UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİR ! ! ! » www.xeberleragentliyi.com Publika.az
29/10/2012 | Əlaqə
Valyuta.com
www.xeberleragentliyi.com » Arxiv » UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİR ! ! !


UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİR ! ! !

//
19 noyabr 2012
//
//

OXUNUB:853
UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİR ! ! !


Əgər uşağınızın immunitetinin zəif olması əlamətlərini görmüş olsanız həkim-immunoloq məsləhətindən istifadə edin. Həkim zəif immunitetin səbəblərini müəyyən edərək lazım gələrsə müvafiq müalicə kursu təyin edə bilər.

Bir çox hallarda xüsusi müalicənin təyin edilməsinə heç bir ehtiyac olmur, sadəcə olaraq, uşağa savadlı qulluq etmək lazım gəlir. Belə qulluqlarla biz sizi aşağıdakı bölmədə tanış etməyə calışacağıq.

Düzgün qidalanma

Uşağın qidası tərkibinə görə tam dəyərli (zülallar, yağlar, karbohidratlar, vitamin və mikroelementlərlə kifayət qədər zəngin) olmalıdır

İmmun sisteminin normal şəkildə fəaliyyət göstərməsi üçün daha vacib hesab edilən vitaminlər A, C, E, B və D qrupu vitaminləridir.

Vitamin A-nın mənbəyi hesab edilən qida maddələri: kök, kahı yarpağı, kələm, balıq yağı, böyrək, qaraciyər, dəniz balıqlarının qaraciyəri, yumurta sarısı, kərə yağı, qaymaq və s.

A vitamini orqanizm tərəfindən E və S vitaminləri ilə birlikdə daha yaxşı mənimsənilir. Buna görə də mütəmadi olaraq uşaqlar üçün bitki yağı (vitamin E) əlavə edilmiş və üzərinə bir qədər limon şirəsi (vitamin S) sıxılmış kök, kələm, kahı yarpağı salatları hazırlamaq məsləhət görülür.

Vitamin S – soyuqdəymə ilə əlaqədar olan xəstəliklərə qarşı mübarizədə orqanizmə kömək edir; məsələn, KRVX-nin ilkin dövrlərində C vitamininin qəbul edilməsi orqanizmin sağalmasına, daha ağır formalara keçməməsinə kömək edir. C vitamininin əsas mənbələri kimi, sitrus meyvələri, itburnu, kələm, pomidor, qara qarağat, qırmızı istiot və s. qeyd etmək olar.

Vitamin E - orqanizmə mikroblardan, viruslardan, hətta xərçəng xəstəliyindən qorunmaqda kömək edir. E vitamini xeyli miqdarda qaraciyər, yumurta sarısı, kahı yarpaqlarında, günəbaxan, zeytun, qarğıdalı yağlarında, təzə cücərdilmş buğdada, qarabaşaq (“qreçka”), düyü və digər yarmalarda var.

Vitamin B1. Orqanizmində bu vitamin çatışmazlığı olan uşaqlar ağlağan, hirsli, dəcəl olur, tez-tez baş ağrılarından, ümumi zəiflikdən şikayət edirlər. Sinir sistemi zəif olan uşaqların immun sistemi də zəif olur. Buna görə də uşaqların qida rasionunda B1 vitamini ilə zəngin olan qida məhsullarının (“qerkules”, lobya, paxlalı bitkilər, qoz, fındıq, araxis, kartof, qaraciyər, böyrək) olmasına fikir vermək lazımdır.

Vitamin B2. Bu vitamin çatışmazlığında da immunitet zəifləyir, müxtəlif mədə və bağırsaq xəstəlikləri baş verir. Tərkibində vitamin B2–nin olduğu əsas qida məhsulları: kələm, təzə lobya, alma, qaraciyər, yaşıl noxud, pomidor, cücərdilmiş buğda, yumurta, süd və süd məhsulları, mal əti. Yadda saxlamaq lazımdır ki, vitamin B2 işıqdan “qorxur” – süd və süd məhsulları 2 saat ərzində günəş şüaları altında saxlanılarsa, qıcqıraraq tərkibində olan B2 vitaminini də itirir.

Vitamin B6 da immun sisteminin normal fəaliyyəti üçün vacibdir. Bu vitaminə qara çörək, ət, balıq, yumurta sarısı, süd, qaraciyər, yarmaların tərkibində də rast gəlinir.

Vitamin B9 (fol turşusu) və B12 – qan hüceyrələrinin əmələ gəlməsi üçün (həmçinin eritrositlərin və immun sistemi hüceyrələrindən olan limfositlərin) vacibdirlər. Uşaqda qanazlığı, tez-tez baş verən soyuqlamalar varsa, ona süd, yumurta, soya, inəyin qaraciyəri və böyrəkləri, ağ və qırmızı turp, şomu, kahı vermək məsləhətdir.

Vitamin D - qanın normal laxtalanması, ürək fəaliyyəti, sinir və immun sistemi üçün vacib hesab olunur. Onun çatışmazlığı zamanı əsasən 1 yaşına qədər uşaqlarda təsadüf edilən raxit xəstəliyi inkişaf edir. D vitamini çatışmazlığı daha iri yaşlı uşaqlarda baş vermiş olarsa, onların boy atması ləngiyir, sümükləri isə daha kövrək olur. D vitamininə yumurta, süd, kərə yağı, qaraciyər, balıq (xüsusən balıqların qaraciyərində) məhsullarının tərkibində rast gəlinir.

İmmunitetin normal səviyyədə saxlanılması üçün bir çox mikroelementlər tələb olunur: kalium, mis, maqnezium, sink, yod, dəmir, kalsium, selen, germanium.

Kalium - cəfərinin, kartofun, pomidorun, kələmin, ərik qurusunun, üzümün, qara gavalı qurusunun, xiyarın, greypfrutun, turpun, paxlalı bitkilərin tərkibində olur.

Maqnezium - cücərdilmiş buğdanın, cəfərinin, gavalının, balqabağın, kartofun, nanənin, qaraciyərin, qozun tərkibində insan orqanizmi üçün tələb olunan miqdarda olur.

Mis - südün, cücərdilmiş buğdanın, cəfərinin, göbələklərin, qoz və findığın tərkibində olur.

Sink qida maddələrinin tərkibində çox təsadüf edilmir. Onun əsas mənbələri üyüdülmüş buğda qalıqları, günəbaxan tumu, cücərdilmiş buğda hesab olunur.

Yod elementi endokrin və immun sistemin normal fəaliyyəti üçün vacibdi. Buna görə də uşaqların qidalarina çuğundur, tünd rəngli bütün meyvələr, okean balıqları və onların qaraciyəri, dəniz kələmi, soğan, göbələk, yaşıl noxud, ağ və qırmızı turp, pomidor, yemiş, xurma kimi müxtəlif meyvə və tərəvəzlər də daxil edilməlidir.

Dəmirin miqdarı ət, qaraciyər, alma və xurmanın təkibində daha çox olur.

Kalsium orqanizmə daha çox süd məhsulları ilə daxil olur (xama, qatıq, qaymaq, asidofilin). Germanium və selen elementləri dəniz məhsullarının, böyrəklərin, qaraciyərin, cücərdilmiş buğdanın tərkibində olur.

Yuxu, istirahət, fiziki hərəkətlər

Yuxu (xüsusən axşam vaxtı) uşaq üçün çox vacib hesab olunur. Məhz gecə saatlarında uşağın immun sisteminin mükəmməlləşməsi baş verir. Axşam saatlarında narahat yatan və ağlayan uşaqların immun sistemi rahat yatan uşaqlara nisbətən daha ləng şəkildə formalaşır. Məhz buna görə ana, uşağın axşam saatlarında normal vaxt ərzində rahat yatmasını təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə etməli. Yuxudan qabaq uşağa aktiv oyunlar oynamağa, uzun müddət televizora baxmağa şərait yaratmayın..

Nataman istirahət, yüksək fiziki, əqli və emosional yüklənmələr daha böyük uşaqlarda yorulmaya, stresə səbəb olaraq uşaq orqanizminin müdafiəsini xeyli dərəcədə zəiflədə bilər

Hər gün 1,5-2 saat ərzində uşaq açıq havada olmalıdır (parkda, meşədə, dəniz kənarında, magistral yollardan uzaq olan yerlərdə gəzintilər daha yaxşı olardı). Əlbəttə ki, hava yaxşı olmadığı günlərdə (çox soyuq, yağışlı, küləkli və s.) uşaqla gəzintiyə çıxmaq məsləhət deyil. Bu nəinki bədənin möhkəmləndirilməsinə kömək edər, əksinə, uşağın xəstələnməsinə səbəb ola bilər.

Günəş vannaları uşaqların dərisində vitamin D və melaninin əmələ gəlməsinə səbəb olur ki, onlar da uşağın immun sisteminin yuksəlməsinə köməklik edirlər.

İmmunitetin yüksəldilməsi üçün dərman preparatları

İmmunitetin yüksəldilməsi üçün yalnız həkim tərəfindən məsləhət görülən xüsusi preparatlardan savayı, təbii əsaslara malik olan və orqanizmin müdafiə quvvəsini yaxşılaşdıran dərman preparatları da vardır. Jenşen (kökü), çin limonu (meyvələri, yarpaqları, zoğu), yapon heyvası, qırmızı radiola, eleyterokokk, exinaseya, propolis və s.

Təbii əsasa malik olan bütün preparatları fasilələrlə (məsələn, hər 3 həftəlik müalicədən sonra 2 həftə fasilə vermək) olmaqla xeyli müddət (bir neçə ay) ərzində (xüsusən də qış və yazda) qəbul edirlər (əlbəttə ki, həkimin məsləhətindən sonra). Bu preparatlardan hər birini qəbul etdikdən sonra yarım stəkan ilıq qaynanmış su içmək (preparatın yaxşı sorulması üçün) vacib hesab olunur.

Əziz valideynlər, əgər siz uşağınızın sağlam böyüməsini istəyirsinizsə, onun immun sisteminin yüksək səviyyədə saxlanmasına xüsusi diqqət yetirin!
Şərh yoxdur!

ƏLAVƏ ET

Adınız:
E-Mail:
Xəbər Lenti Giriş Populyar Reklam