Prezident Kosta-Rikanın və Gürcüstanın xarici işlər nazirlərini qəbul edib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Prezident Kosta-Rikanın və Gürcüstanın xarici işlər nazirlərini qəbul edib

Prezident Kosta-Rikanın və Gürcüstanın xarici işlər nazirlərini qəbul edib

Müəllif: Anar
//
19 oktyabr 2015
//
//

Prezident Kosta-Rikanın və Gürcüstanın xarici işlər nazirlərini qəbul edib

Prezident İlham Əliyev oktyabrın 19-da Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanzı qəbul edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası ilə Kosta-Rika Respublikası arasında çox yaxşı siyasi əlaqələrin mövcud olduğunu deyən prezident İlham Əliyev nazir Manuel Qonzales Sanzın ölkəmizə səfərini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib. İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın ikitərəfli münasibətləri genişləndirməkdə maraqlı olduğunu vurğulayıb, əlaqələrimizin gələcəkdə müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadiyyat, enerji, sərmayə qoyuluşu, ticarət, mədəniyyət və digər sahələrdə genişləndirilməsinin vacibliyini qeyd edib.

Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz indiyədək Azərbaycana Kosta-Rikadan ən yüksək səviyyəli dövlət nümayəndəsi kimi səfər etməsindən məmnunluğunu bildirib. O, Bakıda gördüyü sürətli inkişaf proseslərinin, paytaxtımızda həyata keçirilən abadlıq və quruculuq işlərinin onda böyük təəssürat yaratdığını deyib. Nazir öz növbəsində ölkəsinin Azərbaycan ilə əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Prezident İlham Əliyev həmçinin Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvilini də qəbul edib. Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvili ilk rəsmi səfərini məhz Azərbaycana etməsindən məmnunluğunu bildirib. İkitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğunu deyən Giorgi Kvirikaşvili əməkdaşlığımızın müxtəlif sahələrdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycanın dövlət başçısı Gürcüstanın xarici işlər naziri vəzifəsində Giorgi Kvirikaşvilinin ilk xarici səfərini Azərbaycana etməsini ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycan-Gürcüstan əməkdaşlığının siyasi, iqtisadi, humanitar və digər istiqamətlərdə fəal şəkildə davam etdirilməsinin zəruriliyini vurğulayan Prezident İlham Əliyev bu əməkdaşlığın bizi birləşdirən irimiqyaslı nəqliyyat, energetika və iqtisadi layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Görüşdə birgə regional layihələrin, o cümlədən “Cənub” qaz dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin beynəlxalq əhəmiyyətindən danışılıb, bu layihələrin icrası ilə bağlı koordinasiya məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər Lenti Giriş Populyar Reklam