Evdə "qırmızı siqnal": Uşaq ayaq açır... » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Evdə "qırmızı siqnal": Uşaq ayaq açır...

Evdə "qırmızı siqnal": Uşaq ayaq açır...

Müəllif: Kürsüm
//
09 fevral 2013
//
//

Evdə "qırmızı siqnal": Uşaq ayaq açır...

Uşaq dünyaya gətirib, onu böyütmək kənardan çox asan bir iş kimi görünür. Uşağın problemləri təkcə onun altını təmiz saxlayıb qarnını doydurmaqla həll olunmur. Məsələ təkcə uşağın rahatlığını təmin etmək deyil.

0-6 yaş arası uşaqlar hər zaman təhlükə mənbələrinə meylli olurlar. Bu təhlükə mənbələri elektrik naqilləri, mətbəxdəki kəsici-deşici alətlər, boş olan səfər çemodanları, tikiş çantasındakı düymə-iynələr, təmizlik üçün mayelər, sabunlar və s. uşaq sağlamlığına təhlükəli əşyalardır. Uşaqları bu sadalananlardan qorumaq üçün isə onları, demək olar ki, addım-addım izləmək lazımdır.

Psixoloq Emil Behrudi uşaqların gələcəkdə öz görkəmlərindən utanmaması, eləcə də həyatlarını sağlam davam etdirmək üçün indidən onların arxasınca gəzməyin lazımlığını bildirir. Onun sözlərinə görə, uşaq vaxtı onu qorumamaq və bu sayədə yaranan yanıq izləri, sınıqlar, aşkar qüsurlar böyüdüyü zaman uşaqların öz xarici görünüşündən utanmasına səbəb olacaq: "Təəssüf ki, estetik əməliyyatlara müraciət edən insanların çoxu yanıq, çapıq izlərindən şikayət edir. Bu izlər isə uşaqlıqdan qalma bir acı xatirədir. Uşaqları körpəliyindən qorumaq lazımdır ki, sağlam psixika ilə böyüsünlər".

Uşaqların boyu balaca olduğu üçün onlar öz boylarına uyğun yerləşdirilmiş əşyalara daha çox meyl edirlər. Valideyn əşyaları yığdığı halda uşağın diqqəti başqa şeylər çəkməyə başlayır. Divardakı elektrik keçiriciləri, yerdəki düymə və ya kiçik muncuqlar, masadan yerə sallanan ütü naqili, televizor pultunun elementləri, qəpiklər, qələmlər və bu kimi təhlükə yaradan amillər də uşaqlar üçün qorxuludur. Xüsusən divardakı elektrik keçiricilərinin üstünü bağlamaq vacibdir. Uşaqların ütü, televizor və bu əşyaların naqilini çeynəməsindən də ehtiyat etmək lazımdır.

Psixoloqun dediyinə görə, uşaq iməkləməyə başladığı dövrdə evi kəşf etməyə başlayır. Bu dövr ən təhlükəli dövrdür: "Uşaqların evdə keçirəcəyi qəzalar onların yaş həddinə uyğun dəyişir. İməkləməyə başlayan uşaq üçün ən böyük təhlükə stol süfrələridir. Gəzməyə can atan uşaq yıxıldığı zaman dəstək üçün süfrədən yapışır. Bu zaman süfrə üstündəki ağır güldanlar, yaxud meyvə qabları uşaq üçün həyati təhlükədir. Ola bilər, valideyn düşünsün ki, uşağın əli stola çatmir. Amma təhlükə süfrədən başlayır".

Uşağın yaş həddi artdıqca təhlükələr də artmağa başlayır. Hamamda təmizlik üçün qoyulmuş yarım vedrə su belə təzə gəzməyə başlayan uşağın boğulmasına səbəb ola bilər. "Uşaq iməkləməkdən gəzməyə keçdiyi vaxtdan etibarən onun boyuna uyğun gələcək bütün təhlükələri yığışdırmaq lazımdır. Təmizlik maddələrini rəflərin aşağı gözündən yığmaq, vedrədə su qoymamaq, qazda yemək bişirərkən qazın arxa gözlərindən istifadə etmək lazımdır".

Müsahibimiz bildirir ki, ən çox ev qəzalarının qurbanı kiçik uşaqlar və yaşlı insanlardır. Ev qəzalarının ən çox yayıldığı məkan isə evin mətbəxidir. Mətbəxdə kəsici alətlər olduğu üçün uşaqları, ümumiyyətlə, mətbəxə öyrəşdirməmək lazımdır. Ev qəzalarının qarşısını almaqdan danışan E.Behrudi onu da əlavə edir ki, bir gün içində bütün təhlükəsizliyi təmin etmək qeyri-mümkündür. Zamanla, gözə dəyər təhlükələri gördüyünüz an götürməyə vərdiş edin: "Mətbəxdə olan bıçaq, qapaqaçan, şüşə qabları əl altından yığışdırmaq lazımdır. Yemək bişirən zaman tavaların və qazanların qulpunu divara doğru yerləşdirmək lazımdır ki, uşaqlar qulpdan tutaraq qazanı aşırmasınlar. Belə qəzalar ağır xəsarətlə, hətta ölümlə nəticələnir. Əl altında qaynar, soyumağa buraxılmış su dolu qazanlar qoymaq da yanıqlara səbəb olur. Soyuducu və paltaryuyanın qapağının asan açılmamasına diqqət etmək lazımdır".

Təmizlik üçün olan mayelərin rəngi və qoxusu uşaqları daha çox cəlb edir. Rəngli dərmanlar da bu sıraya aiddir. Evdə olan divar sobaları də qırmızı olması ilə diqqət cəlb edir. "Bir çox evlərdə jalüzlərdən, eləcə də bahalı pərdələrdən istifadə olunur. Belə jalüz və pərdələrin iplərində uşaqların boğulması real təhlükədir. Evdə şüşədən qapı və pəncərələr varsa, buna da diqqət etmək lazımdır. Çünki körpələr şüşənin olmasını tam ayıra bilmədikləri üçün əzilmələri qaçınılmazdır".

Psixoloqun dediyinə görə, mətbəxdə olan düyü, noxud və bu kimi kiçik qidaları da əl altında qoymamaq lazımdır. Uşağın nəfəs borusuna gedən belə qidalar da hər zaman xoş nəticə ilə sonlanmır.

Həmsöhbətimiz bildirir ki, hər nə qədər sıxıcı bir müddət olsa da, analar buna səbrlə yanaşmalıdırlar. "Çünki uşaq vaxtlarında səbirsizlik edib körpəni qorumasalar, həm uşaq, həm də ana bir ömür boyu bunun əzabını çəkə bilər. Çox nadir hallarda uşaqlar ev qəzalarından salamat qurtula bilirlər. Valideynlər düşünməsinlər ki, uşaqlar çox körpədir və başa düşməzlər. İzah etmək, başa salmaq lazımdır. Qaynar suya "cız" deyib qorxutmaq çox vaxt kifayət etmir. Qoyun barmağını suya salsın və az da olsa, ağrı hiss etsin. İndi hiss edəcəyi kiçik ağrı sonradan ağır yanmaların qarşısını alacaq. Kor-koranə uşaqları təhlükədən qorumaqla kifayətlənmək lazım deyil. Vaxt ayırıb ona təhlükəni izah da etmək lazımdır".
Xəbər Lenti Giriş Populyar Reklam