Azərbaycanlı aktyor: "Müğənni yox a..." » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanlı aktyor: "Müğənni yox a..."

Azərbaycanlı aktyor: "Müğənni yox a..."

//
01 fevral 2013
//
//

Azərbaycanlı aktyor: "Müğənni yox a..."

Gənc Tamaşaçılar Teatrının aktyoru Manaf Dadaşovun Xeberleragentliyi.com-a müsahibəsi.

- İncəsənətə gəlməyinizin tarixçəsini bizimlə bölüşə bilərsiniz?

- Məni yaxından tanıyanlar bilirlər ki, bizim qohumlarımız içərisində incəsənət sahəsində çalışan insanlar çoxdur. Atam Məcid Dadaşov uzun illər Akademik Milli Dram Teatrında çalışıb və bir neçə filmə çəkilib. Bundan başqa, xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Atabala Səfərov, Ramiz Məmmədov, Səmayə Sadıqova da yaxın qohumlarımdır. Uşaqlıqda ağlıma da gəlmirdi ki, nə vaxtsa aktyor olaram. Məni aktyorluq sənətinə həvəsləndirən aktyor, yaxın dostum Anar Heybətov olub.

Gənc Tamaşaçılar Teatrını mənə əməkdar artist Ramiz Məmmədov məsləhət görüb və 2002-ci ildən bu teatrda çalışıram. İlk rolum rejissoru Nicat Kazımov olan "Ələddinin sehrli çırağı" tamaşasında Carçı obrazı olub. Nicat Kazımovun mənim üzərimdə əziyyəti çox böyük olub. Daha sonra İncəsənət Universitetinə daxil oldum, 2006-cı ildə universitetin rejissorluq fakültəsini fərqlənmə diplomu ilə bitirdim. Rejissorluq etmək iddiasında olmamışam.

Onu da deyim ki, mən teatrda bir müddət təcrübə toplayıb, sonra universitetə daxil olmuşam, artıq universitetdə ixtisasım üzrə təhsil almaq mənə o qədər də çətin olmadı, teatr bu işdə mənə çox kömək oldu. Çox sevdiyim böyük sənətkar Firəngiz Şərifova teatr haqqında çox maraqlı bir fikir söyləyib: "Teatrın hər 5 ili bir universitet təhsilinə bərabərdir".

Qeyd edim ki, sənət müəllimim Respublikanın əməkdar artisti Qəmər Məmmədova olub.

- Sənətə gələndə onun maddi tərəfini fikirləşirdinizmi?

- Mümkün olan şey deyil ki, hansısa sənəti mükəmməl dərəcədə bacarasan, amma bu sənə qazanc yetirməsin, ondan pul qazana bilməyəsən. Mən o aktyorlardanam ki, sənətimə qiymət verməyi bacarıram. Şükürlər olsun ki, artıq seriallar, filmlər çəkilir, aktyorlar az da olsa, əlavə qazanc əldə edirlər, yoxsa... (gülür)

- Bildiyimə görə, indiyə qədər daha çox Nicat Kazımovun tamaşalarında rol almısınız...

- Bəli, teatra elə Nicat Kazımovun tamaşası ilə gəlmişəm. Onun quruluşunda “Ələddinin sehrli çırağı” (Carçı), “Xeyir və Şər” (Şah), “Ana qaz” (Qonşu), “Çəkməli pişik” (Şah), “Pişiyin evi” (Pişik), “Hekayəti- Şahzadeyi-Xəzər” (Basat), “Pəri Cadu” (Çoban), “Qoca kloun” (Filippo), bundan başqa, Bəhram Osmanovun quruluşunda “Hacı Qara” (Əsgər bəy), Vaqif Əsədovun quruluşunda “Oliver Tvist” (Polismen), “Qaraca qız” (Oruc), Cənnət Səlimovanın quruluşunda “Romeo və Cülyetta” (Merkusio), “Mən səni sevirəm” (Marlen), Loğman Kərimovun quruluşunda “Əlibaba və qırx quldur” (Qasım), Belarus rejissoru Natalya Başevanın quruluşunda “Şelkunçik” (Ata) və s. tamaşalarda müxtəlif obrazlar yaratmışam. Amma bütün bunlara baxmayaraq, daim aktyor sənətinin axtarışındayam, çalışıram, bu sənətin daha vacib sirlərinə yiyələnim. Arzu edirəm ki, nə vaxtsa tamaşaçı kütləsinin ürəyini fəth edim.

- Seriallarda necə, çəkilirsiniz?

- Bir neçə il əvvəl rusların “Russkiy perevod” serialında Master rolunda çəkilmişəm. Bundan başqa, “Sirr”, “Həkimlər”, “Bir ovuc torpaq”, “Qarabağnamə” seriallarında çəkilirəm. Ramiz Fətəliyevin “Hökmdarın taleyi” bədii filmində əsas rollardan birini oynamışam. Hələlik bu qədər. Seriallarda rol alan aktyor yoldaşlarıma görə çox sevinirəm. Bütün aktyorlara bu yolda bol-bol uğur və yüksək məvacib arzu edirəm.

- Sosial şəbəkələrdən istifadə edirsiniz?

- Bir o qədər də internetin həvəsində deyiləm. Hələ ki, yalnız Facebook-dan istifadə edirəm. Tamaşalarımız haqda informasiya paylaşıram, insanların teatr haqqında fikirləri mənim üçün çox maraqlıdır. İnternet isə bu işdə mənə çox yaxşı vasitəçidir. Hətta bəzi tamaşaçıları internet vasitəsilə teatra cəlb edirik. Bu bizim özümüzə lazımdır və vacibdir.

- Pəncərədə kitablar görürəm... Sizindir?

- Vacib olan kitabların kimin olması deyil, vacib - onları oxumaqdır. Bəziləri mənimdir, bəziləri dostlarımın. Desəm ki, gündə oxuyuram, yalan olar. Hərdən mütaliə edirəm. Çünki mütaliəyə bir o qədər də vaxtım olmur. Teatrda işimiz çoxdur, daim çalışırıq.

- Çox mehriban kollektiviniz var.

- Bizim teatrda olan mehribançılıq heç bir teatrda yoxdur. Biz bir ailəyik, ona görə də digər teatrlar bizim kollektivin mehribançılığına həsəd aparırlar. Doğrudur, hər bir ailədə olduğu kimi, bizim kollektivdə də nankor övladlar var (gülür).

- Məcburiyyət qarşısında qalıb tamaşaya özünüzdən əlavələr etməyi bacarırsınız?

- O qədər olub ki (gülür). Çalışıram ki, bu vəziyyət olmasın. Elə əsərlər var ki, onlara məcbur olsan da belə, nəsə əlavə etməyə ixtiyarın yoxdur. Mənim fikrimcə, aktyor məcbur qalıb improvizə etsə də, bu, tamaşaya, əsərə xələl gətirməməlidir.

- Xarici görünüşcə maraqlı bir tipajınızın olduğunu sizə deyiblərmi? Əsasən də döyüş filmləri üçün…

- Bir neçə rejissor olub ki, bu sözü mənə deyib. Üz cizgilərimə görə daha çox məni tarixi qəhrəmanlara oxşadırlar. Çox istəyərdim ki, daha çox döyüş və tarixi filmlərdə çəkilim. Döyüş mexanizmini, tryukları özüm etməyi sevirəm, istər teatrda, istərsə də filmdə. Tamaşalarda olan tryukları, döyüşləri çox vaxt biz özümüz qururuq. Bu işi mən çox həvəslə görürəm.

- Ailə həyatı barədə fikirləşirsinizmi?

- Qismət... Müğənni yox a... (gülür). Heç vaxt bu qədər gülməmişdim (gülür).
FIFA 16 Trailer 11 oktyabr 2015 21:55
How do you work here ?
FIFA 16 Trailer http://www.fifa16mall.com/tag_FIFA-16-Trailer

FIFA 15 Coins PS4 20 fevral 2016 13:17
How do you work here ?
FIFA 15 Coins PS4 http://somdmda.org/busquets_hopes_football_are_surprising

Xəbər Lenti Giriş Populyar Reklam