Sizin reklam burada
Sizin reklam burada

Xalqından güc alan Lider, Liderindən güc alan ordu

Xalqından güc alan Lider, Liderindən güc alan ordu


Bu gün cənab Prezident İlham Əliyevin doğum günüdür. Bir vətəndaş kimi cənab Prezidenti təbrik edir, ona cansağlığı və uzun ömür arzu edirəm.

Bir xalq kimi, özünəinamımızı geri qaytardığı üçün, qalibiyyət hissini yaşatdığı üçün, illər ərzində bir dəfə də olsun, Qələbəyə şübhə etmədiyi üçün, bu inam, bu əzm üçün, “Qarabağ Azərbaycandır və nida!” dediyi üçün, dediyini etdiyi üçün minnətdaram.

Bu il Ali Baş Komandan “Qələbə” sözünü qızıl hərflərlə tariximizə yazdı. Onun apardığı siyasət, atdığı diplomatik addımlar, siyasi iradəsi, əzmkarlığı nəticənin əldə edilməsində müstəsna rol oynadı. Dünyaya qarşı təkbaşına mübarizə apardı. Bütün təzyiqlərə tab gətirib, ordusu və xalqının yanında oldu.

İndi ölkəmiz qalibiyyət qazanandan sonra bütün dünya deyir ki, Azərbaycan dünyanın ən müasir müharibəsi apardı və 44 gün ərzində möhtəşəm hərbi performans nümayiş etdirdi. Elə cənab Prezident də dünən Qudablıda əsgərlərlə görüşəndə bunu dedi:

“Bizim apardığımız müharibə dünyanın aparıcı hərbi məktəblərində öyrənilir. Azərbaycan əsgəri öz gücünü göstərdi”.

Azərbaycan əsgəri ona görə öz gücünü göstərə bildi ki, onun belə Ali Baş Komandanı var.

Bəli, ordumuz illərlə təlim aldı, gücləndi, ən müasir silahlarla təmin olundu. Amma nəticədə, Ali Baş Komandanın əmri, ordunun və xalqın ölkə başçısına inamı tarixi qələbəni təmin etdi.

Bu gün dünya siyasətçiləri İlham Əliyevin mükəmməl siyasi lider, strateq olmasından bəhs edir. Xarici siyasəti necə məharətlə həyata keçirməsindən söz açır. Hətta bir sıra xarici ölkə vətəndaşları Prezidentin videoçıxışlarının altında, sosial şəbəkələrdə yazır ki, kaş bizim də belə liderimiz olaydı.

Belə sözləri görəndə, oxuyanda qürur duymamaq mümkün deyil.

Vətən Müharibəsi bizə bir daha sübut etdi ki, cənab Prezident xalqını sevən, ölkəsinin rifahı, inkişafı üçün çalışan liderdir.

Cənab Prezident üçün bu il heç də asan keçmədi. Bir tərəfdən koronavirusun yaratdığı çətinliklər, bir tərəfdən dünya iqtisadiyyatında baş verən çətinliklərin Azərbaycana təsir etməməsi üçün görülən işlər, digər tərəfdən dünyanın ən şərəfsiz düşməni ilə müharibə etmək…

Azərbaycan xalqı bu günlər ərzində böyük əzmkarlıq nümayiş etdirdi. Bildirdi ki, ölkə başçısının yanındadır. Evi dağılan da, övladını itirən də bir ağızdan dedi ki, hər şey qurban olsun Vətənə, orduya. Cənab Prezident, təki dayanma, biz səninləyik!

Bu günlər ərzində Cənab Prezidentin xalqla qurduğu rabitə olduqca səmimi və dəqiq mesajlarla dolu oldu. Prezident hər çıxışında, xalqa müraciətində dəqiq hədəfləri bildirir, xalq qarşısında hesabat verir və ordunun işğaldan azad etdiyi əraziləri özü elan edirdi. Ya da “Twitter”də yazırdı.

Unikal hal bu idi ki, xalq “Twitter”də yalnız Prezidentə görə idi, o “tweet”lərin altında öz sevgisini, öz inamını, etibarını açıq yazırdı, bildirirdi. Bu isə ən səmimi hisslərin ifadəsi idi. Axı sosial şəbəkələrdə insanlar daha səmimi olur.

Xalq olaraq cənab Prezidentin çıxışlarını həyəcansız izləyə bilmirdik. Prezidentin müzəffər ordumuzun işğaldan azad etdiyi əraziləri bir-bir sadalaması anı… Onun dediyi hər bir sözün sosial şəbəkələrdə tirajlanması,dediyi ifadələrin xalq tərəfindən zərb-məsəl kimi istifadə olunması isə görülməmiş hal idi. Hamı Prezidentdən sitat gətirirdi.

Cənab Prezident, bizə heç vaxt unutmayacağımız qürurlu anlar yaşatdınız. Bizimlə bir yerdə sevindiniz, bir yerdə kədərləndiniz. Bizimlə bir yerdə azad olunmuş torpaqlara gedib, ən müqəddəs ziyarətləri etdiniz. Ağdam məscidində Azərbaycan üçün birinci duanı siz etdiniz, şəhidlərimizin ruhunu birinci siz andınız.

Xalq-Prezident-Ordu birliyi bir daha sübut etdi ki, bu dünyada mümkün olmayan heç nə yoxdur. 30 illik səngərləri də, istehkamları da dağıtmaq mümkün imiş. 30 illik işğal da 44 günə bitə bilərmiş. 30 il heç kimi saymayan düşmən də məhv edilərmiş.

Açığı, mən arada darıxıram. O həyəcan, o Qələbə xəbərləri üçün. Prezidentin xalqa etdiyi müraciətlər üçün. Dünyanın aparıcı televiziyalarının qərəzli təbliğatını məntiqi, yüksək peşəkarlığı ilə darmadağın etdiyi zamanlar üçün. Özlərini ağıllı göstərən aparıcıların bir qram belə ağlı olmadığını sübut etdiyini görmək üçün.

Nəinki mən, elə hamımız darıxırıq. Hamımız bilirik ki, bizi qarşıda böyük işlər gözləyir. Azad olunmuş torpaqlarda yaratmaq, yaşamaq, övladlarımızı orada böyütmək gözləyir. Bizi güclü, azad, yeni Azərbaycan gözləyir.

Bütün bunlar üçün var olun, cənab Prezident! Doğum gününüz mübarək! Hər zaman qalib, hər zaman güclü, hər zaman var olun! Qarabağ Azərbaycandır və nida!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ