Sizin reklam burada
Sizin reklam burada

“Əvvəl metro açılsın, sonra maska məsələsinə baxılsın” - TƏKLİF

“Əvvəl metro açılsın, sonra maska məsələsinə baxılsın” - TƏKLİF



“Əvvəlcə metro açılmalı, daha sonra açıq havada maska taxmamaq məsələsinə baxılmalıdır. Bütün qadağaları birdən-birə ləğv etmək olmaz”.

Bunu Modern.az-a Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq-həkim Aydın Əliyev açıq hava maska taxılmasının vətəndaşlar tərəfindən narazılıq doğurmasına münasibət bildirərkən deyib.

A.Əliyevin sözlərinə görə, hazırda yoluxma sayındakı dinamika tətbiq edilən karantin rejimin nəticəsidir:

“Amma azalmalara arxayınlaşıb bütün qadağaları birdən-birə ləğv etmək olmaz. SMS icazə ləğv edilib, bağçalar, orta məktəblər qismən açılıb, universitetlər növbəti həftədən açılır. Hər yeni qərar veriləndən sonra dinamika 2 həftə izlənilir. Hər şeyi birdən-birə açsaq, yoluxma artsa, həmin qadağalar yenidən tətbiq oluna bilər. Odur ki, səbr etməliyik. Bugünkü rəqəmlər bizi arxayın salmamalıdır”.

Həkim açıq havada maska taxmağın məcburiliyinə səbəbin vətəndaşlar olduğunu vurğulayıb:

“Əslində əvvəllər açıq havada maska taxmaq məcburi deyildi, amma insanlar qaydalara əməl etmədiklərindən, yoluxma sayı çox olduğundan maska məcburiləşdi. Düzdür, insanların çoxu qaydalara əməl edir. Amma mən tibb işçiləri arasında görürəm ki, əl tutub görüşürlər, qucaqlaşırlar. Bəzi insanlar var ki, qaydaları qəbul etmirlər, açıq havada bir-birinin ağızna girir, qucaqlaşır, öpüşür, məsafə gözləmirlər. Açıq havada tək gedənlə, cüt gedənin maska taxmasına nəzarət etmək çətindir. Onda gərək hər adamın yanına bir polis qoyulsun. Bu da çətinlik yaradır. Hamı qaydalara əməl etsəydi, açıq havada maskaya da ehtiyac olmazdı. Ona görə də maskadan imtinanın tez olduğunu düşünürəm. Amma metro mütləq açılmalıdır. Çünki avtobuslarda həddindən çox sıxlıq müşahidə edilir. İnsanlar nəfəs almaqda çətinlik çəkirlər”.

O həmçinin peyvəndləmənin tempinin çox zəif olduğuna diqqət çəkib:

“Ona görə də vaksinasiyanı sürətləndirmək, avtobuslarda sıxlığı azaltmaq üçün metronu açmaq lazımdır. Metro açılandan bir müddət sonra açıq havada maska məsələsinə baxmaq olar”.

Xatırladaq ki, Baş Nazirin 21 noyabr 2020-ci ildən qüvvəyə minən qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi məcburidir.

Bu Qərarın tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Belə ki, karantin rejimində maska taxmaq tələbini pozmağa görə fiziki şəxslər üçün nəzərdə tutulan cərimə 100 manat, vəzifəli şəxslər üçün cərimə 200 manat, hüquqi şəxslər üçün cərimə isə 400 manatdır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ