“Uşaqları şadlıq evində işləyən ata-analar valideynlik hüququndan məhrum edilməlidir” » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » “Uşaqları şadlıq evində işləyən ata-analar valideynlik hüququndan məhrum edilməlidir”

“Uşaqları şadlıq evində işləyən ata-analar valideynlik hüququndan məhrum edilməlidir”

Müəllif: Anar
//
16 sentyabr 2015
//
//

“Uşaqları şadlıq evində işləyən ata-analar valideynlik hüququndan məhrum edilməlidir”

“Valideyn himayəsindən məhrum olmuş uşaqların ailələrə övladlığa verilməsini nəzərdə tutan deinstitutlaşma proqramı nəticəsiz qaldı. Küçə uşaqlarının əksəriyyətinin valideyninin olması, onları uşaq evləri və internatlara verilməsini çətinləşdirir. Uşaqların ictimai nəqliyyatda ticarətlə məşğul olmasına polis göz yumur”.

Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, Vəkillər Kollegiyasının üzvü, uşaq hüquqlarının müdafiəsi üzrə hüquqşünas Rafiq Alışov deyib.

Hüquqşünas hal-hazırda uşaqların problemləri ilə məşğul olan qəyyumluq şöbələrinin az olduğunu deyib: “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur və bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Əgər valideynlər öz valideynlik vəzifələrini yerinə yetirmirlərsə, bu zaman dövlət işə qarışır, ilk növbədə valideynləri öz vəzifələrini yerinə yetirməyə məcbur edirlər, əgər bu da kömək etməsə, artıq həmin uşaqları dövlət öz himayəsinə götürüb, onların saxlanmasını, qorunmasını təminat altına alır. Hər rayonun İcra Hakimiyyəti nəzdində qəyyumluq və məsuliyyət komissiyaları və eyni zamanda yetkinlik yaşına çatmayanların işləri və hüquqları üzrə komissiyalar fəaliyyət göstərir. Bu komissiyada bir nəfər komissiya sədri və aparıcı mütəxəssis ştatı var. Yüz minlərlə əhalisi olan rayonda uşaqların problemi ilə iki nəfər məşğul olur. Bu isə fiziki cəhətdən qeyri-mümkündür, həmçinin maliyyə cəhətdən də bunu təmin etmək çətindir. Təsəvvür edin ki, hadisə yerinə getmək üçün onların minik maşını belə yoxdur. İnkişaf etmiş və orta inkişaf etmiş ölkələrdə bununla bağlı ayrıca sosial qurumlar mövcuddur. Azərbaycan 1992-ci ildən BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub. Lakin hələ də bu problemlər həllini tapmayıb”.

Rafiq Alışov 2008-ci ildən tətbiqi nəzərdə tutulan deinstitutlaşma proqramının özünü doğrultmadığını bildirib: “Deinstitutlaşma proqramının məqsədi internat məktəbində və digər uşaq evlərində böyüyən uşaqların ailələrdə tərbiyə olunmasıdır. İnternat müəssisələri köhnə binalarda məskunlaşmışdı, onların bazası yox idi, müasir standartlara, tələblərə cavab verən pedaqoq, psixoloqları müəllimləri yox idi. Bundan əlavə, hər bir uşaq üçün ailə daha əlverişlidir, orada təlim-tərbiyə və qayğı var. Deinstitutlaşma proqramının da əsas prinsipi valideyn himayəsindən məhrum olmuş uşaqların tədricən müraciət əsasında həm övladı olmayan, həm də övladı olan ailələrə verilməsidir. Həmin ailələr uşaqların saxlanması üçün maddi cəhətdən təminatlı olmalıdır. Lakin burada müvafiq prosedurlar, mexanizm işlənməlidir. Alt baza hazır olmadığına görə, deinstitutlaşma proqramı da nəticəsiz qaldı. Təcrübə göstərir ki, övladlığa götürülən uşaqlar bəzən himayəçi ailələr tərəfindən fiziki və psixi zorakılığa məruz qalır. Buna nəzarət üçün sosioloqlardan, psixoloqlardan ibarət müəyyən qruplar olmalıdır”.

Mütəxəssis övladlığa götürmə ilə bağlı çətinliklərdən danışıb: “Bizdə 3 yaşından böyük uşaqların övladlığa götürülməsi üçün müraciətlər çox azdır. Övladlığa götürülmə prosesinin özündə də süründürməçilik çoxdur. İllərlə növbəyə duran ailələr var. Himayəyə götürən ailənin maddi vəziyyəti, ailə şəraiti, psixoloji vəziyyəti, sağlamlığı nəzərə alınır. Bu çox ağır, uzun prosesdir ki, çoxlarının səbri çatmır”.

Rafiq Alışov azyaşlı uşaqların şadlıq evləri və restoranlarda rəqs qruplarının tərkibində fəaliyyət göstərməsi barədə də fikrini bildirib: “Bununla bağlı biz DİN-ə müraciət etdik, reydlər keçirdik, təkliflər də verildi, amma heç biri öz həllini tapmadı. İlk növbədə burada valideynlər məsuliyyət daşıyır. Uşaq istirahət etmək, dərs oxumaq və yaxud yatmaq əvəzinə günü 5 manata şadlıq evlərində işləyir. Mən hesab edirəm ki, ilk növbədə, belə valideynlər valideynlik hüququndan məhrum edilməlidir. Həmin uşaqları işlədən sahibkarlar, restoran sahibləri də məsuliyyətə cəlb olunmalıdırlar. Həmçinin ictimai nəqliyyatda ticarətlə məşğul olan, bazarlarda işləyən uşaqlara da valideyn tərəfindən nəzarət olunur. Polis vəziyyətə müdaxilə etdikdə valideyn ortaya çıxır və polis də bəzən aciz qalır və buna göz yummalı olur”.

Uşaqlara qarşı zorakılığın baş verdiyi ailələrə də müdaxilənin çətin olduğunu deyən vəkil bəzən uşaqların belə zorakılığa boyun əyməli olduğunu deyib: “Belə hallarda da valideynlik hüququndan məhrum etmək mübahisəli və çətindir. Əgər dövlət belə uşağı öz himayəsinə alırsa, valideynin etmədiyi bütün qayğını ona göstərməlidir. Bunun üçün isə ilk növbədə baza yaradılmalıdır”.

Qonaq ölkədə uşaq sığınacaqlarının az olması probleminə də toxunub: “Uşaqlarla bağlı Azərbaycanda sığınacaqlar demək olar ki, yox dərəcəsindədir. Əslində, bu sığınacaqlar inzibati rayonlar üzrə dövlət tərəfindən yaradılmalıdır ki, hər rayonun polis şöbəsi uşaqlara sığınacaqlara yerləşdirə bilsin. Regionlarda isə heç uşaq sığınacağı yoxdur. Təsəvvür edin, Sumqayıtın əhalisinin çox olmasına baxmayaraq, uşaqları Bakıya gətirirlər. Küçə uşaqlarına gəldikdə isə, onların əksəriyyətinin valideyni var, buna görə də qəyyumluq komissiyası uşağın internat müəssisəsinə yerləşdirilməsinə qərara verə bilmir. Hal-hazırda küçə uşaqlarına görə valideynlikdən məhrum etmə halları ilə bağlı məhkəmələrə rast gəlmirik, bu çətin proses olduğundan, heç kim əziyyət çəkmək istəmir”.
Xəbər Lenti Giriş Populyar Reklam