"Zərifə Əliyeva öz fəaliyyəti ilə Azərbaycan elminin nüfuzunu yüksəyə qaldırıb" » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » "Zərifə Əliyeva öz fəaliyyəti ilə Azərbaycan elminin nüfuzunu yüksəyə qaldırıb"

"Zərifə Əliyeva öz fəaliyyəti ilə Azərbaycan elminin nüfuzunu yüksəyə qaldırıb"

Müəllif: Gulnare
//
30 aprel 2018
//
//

 "Zərifə Əliyeva öz fəaliyyəti ilə Azərbaycan elminin nüfuzunu yüksəyə qaldırıb"
\

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası akademik Zərifə Əliyevanın 95 illiyinə həsr olunmuş tədbir keçirib.

Xeberleragentliyi.com Trend-ə istinadən bildirir ki, tədbirdə çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, akademik Zərifə Əliyevanın əmək fəaliyyəti üçün seçdiyi yol onun ailəsinin seçdiyi tibb yolu olub.

Akademik qeyd edib ki, həkimlik peşəsi arasında göz həkimliyini seçən Zərifə Əliyeva özünün elmi və həkimlik fəaliyyəti ilə Azərbaycana mühüm töhfələr verib, Azərbaycan elminin nüfuzunu yüksəyə qaldırıb.

Elmi fəaliyyətlə məşğul olan Zərifə Əliyevanın elmi əsərlərini elmimizin xəzinəsi adlandıran A.Əlizadə bildirib ki, Zərifə Əliyeva özünün elmi məktəbini yaradıb:

"Zərifə Əliyevanın tədqiqat üçün seçdiyi peşə xəstəlikləri üzrə elmi istiqaməti bu gün inkişaf edib. Onun bu istiqamətdə elmimizə verdiyi töhfələr unudula bilməz. Onu da qeyd edim ki, Zərifə Əliyeva gözəl alim olmaqla yanaşı, böyük mədəniyyətə malik insan idi. Onun bir necə dil bilməsi, konfranslarda rus dilində etdiyi elmi çıxışlar insanı valeh edirdi".

A.Əlizadə əlavə edib ki, Zərifə Əliyeva yüksək elmi nailiyyətlərinə görə yüksək mükafat olan SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.

Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik-katibi, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Zərifə Əliyevanın doğulub boya-başa çatdığı Əziz Əliyevin ailəsinin Azərbaycan elminə böyük töhfələr verdiyini söyləyib:

"Əziz Əliyevin ailəsində əsasən, həkimlər olub. Əziz Əliyevin ailəsini həkimlər sülaləsi adlandırırdılar. Bu ailə Azərbaycan elminə böyük töhfə verib".

Ə.Əmiraslanov bildirib ki, Zərifə Əliyeva tədqiqatların aparılması üçün heç zaman yüngül sahə seçməyib:

"Zərifə Əliyeva o zaman tüğyan edən traxoma xəstəliyi ilə mübarizə aparırdı. O zaman Azərbaycanın bəzi regionlarında traxoma hətta epidemiya şəklini almışdı. Zərifə Əliyeva bu sahə üzrə Moskvada təkmilləşdikdən sonra onun rəhbərliyi ilə böyük qrup yaradılıb və xəstəliklə mübarizəyə başlanılıb".

Ə.Əmiraslanov qeyd edib ki, əslində, Zərifə Əliyeva traxoma xəstəliyi ilə mübarizəyə başlamaqla böyük risk edirdi. Çünki hətta korluğa səbəb olan traxoma infeksiyon xəstəlik idi və onun insandan insana keçməsi təhlükəsi var idi.

Komitə sədri əlavə edib ki, Zərifə Əliyeva elmin diqqətdən kənarda qalan istiqaməti - peşə xəstəliklərinin görmə orqanlarına təsiri sahəsində də araşdırmalar aparıb:

"O, hətta AMEA-nın Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası yaradıb. Zərifə Əliyeva göz yaşlarının axarlarının patologiyası ilə də ciddi məşğul olub. Ömrünün son illərində isə tibbi deontologiyanın əsaslarının öyrənilməsi ilə məşğul olub".

Akademik bu gün Azərbaycanda fəaliyyət göstərən Milli Oftalmologiya Mərkəzinin Zərifə Əliyevanın təklifi ilə tikildiyini söyləyib.

Hazırda Milli Oftalmologiya Mərkəzinin dünyanın ən tanınmış oftalmoloji mərkəzlərindən biri olduğunu vurğulayan Ə.Əmiraslanov qeyd edib ki, bu gün Azərbaycan oftalmoloqlarının apardığı elmi tədqiqatlara dünya elmi tərəfindən dəyər verilir.

Akademik daha sonra əlavə edib ki, Zərifə Əliyevanın tələbələrinin çox az hissəsi bu gün sağ qalsa da, onun yaratdığı elmi məktəb öz fəaliyyətini davam etdirir və akademik Zərifə Əliyeva adına məktəb daim yaşayacaq.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımov isə bildirib ki, Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini bütün dünyaya tanıdıb.

Onun sözlərinə görə, Zərifə Əliyeva az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparıb.

Zərifə Əliyevanın elmi istiqamətlərinin çox geniş olduğunu nəzərə çatdıran E.Qasımov əlavə edib ki, böyük alimin 200-ə qədər elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifi olub:

"Zərifə Əliyeva öz xəstələrinə çox həssaslıqla yanaşırdı. Tələbələrinə də həmişə deyərdi ki, həkim xəstə üçün yaxın bir adam olmalıdır. Zərifə Əliyeva ictimai xadim kimi də fəaliyyət göstəırib. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülh Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin üzvü idi. Zərifə xanım oftalmologiyanın fədaisi idi. Onun elmi istiqamətləri, elmi fəaliyyəti müasir oftalmoloqlar üçün həmişə örnək olacaq. Bu gün Milli Oftalmologiya Mərkəzi akademik Zərifə Əliyevanın adını daşıyır. Biz çox xoşbəxtik ki, belə gözəl şəraiti olan bu tibb ocağında çalışırıq".

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli qeyd edib ki, həkimlik peşəsi arasında göz həkimliyini seçməsi Zərifə Əliyevanın cəmiyyətə işıq vermək istəyi ilə bağlı idi:

"Zərifə Əliyeva traxoma xəstəliyini müalicə edərkən insanların gözünə işıq bəxş edirdi. Dünya oftalmologiya elmində Azərbaycanı layiqincə təmsil edən Zərifə Əliyeva özü Azərbaycanın elmi üçün işıq mənbəyinə çevrildi".

AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova bildirib ki, keçmiş sovet dövründə Azərbaycan bu ittifaqın kimya sənayesi mərkəzlərindən biri sayılırdı. Buna görə də həmin dövr üçün vacb məsələlərdən biri kimya sənayesinin görmə orqanlarına təsirini öyrənmək olub:

"Zərifə Əliyeva 40 mindən çox fəhləni bu tədiqaqat cəlb etdi. O, kənd təsərrüfatı sahəsində pestisidlərin görmə orqanlarına təsirini öyrənmək üçün də tədqiqat aparıb. Bu tədiqaqata pestisidlərlə təmasda olan 500-ə yaxın insanı cəlb edib. Bu tədqiqatlar nəticəsində məlum olub ki, pestisidlərin görmə orqanlarına təsiri nəticəsində gözdə iltihabi xəstəliklər əhəmiyyətli dərəcədə artır. Zərifə Əliyevanın bu gün apardığı tədiqaqtlar herantologiya sahəsi üçün də önəmli rol oynayır".

Tədbirdə daha sonra akademik Zərifə Əliyevaya həsr olunan qısametrajlı film nümayiş olunub.
Xəbər Lenti Giriş Populyar Reklam