Prezident: "Azərbaycanda Belarus texnologiyaları əsasında başqa istehsalatların yaradılmasını nəzərdən keçirməyə hazırıq" » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Prezident: "Azərbaycanda Belarus texnologiyaları əsasında başqa istehsalatların yaradılmasını nəzərdən keçirməyə hazırıq"

Prezident: "Azərbaycanda Belarus texnologiyaları əsasında başqa istehsalatların yaradılmasını nəzərdən keçirməyə hazırıq"

Müəllif: Anar
//
29 noyabr 2015
//
//

Prezident: "Azərbaycanda Belarus texnologiyaları əsasında başqa istehsalatların yaradılmasını nəzərdən keçirməyə hazırıq"

“Bu gün mühüm sənədlər imzalanıb, onlar müxtəlif istiqamətlər üzrə gələcək inkişafımızı müəyyən edəcək. Prezidentlər tərəfindən Birgə Bəyannamə imzalanmasını xüsusi qeyd etmək istərdim. Bu Bəyannamə bizim həyat fəaliyyətimizin demək olar ki, bütün sahələrini əhatə edir”. APA-nın məlumatına görə, bu barədə noyabrın 28-də Minskdə Azərbaycan və Belarus arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında Azərbaycan prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, sənədlərdə Azərbaycan və Belarusun daim dəstəklədiyi beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət barədə də danışılır: “İqtisadi, siyasi əməkdaşlıq, humanitar, sənaye istehsalı, hərbi-sənaye sahələrində əməkdaşlıqdan bəhs edilir. Bizim aramızda bütün bu istiqamətlər üzrə çox sıx münasibətlər, dostluğa, qardaşlığa, qarşılıqlı etimada əsaslanan münasibətlər yaranıb. Aleksandr Qriqoryeviçlə bu gün qeyd etdiyimiz kimi, biz bu münasibətləri illər boyu qurmuşuq. Bu gün həmin münasibətlərin səviyyəsi xalqlarımızın mənafelərinə uyğundur və bu münasibətləri strateji tərəfdaşlar arasındakı münasibətlər kimi səciyyələndirməyə imkan verir”.

“Biz həmişə bir-birimizi dəstəkləməyə çalışmışıq və bundan sonra da bizdən asılı olan nə varsa edəcəyik ki, Belarus və Azərbaycan daim bir-birinin dəstəyini hiss etsin. Beynəlxalq strukturlarda, iqtisadi kooperasiya çərçivəsində də bütün məsələlərdə bizim çox səmimi münasibətlərimiz var”, deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev tərəflərin iqtisadi sahədə gələcək qarşılıqlı fəaliyyətin yollarını müəyyən etdiyini qeyd edib: “Əlbəttə, Aleksandr Qriqoryeviçin fikrinə mən də şərikəm ki, böhran şəraitində ölkələrimiz arasında əmtəə dövriyyəsinin sabit qalması sevindirici haldır. Biz bu gün əmtəə dövriyyəsini xeyli artıra biləcək layihələri də çox ətraflı müzakirə etdik. Biz qarşılıqlı ticarətə daha artıq diqqət yetirməliyik, o cümlədən başqa ölkələrdən idxal etdiyimiz malları Belarusdan Azərbaycana, Azərbaycandan Belarusa idxal etməliyik. Müştərək istehsalatlar yaradılmasının artıq yaxşı tarixi var. Gəncə zavodu buna nümunədir, orada çox qısa müddətdə, bir ildən az vaxtda Belarus texnologiyaları üzrə istehsal qaydaya salınıb. Bu gün həmin zavod Azərbaycan ərazisində mühüm sənaye obyektidir”.

“Biz Azərbaycanda Belarus texnologiyaları əsasında başqa istehsalatlar yaradılması məsələlərini, həmçinin Belarusda Azərbaycanın kənd təsərrüfatı məhsullarının emal edilməsi üzrə istehsalatlar yaradılmasını nəzərdən keçirməyə hazırıq. Başqa sözlə desək, iqtisadi əlaqələrin möhkəmlənməsi, biznes strukturlarının fəal qarşılıqlı əlaqəsi üçün çox möhkəm siyasi baza var. Mənim Belarusa növbəti səfərim bunu əyani şəkildə təsdiq edir. Bu il Aleksandr Qriqoryeviç birinci Avropa Oyunlarının açılışında iştirak etmək üçün Azərbaycana gəlmişdi. Fürsətdən istifadə edib, Aleksandr Qriqoryeviçi gələn il Azərbaycana rəsmi səfərə bir daha dəvət etmək istəyirəm.

Bu səfərlər bizim xalqlarımız və region üçün yaxşı siqnaldır. Onlar praktiki baxımdan da çox faydalıdır, çünki səfərlər çərçivəsində biz planlar, layihələr barədə razılığa gəlir, sonra onları reallaşdırırıq. Mənim fikrimcə, münasibətlərimizin bir xüsusiyyəti də ondan ibarətdir ki, biz nə barədə razılığa gəlsək, onu yerinə yetiririk. Biz etibarlı tərəfdaşlarıq və münasibətlərimizi, dostluğumuzu qiymətləndiririk. Əminəm ki, münasibətlərimizin davamlı inkişafı gələcəkdə də təmin ediləcək. Belarus və Azərbaycan iki dost kimi uğurla irəliləyəcək”, deyə prezident İlham Əliyev qeyd edib.

Mətbuata bəyanatlar başa çatandan sonra Belarus prezidenti Aleksandr Lukaşenkonun adından Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib.
Xəbər Lenti Giriş Populyar Reklam