Bakı Ali Neft Məktəbi Heriot-Vatt Universiteti birgə mütəxəssislər hazırlayacaq » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakı Ali Neft Məktəbi Heriot-Vatt Universiteti birgə mütəxəssislər hazırlayacaq

Bakı Ali Neft Məktəbi Heriot-Vatt Universiteti birgə mütəxəssislər hazırlayacaq

Müəllif: Kürsüm
//
06 fevral 2013
//
//

Bakı Ali Neft Məktəbi Heriot-Vatt Universiteti birgə mütəxəssislər hazırlayacaq

İki ali məktəb arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb

Böyük Britaniyanın Edinburq şəhərində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Heriot-Vatt Universitetinin rektoru professor Stiv Çapman hər iki ali təhsil müəssisəsi arasında 2013-2017-ci illər ərzində birgə mütəxəssis hazırlığı üzrə əməkdaşlıq haqqında razılaşma imzalayıblar.

xeberleragentliyi.com-un verdiyi məlumata görə, razılaşmaya əsasən Bakı Ali Neft Məktəbində Heriot-Vatt Universitetinin təklif etdiyi tədris proqramları əsasında “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə bakalavriat səviyyəsində mütəxəssis hazırlığını təşkil ediləcək.

Bakı Ali Neft Məktəbində 5 il müddətində tədris proqramları Heriot-Vatt Universitetinin tədrisi idarəetmə strukturlarının nəzarəti və pedaqoji heyətinin iştirakı ilə həyata keçiriləcək. Bu məqsədlə Bakı Ali Neft Məktəbində daim işləmək üçün proqram meneceri və tədrisin təşkilində, biliklərin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək üçün xüsusi olaraq yaradılmış keyfiyyətin təminatı şöbəsinin rəhbəri dəvət ediləcək. Tədris prosesinin gedişində aralıq monitorinqlər hər iki ali məktəbin əməkdaşları tərəfindən birgə, semestr imtahanları isə Heriot-Vatt Universitetinin əməkdaşları tərəfindən keçiriləcək. Bu yolla pedaqoji heyətin tədrisdə, tələbələrin isə təhsildə motivasiyasının gücləndirilməsi təmin olunacaq. Razılaşmada təlim-tədris prosesində tələbələrin idarəetmədə iştirakı, rüşvətxorluğun, korrupsiyanın və saxtakarlığın qarşısının alınması, sağlamlığın və təhlükəsizliyin təmin olunması kimi məsələlər də öz əksini tapıb.

Razılaşma çərçivəsində Bakı Ali Neft Məktəbində tədrisin təşkili, onun gedişinə nəzarət, biliklərin qiymətləndirilməsi Heriot-Vatt Universitetinin tələblərinə müvafiq həyata keçiriləcək və sözügedən proqramlar üzrə 2013-2017-ci illər ərzində bakalavriatda təhsil almış məzunlara Heriot-Vatt Universitetinin və Bakı Ali Neft Məktəbinin diplomları veriləcək.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, belə yanaşma Azərbaycanda mühəndis kadrları hazırlayan müasir tipli ali təhsil müəssisəsinin yaradılmasının ən səmərəli yoludur, çünki bu, cəmiyyətimizin sosial sifarişinə tamamilə cavab verir.
Xəbər Lenti Giriş Populyar Reklam