“Bir tikə çörək” adlı mərdiməzarlıq » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » “Bir tikə çörək” adlı mərdiməzarlıq

“Bir tikə çörək” adlı mərdiməzarlıq

Müəllif: Gulnare
//
11 may 2018
//
//

Bir dostum var idi. Adamlar, toyda mütləq qayda kimi qollarını bir-birinə keçirib şampan şərabı içmək mərasimini yerinə yetirə bilməyən gəlinlə bəyin videosunu yayıb güləndə, məsxərəyə qoyanda üzülürdü. Əqli çatışmazlığı, psixi problemləri olan adamları danışdırıb gülünc vəziyyətə salanda az qala ağlayırdı.

Çərxifələk tərsinə işləyir, ağlamalı olan şeylərə gülürük indi. Hər şeyə gülürük; Xəstənin xəstəliyinə, yarıtmazın yarıtmazlığına, axmağın axmaqlığına... Hər şey reytinq mənbəyinə, qazanc mənbəyinə çevrilib. Bütün mərdiməzarlıqların, hər cür əxlaqsızlığın, mədəniyyətsizliyin adı "tələbat" olub, "güzəran" olub, "zəmanədəndir" olub, "bir tikə çörək" olub. Əliağa Vahid demiş, üzü dönsün görüm o ağuya dönmüş çörəyin...

Dağ boyda kişilər özünütəsdiqin yolunu ruhi xəstəni, fiziki qüsurlunu, zəifi, dilsizi divara qısnamaqda, dolamaqda, məsxərəyə qoymaqda tapıblar. Özü də efirdə, özü də hamının - Azərbaycan xalqının gözü qarşısında.

Adamlar var ha, deyir ki, Azərbaycan telekanallarına baxmıram, onlar elə bil bir himə bənddir. Oturub gözləyirlər ki, telekanalların birində hansısa sənətçinin qardaşı arvadının qayınatasıyla davasından danışıb, gəlini söysəydilər, seyrinə çıxardıq. Biz də gəlini söyərdik, qayınatanı evimizdəki kişiylə müqayisə edərdik, evdə ona uyğun müzakirə açardıq, sonra bu mövzunu sosial şəbəkələrə daşıyardıq, vaxtımızı beləcə ötürərdik.

Bizim evimizdə isə bütün gün Azərbaycan telekanalları açıq olur. Anam baxır, atam baxır. Yaxşı, cəlbedici veriliş, sənədli film görəndə sevinirəm, amma görəndə ki, hansısa verilişdə yenə üzə-üzə qoyulan adamlardan biri o birini döyməyə hazırlaşır, aparıcı qarışıq bütün qonaqların hamısı birdən danışır, ağız deyəni qulaq eşitmir, üzülürəm.

Məsələn, bir də görürəm ki, hansısa kanalda qaraqabaq, qısılıb dayanan bir gəlin, belinə lent bağlayırlar, əlinə pul verirlər, lampanın başına fırlayırlar, donunun orasını-burasını düzəldirlər, boşqab sındırtdırırlar, qucağına ağlayan bir uşaq qoyurlar, sonra gedib bozbaş qazanlarını nümayiş etdirirlər, qazanın üstünə atılan pulu, gəlinə alınan qır-qızılı böyük planda göstərirlər. Hər şey həyatımızdakı kimidir: narahat, natamam, kompleksli, özü olmayan, nə yollasa özünü sübut etməyə çalışan adamlar, hər şey göstəriş üçün...

Ardınca bir Türkiyə telekanalını açıram, yazar, rejissor Yılmaz Erdoğan verilişdə qonaqdır, rahat geyimdə bardaş qurub oturub, həyatdan, Tanrıdan danışır, gülümsəyir, şeir oxuyur, düşündürür, heç kim duyğularını gizlətmir, ağlayan ağlayır, gülən gülür... Sonra süjet verirlər, onun filmindən çıxan cütlük deyir ki, bura gələndə dalaşmışdıq, amma çıxanda bir-birimizə daha möhkəm sarıldıq...

Nə qədər vətənimizi, insanlarımızı müqayisə etməyi sevməsəm də, durumu izah etmək üçün yazmağa, deməyə məcbur qalırsan. Elə bu yaxınlarda Daşkəndin bazarında gördüyüm mənzərəyə də həsəd aparmışdım. Adamlar bazarda adi necə yumurtanı sevərək satırdılar, gülərək satırdılar. Yumurta yeşiklərinin yanına düzdükləri dibçəklər, çiçəklər, təmizlik, səliqə-sahman insanlara - müştərilərə sevgiydi, işinə sayğıydı.

Bax gördüyün hər bir iş belə olmalıdır. Aparıcı verilişinin qonağına, tamaşaçısına, rejissor izləyicisinə, qəssab, dərzi, baqqal və digərləri müştərisinə sayğı göstərsə, işini, vəzifəsini ədasız, minnətsiz yerinə yetirsə, adamlar bir-birinin xəstəliyi, ağrısı üzərində öz reklamını qurmağa çalışmasa, biz də öz televiziyamıza, öz filmlərimizə baxarıq, biz də dükandan, bazardan gülərək çıxarıq. Bir tikə çörəyimizi rahat yeyərik.

Qan qusaraq güllük-gülüstan tələb etmək olmaz. Aqressiyayla sevgi, aşağılamaqla sayğı ummaq olmaz. Olmaz!

Sevinc Fədai
Milli.Az
Xəbər Lenti Giriş Populyar Reklam