Terror indeksi: Bakıya təhlükə nə qədərdir? – Hesabat » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Terror indeksi: Bakıya təhlükə nə qədərdir? – Hesabat

Terror indeksi: Bakıya təhlükə nə qədərdir? – Hesabat

Müəllif: Anar
//
18 noyabr 2015
//
//

Terror indeksi: Bakıya təhlükə nə qədərdir? – Hesabat

2014-cü ildə teraktlar nəticəsində ölənlərin sayı 2013-cü ilə nisbətən 80% çoxalıb və ümumilikdə 32.658 nəfərə çatıb.

Xeberleragentliyi.com xəbər verir ki, bu statistika Sülh və İqtisadiyyat İnstitutunun hesabatında yer alıb.

2013-cü ildə 88 ölkədə törədilən teraktlar 2014-cü ildə 93 ölkədə həyata keçirilib.

İnstitut 2014-cü ildən dünyada törədilən teraktların 51%-nə görə məsuliyyətin İŞİD və Boko Haramın üzərinə düşdüyünü bildirib. Yeni hesabatda dünya ölkələrinin terror indeksi də açıqlanıb. Yeni tərtib olunan siyahıya 162 ölkənin adı daxil edilib.

Reytinq cədvəlindəki ilk beşlikdə İraq, Suriya, Nigeriya, Əfqanıstan və Pakistan qərarlaşıb. Növbəti təhlükəli ölkələr sırasında Hindistan, Yəmən, Liviya, Somali və Tailand gəlir. İlk onluğa daxil olan ölkələrin böyük bir qismi müxtəlif konfliktlərin hökmran olduğu yerlərdir. Onlardan bəziləri isə sadəcə böyük terror təşkilatlarının əsas fəaliyyət məkanı sayılır.

MDB

MDB məkanı ilə bağlı göstəricilər də ürəkaçan deyil. Hazırda bu regionda ən gərgin vəziyyət Ukrayna və Rusiyaya aiddir. Ukrayna bu siyahıda 12-ci, Rusiya isə 23-cü yeri tutur.

MDB ölkələri içərisində daha az təhlükəli bölgə Qafqazdır. Azərbaycan bu siyahıda 93-cü, Gürcüstan 71-ci (keçən il 56-cı yerdə idi – red.), Ermənistan isə 116-cı pillədədir. Azərbaycan üçün terror təhlükəsi 10 ballıq maksimal nisbətlə müqayisədə 1,38 bal səviyyəsində dəyərləndirilib.

Mərkəzi Asiyada da terror qorxusu keçən ilə nisbətən azalıb. Siyahıda Qazaxıstan 83-cü, Tacikistan 84-cü, Qırğızıstana 86-cı, Özbəkistan və Türkmənistan tam təhlükəsiz yerdə - sonuncu pillədə göstərilir: hər iki ölkənin terror təhlükəsi şkalası sıfırdır.

Yaxın Şərq

Bölgənin ən təhlükəli nöqtələrinin burada olması region dövlətləri üçün də vəziyyəti çətinləşdirib. Hazırda məhz bu regiondakı üç dövlət (İraq, Yəmən və Suriya – red.) terakt məkanları siyahısına liderlik edir. Livan 21-ci, İsrail 24-cü yerdədir.

Yeni hesabatda Türkiyə də təhlükəli ölkələr sırasındadır - 27-ci yerdə (2013-cü ildə 17-ci yeri tuturdu – red).
Cənub qonşumuz İran təhlükəli ölkələr siyahısında 39-cu pilləyə qalxıb. Bəhreyn (31-ci yer) və Səudiyyə Ərəbistanının (43-cü yer) vəziyyəti də yaxşı sayılmır.

Digər ərəb ölkələrində isə vəziyyət nisbətən normaldır. Suriya böhranının əsas oyunçularından hesab edilən Qətər sonuncu pillədədir. Birləşmiş Ərəb Əmirlikləri (101-ci yer), Küveyt (123-cü yer) və Oman da (sonuncu yer) terrorun az ola biləcəyi yerlər siyahısına aiddir.

Avropa və ABŞ

Paris teraktı Qərbin, xüsusilə Avropanın terrordan sığortalanmadığını sübuta yetirdi. Hazırda Avropa Birliyi üçün ən pis göstərici Böyük Britaniyaya aiddir. Avropada müsəlmanların ən çox yaşadığı ölkələrdən sayılan Britaniya siyahıda 28-ci yeri tutur. Britaniyadan sonrakı yer isə Yunanıstana aiddir. Avropaya axın edən miqrantların birlik ərazisinə keçməsi üçün məhz bu ölkədən istifadə etməsi Afinanın vəziyyətini ağırlaşdırıb.

Noyabrın 13-də terror qurbanı olan Fransa isə ötən ilin reytinq cədvəlində 36-cı yerdə qərarlaşıb. Lakin Parisin göstəricilərinin pisləşəcəyi və daha da önə keçəcəyi gözlənilir (bu siyahı 2014-cü ilin nəticələri əsasında hazırlanıb).

Əsas hədəflər siyahısında yer alan Almaniya isə adı çəkilən ölkələrə nisbətən yaxşı mövqedədir. Berlinin göstəriciləri 53-cü yerə layiq görülüb. Almaniyadan sonrakı yeri isə İtaliya tutur.

Bir zaman 11 Sentyabr terroru ilə silkələnən ABŞ da ən təhlükəlilər siyahısında Fransadan bir pillə öndə - 35-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, 2013-cü ildə dünyada terror qurbanlarının sayı 18111 nəfər olub.
Xəbər Lenti Giriş Populyar Reklam