Səfir: "Birləşmiş Krallıqla Azərbaycan arasında münasibətlər əladır" - MÜSAHİBƏ » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Səfir: "Birləşmiş Krallıqla Azərbaycan arasında münasibətlər əladır" - MÜSAHİBƏ

Səfir: "Birləşmiş Krallıqla Azərbaycan arasında münasibətlər əladır" - MÜSAHİBƏ

Müəllif: Anar
//
21 avqust 2015
//
//

Səfir: "Birləşmiş Krallıqla Azərbaycan arasında münasibətlər əladır" - MÜSAHİBƏ

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri İrfan Siddiqin APA-ya müsahibəsi

- Hörmətli səfir, bu yaxınlarda Azərbaycanın cənub regionlarına səfərdən qayıtmısınız. Bu səfərdə məqsəd nə idi və səfər barədə təəssüratlarınız necədir? Gələcəkdə Azərbaycanın regionlarına bu tipli səfərləriniz gözlənilirmi?

- Astara və Lənkəran rayonlarına səfərimin əsas məqsədi bu şəhərlər barəsində daha çox məlumat almaq və əməkdaşlıq üçün yeni imkanları öyrənmək idi. Ümumi təəssüratlarım çox müsbətdir. Azərbaycanın cənubu mehriban insanları olan çox gözəl bölgədir. Kənd təsərrüfatının inkişaf etdiyi bir bölgə olaraq, həm də turizm üçün yüksək potensiala malikdir. Birləşmiş Krallıq bu bölgənin inkişafını dəstəkləməkdə maraqlıdır. Azərbaycanın müxtəlif yerlərinə səfər etmək mənim üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanlıların əksəriyyəti Bakıdan kənarda yaşayır. Ona görə də onlara baş çəkmək, görüşmək və onlar haqqında öyrənmək mənim gələcəkdə də edəcəyim işlər arasında olacaq. Mən cənub bölgələrinə getməzdən öncə Naxçıvan, Gəncə, Şəki və Qəbələdə olmuşdum. Növbəti səfərlərimi isə Quba və Qusara planlaşdırıram.

- 2015-ci ilin ilk yarısı üçün Azərbaycan və Birləşmiş Krallıq arasındakı ikitərəfli münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz?

- Birləşmiş Krallıq və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq güclü olaraq qalır. Birləşmiş Krallıq hələ də Azərbaycanda ən iri sərmayədar olmağa davam edir. Britaniya şirkətləri “Şahdəniz II” layihəsində aparıcı rol oynayır. Həmçinin, Britaniya vətəndaşları və şirkətləri Bakı 2015 Avropa Oyunlarının müvəffəqiyyətlə keçirilməsində mühüm rol oynayıblar. Təşkilat Komitəsinin aparıcı menecerləri britaniyalı idilər və Britaniya şirkətləri oyunların təşkilində Azərbaycan və Türkiyə şirkətlərindən sonra 3-cü ən böyük rol oynadılar. Beləliklə, 2015-ci ilin birinci yarısında Birləşmiş Krallıq və Azərbaycan arasında ikitərəfli münasibətlərin səviyyəsi əla olduğunu demək olar.

- Siyasi, iqtisadi, təhsil sahələrində ilin geri qalan hissəsi üçün yeniliklər gözlənilirmi?

- İkitərəfli münasibətlərimizdə əsas istiqamət hökumətlərarası ticarət və iqtisadi komissiyanın yaradılmasıdır. Bu, ikitərəfli biznes əməkdaşlığını irəliyə doğru aparmaqda və xüsusən də, əməkdaşlığımızı neft-qaz sektoru ilə yanaşı, digər istiqamətlərə doğru şaxələndirməkdə mühüm addım olacaq. Bu təklif zati aliləri, prezident İlham Əliyev tərəfindən irəli sürülmüşdü. Təklif Britaniya tərəfindən də müsbət qarşılandı. Bu yaxınlarda prezident birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan tərəfindən komissiyaya iqtisadiyyat və sənaye nazir Şahin Mustafayev, Britaniya tərəfindən isə ticarət naziri Lord Francis Maude rəhbərlik edəcək. Komissiyanın birinci iclası bu ilin sonunda Londonda keçiriləcək. Münasibətlərimizdə digər müsbət məqam isə istedadlı Azərbaycan tələbələrinin Britaniya universitetlərində magistr təhsili almaqlarına şərait yaradan “Çivninq” təqaüd proqramının genişlənməsidir. Ötən il sadəcə üç tələbənin Birləşmiş Krallığa göndərilməsi mümkün olmuşdusa, bu il onların sayı 9-a çatıb.

- İranla imzalanan nüvə sazişi Avropada enerji təhlükəsizliyi məsələsinə necə təsir edə bilər? Bu, BP-nin regionda fəaliyyətinə təsir göstərə bilərmi?

- İranla imzalanan nüvə sazişinin regiona və xüsusən də Avropanın enerji təhlükəsizliyinə ancaq müsbət təsirləri ola bilər. Əgər sazişlə bağlı öhdəliklər yerinə yetirilsə, İranın iri neft və qaz ehtiyatları yenidən dünya bazarına qayıdacaq. Bu isə əlavə təchizat mənbəyi olaraq Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. BP-nin regiondakı missiyası əsas prioritet olaraq diqqəti Azərbaycan üzərində cəmləşdirməyə davam edəcək. Eyni zamanda bu, BP, SOCAR və digər vacib aktyorlara irəlidə digər regional enerji əməkdaşlığı üçün imkanlar aça bilər.

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərinizi bilmək istərdik. Bu istiqamətdə 2015-ci ilin sonlarına qədər gözləntiləriniz nələrdir?

- Dağlıq Qarabağ münaqişəsi vacib regional məsələlərdən biri olaraq qalır. Münaqişə insanları torpaqlarından didərgin salan, cəbhəboyu insanların həyatlarına son qoyaraq regionu iflic edən xərçəngdir. Münaqişə bölgədə qeyri-stabillik yaradır və regional iqtisadi əməkdaşlığın qarşısını alır. Münaqişənin həlli regionda maraqlı olan bütün tərəflər üçün prioritet olmalıdır. Bu yaxınlarda “Celtic” futbol klubunun üzvləri ilə qaçqın düşərgələrinə səfərimiz münaqişənin doğurduğu nəticələri bir daha dərindən anlamağıma səbəb oldu. İnsanların doğma yurdlarından sürgün edilməsi çox aydın görünürdü. Və “Celtic”in Qarabağ klubu ilə oyunu öncəsi düşərgədə uşaqlarla görüşü onlara zövq verdi. Təəssüf ki, ilin geri qalan hissəsi üçün mənim ümidlərim gözləntilərimdən daha çoxdur. Ümid edirəm ki, prezidentlər arasında növbəti görüşlə sülh danışıqları daha ciddi məcraya qalxacaq. Minsk Qrupu həmsədrləri prosesi canlandırmaq üçün müfəssəl sülh danışıqları təklif ediblər. Mən bu çağırışı dəstəkləyir və bütün tərəfləri danışıqlardakı durğunluğa, ağrılı və faydasız status kvoya son qoymaq üçün təklifə müsbət yanaşmağa çağırıram.
Xəbər Lenti Giriş Populyar Reklam
Neft ucuzlaşdı Bu gün, 11:06Neft ucuzlaşdı