Dəmir Yolları İdarəsinin Mətbuat Katibliyinin rəisi: “Hələ çox kinoda çəkiləcəm” » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Dəmir Yolları İdarəsinin Mətbuat Katibliyinin rəisi: “Hələ çox kinoda çəkiləcəm”

Dəmir Yolları İdarəsinin Mətbuat Katibliyinin rəisi: “Hələ çox kinoda çəkiləcəm”

Müəllif: Kürsüm
//
01 fevral 2013
//
//

Dəmir Yolları İdarəsinin Mətbuat Katibliyinin rəisi: “Hələ çox kinoda çəkiləcəm”

Nadir Əzməmmədov: “Çəkilən filmlər, seriallar məni qane etmir”

Rubrika: “Onun ilk peşəsi”

Onlar sənətçi, siyasətçi, yazıçı kimi doğulmayıblar. Onlar da hamı kimi orta məktəbə gedib, sonra ali təhsil alaraq müxtəlif peşələrə yiyələniblər. Ancaq həyat bəzən onları öz sevdikləri peşələrindən də ayrı salıb. İllər ötüb, tamam başqa bir sahəni özlərinin həyat kredosu seçiblər.

xeberleragentliyi.com “Onun ilk peşəsi” rubrikasında növbəti qonağını təqdim edir. O, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovdur. N. Əzməmmədov 3 fevral 1953-cü ildə Nərimankənd kəndində anadan olub. 1980-ci ildə Moskvada Gənc Kinematoqrafçıların təkmilləşdirmə kursunu bitirib, 1978-ci ildə “Azərbaycanfilm” Kinostudiyasında bədii filmlər üzrə rejissor assistenti kimi fəaliyyətə başlayıb, sonralar aktyor, ikinci rejissor kimi fəaliyyətini davam etdirib. Müxtəlif illərdə çəkilmiş 20-ə yaxın bədii və qısametrajlı filmlərdə (“Od içində”, “Qəribə adam”, “Asif, Vasif, Ağasif”, “Qara Volqa", “Biz qayıdacağıq” və s) aktyor, rejissor assistenti və rejissor olub. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının, Kinematoqrafçılar İttifaqları Konfederasiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

N. Əzməmmədovun rejissorluğu ilə "Dəmir yolunda dəmir intizam", "Polad magistralın simfoniyası", "Heydər Əliyevin rəhbərliyi altında dəmir yolu nəqliyyatının 30 illik inkişaf və tərəqqi dövrü", "Gələcəyə aparan yol", “Azərbaycan dəmir yolları müstəqillik illərində” sənədli filmlər ekranlaşdırılıb. Bütövlükdə bu müddət ərzində ölkə polad magistrallarından bəhs edən 3000-dən çox informasiya xarakterli süjetlər müxtəlif telekanallar vasitəsilə yayımlanıb.


- Sizdə aktyorluğa maraq haradan yarandı?

- Nəslimizdə aktyor yoxdur. Aktyor olmağıma Azərbaycan bədii filmlərinin təsiri böyük olub. İncəsənət İnstitutuna qəbul olunmamışdan öncə “Azərbaycanfilm” kinostudiyasının nəzdində Adil İsgəndərovun kursunda təhsil almışam. Orada hazırkı dövrümüzün bir çox tanınmış aktyorları təhsil alırdılar. Bundan sonra (1972-1976-cı illərdə) Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil aldım və 1977-1978-ci illərdə həqiqi hərbi xidmətdə oldum. Hərbi xidməti başa vurduqdan sonra kinostudiyaya gəldim və burada “Od içində” (1978) filmində rejissor köməkçisi kimi çalışdım. Qeyd edim ki, bu, mənim kinoda ilk işim idi.

Rejissor assistenti və ikinci rejissor kimi çalışdığım filmlərdə ikinci dərəcəli rollarda da oynayırdım. Məsələn “Şeytan göz qabağında” filmində "KAMAZ" sürücüsü, “Qara volqa” filmində müstəntiq obrazlarını canlandırmışam.

1980-ci ildə Moskvada Gənc Kinematoqrafçıların təkmilləşdirmə kursunu bitirdikdən sonra ikinci rejissor kimi fəaliyyətimi davam etdirdim. Ancaq quruluşçu rejissor olmağa vaxt olmadı. Çünki SSRİ dağıldı və müstəqilliyimizin ilk illərində film çəkmək üçün maliyyə vəsaiti yox idi. Bundan sonra mən Dövlət Gömrük Komitəsinin mətbuat xidmətində çalışmağa başladım. Burada da bir müddət çalışdıqdan sonra məni işləmək üçün Moskvaya dəvət etdilər. Moskvadan geri qayıtdıqdan sonra Dəmir Yolunun mətbuat xidmətində (1997-ci ildən) çalışmağa başladım. 2003-cü ildən isə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisiyəm.

- Aktyor sənəti üçün darıxmırsınız ki?

- Çəkiliş meydançası kino işçisi üçün, o cümlədən mənim üçün əziz bir yerdir. Aktyorluq mənim gənclik hisslərimdir. Heç zaman o peşə yadımdan çıxmır. İndi də məni filmlərə çəkilməyə dəvət edirlər. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində işlər çox olduğu üçün filmlərə çəkilməyə vaxtım olmurdu. Amma xalq artisti Vaqif Mustafayev çəkəcəyi filmə məni də dəvət edib, həmin filmdə çəkiləcəm. Bəlkə başqa filmlərdə də.

- İndiki dövrdə çəkilən bədii filmlərin və teleserialların səviyyəsi sizi qane edirmi?

- Son vaxtlar bədii filmlər də, seriallar da çəkilir. Lakin son zamanlar çəkilən filmlər, seriallar məni qane etmir. Ən önəmlisi odur ki, filmlərdə bir insan taleyi olsun. Yəni hər hansı bir filmdə və yaxud teleserialda insan taleyi varsa, həmin film tamaşaçı üçün maraq doğuracaq. İnanıram ki, gələcəkdə bizim bədii filmlər də, seriallar da ötən əsrin 70-ci illərində çəkilən filmlər kimi hər yana səs salacaq.

- Sizin üçün hansı doğmadır: aktyorluq, rejissorluq, yoxsa mətbuat katibliyi?

- Əlbəttə, ilk sənət sahəsi mənim üçün daha doğmadır. Açığını desəm, incəsənətdən gəlib dəmir yol sahəsində çalışacağım ağlıma gəlməzdi. Buna zaman məcbur etdi. Mənə elə gəlir ki, burada da bir kino var. Biz burada da sənədli filmlər də çəkirik.

- Sənət müəllimləriniz kim olub?

- İlk müəllimlərim Adil müəllim, Elxan müəllim, Əbdül müəllim olub. İncəsənət İnstitutunda isə bizim kursun rəhbəri Əşrəf Quliyev olub. Bir şeyi də qeyd edim ki, mən kinostudiyada bütün işlərdə çalışmışam. Film direktoru olmuşam, operator, ikinci rejissor işləmişəm, eyni zamanda bədii filmlərdə aktyor kimi də çəkilmişəm.

İndi Vasif Süleyman ilə bir ssenarimiz var. Hazırda həmin ssenarinin əsasında çəkiləcək bədii filmin üzərində işləyirik. Adıçəkilən filmin maliyyə məsələsi həll edilməkdədir. Bundan başqa, qeyd etdiyim kimi, Vaqif Mustafayevin filmində çəkiləcəyəm.

- Bu gün 60 yaşınız tamam olur. Necə düşünürsünüz, bu illər ərzində nələri etməmisiniz?

- 60 il belədir ki, artıq insan arxada qalan illərə baxa bilir. Zaman dəyişdi və ürəyimizdə olan arzuları həyata keçirə bilmədik. Gözəl filmlər çəkməyi arzu edirdim, amma alınmadı.


- Ailənizdə sənətinizi davam etdirən varmı?

- Xeyr, yoxdur.

- Çalışdığınız idarədə sizin nə vaxtsa aktyor olmağınızı bilən varmı?

- Bir müddət öncə telekanalların birində “Biz qayıdacağıq” filimi nümayiş etdirilirdi. Həmin filmdən sonra məni dəhlizdə görənlər bir təhər baxırdılar. Yəni onlar inanmırdılar ki, mən hər hansısa bir filmdə çəkilmişəm. Çəkildiyim filmlərə baxdıqdan sonra, məni bir aktyor kimi daha çox insan tanıyır. Tanıyandan sonra isə münasibət də dəyişir.

- Hansı aktyorları bəyənirsiniz?

- Fuad Poladovun yaradıcılığını çox sevirəm. O, əsl aktyordur, həyatını öz sənətinə həsr edib. Fəxrəddin Manafovun yaradıcılığını bəyənirəm. O ki qaldı gənc aktyorlara, bu barədə bir söz deyə bilmərəm. Sovet dövründə filmlərə çəkilən aktyorları hər kəs tanıyırdı. Amma indiki seriallarda çəkilən aktyorlar çox tanınmırlar. Ona görə ki, onların yaratdığı obrazlar insanların qəlbinə yol tapa bilmir. Aktyor o vaxt yadda qalır ki, onun canlandırdığı obrazlar insanların qəlbinə girir. Hələ mən onu görmürəm.

- Siz ən çox jurnalistlərə ünsiyyətdə olan insanlardansınız. İndiki jurnalistikanın səviyyəsi sizi qane edirmi?

- Mən həm ölkə jurnalistləri, həm də xarici jurnalistlərlə ünsiyyətdə oluram. Xarici jurnalistlər çox hazırlıqlı gəlirlər. Onlarla söhbət daha maraqlı olur. Çünki xarici jurnalistlər hər hansısa bir problemə toxunurlar. Lakin bizim jurnalistlər informasiya xarakterli suallar verirlər. Məsələn Azərbaycan jurnalistləri sual verirlər ki, qatarın bir vaqonunun təkər cütü yoldan çıxdı, bunun səbəbi nədir? Bu texniki bir məsələdir, problem deyil. Ancaq xarici KİV-in nümayəndələri dəmiryolçu həyatı, gələcəkdə görüləcək işlərlə maraqlanırlar. Təbii ki, bizim jurnalistlərində arasında peşəkarları çoxdur və mən bütün jurnalistlərə hörmətlə yanaşıram. Yəni nəyi soruşsalar, hər zaman cavablandırıram.

-60 yaş arxada qalır. Bu yaşdan sonra nələr etməyi planlaşdırırsınız?

- İndi həyatı daha çox dərk edir, insanları daha çox hiss edirəm. Çalışıram ki, mənə müraciət edən insanlara kömək edim. Düşünürəm ki, məndən incik adam yoxdur. Heç kəslə münaqişəm olmayıb. Hər kəsə hörmətlə yanaşıram.

- Özünüz dəmir yolu nəqliyyatından istifadə edirsinizmi?

- Ezamiyyətə gedəndə istifadə edirəm. Hər bir kəs ya vağzalda olanda, ya da qatarla gedəndə nostalji hisslər yaşayır. Dəmir yolu belədir ki, burada ayrılıq da, görüş də var. Elə olur ki, qatarda iki nəfər tanış olur, ailə həyatı qururlar və yaxud iş birliyi yaradırlar. Dəmir yolu nostalji hisslər oyadan bir nəqliyyat vasitəsidir. Qatarla gedəndə uşaqlıq illərim, gənclik illərim, çəkildiyim filmlər yadıma düşür.

- Həyatınızı hansı filmə bənzədirsiniz?

- Bu haqda heç düşünməmişəm. Mən optimist insanam. Mənim daxilimdə bir enerji var. Xarici görkəmimlə yaşım uyğun gəlmir. Çünki məndə həyat eşqi var.


- Bu yaşda belə cavan qalmağınızın səbəbi nədir?

- Cavan qalmağın müxtəlif səbəbləri var. Birincisi gərək insan paxıl olmasın, bağışlamağı bacarsın. Dostlarımın, tanışlarımın xoş günlərinə həmişə sevinirəm. Bu da məni cavan saxlayan amillərdəndir. Yəni qəlbimdə kiməsə qarşı paxıllıq hissi, kin-küdurət yoxdur. Elə insanlar var ki, məndən stimul alır.
Xəbər Lenti Giriş Populyar Reklam