Sizin reklam burada
Sizin reklam burada

Qarabağda xüsusi nümayəndələr nə iş görəcək? - GƏLİŞMƏ


Qarabağda xüsusi nümayəndələr nə iş görəcək? - GƏLİŞMƏ

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan prezidentinin xüsusi nümayəndəlikləri təsis olunub. Bu ərazilərdə fəaliyyət göstərəcək xüsusi nümayəndələr prezidentə tabe olmaqla, onun müəyyənləşdirdiyi səlahiyyətləri həyata keçirəcək. Prezident İlham Əliyevin yanvarın 19-da bu barədə imzaladığı fərmanda həmin səlahiyyətlərin nədən ibarət olduğu konkret göstərilməyib.

Məlumdur ki, sözügedən ərazilər işğal altında olanda da o rayonların yerli icra hakimiyyətləri və digər dövlət orqanları vardı. Bu gün də onların fəaliyyəti davam edir. Belə olan halda, xüsusi nümayəndəliklərin yaradılması hansı zərurətdən irəli gəlir? İcra hakimiyyəti sisteminə etimad yoxdur, yoxsa başqa səbəblər var? Bu, səlahiyyət toqquşmasına gətirib çıxara bilərmi? Yeni təsisatın effekti nə olacaq?

Dövlət başçısı iki gün əvvəl Sumqayıt Kimya Sənaye Parkında zavodların təməlqoyma mərasmindəki çıxışında konkret ad çəkməsə də, yerlərdə idarəçilikdən narazılığını dilə gətirib. O bildirib ki, torpaq sahələri, su resursları ədalətsiz şəkildə bölünür, insanların əlindən alınır. Prezident işğaldan azad edilmiş torpaqların idarə edilməsi ilə əlaqədar müəyyən ideyaları olduğunu və onların yaxın zamanda həyata keçiriləcəyini söyləyib:

“Orada çox böyük potensial – bərpaolunan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl yataqları, mis yataqları, çaylar, su anbarları, kənd təsərrüfatı üçün münbit torpaq, turizm imkanları var. Bu bölgələr növbəti inkişafımızın aparıcı qüvvəsinə çevriləcək. Sadəcə, azad edilmiş torpaqlarda hər şey planlı şəkildə, düzgün aparılmalıdır. Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı məndə fikirlər var. Bu fikirlər yaxın zamanlarda həyata keçiriləcək. O bölgələrdə müasir idarəetmə sistemi qurulmalıdır ki, hər şey planlı şəkildə təmin edilsin – şəhərsalma, dövlət orqanlarının funksiyaları. Əfsuslar olsun ki, ölkəmizin müxtəlif yerlərində bəzi xoşagəlməz hallar məhz nəzarətsizlik ucbatından baş verir…”

Ölkə başçısı idarəetmədə ədalətsizliyə yol verən məmurların cəzalandırılacağını, kimsəyə xüsusi imtiyaz tanınmadığını vurğulayıb.

Siyasi təhlilçi Ərəstun Oruclu “Press Klub”a bildirdi ki, Azərbaycanın işğal olunmuş ərazilərinin idarə olunması məqsədilə prezidentin xüsusi nümayəndəliklərinin təsis olunması üçün hüquqi baza olmalıydı. Onun fikrincə, belə bir hüquqi baza olmadığına görə icra hakimiyyətləri ilə toqquşma ehtimalı var. Bu da daxili çəkişmələrə və arzuolunmaz nəticələrə gətirib çıxara bilər:

“Azərbaycanda dövlət idarəetmə sistemində xüsusi nümayəndəlik nəzərdə tutulmayıb. Hansısa beynəlxalq, dövlətlərarası məsələlərə dair prezidentin xüsusi nümayəndələri olub. Məsələn, Qarabağla bağlı. Amma icra hakimiyyəti sistemində belə bir nümayəndəliyin təsis olunması Azərbaycan qanunvericiliyində əksini tapmayıb. Hesab edirəm ki, onun yaradılması həm qeyri-effektiv, həm də ziyanlıdır. Bələdiyyələrlə bağlı təcrübədə də bunu gördük. Hüquqi səviyyədə bələdiyyələrlə yerli icra hakimiyyətləri arasında səlahiyyət, hətta əmlak bölgüsü aparılmasına rəğmən, aralarında nə qədər çəkişmələr, mübahisələr oldu. Son nəticədə icra hakimiyyətləri bələdiyyələri özlərinin icraçı qurumuna çevirdi. Qarabağın işğaldan azad edilmiş ərazilərində böyük quruculuq işləri nəzərdə tutulub. Sual olunur, burada üstünlük hansına veriləcək? Xüsusi nümayəndəliyin səlahiyyət və fəaliyyət çərçivələri qanunvericilik səviyyəsində müəyyənləşdirilməliydi, hüquqi bazası olmalıydı. Bilinməliydi ki, kimin səlahiyyəti nəyə çatır. Belə bir hüquqi baza olmadığına görə ikitirəlik yaranacaq”.

Ekspertin sözlərinə görə, xüsusən münaqişə zonasında dövlət orqanları arasında belə çəkişmələrin fəsadı başqa yerlərlə müqayisədə daha ağır ola bilər. Çünki o ərazilər hələ də risklidir, xarici təhdidlər var: “Orada belə ikitirəliyin yaranması böyük yanlışdır. Qətiyyən bunu eləmək olmaz. Hətta onların səlahiyyətləri qanunla müəyyənləşsə belə, öz aralarında çəkişmələr işə düşəcək”.

İcra hakimiyyətləri fəaliyyət göstərdiyi halda, xüsusi nümayəndəliklərin yaradılmasına hansı səbəbdən ehtiyac durulmasına gəlincə, Ə.Oruclu hesab edir ki, milyardlarla manat vəsaitə kimin nəzarət etməsindən söhbət gedir: “Bərpa və yenidənqurma prosesinə maliyyə resursları cəlb olunacaq. Söhbət milyardlardan gedir. Onların vahid mərkəzdən idarə olunması məqsədi güdülür”.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli xüsusi nümayəndəliklərin yaradılmasını şərh edərkən xatırlatdı ki, bundan öncə də yerlərdə infrastruktur layihələrinin icrası icra hakimiyyətlərinə yox, ayrı-ayrı dövlət orqanlarına həvalə olunurdu:

“Fikrimcə, işğaldan azad edilmiş ərazilərdə prezidentin xüsusi nümayəndəliklərinin yaradılması ölkədəki mövcud ənənələrlə bağlıdır. Ənənə isə budur ki, bəzi infrastruktur layihələri, məsələn, yolların abadlaşdırılması və başqa bu cür işləri bir qayda olaraq, yerli icra hakimiyyətlərinə tapşırmırlar. O işləri adətən ayrı-ayrı nazirliklər, komitələr həyata keçirir, müxtəlif infrastruktur layihələri podratçı şirkətlərə tapşırılır. Görünür, ənənəyə sadiq qalaraq, yerli icra hakimiyyətləri yenidənqurma, infrastruktur, tikinti-abadlıq layihələrindən kənarda saxlanılır. Onların fəaliyyəti daha çox reyestr məlumatlarının toplanması, məcburi köçkünlərlə bağlı məsələlərin həllinə yönələcək. Yəni o ərazilərdə planlama prosesində aktiv şəkildə iştirak etməyəcəklər”.

A.Məmmədli də hesab edir ki, niyyət işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə yönəldiləcək resursları vahid mərkəzdə cəmləyib, oradan idarə etməkdir. Onun fikrincə, müharibə görmüş başqa ölkələrin təcrübəsindən istifadə edib, daha effektli addım atmaq olardı. A.Məmmədli Balkan ölkələri və Gürcüstandan nümunə gətirdi:

“Bəzi ölkələrin təcrübəsinə istinad etməklə, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və reinteqrasiya məsələləri ilə bağlı yeni dövlət qurumu yaradıla bilərdi. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin bazasında onu yaratmaq mümkün idi. Belə bir qurumun yaradılmasıyla yaxın gələcəkdə həmin ərazilərdə yerli infrastrukturun qurulması bir mərkəzdən həyata keçiriləcəkdi. Tenderlərin elan olunması, şəhər, kənd planlaması və s. ayrı-ayrı rayonlar üzrə yox, bir komitə vasitəsilə icra olunardı. Belə bir qurumun yaradılması iki səbəbdən daha məqsədəuyğun idi. Birincisi, dövlətin resursları bir komitədə koordinasiya edilərdi və işin daha sürətli, daha şəffaf həyata keçirilməsinə nail olmaq mümkün olardı. İkincisi, həmin dövlət orqanına səlahiyyət vermək olardı ki, həm də yerli əhalinin şəhərlər, kəndlər üzrə yerləşdirilməsini həyata keçirsin. Dağlıq Qarabağla aran Qarabağ arasında inteqrasiyanın qurulması, erməni və azərbaycanlı əhali arasında inteqrasiya, barış, xüsusən ermənilərin birgəyaşayış münasibətlərinə həvəsləndirilməsi kimi məsələlər də bu komitə vasitəsilə həll oluna bilərdi. Bu, Gürcüstanda, Balkanlarda sınaqdan keçirilmiş təcrübədir. Post-münaqişə dönəmlərində belə aralıq dövlət orqanlarının yaradılması təcrübəsi başqa ölkələrdə də var. Əfsuslar olsun ki, bu addım atılmadı, sınaqdan keçmiş təcrübədən istifadə edilmədi. Bir növ, yerli icra hakimiyyətlərinin səlahiyyətlərini təkrarlayacaq struktur yarandı”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ