindarlar deyillər, dini hisslərinin guya təhqir edildiyini, sosial ədalət aradıqlarını söyləyənlər yalan danışırlar. Onlar millət, dövlət, qanun düşmənləridir.

Onların dindar olmadıqlarını göstərən, sadəcə, bir fakt: qaraguruhun xəncərlə vuraraq qətlə yetirdiyi Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov Qafqaz Müsəlmanları İdarəsinin Gəncəbasar üzrə nümayəndəsi, Qazilər Şurasının üzvü, Milli Azadlıq Hərəkatının fəalı, "Lefortovo" məhbusu seyid hacı Tahir Qarabağinin qardaşıdır. Abbasovlar ailəsi hər zaman Azərbaycan dövlətçiliyini qoruyublar.

Gəncənin məşhur, nüfuzlu və tanınmış din xadimlərindən olan bir şəxsin qardaşını, dövlət və dövlətçiliyin keşiyində duran ailənin mənsubunu qətlə yetirmək vətəndaş maraqlarını məhv etmək, qanunlara qənim kəsilmək, terrora atılmaqdır.

Azərbaycanda xalqla dövləti üzbəüz qoymaq istəyənlərin planlaşdırdıqları əməliyyatda Gəncədə meydana çıxanlara kiçik, təhqiramiz rol tapşırılmışdı. Onlar kor və kar, başı pozulmuş, amma hiylə və məkrlə dolu başlar tərəfindən idarə olunan kütlə rolunu oynamalıydılar.

Həmin kütləni dəstəkləyənlər "polis zabitlərinin qətlində hakimiyyətin əli var" deməklə, bilərəkdən və ya avamlıqdan - fərq etməz - belə sərsəm iddiaları ortaya atmaqla hansı mənhus əməlləri törətməyə çalışan güclərin əlaltısına çevrilmələrinin, buyruq kölələrinə dönmələrinin fərqindədirmi?!

Çətin. Çünki hakimiyyətə düşmən kəsilənlərin hakimiyyət hərisliyi, onların zülməti görməyən kor gözləri çətin ki, ağı qaradan seçməyə imkan versin.

Üstəlik, bu planlar, oyunlar və əməllər o qədər bəsit, sarsaq və primitivdir ki, kimlərin haralardan, niyə, hansı üsullarla və nə məqsədlə idarə olunduğu aşkar görünür.

Gəncədə hakimiyyətin daşının düşdüyü başlar müəyyənləşir. Amma o daşın qaldırıldığı yerdə iz qoymuş əlləri də tanıyırıq.

O əlləri ki, müstəqil Azərbaycanı məhv etməyə, müstəqilliyimizi əlimizdən almağa yönəlib və sahibləri də dirsəyədək qana batan, terrorla çirkinlikdən savayı bir əməli gerçəkləşdirə bilməyənlərin əllərini həmişə öpərək "Baş üstə, ağa!"deyiblər.

Həmin o başların üstünə qoyulmuş əllər çevirib o başları hakimiyyətə, qanuna, millətə və dövlətə qarşı.

Çevrilmiş başlar isə yalnız keçmişi görür, "Şəriət olmalıdır!" hayqırır, ölkəni orta əsrlərə qaytarmağı arzulayır.

Gəncədə meydanlara çıxıb bağıranlar, polisə hücum çəkənlər, iki zabiti qətlə yetirənlər və bu cinayətlərə sosial şəbəkələrdə haqq qazandırmağa çalışanlar yalnız kağız üzərində vətəndaşlarımızdır.



Onlar vətəndə daşı-daş üstə qoymaq istəməyən, tarix təkərinin altında daş olmağa çalışanların serberləridir.

Serber isə bəlli, qədim yunan mifologiyasına görə, Tifon və Yexidnanın törəməsi olan üçbaşlı, ağızlarından zəhər tökülən qəddar köpəklərdir.

İğtişaşı planlayan, Azərbaycandan kənardakı o üç BAŞdan bəhs etdik, ağızdan tökülən zəhərləri Y.Səfərovun və Gəncədəki qatilləri dəstəkləyənlərin, Azərbaycanda aranı qarışdırıb qarışmış arada iz itirmək istəyənlərin sözlərindən sezdik.

Amma o başlar unutmasınlar ki, serberlər Aidin cəhənnəminin ağzında dururdular.

Onların işıqlı dünyada yerləri yoxdur - istəsələr belə, mümkün deyil.

Elçin Alıoğlu
Milli.Az

Xəbər Lenti Giriş Populyar Reklam