Prezident İlham Əliyevin Füzuli və Beyləqan rayonlarına səfəri – YENİLƏNİB » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Prezident İlham Əliyevin Füzuli və Beyləqan rayonlarına səfəri – YENİLƏNİB

Prezident İlham Əliyevin Füzuli və Beyləqan rayonlarına səfəri – YENİLƏNİB

Müəllif: Anar
//
12 Kasım 2016
//
//

Prezident İlham Əliyevin Füzuli və Beyləqan rayonlarına səfəri – YENİLƏNİB

14:59

Prezident İlham Əliyev Beyləqanda Bayraq Muzeyinin açılışında iştirak edib.

Dövlətimizin başçısı Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, muzeyin inşası cari il ərzində aparılıb. Rayonun daxili imkanları hesabına həyata keçirilən layihə çərçivəsində ümumi sahəsi 420 kvadratmetr olan bina tikilib. Zəruri infrastrukturla təchiz olunan muzeydə 129 eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, gerbləri, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur.

Azərbaycan Xalq Cümhuriyyətinə aid əsginaslar, Azərbaycan Respublikasının poçt markaları, müxtəlif güc nazirliklərinin zabitlərinin hərbi geyim formaları da burada sərgilənir. Muzeydə müstəqillik dövrümüzün tarixi hadisələrinə də geniş yer verilib.

Muzeydə nümayiş etdirilən eksponatlar həm Beyləqan gənclərində, həm də rayona gələn qonaqlarda Azərbaycanın şanlı tarixi haqqında təsəvvür yaratmağa geniş imkanlar açır.

———-

14:54

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonuna səfərini başa çatdıraraq Beyləqan rayonuna gəlib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Beyləqan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Prezident İlham Əliyevə son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr, o cümlədən abidənin yerləşdiyi Heydər Əliyev Parkında yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, burada sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıqlar salınıb.

———

13:26

Prezident İlham Əliyev Füzuli rayonundakı 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun yenidənqurma və bərpadan sonrakı vəziyyəti ilə tanış olub.

Bu gün ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yeniləşdirilməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Regionların, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Müasir səviyyədə inşa olunan bu yollar regionların inkişafına müsbət təsir göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir. Bu işlərin icrası həm də onu nümayiş etdirir ki, dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bütün sosial layihələr uğurla icra olunur. Bu isə dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir.

Füzuli rayonunun 12 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini, o cümlədən 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən 23 kilometrlik avtomobil yolunun tikintisi dövlətimizin başçısının 2014-cü ildə imzaladığı Sərəncama əsasən həyata keçirilib. Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncama uyğun olaraq, Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun tikintisinin başa çatdırılması "Azəravtoyol" ASC-yə həvalə edilib.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov bildirdi ki, üçüncü və dördüncü texniki dərəcəyə uyğun olaraq layihələndirilən bu avtomobil yolunun birinci hissəsinin uzunluğu 20,5 kilometrdir və Qayıdış-Yeni Yurd arasındakı məsafəni əhatə edir. İkinci hissə Yeni Yurd-Xocavənd arasındakı məsafəni əhatə edir və uzunluğu 2,5 kilometrdir.

Qeyd edildi ki, inşaat işləri zamanı yol boyunca müxtəlif diametrli 21 suötürücü boru tikilib. Yuxarı Mil kanalı üzərində uzunluğu 18 metr, eni 12 metr olan qəzalı vəziyyətdəki körpü əsaslı təmir edilib. Yol boyunca 144 müxtəlif yol nişanı və 38 göstərici lövhə quraşdırılıb.

Bu yolun tikilməsi nəticəsində yük və sərnişin daşınması xeyli yaxşılaşacaq.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

———

13:16

Prezident İlham Əliyev Füzuli rayonunun Horadiz şəhərində məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitlə tanış olub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımızın yeni evlər və mənzillərlə təmin olunması istiqamətində son illər əhəmiyyətli tədbirlər görülür. 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 2,9 milyon kvadratmetr yaşayış sahəsi olan 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. İndiyədək 50 min ailə və ya 250 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 2,3 milyard manat vəsait sərf olunub. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün son 23 ildə 6,1 milyard manat vəsait xərclənib. Son 13 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği isə 4,5 dəfə artırılıb. Son 13 ildə 2 min nəfərdən çox məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 40 milyon manat güzəştli kredit verilib. Məcburi köçkünlər arasında yoxsulluq həddi son 13 ildə 75 faizdən 12 faizə düşüb.

Yalnız bu ilin on ayında Sabirabad rayonunda fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış 440, Qazaxdakı 304, Zaqataladakı 135 məcburi köçkün ailəsinin həmin rayonlarda yeni salınmış qəsəbələrə və Bakının Ramana qəsəbəsində inşa edilmiş beşmərtəbəli binaya 50 məcburi köçkün ailəsinin, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 50 hərbçi ailəsinin yeni yaşayış binasına köçürülməsi təmin edilib. Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına Abşeron rayonu ərazisində 44 hazır mənzil alınıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkandakı əlillər üçün pansionatında müvəqqəti məskunlaşan məcburi köçkünlərin bu ilin noyabrında buraya köçürülməsi təmin ediləcək.

İndi Bakı da daxil olmaqla, Tərtər, Beyləqan, Şirvan, Sumqayıt, Kürdəmir və Ucarda qəsəbə, məhəllə və yaşayış komplekslərinin layihə-smeta sənədləri hazırlanır. Bundan əlavə, Gəncə, Goranboy, Bərdə və Ağcabədidə yeni layihələndirmə işləri üçün müvafiq torpaq sahələri ayrılıb. Bu ilin proqramına əsasən Horadizdə 400 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, 417 hektar sahəni əhatə edən yeni qəsəbədə 400 ev, məktəb, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Bu qəsəbəyə ölkə üzrə mövcud olmuş 16 fin tipli qəsəbədən və Füzuli rayonunda olan sonuncu fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcəklər.

Prezident İlham Əliyev qəsəbədəki evlərdən birində yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan qəsəbədə 400 evin ümumi yaşayış sahəsi 21 min 511 kvadratmetrdir. Mənzillərdən 20-si birotaqlı, 200-ü ikiotaqlı, 168-i üçotaqlı, 12-si isə dördotaqlıdır. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə aparılan tikinti işləri zamanı zəruri infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilib.

Qəsəbədə 120 yerlik uşaq bağçası da salınıb. İkimərtəbəli bağça hər cür avadanlıqla təchiz olunub.

Dövlətimizin başçısı bağçada uşaqların əyləncəsi və istirahəti üçün yaradılan şəraitlə tanış oldu.

Burada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınıb. Bağçanın musiqi zalında da hər cür şərait mövcuddur.

Qəsəbədəki məktəbdə olan Prezident İlham Əliyevə məlumat verildi ki, bu təhsil ocağı 320 şagird yerlikdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Bundan başqa, burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə qayğısını və onlarla görüşlərini əks etdirən fotostendlər yaradılıb. Burada aprel döyüşlərində Ordumuzun qələbəsini əks etdirən fotolardan ibarət guşə, həmçinin indiyədək istifadəyə verilmiş yeni qəsəbələrin fotostendləri də var. Məktəbin hərbi kabineti əyani vəsaitlərlə zənginləşdirilib. Akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün bütün imkanlar var. Kompüter otağında isə şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər.

Dövlətimizin başçısı gənclərin çağırışaqədərki hazırlıq kabinetində Azərbaycanın hərbi təhsil müəssisələrinin Füzuli rayonundan olan kursantları ilə və şagirdlərlə söhbət etdi.

Azərbaycan Prezidenti məktəbin idman zalında gənc idmançıların çıxışlarına baxdı, onlarla xatirə şəkli çəkdirdi.

Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasındadır. Bu siyasət təkcə paytaxtı deyil, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət göstərir. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə öz nadirliyi ilə seçilir.

Məlumat verildi ki, qəsəbənin elektrik, qaz, içməli və suvarma suyu ilə təchizatı yüksək səviyyədə qurulub. Bütün zəruri infrastruktura malik qəsəbədə yol-küçə şəbəkələrinin tikintisi də uğurla yerinə yetirilib. Bu yaşayış massivi respublika üzrə qaçqın və məcburi köçkünlər üçün salınan 95-ci qəsəbədir.

Qəsəbədə yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlər ilə görüşdü.

Məcburi köçkün Elnarə Məmmədova və Rayon Ağsaqqallar Şurasının sədri Məcnun Namazəliyev Füzulinin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

———-

11:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Füzuli rayonunun Horadiz şəhərində Dövlət Rəsm Qalereyasının açılışında iştirak edib.

Bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, mədəniyyətin inkişafı ilə bağlı ciddi addımlar atılır. İndi paytaxtla yanaşı, regionlarda da mədəniyyət ocaqları əsaslı təmir edilir və yeniləri tikilir. Bölgələrdə müasir tipli yeni mədəniyyət infrastrukturunun yaradılması isə, ilk növbədə, bu sahənin regionlarda hərtərəfli inkişafına stimul verir. Bütün bu tədbirlər bir daha onu göstərir ki, qədim və zəngin mədəni dəyərlərə malik olan Azərbaycanda mədəniyyət məsələləri daim diqqətdə saxlanılır. Horadiz şəhərində Dövlət Rəsm Qalereyasının yaradılması da ölkədə mədəniyyət və incəsənətin inkişafına göstərilən diqqətin daha bir nümunəsidir.

Prezident İlham Əliyev qalereya binasının rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Diqqətə çatdırıldı ki, binanın sahəsi 324 kvadratmetrdir. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Qalereyanın ikimərtəbəli binasında rəsm əsərlərinin nümayiş etdirilməsi üçün sərgi zalı fəaliyyət göstərir.

Belə bir qalereyanın Füzuli rayonunda tikilib istifadəyə verilməsi rəsmlə maraqlanan, bu sahəyə həvəs göstərən gənclər üçün son dərəcə böyük əhəmiyyət daşıyır. Gələcəkdə qalereyanın fondunun zənginləşdirilməsi nəzərdə tutulub. Rəsm qalereyasında 25 nəfər daimi işlə təmin ediləcək.

———-

10:59

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Horadiz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Prezident İlham Əliyevə məlumat verdi ki, Ulu Öndərin abidəsinin ucaldıldığı parkda son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Bu park rayon sakinlərinin sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

Dövlətimizin başçısına son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr və gələcəkdə yaradılacaq müəssisələr barədə də məlumat verildi. Bildirildi ki, növbəti illərdə rayonda aqropark, ət və süd məhsulları istehsal edən müəssisə və istixana kompleksinin inşası nəzərdə tutulub.

X X X

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Ali Baş Komandan İlham Əliyev komanda idarəetmə məntəqəsindən düşmənin mövqelərini izlədi.

Dövlətimizin başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edildi.

Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev döyüş tapşırığını yerinə yetirərkən xüsusi fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim etdi.

Dövlətimizin başçısı hərbçilərlə görüşdü və döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxış etdi.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

X X X

Noyabrın 12-də Füzuli rayonunda "Azərxalça" ASC-nin ilk filialının – xalça kombinatının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kombinatın açılışında iştirak edib.

Azərbaycan xalçaları bütün dövrlərdə dünyanı heyran qoyub, milli naxışlarımızın şöhrəti dünyanı qarış-qarış gəzib, böyük diqqətə səbəb olub. Azərbaycan xalçalarının ta qədimlərdən başlayan şöhrəti bu gün yeni layihələrlə zənginləşir. Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncamla "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin yaradılması da məhz bu amildən qaynaqlanıb. ASC-nin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, onların ölkə daxilində və xaricdə satışının təşkili, istehsalatda yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

İqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verdi ki, ilkin mərhələdə "Azərxalça" ASC-nin Füzuli rayonu ilə yanaşı, Ağdam, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz, Qəbələ rayonlarında da filiallarının yaradılması nəzərdə tutulub. Hazırda bu rayonlarda filial binalarının tikintisinə başlanılıb. Yerlərdə "Azərxalça"nın xalçaçılıq üzrə hazırlıq-tədris kursları, ustad dərsləri təşkil edilib, işçi potensialının müəyyənləşdirilməsi və gücləndirilməsi üçün müvafiq tədbirlər görülüb.

"Azərxalça" ASC-nin idarə heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi.

Bildirildi ki, Horadizdə yaradılan filial Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən olan Qarabağ xalçaçılıq məktəbini təmsil edəcək. Filialın ümumi sahəsi 586 kvadratmetr olan binasında 150 toxucu, 10 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək. Bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı və digər bölmələrdən ibarətdir. Emalatxanada 150 toxucu müxtəlif ölçülü 43 dəzgahda Qarabağın tarixi xalça çeşniləri əsasında xalçalar toxuyacaq. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında "Azərxalça"nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Toxucular həm Horadiz şəhərinin, həm də Füzuli rayonunun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan kəndlərin sakinləridir. Onlar bir neçə ay ərzində "Azərxalça"nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.

Dövlətimizin başçısı kombinatın işçiləri ilə söhbət etdi, iş prosesini izlədi.

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Füzuli rayonunun Horadiz şəhərində inşa edilən avtovağzal kompleksində yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyevin yürütdüyü siyasətin mühüm hədəflərindən biri də Azərbaycanda yol-nəqliyyat sisteminin müasirləşdirilməsidir. Bu sırada yeni yaradılan avtovağzalların xüsusi çəkisi var. Yeni və müasir səviyyədə inşa edilən bu nəqliyyat obyektlərinin sırasına daha biri əlavə olunub. Horadiz şəhərində yeni avtovağzal ən müasir tələblər səviyyəsində tikilib.

Dövlət başçısı avtovağzalın rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, Füzuli Rayon İcra Hakimiyyətinin sifarişi əsasında tikilən avtovağzal kompleksinin ümumi ərazisi yarım hektardır. Müasir memarlıq üslubunda inşa olunan avtovağzal binasının tikinti sahəsi isə 450 kvadratmetrdir.

Binada sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə var.

Avtovağzalda sərnişinlərin rahatlığını təmin etmək üçün 6 perron, 30 yerlik gözləmə zalı, ictimai-iaşə obyekti, həkim otağı inşa edilib. Burada ana və uşaq otağı da var. Kompleksin həyətində avtobuslara texniki xidmət göstərilməsi üçün açıq bokslar tikilib. Kompleksdə 25 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.

Azərbaycan Prezidenti avtovağzal binasının eyvanından Horadiz şəhərinin mənzərəsini seyr etdi.

Qeyd edək ki, dövlətimizin başçısının tapşırıqlarına əsasən, paytaxtla yanaşı, regionlarda da yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticə verməkdədir. Bu cür avtovağzal kompleksinin yaradılması isə rayonun inkişafında mühüm rol oynayacaq.
Prezident İlham Əliyevin Füzuli və Beyləqan rayonlarına səfəri – YENİLƏNİB
Prezident İlham Əliyevin Füzuli və Beyləqan rayonlarına səfəri – YENİLƏNİB
Prezident İlham Əliyevin Füzuli və Beyləqan rayonlarına səfəri – YENİLƏNİB
Prezident İlham Əliyevin Füzuli və Beyləqan rayonlarına səfəri – YENİLƏNİB
Prezident İlham Əliyevin Füzuli və Beyləqan rayonlarına səfəri – YENİLƏNİB
Prezident İlham Əliyevin Füzuli və Beyləqan rayonlarına səfəri – YENİLƏNİB
Prezident İlham Əliyevin Füzuli və Beyləqan rayonlarına səfəri – YENİLƏNİB
Prezident İlham Əliyevin Füzuli və Beyləqan rayonlarına səfəri – YENİLƏNİB
Prezident İlham Əliyevin Füzuli və Beyləqan rayonlarına səfəri – YENİLƏNİB
Prezident İlham Əliyevin Füzuli və Beyləqan rayonlarına səfəri – YENİLƏNİB
Prezident İlham Əliyevin Füzuli və Beyləqan rayonlarına səfəri – YENİLƏNİB
Prezident İlham Əliyevin Füzuli və Beyləqan rayonlarına səfəri – YENİLƏNİB
Prezident İlham Əliyevin Füzuli və Beyləqan rayonlarına səfəri – YENİLƏNİB
Prezident İlham Əliyevin Füzuli və Beyləqan rayonlarına səfəri – YENİLƏNİB
Prezident İlham Əliyevin Füzuli və Beyləqan rayonlarına səfəri – YENİLƏNİB
Prezident İlham Əliyevin Füzuli və Beyləqan rayonlarına səfəri – YENİLƏNİB
Prezident İlham Əliyevin Füzuli və Beyləqan rayonlarına səfəri – YENİLƏNİB
Prezident İlham Əliyevin Füzuli və Beyləqan rayonlarına səfəri – YENİLƏNİB
Prezident İlham Əliyevin Füzuli və Beyləqan rayonlarına səfəri – YENİLƏNİB
Prezident İlham Əliyevin Füzuli və Beyləqan rayonlarına səfəri – YENİLƏNİB
Prezident İlham Əliyevin Füzuli və Beyləqan rayonlarına səfəri – YENİLƏNİB
Xəbər Lenti Giriş Populyar Reklam