Rusiya gözlənilən Şimali Koreya-ABŞ anlaşmasına qarışdı, Lavrov Pxenyanda nə dedi... - YENİLƏNİB » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Rusiya gözlənilən Şimali Koreya-ABŞ anlaşmasına qarışdı, Lavrov Pxenyanda nə dedi... - YENİLƏNİB

Rusiya gözlənilən Şimali Koreya-ABŞ anlaşmasına qarışdı, Lavrov Pxenyanda nə dedi... - YENİLƏNİB

Müəllif: Gulnare
//
31 may 2018
//
//

Rusiya gözlənilən Şimali Koreya-ABŞ anlaşmasına qarışdı, Lavrov Pxenyanda nə dedi... - YENİLƏNİB


14:26

Ötən gün mayın 30-da Şimali Koreyanın Əmək partiyasının Mərkəzi komitəsinin vitse-sədri, bu ölkənin ikinci adamı Kim Yon Çxol Nyu-Yorka səfər edib. Bu, ötən 18 il ərzində Şimali Koreyadan ABŞ-a səfər edən ilk yüksək vəzifəli rəsmidir.


Xeberleragentliyi.com xarici KİV-lərə istinadən xəbər verir ki, səfərdə məqsəd ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında iyunun 12-də Sinqapurda keçiriləcəyi gözlənilən danışıqları hazırlamaqdır. Tərəflər həmin danışıqlarda Şimali Koreyanın nüvə silahından imtinası məsələsini müzakirə etməlidir.

Bildirilir ki, Kim Yon Çxol ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşüb. Onun Kim Çen Inın adından Trampa məktub gətirdiyi də bildirilir.

Şimali Koreyadan ABŞ-a yüksək vəzifəli nümayəndənin getdiyi bir vaxtda Rusiya xarici işlər naziri Sergey Lavrov da Pxenyana yollanıb. Bu, Rusiyanın ABŞ-la Şimali Koreya arasında mümkün anlaşma prosesinə ilk müdaxiləsi sayıla bilər. Hansı ki, bəzi analitiklərə görə Rusiya Şimali Koreyanın ABŞ-la anlaşmasında maraqlı olmayacaq.

TASS xəbər verir ki, Lavrov Pxenyanda Şimali Koreya xarici işlər naziri Li Yon Ho ilə görüşüb. Danışıqların yekunu olaraq Lavrov bildirib ki, Moskva Şimali Koreya ilə "bütün cəlb olunmuş tərəflərin maraqlarına cavab verən" anlaşmanı dəstəkləməyə hazırdır.

Lavrovun sözlərinə görə, Rusiya Koreya yarımadasında situasiyanın nizamlanmasına dair təmaslara delikat yanaşılmasını vacib hesab edir. Onun fikrincə prosesləri tələsdirmək və kəskin hərəkətlər eləmək lazım deyil. Razılaşmanın bütün komponentləri və detalları müzakirə edilməlidir ki, təkcə nevə silahından azad olma deyil, bütün Şimal-Şərqi Asiyada sülh və təhlükəsizlik təmin olunsun.

Bundan əlavə Rusiya XİN rəhbəri deyib ki, onun ölkəsi ABŞ-la danışıqlarda Vaşinqtonun İranla nüvə sazişindən çıxmasını nəzərə almaqla davranacaq. "Mən əminəm ki, Şimali Koreya tərəfi son illərin tarixini yaxşı bilir və öz mövqeyini bütün amilləri nəzərə almaqla müəyyən edəcək"-Lavrov açıq-aşkar Pxenyanı ABŞ-la anlaşmadan çəkindirmək niyyətlərini nümayiş etdirərək deyib.

Rusiya xarici işlər nazirinin Şimali Koreya lideri ilə görüşəcəyi də xəbər verilir.

----------
09:46

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreyaya səfər edib.

Xeberleragentliyi.com APA-ya istinadən xəbər verir ki, bu dəqiqələrdə XİN rəhbərinin olduğu təyyarə Pxenyan aeroportuna enib.

Bu, Sergey Lavrovun Pxenyana sayca üçüncü səfəridir. Bundan əvvəl S.Lavrov 2004 və 2009-cu illərdə KXDR-ə səfər edib.

Rusiya XİN-in məlumatına əsasən, səfər çərçivəsində S.Lavrov KXDR-li həmkarı Li Yon Ho ilə görüşəcək. Tərəflər ikitərəfli münasibətlər, Koreya yarımadası ətrafındakı vəziyyəti və digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaq.
Xəbər Lenti Giriş Populyar Reklam