Sosial işçilər üçün maarifləndirici seminarlar təşkil olunacaq » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Sosial işçilər üçün maarifləndirici seminarlar təşkil olunacaq

Sosial işçilər üçün maarifləndirici seminarlar təşkil olunacaq

Müəllif: Gulnare
//
27 aprel 2018
//
//

Sosial işçilər üçün maarifləndirici seminarlar təşkil olunacaq


“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Məişət zorakılığı qurbanlarına xidmət göstərən sosial işçilərin təcrübəsinin artırılması məqsədilə maarifləndimə işinin təşkili” adlı layihənin icrasına başlanılıb


Layihə məişət zorakılığından zərər çəkmiş insanlara xidmət göstərən və “Sosial işçi” ixtisası üzrə ali təhsil müəssisələrində təhsil alan və məzun olan sosial işçilərin təcrübə bazasının, onların bilik və bacarıqlarında yenilik yaradaraq göstərdikləri xidmətin keyfiyyət səviyyəsinin (işgüzarlıq, ünsiyyət bacarığı, mehriban davranış, qayğı və diqqətin yüksəldilməsi və s.) artırılmasından bəhs edir. Bu məqsədlə peşəkar və beynəlxalq təcrübə keçmiş ekspertin iştirakı ilə sosial işçilər üçün maarifləndirici seminarlar təşkil olunacaq.

Qeyd edək ki, 30 dekabr 2011-ci il tarixində Azərbaycan Respunblikasının Prezidenti cənab İlham Əliyevin imzasıyla qəbul olunmuş “Sosial Xidmət haqqında Qanun”un II fəslinin (Çətin həyat şəraitində olan şəxsə (ailəyə) sosial xidmət göstərilməsinin təşkili) 7-ci Maddəsində məişət zorakılığında zərər çəkənlərə sosial xidmətin göstərilməsi təsbit olunub.

Ölkə başcısı cənab İlham Əliyevin daha öncə imzaladığı sərəncamla 2010-cu ildə qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu çərçivəsində məhz məişət zorakılığına qarşı müvafiq dövlət qurumları, eyni zamanda QHT-lər tərəfindən müxtəlif istiqamətdə tədbirlər görülür. Lakin cəmiyyətimizdə və gündəlik həyatımızda baş verən hadisələr göstərir ki, qanun çərçivəsində görülən işlər yetərli deyil. Ailə-məişət zəminində baş verən məişət zorakılığı zamanı zərərçəkən insanların əksəriyyəti qadın və uşaqlardır. Ailədə baş verən fiziki, psixoloji, cinsi zorakılıqlardan əziyyət çəkən insanlar, xüsusən də qadınlar uşaqlarını da götürüb evdən qaçmaq məcburiyyətində qalırlar. Onların bəziləri qohum evlərinə (ata-ana, bacı qardaş və s.) qayıtsalar da, bəziləri getməyə yerləri olmadıqda hüquq-mühafizə orqanlarına müraciət edərək müvəqqəti sığınacaqlara yerləşdirilirlər. Təbii ki, sığınacaqda onlarla daha çox sosial işçilər ünsiyyətdə olurlar. Sınmış qəlbli insanların daha çox diqqət və qayğıya, xoş ünsiyyətə ehtiyacları olduğundan sosial işçilərin şəxsi keyfiyyətləri, insanlara yanaşma tərzləri yüksək səviyyədə olmalıdır. Bunun üçün də vaxtaşırı onlara ekspertlərin yenilik gətirən tövsiyyələri vacibdir. Sosial işçilər eyni zamanda məişət zorakılığından zərərçəkən insanların bir növ dostları rolunu oynayırlar, məhz buna görə də həm məişət zorakılığı qurbanlarına, həm də sosial işçilərə dəstək olmalıyıq.

Birlikdən verilən məlumata görə, layihə 3 ay müddətində (15.04-15.07.2018) Bakı şəhərində həyata keçiriləcək.

pia.az
Xəbər Lenti Giriş Populyar Reklam