Müstəqil Azərbaycan ulu öndərimiz Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi və əmanətidir » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Müstəqil Azərbaycan ulu öndərimiz Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi və əmanətidir

Müstəqil Azərbaycan ulu öndərimiz Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi və əmanətidir

Müəllif: admin
//
29 mart 2018
//
//

Zaman bizi ümummilli lider Heydər Əliyevin cismani yoxluğundan uzaqlaşdırdıqca xalqımız bu möhtəşəm şəxsiyyətin ulu, gündən-günə əzəmətini artıran obrazına daha çox müraciət edir. Əslində, bu nadir insanın və siyasət korifeyinin heç vaxt heç bir qiymətə, tərifə ehtiyacı olmasa da, onun qədir-qiyməti qəlbimizdə getdikcə daha da artır, zaman-zaman böyüyür. Bu, hər şeydən əvvəl, bizim özümüzün ulu öndərin zəka və ideyalarına olan ehtiyacımızın misilsizsizliyi ilə bağlıdır.

Tarixdə elə insanlar var ki, onların əzəmətini heç bir sözlə ifadə etmək mümkün deyil. Heydər Əliyev də belə insanlardandır. Bu adın ucalığı bütün metaforaları kölgədə qoyur. Biz Heydər Əliyevi ulu öndər, müdrik insan, dahi şəxsiyyət adlandırırıq. Amma etiraf edək ki, bunlar onun milli təfəkkürümüzdə əbədilik qazanan statusunun yalnız müəyyən bir hissəsini ifadə edir. Heydər Əliyev Azərbaycan milli varlığının ümumi çevrəsinin ən yüksək nöqtəsini təşkil edən zirvədir.

Xalqımızın ümummilli lideri, zəmanəmizin və bütün dövrlərin dahisi Heydər Əliyevin ideya və əməlləri daim bizimlə olduğundan millət atasının cismani yoxluğu ötən illərdə zərrə qədər də hiss olunmamışdır. Hər il ümumxalq xatirə günlərində isə ulu öndərin nadir kimliyi çəmiyyət miqyasında ən iri planda gözlərimiz önündə canlanır.

...12 dekabr 2003-cü il. Azərbaycan xalqının böyük oğlu, dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin əbədiyyətə qovuşduğu gün. Xalqımızı sonsuz kədərə, göz yaşlarına qərq edən o qış günündən bu gün bizi 14 illik zaman ayırsa da, xalqımız yenə o itkinin hüznünü ilk gündə olduğu kimi yaşamaqdadır. Bunu Fəxri xiyabana axışan insan seli bir daha təsdiqləmiş olur. Bu axın bir daha sübut edir ki, zaman keçdikcə xalqın dahi oğluna, ulu öndərinə, ümummilli liderinə olan ehtiramı daha da böyüməkdə, ürəklərdəki yeri daha da dərinləşməkdədir.

İldən-ilə möhtəşəmləşən anım mərasimləri dahi öndərimiz Heydər Əliyevin dövlətçiliyimizin bərpası və əbədiləşdirilməsi, ölkəmizin sivil tərəqqi yoluna çıxarılması, hərtərəfli inkişafa qovuşması kimi tarixi missiyasının önəmini xalqımızın qədərincə anlamasının və lazımınca dəyərləndirməsinin aydın göstəricisidir.

Ümummilli liderin dünyaya göz yumduğu günlərdə xalqımıza böyük təsəlli gətirmiş, sabaha inamımızı artırmış “Nə qədər ki, xalqımız var, nə qədər ki, Azərbaycan var – Heydər Əliyev də var olacaqdır” deyimində ifadə olunmuş uzaqgörənlik və həqiqət zaman keçdikcə daha dərindən və aydın dərk olunur. Ölkəmizə bir qərinədən artıq müddətdə rəhbərlik etmiş bir insanla eyni dövrdə yaşamaq, müəyyən şəraitdə onunla təmasda olmaq isə illər keçdikcə əfsanəviləşən bir epoxanın dəyərli epizodları, unudulmaz hadisə və faktları kimi mənalıdır.

Müdrikliyi, uzaqgörənliyi və təkrarsız fəaliyyəti ilə milli gerçəkliyimizdə əbədi yer almış ən böyük azərbaycanlı Heydər Əliyevin nurlu obrazı həmişə qəlbimizə işıq və hərarət saçır. Adı Azərbaycanın, türk dünyasının, bütövlükdə, dünya siyasətinin tarixinə qızıl hərflərlə yazılmış bu şəxsiyyət, haqlı olaraq, əbədi öndərimiz kimi sabaha gedən yolumuzun mayakına çevrilmişdir.

Bənzərsiz tarixi şəxsiyyət kimi Heydər Əliyev siyasətdə həm ənənəvi, həm də müasir lider obrazında təzahür edən, təmsil etdiyi xalqın və dövlətin yolgöstərəninə çevrilməyi bacaran və onun milli idealını təmsil edən dahi və müdrik bir insandır. Heydər Əliyev Azərbaycan tarixində ən ardıcıl və ən böyük istiqlalçı, ən böyük demokrat, ən böyük vətənpərvər, ən böyük dövlətçi və ən böyük əməl sahibidir. Onun fəaliyyətinin hər bir hissəsi xalqımızın mədəni inkişafına, iqtisadi və siyasi yüksəlişinə xidmət edən müvəffəqiyyətlərlə zəngindir.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin ömür yolu, həmişə uğur və qələbələrlə müşayiət olunan mübarizəsi iki minilliyi qovuşduran onilliklərdə tariximizin şərəf kitabının ən parlaq və zəngin səhifələrini təşkil edir. Milli tariximizin Heydər Əliyev zirvəsi gələcəyə gedən yolumuzu aydın görməyə geniş imkan yaratdığı kimi, keçmişimizi, xüsusən, yaxın dünənimizi də doğru-düzgün dəyərləndirməyimiz üçün dolğun mənzərə açır.

Böyük şəxsiyyətlərin adı zəmanəsinin və xalqının rəmzinə çevrilir. Ulu öndər, dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının öz tarixi ərzində ərsəyə gətirdiyi ən böyük siyasət və dövlət xadimidir. Xalqımızın bütün müsbət keyfiyyətlərini, yaradıcılıq enerjisini öz simasında üzvi şəkildə birləşdirən Heydər Əliyev millətimizin şərəf və ləyaqət ünvanına çevrilmişdir. Tariximizin son yarım əsrdən artıq bir dövrü Heydər Əliyevin zəkası ilə nurlanmışdır.

Tariximizin ən böyük simalarının ön cərgəsində dayanmaq haqqı qazanmış Heydər Əliyev XX əsrin sonlarında və XXI əsrin əvvəllərində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin təşəbbüsçüsü və müəllifi olmuşdur. Yalnız onun sayəsində xalqımız əvvəlcə siyasi və dövlət müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra isə bu təməl üzərində qurulan müstəqil dövlətini qoruyub saxlaya bilmişdir. Onun dünya siyasət xəzinəsini zənginləşdirən fəaliyyəti Azərbaycan xalqının əsrlər boyu ürəyində yaşatdığı müstəqil dövlətçilik arzusunun gerçəkliyə çevrilməsində müstəsna rol oynamışdır.

Ümummilli lider Heydər Əliyevin bir qərinədən artıq dövrdə Azərbaycana iki dəfə rəhbərlik etməsi ən mühüm nəticələri ilə şəxsiyyətin tarixdə müəyyənedici rolunu bir daha təsdiqləyən, çağdaş dünyada etiraf olunan fenomenal bir hadisədir. Ulu soydaşımızın Azərbaycana rəhbərlik etdiyi hər iki dövrü indiki nəsillər minilliklər boyu davam edən dövlətçilik tariximizin ən şanlı səhifələri, misilsiz idarəetmə məktəbi kimi öyrənir və daim sonsuz qürur mənbəyi kimi yad edirlər. Bu misilsiz siyasi irs-liderlik məramı 1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə başlanan şərəfli missiya ilə müəyyən olunmuşdur. Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969--1982-ci illərdə təsdiqləmişdir.

Böyük strateq bugünkü müstəqil Azərbaycanı hələ o zamandan-- Azərbaycanda həyatın bütün sahələrində ağır tənəzzülün hökm sürdüyü bir dövrdə xalqın problemlərini öz çiyninə götürdüyü 1969-cu ildən qurmağa başlamışdır. Bu qənaətin gerçəkliyini tarixi proseslərin sonrakı gedişi də tam sübuta yetirmişdir. Zəngin idarəçilik təcrübəsini sovet rejiminin əsl mahiyyəti barədə bilgiləri ilə uzlaşdıran ümummilli lider o zaman Azərbaycanı düşmüş olduğu böhrandan çıxarmaq üçün qəti addımlar ataraq böyük uzaqgörənliklə ölkənin uzunmüddətli, ardıcıl inkişafının təminatına yönələn proqramlar tərtib etmiş və qısa zaman ərzində bu proqramların icrasına nail olmuşdur.

Böyük qurucu lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər siyasi, iqtisadi, mədəni yüksəliş dövrü kimi tariximizə daxil olaraq xalqımızın milli mənlik şüurunun oyanışına güclü təkan vermişdir. Məhz həmin dövrdə imperiya tərkibində olmağımıza baxmayaraq, Azərbaycanın gələcək siyasi və dövlət müstəqilliyi üçün əsaslı zəmin və möhkəm bünövrə yaradılmışdır.

Azərbaycan rəhbəri Heydər Əliyevin dünyanın ən fövqəl dövlətlərindən olan SSRİ-nin rəhbərliyinə irəli çəkilməsi də onun lider kimi güclü təşkilatçı olması ilə bağlı idi. Heydər Əliyev məhz
zəka və enerjisinin nəhəngliyi sayəsində 1982-ci il noyabrın 23-də Sovet dövlətinin ali qərargahı olan Sov. İKP MK-nın Siyasi bürosuna üzv seçildi. O, Moskvaya aparıldı, ən ağır və məsul vəazifələrdən olan SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. O dövdə bu qüdrətli siyasət və dövlət xadimi SSRİ-nin ən mühüm sahələrinə rəhbərlik etdi və öz güclü təsir qabiliyyəti ilə o zamankı inkişafa təkan verdi.

Moskvada çalışdığı dövrdə də xalqımızın sədaqətli oğlu Heydər Əliyev Azərbaycanın ardıcıl inkişafı üçün əlindən gələni edirdi. Heydər Əliyev Siyasi büro tarixində ilk şəxsiyyət oldu ki, sovet siyasi maşını onu sındıra, əyə, məhv edə bilmədi. O, Siyasi bürodan uzaqlaşdırılan yeganə şəxs idi ki, yenidən siyasi olimpə qalxmağı bacardı! Çünki o, artıq çoxdan öz vətənində və dünyada yüz milyonlarla insanın nüfuz və etibarını qazanmışdı.

Siyasət nəhəngi Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi də eynilə birinci dəfə olduğu kimi, respublikanın üzlədiyi ağır sosial-iqtisadi, mənəvi mühitlə şərtlənmişdi. Ulu öndər 1993-cü ilin iyununda kifayət qədər böhranlı bir dövrdə xalqın çağırışına cavab verərək, Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlamışdır.

Dövlətçiliyimizin müqəddəratının həll edildiyi 1993-cü ilin iyun günlərində xalqın təkidli tələbi ilə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanı məhv olmaq fəlakətindən xilas etdi. Heydər Əliyevin sayəsində Azərbaycan uçurumun bir addımlığından geri döndü, itirmək üzrə olduğu siyasi və dövlət müstəqilliyini qoruyub saxlaya bildi.

Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1991-ci il oktyabrın 18-də elan olunsa da, onun əsl tarixi məhz qurtuluş günündən başlanır. Çünki ulu öndərimizin dediyi kimi, “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.

Bu, zəruri və tarixi Qayıdış idi. Bu, xalqın ümidlərinin bərpası idi, onun öz Xilaskarına qovuşması idi! Bu, Azərbaycanın tarix səhnəsindən həmişəlik silinmək təhlükəsindən Qurtuluşu idi! Bu, “ölüm-qalım” dilemmasının xalqın, millətin, dövlətin xeyrinə həll olunması idi! Bu, azadlıq və dövlətçilik rəmzinə çevrilən real və əfsanəvi liderin: “Müstəqilliyimiz dönməzdir, qətidir və əbədidir” fikrinin təsdiqi idi!

Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratdı.

Zəngin təcrübəli və yeni təfəkkürli siyasətçi Heydər Əliyevin demokratiya epoxasında müstəqil dövlətimizə rəhbərliyi dövründə Azərbaycanda dövlət quruculuğu, iqtisadi inkişaf, beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində davamlı proses başlandı, ölkədə bütün sahələr üzrə köklü islahatlar aparıldı. Müstəqillik yolunda inamla addımlayan Azərbaycan dünyada baş verən demokratikləşmə prosesinin iştirakçısına çevrildi.

Dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının çarpazlaşan nöqtələrini çox gözəl bilən Heydər Əliyev dərin zəkası, siyasi uzaqgörənliyi və polad məntiqi ilə hər şeyi yerinə qoya bildi. Təcrübəli dövlət xadiminin böyük səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Azərbaycanın yaxın gələcəkdə dünya siyasətində geosiyasi mövqeyini müəyyən edən siyasi-iqtisadi konsepsiya işlənib hazırlandı. Böyük strateq və mahir diplomat Heydər Əliyev müstəqil Azərbaycanı siyasi çaxnaşmalardan məharətlə çıxarıb, strateji mövqelərini bərpa etdi, ona sabit ölkə imici qazandırdı.

Bütün bunlarla yanaşı, Heydər Əliyev çox böyük məharətlə özünün neft strategiyasını işləyib hazırladı. Ümummilli lider böyük uzaqgörənliklə dünyanın enerji tələbatının günbəgün artdığını görür, neft diplomatiyası dövrünün başlandığını və bu diplomatiyada ölkəsinin qazanacağı iqtisadi və siyasi dividendləri yaxşı duyurdu. Dünyanın söz sahibi olan ölkələrinin nəhəng neft şirkətləri ilə intensiv danışıqlar başlandı. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bunun çox böyük iqtisadi dəyəri ilə yanaşı, siyasi əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan dünya iqtisadi siyasətinin maraq mərkəzinə çevrildi.

Qədim İpək yolunun bərpası ideyasını qaldırmaq və onun həyata keçirilməsi işini təşkil etmək isə Heydər Əliyev şəxsiyyətinin regional yox, dünyəvi xarakter daşıdığını sübut etdi. Böyük İpək yolu ilə bağlı 30-dan çox dövlətin müasir inkişafında bu yolun müstəsna rolu ulu öndərin adı ilə bağlıdır.

1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu ali sənəd Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni mərhələ açdı. Ölkədə əsaslı siyasi, hüquqi və sosial islahatlara başlanıldı. Milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, ədəbiyyatın və incəsənətin inkişafı üçün lazımi tədbirlər görüldü. Milli dövlətçilik ideologiyası və idarəçilik fəlsəfəsi formalaşdırıldı.

Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə milli həmrəyliyin yaradılması istiqamətində əməli addımlar atıldı. Dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızla əlaqələrin inkişaf etdirilməsi, diaspor təşkilatlarının yaranmasına kömək göstərilməsi dövlət siyasətinin tərkib hissəsinə çevrildi.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilməsi haqqında müqavilələri bağlamaqla Heydər Əliyev təkcə Azərbaycanın yox, Gürcüstan və Türkiyənin də iqtisadi inkişafına zəmin yaratdı, üstəlik, hərbi təhlükəsizliyi təmin etdi. Ümummilli liderin təxəyyülünün qlobal siyasətə bu uzaqgörən təsiri bütün Qafqaza aid dünya siyasətinin dəyişməsinə səbəb oldu.

Nəticə etibarilə qeyd edə bilərik ki, böyük dövlətçilik təcrübəsinə malik olan ümummilli lider Heydər Əliyev Şərq və Qərbin qovşağında yerləşən ölkəmizdə hər iki sivilizasiyanın konseptual parametrlərini özündə birləşdirən universal, modern bir dövlət yaratdı. Məhz onun sayəsində Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərinin strateji tərəfdaşına və Cənubi Qafqazın ən aparıcı dövlətinə çevrildi.

Heydər Əliyev xoşbəxt siyasətçi və dövlət xadimi idi, çünki zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan dövlətinin gələcəyindən arxayın idi. Heydər Əliyevin ruhu da şaddır, çünki başladığı işlər bu gün eyni əzm və iradə ilə davam etdirilir, onun yaratdığı möhkəm təməl üzərində inkişaf edən Azərbaycan Respublikası yeni-yeni zirvələr fəth edir.

Ulu öndərin yaratdığı sabitlik və həyat verdiyi islahatlar Azərbaycanın müstəqilliyini dönməz və əbədi prosesə çevirdi, indiki yeniləşmə və tərəqqi üçün mötəbər baza yaratdı. Bu strateji xətti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 ildir ki, uğurla davam etdirir.

Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrəti artmış, ölkəmiz Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevrilmişdir. Getdikcə daha da artan imkanlarımız qarşıya qoyulan hər bir mürəkkəb vəzifəni uğurla yerinə yetirməyə imkan yaradır. Azərbaycan Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə sıx bağlayan nəhəng iqtisadi layihələrin həyata keçirilməsində həlledici rol oynayır.

Azərbaycanda elmin, mədəniyyətin, incəsənətin inkişafı, mənəvi dəyərlərin qorunması və zənginləşməsi, ölkəmizin dünya miqyasında qədim və zəngin mədəniyyətə malik bir ölkə kimi tanınması üçün ulu öndərin gördüyü işləri, elm, mədəniyyət xadimlərinə böyük qayğı ilə yanaşma ənənəsini də bu gün onun davamçıları Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondununrəhbəri Mehriban xanım Əliyeva böyük uğurla yaşadırlar.

Ölməzlik, həmişəyaşarlıq dahilərə, böyük şəxsiyyətlərə nəsib olan xoşbəxtlikdir. Xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev də məhz belə xoşbəxt tarixi simalardandır. Heydər Əliyev xalqımızın dünya tarixinə bəxş etdiyi elə qüdrətli dövlət xadimlərindəndir ki, insanlar, yeniləşən nəsillər zaman-zaman onun ömür yoluna müraciət edəcək, zəngin irsini araşdıracaq, öyrənəcək, liderlik məktəbindən dərs alacaqlar.

Müstəqil, demokratik-hüquqi dövlət Heydər Əliyevin gələcək nəsillərə qoyub getdiyi ən böyük əmanətdir və bu əmanətin qorunub saxlanması bir vətəndaş olaraq hər birimizin üzərinə böyük məsuliyyət qoyur.

Dünyada hər şey dəyişir, qalan isə saf əməllərdir. Ulu öndər nəsillərin qəlbində öz əməlləri, ölməz ideyaları ilə yaşayacaqdır. Əsrlər, qərinələr keçəcək, Azərbaycan xalqı var olduqca, onun ümummilli lideri də daim yaşayacaq, heç vaxt unudulmayacaqdır.

Əyyub Əyyubov
Mingəçevir Turizim Kollecinin rektoru
Xəbər Lenti Giriş Populyar Reklam