İlham Əliyev: “Azərbaycan və Sinqapur arasında münasibətlər olduqca uğurla inkişaf edir” » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » İlham Əliyev: “Azərbaycan və Sinqapur arasında münasibətlər olduqca uğurla inkişaf edir”

İlham Əliyev: “Azərbaycan və Sinqapur arasında münasibətlər olduqca uğurla inkişaf edir”

Müəllif: Anar
//
23 noyabr 2012
//
//

İlham Əliyev: “Azərbaycan və Sinqapur arasında münasibətlər olduqca uğurla inkişaf edir”

APA-nın verdiyi xəbərə görə, bunu Sinqapurda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Sinqapur dövlət başçısı Toni Tanın adından verilən rəsmi naharda çıxışı zamanı deyib.

O, bildirib ki, Azərbaycan və Sinqapur xalqları və ölkələri arasında bir çox bənzərliklər var. “Ölkənizin nümunəsi yenicə müstəqil olan ölkələr üçün olduqca cəlbedicidir. Buna görə də ölkələrimiz arasındakı əməkdaşlıq təbii olaraq sürətlə və uğurla inkişaf edir. Digər bənzərlik isə ölkələrimizin çoxmədəniyyətli olmasıdır. Bu, ölkələrimizin əldə etdiyi ən böyük müsbət keyfiyyətlərdən biridir. Müxtəlif etnik və dini qrupların nümayəndələrinin sülh şəraitində birgə yaşaması ənənələri regionda həqiqətən olduqca xüsusi bir mühit yaradır. Sinqapur kimi Azərbaycan da multikulturalizm prinsiplərinə yüksək dəyər verir. Buna görə də bizim cəmiyyətlərimiz bütün insanlara öz iradələrini ifadə etməyə, eləcə də sülh və əmin-amanlıq şəraitində yaşamağa imkanlar yaradır”.

Prezident deyib ki, Azərbaycan və Sinqapur arasında münasibətlər olduqca uğurla inkişaf edir. “Biz bir çox sahələrdə və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəal şəkildə işləyir və əməkdaşlıq edirik. Keçən ilin oktyabrında Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zamanı bizə verdiyi dəstəyə, həmçinin Qoşulmama Hərəkatına üzv ölkələrin sammiti zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipləri əsasında həlli ilə bağlı qəbul edilən qətnaməyə səs verdiyinizə görə ölkənizə təşəkkür edirəm. Biz bu siyasi dəstək əlamətlərinə görə Sizə təşəkkür edirik. Biz də öz növbəmizdə bütün beynəlxalq təşkilatlarda Sinqapuru dəstəkləməyə davam edəcəyik”.

Prezident vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizlik və sabitliyə ən böyük təhlükədir. “Əfsuslar olsun ki, müstəqilliyimiz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin Ermənistan tərəfindən işğal olunması, azərbaycanlılara qarşı etnik təmizləmə və 1 milyon soydaşımızın öz doğma şəhər və kəndlərindən qovulması, öz vətənində qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələnən bu münaqişə ilə qeyd olundu. Beynəlxalq ictimaiyyət bu münaqişənin həlli ilə bağlı öz yanaşmasını ifadə edib və bu münaqişə ərazi bütövlüyü və beynəlxalq hüquq prinsipləri əsasında həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir. Buna görə də Qoşulmama Hərəkatına üzv ölkələrin sammiti zamanı Sinqapurun yekdil dəstəyi ədalətə və beynəlxalq hüquqa dəstək əlaməti idi. Ona görə də düşünürəm ki, biz gələcəkdə fəal şəkildə əməkdaşlıq etməyi və siyasi əlaqələrimizi gücləndirməyi davam etdirəcəyik”.

İki ölkə arasında iqtisadi əməkdaşlıq perspektivlərindən danışan dövlət başçısı qeyd edib ki, bu əməkdaşlığın müsbət nümunələri var. ““SOCAR” və “Keppel” arasındakı əməkdaşlığın artıq uzun tarixi və ənənələri mövcuddur. İndi isə bu əməkdaşlıq yeni sahələri əhatə edərək uğurla inkişaf edir. Azərbaycanda tərsanə inşası bizə regiondakı bütün dövlətlərin faydalana biləcəyi güclü Xəzər donanmasını yaratmağa imkan verəcək. Biz qədim İpək Yolu üzərində yerləşirik. Azərbaycan ilə Avropa arasında dəmir yolu xəttinin inşası və bunun Xəzər dənizi vasitəsilə Asiya regionunu birləşdirməsi, yüklərin daşınması üçün əlavə gəmilərin alınması - bütün bunlar bizim regionun inkişafına töhfəmiz olacaq. Düşünürəm ki, tarixi İpək Yolunun bərpası bu regionda yerləşən bütün ölkələr üçün çox vacibdir”.

Prezidentin fikrincə iki ölkə arasında iqtisadi əlaqələri genişləndirməyi və bu sahədə qarşılıqlı faydalı biznes əlaqələrinin inkişaf etdirilməsi üçün digər imkanları da araşdırmağa ehtiyac var. “Ölkələrimizin biznes dairələri bir araya gəlməli və müxtəlif istiqamətlərdə məsələləri müzakirə etməlidirlər”.

Dövlət başçısı humanitar, mədəni mübadilə və təhsil sahələrində əməkdaşlıqla bağlı böyük planların olduğunu bildirib. “Şadam ki, gənc azərbaycanlılar sizin universitetlərinizdə təhsil alırlar və ümid edirəm ki, Azərbaycandan bir çox insanlar sizin ölkənizə təhsil almağa və müxtəlif sahələrdə yaxşı mütəxəssis olmağa gələcəklər”.
Xəbər Lenti Giriş Populyar Reklam