EIBƏYI CƏLALOĞLU DAĞ YOLUNDA, KÖÇ ARABASINDA, ELATIN İÇİNDƏ DOĞULAN ŞAİR » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » EIBƏYI CƏLALOĞLU DAĞ YOLUNDA, KÖÇ ARABASINDA, ELATIN İÇİNDƏ DOĞULAN ŞAİR

EIBƏYI CƏLALOĞLU DAĞ YOLUNDA, KÖÇ ARABASINDA, ELATIN İÇİNDƏ DOĞULAN ŞAİR

Müəllif: Gulnare
//
18 may 2018
//
//

ƏIBƏYI CƏLALOĞLU DAĞ YOLUNDA, KÖÇ ARABASINDA, ELATIN İÇİNDƏ DOĞULAN ŞAİR
(“Ziyalıları görünməyən məmləkətin özü də görünmür” layihəsi silsiləsindən)

Giriş

Ziyalıları görünməyən məmləkətin özü də görünmür. Həm də ziyalıları görünmədikdə kütlə intəhasız qaranlıqlardan bezibmiş kimi, ziyanı şimşəkdə, ildırımda da axtarır, bu isə ziya əvəzinə fəlakətlər gətirir. Bu fikirlər hər zaman beynimdə gəzir, məni düşündürür. Ona görə də, çağdaşı olduğum ziyalıları qabartmağı, daha doğrusu onları olduğu kimi təqdim etməyi özümə vətəndaşlıq borcu hesab eləmişəm. Bu ideyamı əvəllər ara-sıra həyata keçirsəm də, son bir ildə daha mütəşəkkil şəkildə təqdim etməyə başlamışam. Güman edirəm ki, hörmətli oxucular bu layihəm əsasında təqdim etdiyim portret yazılardan xəbərdardırlar. Layihənin davamı olaraq bu dəfə qiymətli şair, “Borçalı Cəmiyyəti” İdarə Heyətinin üzvü, Osman Əhmədoğlunu öz reallığı ampulasında təqdim etməyi qarşıma məqsəd qoydum. Qeyd edim ki, bu il Osman müəllimin 70 yaşı tamam olur. Bütün bunların müqabilində Osman müəllimlə görüşdüm və söhbətimizi səsyazanın yaddaşına köçürtdüm. Ona görə də, respondentim barədə bir-iki cümlədən başqa heç bir əlavə fikir söyləmədən, onu olduğu kimi, özü kimi oxucuyla baş-başa buraxmağı məqsədə uyğun hesab elədim. Lakin söhbət həm də şairdən və şeirdən getdiyi üçün bir məsələyə toxunmağı da vacib bildim.

Şeir və şair

Dərviş Osman Əhmədoğlu, dedikdə hər şeydən öncə gözümün qabağına sadə təbiətli, həlim xasiyyətli, səmimi, təmənnasız, ruhani dünyası zəngin bir şair, onun heç kimə bənzəməyən, yalnız özü olan şeirləri, bir də uşaq vaxtlarımda kəndlərinin yanından keçdikcə, onun oradakı uca çinar ağaclarının arasında gəzişərək, əlində kağız-qələm tutmuş, qapqara bığı ilə saqqalının sərhəd tanımadan bir-birinə qarışdığı nəhəng bir şair görkəmi gəlir. Şairlik Allah vergisi olsa da, yaradıcılığım sahəsində ilk addımlarıma xeyir-dua vermiş, ilk uğurlarıma sevinmiş Osman müəllimin gənc vaxtlarında Bəxtiyar Vahabzadə, Xəlil Rza və s. kimi inqilabçı şairlərin rəndəsindən çıxdığını sonralar biləcəkdim. Bəs, görəsən şeir və şairlik nədir?
Məndən soruşsalar ki, şeir nədir, mən onun kiminsə təsviri, tərifi, tənqidi, maddi mahiyyət daşıyan nəyinsə yazılı forması və ya şəkili olduğunu deməzdim, mən şeirin şairin canlı şahidi olduqlarının, eyni zamanda qəlbində keçirdiyi hisslərin onun təxəyyülündə, bəlkə də yaddaşında yaratdığı obrazların ruha təsiri və ruhun onu hansı şəkildə yenidən təfəkkürə ötürməsinin, o ilahi hissin – vəhyin maddiləşdirilmiş bədii təsviri və onun fəlsəfəsinin lirik ifadəsi olduğunu deyərdim. Və əlavə edərdim ki, şeir İ.Nəsimidə olduğu kimi bəzən ideoloji-fəlsəfi, ictimai-siyasi əsaslara dayansa da, əsasən millətin dilinin və mədəniyyətinin ən sədaqətli mühafizakarıdır. Məndən şairin nə olduğunu soruşsalar isə deyərdim ki, həmin o ilahi hissi – vəhyi poetik şəkildə kağıza köçürmək şairlik qabiliyyətinin göstəricisidir. Sonra da əlavə edərdim ki, şair şeirin anasıdır, şair şeiri təfəkküründən doğandır. Şeirin nütfəsi aşiqlə məşuqun – şairlə Allahın ruhi təmasından əmələ gəlir və şair onu təfəkküründən doğur. Bu mənada bütün övladlar kimi şeir də öz əlamətləri ilə həm atasına, həm də anasına – həm Allaha, həm də şairin özünə bənzəyir. Demək, şairlik ilahi hisslərlə, vəhylə bağlıdır və bunun hər adamda baş verdiyini söyləmək naşılıq olar. Bütün bunlara rəğmən bir millətin kütləvi surətdə şeir yazmağa meyillənməsini, yaxud da şeir yazmaq “xəstəliyinə” tutulmasını onun faciəsi hesab edirəm. Çünki belə olduğu halda bu, xalqın yeni ideya üzərində düşünmədiyini, yaxud da dərindən düşünmək qabiliyyətinin olmadığını göstərir. Burada bir yeknəsəqlik hökm sürür. Axı, şeir çeynənmiş ifadələr, bir-birinə bənzəyən misralar yığını da deyil, hər şeir ancaq özü olanda, başqa şeirə bənzəməyəndə gözəl olur, şair də həmçinin, özü olanda, başqa bir şairi təkrarlamayanda gözəl olur. Həm də hər hansı bir şeyin kütləviləşməsi, onun mahiyyət etibarilə sıfıra yuvarlanması deməkdir. Niyə biz dünya xalqlarını dərindən düşündürən, bəşəriyyəti təəccübləndirən fikir sahibi olmaq, dahi filosof, fizik, riyaziyyatçı, astronom və s. yetişdirmək arzusu ilə yaşamırıq? Demək, ciddi psixoloji problemdən xali deyilik. İstənilən yaradıcı insanın əsərləri əgər ictimai fikrin formalaşmasında rol oynamırsa, ictimai-siyasi həyata bəhrə vermirsə, demək o, ölü doğulub, ona çəkilən əziyyət hədərmiş.
Qeyd etmək istəyirəm ki, yalnız özü olan, heç kəsə bənzəməyən şairlərimiz az deyil, onlardan biri də bu il 70 yaşı tamam olan, yaradıcılığı və həyat trayektoriyası ilə heç kəsi təkrarlamayan ustad şairimiz Dərviş Osman Əhmədoğludur. Onun ağrılı, lakin şərəfli həyat hekayətinə nəzər saldıqda baxırsan ki, həyatı həm də özünün danışıq tərzinə, səmimiyyətinə, gülüşünə, yerişinə, duruşuna və şairliyinə dəyişik düşəcəyi qədər bənzəyir.
Bu, bir neçə gün öncə Osman Əhmədoğlu ilə onun həyat və yaradıcılığından bəhs edən söhbətimizdən qələmə aldığım yazıya giriş sözüdür. Yazımızı onun həyat hekayətini əks etdirən müsahibə ilə davam etdirməklə oxucunun düşüncəsində Osman müəllimin həqiqi obrazını yaratmağa çalışacağıq.
70 yaşın qutlu olsun, ey ulu ustad, min illərdir hayqıra-hayqıra gələn Osman qağa!

“Şeir elə bir şirin duyğudur ki...”

– Osman Əhmədoğlu şair olduğunu nə vaxt hiss eləyib?
– Vallah, Elbəyi, mən heç bu gün də özümü şair hesab eləmirəm. İndi durub “poeziyaya, ədəbiyyata, yəni sözə, saza bağlıyam”, desəm, düz olmaz, çünki əslində bütün hamı belədi, saza, poeziyaya bağlı olmayan bəlkə də milyonda bir adam ola bilər. Eləsi var deyir ki, ədəbiyyatla əlaqəm yoxdur, amma dindirəndə baxırsan ki, azından neçə roman, neçə poema, şeir oxuyub, nə qədər şeir əzbər bilir və s. Mənim poeziyaya gəlişim – əslində belə deməyi də yekə hesab edirəm – poeziyayla tanışlığım orta məktəb illərindən başlayıb, 4-cü sinifdə oxuyanda bir bənd şeir düzəltmişəm.
– Həmin şeir yadınızda qalıbmı?
– O şeiri harasa qeyd elədim, onda elə bil, qəribə bir şey əmələ gəldi məndə, baxdım ki, nəsə dedim, özü də qafiyələndi, amma mən nə bilirdim ki, qafiyə nədir.
– Bu şeir nəyin təsirilə əmələ gəldi?
– Elə bil Allaha yalvarış kimi bir şey oldu. Sən də bilirsən ki, mənim atam, babam təriqət əhli, dinə bağlı adam olublar, sufiydilər və onların, o cümlədən atamın söhbətini dinləyəndə Allahdan dilədim ki, mən də bu yolun adamı olum. Həmin onda hiss elədim ki, məndə nəsə var. 7-ci sinifdə oxuyanda artıq şeirlər yazırdım. Hətta bir şeirimi Bakıda çıxan “Azərbaycan pioneri” qəzetinə göndərdim. İlk çap olunan şeirim o olub. Qəzetdə “Yüz qönçə” adlı məqalə çap elədilər, bəlkə də oraya minlərlə şagird şeir göndərmişdi, onların içindən yüzünü seçmişdilər, yüzündən də onunu nümunə kimi vermişdilər ki, onun da biri mənim şeirim idi. Bu, məni az qala havalandırdı, artıq yerə-göyə sığmırdım. Ondan sonra əməlli-başlı yazmağa başladım, hətta aldığım məktublara şeirlə cavab verirdim. Həmin o məktublarımdan Kəpənəkçi kəndindən olan Ömərov Fazil müəllimdə xeyli var.
Yadıma gəlir, kəndimizə işıq çəkirdilər, bizim küçəyəsə çəkmədilər, ona da bir şeir həsr elədim. O vaxt 1964-cü il idi, 16 yaşında idim. Həmin şeir “Sovet Gürcüstanı” qəzetində dərc olundu:

Çəkdilər kəndə işığı,
Küçələrdən keçə-keçə.
Bütün kəndin yaraşığı,
Qaranlıqdı bizim küçə.

Bunlar əslində şeir deyildi. Onda Kəpənəkçi orta məktəbində oxuyurdum və orada yataqxanada qalırdım. Məktəbin direktoru İsgəndər müəllimin əleyhinə şeir yazmışdım. Buna görə məni danladılar. Şeirlərimi götürdüm, amma məni şeirə həvəsləndirən, yazılarıma ilk baxan, mənə dəyər verən Ömərov Fazil müəllim olub. Şeirlərimi oxuyurdu, onun özü də şeir yazırdı. Dedi ki, yaz, sən şair olacaqsan, məsləhət verirdi ki, bu mövzuda, o mövzuda yaz və s. Sonra bunu inkişaf elətdirdim, kitablar oxumağa başladım, artıq 9-cu sinifdə oxuyanda “Sovet Gürcüstanı” qəzetinin nəzdində fəaliyyət göstərən “Çeşmə” ədəbi birliyinin bir dərnəyinə getmişdim. Şənbə günü olduğundan idarə bağlıydı, Əlixan Binnətoğlu – Allah ona rəhmət eləsin – bizi kafeyə apardı, bir neçə nəfər idik, ən kiçiyi də mən idim. Bizə çay və nahar etmək üçün yemək aldı, şeirlərimizi dinlədi. Orada Əlixan Binnətoğlu mənim şeirlərimi bəyəndi. Bir şeirimi də qəzətə vermək üçün götürdü. Arasından bir həftə keçmiş “Sovet Gürcüstanı”qəzetində çıxdı ki, gənc şairlərin “Çeşmə” ədəbi birliyində toplantısı keçirilib, orada Osman Osmanovun şeiri bəyənilib. 4-cü və 7-ci sinifdə yazdıqlarımı da həmin yazıda nümunə gətirmişdilər. Bəyənilən şeirim məndən ötrü o qədər də böyük şeir deyildi, amma bu qəzetdə mənim adım yazılmışdı. Doğrusu, ondan sonra havalandım. O bir cümlə ilə bütün bu mühitimdə, “Dəmirçi Hasanlı” dediyimiz sovetlikdə mənə qəribə baxmağa başladılar. Görürdüm ki, məndə elə də bir şey yoxdur, amma belə baxırdılar, neyləyim. Hələ “Azərbaycan pioneri”ndə çap olunan şeirimin bir beytidə yadımdadır:

Göydə günəş şəfəq saçır,
Bahar gəlir, boran qaçır.

Bu şeiri 7-ci sinifdə oxuyanda göndərsəm də, onu 5-ci sinifdə yazmışdım. Ümumiyyətlə, orta məktəbdə oxuduğum illər mənim üçün ağır illər oldu.
– Nə mənada ağır?
– Mənim üçün ən ağrılı bir məqam var idi. O vaxtlar 4-cü sinifdə oxuyanda din dərsi aldım, atam məni molla yanına qoydu. Bu da belə oldu ki, qardaşım Eldarı – Allah ona rəhmət eləsin – Azərbaycandan din dərsi almış, Quranı oxumuş bir qızla evləndirdi. Atam o qədər dindar idi ki, canında kəndimizdəki yaşlı mollaların dünyasını dəyişəcəyi və kəndimizin mollasız qalacağı qorxusu var idi. Sovet hökuməti 1937-ci ildə mollaları aparıb qırdı, onlardan qalan qorxaq, bir az da savadsız mollalar var idi, bunlar da heç kəsi, hətta öz uşaqlarını da oxutmadıqlarına görə, o vaxtın deyimi ilə desək, yüz öylü (evli) Keşəli kəndi – indi min yüz öylü Keşəlidi – mollasız qalacaqdı. Ona görə də, atam oğluna qız almaqdan ötrü gəzdi, dolaşdı istədiyini Borçalıda tapa bilmədi, Qazağa, Tovuza getdi, yenə də tapa bilmədi, nəhayət arzusuna Şəmkirdə çatdı, oradan dindar bir ailənin qızını aldı. Nə yaxşı ki, onu aldı, o qız mənim qardaşımın həyat yoldaşı oldu, 5 övlad verdi, özü də kəndimizdə dinin bir nömrəli təbliğatçısı oldu, bu kənddə dinimizi üzülməyə qoymadı. Və gəlinimiz mənə Quran dərsi keçdi. Atam məni molla hazırlayırdı. Bir az çəkinəcəkliydim, istəmirdim ki, kimsə mənim Quran oxuduğumu bilsin.
– Nədən çəkinirdiniz?
– O zaman dinə qarşı bir sayğısızlıq var idi, kimsə lağ edərdi, mənə “molla” deyərdi və s., ondan qaçırdım. Amma nə qədər qaçsam da, arzum şərqşünas olmaq idi. Sonralar məni başa saldılar ki, Quranı öyrən, sonra şərqşünaslığa get. Orta məktəbi qurtarandan sonra iki il imtahan verdim, amma şərqşünas ola bilmədim.
– Sizə bu məsləhəti kim vermişdi?
– Orta məktəbdə oxuyanda müəyyən müəllimlərimin barəmdə fikirləri var idi, qəribə də olsa, Keşəli kənd məktəbində riyaziyyat müəllimim Mehdiyev İsrafil müəllim – sənin əmin – məni çox bəyənirdi və deyirdi ki, səndən nəsə bir şey gözləyirəm. Hətta biz 5-də, 6-da oxuyanda İsrafil müəllim S.Vurğunun “Ceyran” şeirinə yazdığı nəzirəni mənim dərslik kitabımda “Ceyran” şeirinin böyrünə yazıb dedi ki, bu da məndən sənə hədiyyə. Yəni o, artıq bilirdi ki, məndə nəsə var və mənə dəyər verirdi.
– Osman müəllim, belə anlaşdıq ki, poeziya həyatınızın formalaşmasında müstəsna rol oynayıb. Sizcə şeir nədir? Siz həm də zamanla imzanızı dəyişmisiniz. Yəni Osman Osmanlı, Osman Əhmədoğlu, Dərviş Osman imzaları ilə yazan Osman müəllim şeiri oxucularına necə izah edə bilər?
– Şeir elə bir şirin duyğudur ki, elə dadlı, tamlı bir nemətdir ki, onun izahını verə bilmərəm. Amma insanın canına rahatlıq gətirən, ruhunu ehtizaza gətirən, ürəyini döyündürən, özünü özünə sevdirən bir şeydir, hər nədisə, onun izahını kim veribsə, məni qane eləməyib.
– Bir şey deyim, bir var ki, şair hansısa mövzuya zərurət olduğunu hiss edib yazır, bir də var ki, şeir vəhy kimi gəlir, sizdə hansıdır?
– Hər ikisi də var, amma vəhylə gəlmə birincidir.
– Məsələn, Quranda yazılanlar zərurətdən doğub, amma vəhylə gəlib.
– Orasına sən mənə doğru düzəliş verdin, vəhy mütləq var. O ki, deyirlər peyğəmbərlərdən sonra şairlər gəlir, onu da qəbul eləyirəm. O, mütləqdir, hökmdür. Vəhy danılmaz, unudulmaz bir faktdır, o, xəbərsiz gəlir. Bax, mənim indi cib telefonum var, gecənin bir aləmində qalxıram, fikirimə gələn bir və ya iki bəndi, ya bir misranı ona yazıram, ya da fikrimi tamamlayıb sonra yatıram.
– Bəs, fikir tamamlanmayıb səhərə qalanda?
– Səhərə qalanda o effekti vermir. Məsələn, İlməzli orta məktəbində bir dəfə bir görüş var idi, “Yeni il” bayramı keçirirdilər. Orada 9, ya 10-cu sinif şagirdi olan Minaya adlı bir qız “Tərəkəmə” rəqsi elədi. Onun “Tərəkəmə” rəqsi mənə “Tərəkəmə” poemasını yazdırdı.

ARDI VAR...
Xəbər Lenti Giriş Populyar Reklam
Sabahın HAVAsı Bu gün, 13:32Sabahın HAVAsı