Azərbaycan prezidenti Novruz bayramı münasibətilə xalqı təbrik edib » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Azərbaycan prezidenti Novruz bayramı münasibətilə xalqı təbrik edib

Azərbaycan prezidenti Novruz bayramı münasibətilə xalqı təbrik edib

Müəllif: Anar
//
16 Mart 2016
//
//

OXUNUB:285
Azərbaycan prezidenti Novruz bayramı münasibətilə xalqı təbrik edib

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

APA-nın məlumatına görə, təbrikdə deyilir: "Sizi əziz Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə uğurlar arzulayıram.

Azərbaycan torpağında çox qədim kökləri olan, uzaq keçmişlərdən xalqımızın mənəvi həyatının ən dərin qatlarına nüfuz edən və zamanın sınaqlarından günümüzədək uğurla çıxan Novruz bayramı ənənəvi dəyərlər sistemimizin təşəkkülündə müstəsna əhəmiyyətə malikdir. Əcdadlarımızın müqəddəs yadigarı kimi bu bayram təbiətin ilahi nizamına ehtiramın aydın ifadəsidir. Zəngin mənəviyyatımız və düşüncə dünyamız, yüksək əxlaqi keyfiyyətlərimiz və həyata nikbin baxışımız Novruz mərasimlərimizdə bütün rəngarəngliyi ilə dolğun təcəssümünü tapmışdır. İctimai-siyasi və ədəbi-mədəni fikir tariximizin görkəmli şəxsiyyətləri milli varlığımızın ayrılmaz parçası saydıqları bu bayrama həmişə xüsusi münasibət bəsləyiblər.

Yaz bayramı tükənməz yeniləşdirici gücü sayəsində ən çətin vaxtlarımızda belə gələcəyə inamımızı zəifləməyə qoymayıb. O, Azərbaycan xalqının özünüdərk məfkurəsini qorumaqla ötən əsrin sonlarına doğru milli dövlətçilik idealımıza yenidən qovuşmağımızda mühüm rol oynayıb. Novruzun rəsmi bayram statusu alması və artıq iyirmi beşinci baharını yaşayan Odlar diyarında ümumxalq bayramı səviyyəsində geniş qeyd olunması müstəqilliyimizin nailiyyətlərindəndir. Sivilizasiyaların qovuşuğundakı multikultural mühitli ölkəmizin müxtəlif mədəniyyətlərə mənsub insanlarını daim ünsiyyətə çağıraraq xoş münasibətlər bərqərar etmiş və dostluq, qardaşlıq əlaqələrini daha da gücləndirmiş Novruz bayramında tolerantlığın həqiqi təntənəsi var.

Bahar bayramının ali bəşəri duyğuların daşıyıcısı olaraq UNESCO tərəfindən ümumdünya qeyri-maddi mədəni irsinin inciləri sırasına daxil edilməsi hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə doldurur. Mən azərbaycançılıq məfkurəsi işığında sıx birləşməklə bayramı ölkəmizin hüdudlarından kənarda bizimlə bərabər qarşılayan soydaşlarımıza firavanlıq, əmin-amanlıq və ruh yüksəkliyi arzu edirəm.

Həmrəyliyimizin rəmzi bu bayram qoy hər evə xoş ovqat gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin.

Novruz bayramınız mübarək olsun!"
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam