“Hər ayaq ağrısı revmatizmə işarə deyil” – Pediatr valideynlərə səsləndi » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » “Hər ayaq ağrısı revmatizmə işarə deyil” – Pediatr valideynlərə səsləndi

“Hər ayaq ağrısı revmatizmə işarə deyil” – Pediatr valideynlərə səsləndi

Müəllif: Gulnare
//
14 may 2018
//
//

“Hər ayaq ağrısı revmatizmə işarə deyil” – Pediatr valideynlərə səsləndi


Uşaqlarda ayaq ağrılarına tez-tez rast gəlinir. Bu isə valideynləri çox narahat edir. Bəs görəsən azyaşlılarda sıx rastlanan ayaq ağrılarının səbəbi nədir? Bununla bağlı Ailem.az-a məlumat verən pediatr Aytən İsmayılova bildirir ki, bu kimi hallarda valideynlərin ağlına gələn ilk fikir uşaqda revmatizmin olması ehtimalıdır: “Əslində burada fikir veriləsi bəzi məqamlar var. Məsələn, uşağın neçə yaşı var, ağrılar nə vaxt olur, neçə müddətdir və necə dəyişir, fiziki aktivlikdən sonra baş verirmi, yanaşı hansı əlamətlər var?


Əgər gecələr ağrıyır və uşağı yuxudan oyadırsa, çox güman ki, böyümə ağrılarıdır. Böyümə ağrıları 3-4 yaşda başlayır və aylarla davam edə bilir. Əsasən günortadan sonra axşama doğru artmağa başlayır. Səhər yuxudan duranda heç bir əlamət qalmır. Böyümə ağrıları diz, topuq ətrafı, baldır nahiyəsində, əzələlərdə olur. 8-12 yaşda yenidən görülə bilir. Böyümə ağrıları uşağın həssaslığına bağlı olaraq baş ağrıları və qarın ağrıları ilə də müşayiət oluna bilir”.


A.İsmayılzadə qeyd edir ki, ayaqda ağrılar həm də şişkinlik, ödəm, qızartı, ümumi halın dəyişilməsi ilə müşahidə edilirsə, bu zaman da özbaşına revmotestlər verilməsində o qədər də fayda yoxdur: “Həkimə müraciət etmək lazımdır. Ciddi revmatik xəstəliklər ola bilər. Əgər bu cür əlamətlər yoxdur, amma oynaq ətrafında qansızmalar, göyərmələr olursa, ağrılarla yanaşı, bu zaman hematoloji, yəni qan problemi ola bilər. Mütləq həkim müayinəsi və detallı analizlər vacibdir”.


Əzələ bağ aparatı zəif ola bilər


“Əgər ayaq ağrıları gəzintidən, qaçmaq, hoppanmaq kimi fiziki aktivliklərdən sona olursa, burada əzələ-bağ aparatının zəifliyindən şübhələnirik. Zəiflik deyəndə əzələ-bağ aparatı, qığırdaq, sümük toxumasının matriksini əmələ gətirən maddələrin azlığı nəzərdə tutulur. Bu isə yalnız kalsium demək deyil. Əsas kükürd birləşmələri - sulfatlaşmış aminoşəkər birləşmələri yetərincə olmadıqda bu toxumalarda bioproseslər fiziki aktivlik vaxtı yüklənmə hesabına ağrı baş verir. Belə olduqda rasionda zülallar, təbii məhsullar, torpaqda bitən və minerallarla eyni zamanda kükürdlə zəngin (turp, brokoli, gül kələm, kələm, çuğundur, soğan, sarımsaq) məhsulları üstün olmalıdır”, - deyə həkim qeyd edir.

Uşaqda onurğa əyriliyi də ayaq ağrısına səbəb ola bilir


Uşaqda onurğa əyriliyi, kifoz, skolioz, yastıpəncəlik, əyripəncəlik varsa, bu zaman da ayaqda ağrılar qaçılmazdır: “Meteohəssas uşaqlarda yağışda, rütubət artanda, ayaqlara su dəyəndə, çimdikdən sonra da ağrılar olur. Bu isə revmatzm var demək deyil. Revmatizm zamanı ayaqlar deyil, onun daxili zədələnir. Oynaqda qızartı, şişkinlik, ağrı olur. Eyni zamanda hərarət olur. Streptokokkun törətdiyi revmatizm xəstəliyinin tam diaqnostikası üçün isə revmotristlər yetərli deyil. Hər kəsin bildiyi ASO və CRP isə qeyri -spesifikdir. Yəni sırf revmatizmi göstərmir. ASO - yəni streptokokkun streptolizin fermentinə qarşı yaranan anticisimlər kariesli diş, angina səbəbindən də yüksələ bilir. Revmatizmi isə məhz betta hemolitik streptokokklar törədir. Skarlatina xəstəliyi də streptokokk tərəfindən törədildiyi üçün ASO skarlatinada da arta bilir. CRP isə - C reactive protein, C reaktiv zülal bütün iltihabi hallarda yüksələn faktordur. Hesab edirəm ki, bu məlumatdan sonra valideynlərin uşağın ayaq ağrısına görə revmotest vermə halları azalacaq”.Ailem.az
Xəbər Lenti Giriş Populyar Reklam