Seymur Orucov: "Müxalifətin insanları cəlb edəcək nə vahid proqramı, nə də gücü var" » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Seymur Orucov: "Müxalifətin insanları cəlb edəcək nə vahid proqramı, nə də gücü var"

Seymur Orucov: "Müxalifətin insanları cəlb edəcək nə vahid proqramı, nə də gücü var"

Müəllif: Kürsüm
//
25 yanvar 2013
//
//

Seymur Orucov: "Müxalifətin insanları cəlb edəcək nə vahid proqramı, nə də gücü var"

Azərbaycanda dövlətin gəncliyə dəstəyi bütün zamanlarda əsas prioritetlər sırasında olub. Təsadüfi deyil ki, bu gün gənclik ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvələrdəndir. Lakin ölkədə bəzi qüvvələrlə birlikdə gəncliyin çox az da olsa, müəyyən qismi xaricdən idarə olunan siyasi oyunlarda alətə çevrilir. Bu, siyasi proseslərin aktivləşdiyi, xüsusən də seçkilərin keçiriləcəyi illərə daha çox təsadüf edir. Diqqət yetirsək, görərik ki, 2013-cü il Azərbaycanda seçki ili olduğu üçün bu kimi proseslər daha da intensivləşib. Lakin o da qeyd olunmalıdır ki, hazırda ölkə gəncliyinin əsas hissəsi bu kimi siyasi oyunlardan kənardadır və ölkənin inkişafında əsas faktor kimi çıxış edir. Cərəyan edən proseslərlə, həmçinin seçki ilində gəncliyin oynayacağı rolla bağlı Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov "Palitra"ya müsahibəsində danışıb.

S.Orucov gəncliyin ictimai-siyasi proseslərdə aktivliyini yüksək qiymətləndirərək, dövlətin bu istiqamətdə gəncliyə dəstəyini xüsusilə vurğulayıb.

xeberleragentliyi.com müsahibəni təqdim edir.

- Bu gün Azərbaycan dövlətinin uğurları, inkişafı, əldə etdiyimiz və edəcəyimiz nailiyyətlər, gələcəyə hazırlanmış proqramlar, həmçinin indiyə qədər 60-a qədər proqramın hazırlanaraq icra edilməsi davam edir. Bütün bu işlərin başında Prezident İlham Əliyev dayanır. Məhz onun qətiyyəti sayəsində bu proqramlar vaxtında icra edilir, həyata keçirilir. Hesab edirik ki, Azərbaycan gəncliyi növbəti prezident seçkilərində də Prezident İlham Əliyevi dəstəkləyəcək. Çünki Azərbaycanın inkişafı, beynəlxalq aləmdə tanınmağı və gələcək proqramların icrası üçün İlham Əliyevə alternativ yoxdur. Xalqın hər bir nümayəndəsi kimi, gənclər də bu gün cənab Prezidentin ətrafındadır.

- Dövlətin gəncliyə dəstəyini necə qiymətləndirirsiniz?

- Azərbaycan dövləti, hökuməti qədər gəncliyə diqqət və qayğı göstərən başqa bir ölkə təsəvvür etmək çətindir. Çünki bunun əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər daim gənclərlə görüşür, onların təşəbbüslərini dəstəkləyirdi. Bu proses hazırda Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə aparılır. Cənab Prezident regionlara səfərləri zamanı dəfələrlə gənclərlə təkbətək görüşlər keçirir, onların problemləri ilə maraqlanır, təkliflərini nəzərə alır. Hazırda "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı icra edilir. Bundan başqa, Gənclər Fondunun fəaliyyətə başlaması ilə gənclərin irəli sürdüyü layihələrin həyata keçirilməsi üçün lazım olan maliyyə problemi aradan qaldırılıb. Bütün bunlar dövlətin gənclərə diqqət və qayğısının nümunəsidir. Təkcə onu qeyd edək ki, dünyanın Azərbaycandan başqa heç bir ölkəsində Gənclər Günü təqvim günü kimi qeyd edilmir. Hesab edirik ki, bunun özü çox şey deməkdir. Bütün bunların nəticəsi kimi, ölkə gəncliyinin seçkilərdə yenidən Prezident İlham Əliyevə səs verəcəyinə heç kimin şübhəsi olmamalıdır. Çünki xoşbəxtliyimiz odur ki, bizim Prezidentimizlə yanaşı, liderimiz də var.

- YAP GB bu il hansı işləri həyata keçirməyi planlaşdırır?

- YAP GB-nin builki planlarına region gəncləri ilə işlərin aparılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bir çox aksiya və tədbirlərin keçirilməsi işləri daxildir.
Bu ilin fevral ayında Oğuz rayonunda "Qış məktəbi" layihəsi həyata keçiriləcək. Bu məktəbdə 100-ə qədər gənc iştirak edəcək ki, gənclərin ziyalılarla, millət vəkilləri ilə görüşləri təşkil ediləcək. Həmçinin, gənclərimizin hazırladıqları layihələr həyata keçiriləcək. Bundan başqa, Gənclər Günü ilə bağlı tədbirlərimiz olacaq. İKT ilə bağlı regionlarda bir çox layihələr həyata keçirməyi planlaşdırırıq. Fevral-mart aylarından bu layihələrə start veriləcək. İctimaiyyəti bu layihələrlə bağlı mütəmadi olaraq məlumatlandıracağıq.

Digər mərhələdə isə beynəlxalq əlaqələrin qurulması prosesi prioritet məsələdir. Bu istiqamətdə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) Gənclər Təşkilatı ilə əməkdaşlığımız genişlənir və yaxınlarda onların ölkəmizə səfəri gözlənilir. Avropa Xalqlar Partiyası ilə əlaqələrimizi daha da genişləndirməyi planlaşdırırıq. Eyni zamanda, Avropa ölkələrinin gənclərinin ölkəmizə dəvəti, bizim bu ölkələrə səfərlərimiz olacaq. Artıq Macarıstan gəncləri ilə əməkdaşlığa start verilib.

- İnformasiya savaşında erməni lobbisinin yalan üzərində qurulmuş fəaliyyətinə qarşı birliyiniz hansı işləri həyata keçirir?

- Gənclərimiz beynəlxalq konfranslarda, tədbirlərdə bu istiqamətdə aktiv iştirak edir. Hesab edirik ki, erməni lobbisi artıq əvvəlki gücündə deyil. Azərbaycan da 20-25 il bundan əvvəlki dövlət deyil. Artıq dünya bizimlə hesablaşır. Azərbaycanın beynəlxalq arenada uğurları artdıqca erməni lobbisi də yerin dibinə gedir. Bu istiqamətdə aparılan işlərdə gənclərin rolu böyükdür. Hesab edirik ki, getdikcə bu daha da güclənəcək. Amma təəssüfləndirici hal odur ki, ölkə daxilində çox az sayda olsalar da, bəzi vətəndaşlarımız ermənipərəst mövqe nümayiş etdirirlər. Biz gənclər olaraq onlara ar olsun, deyirik.

- Son dövrlər belə şəxslər aktivləşməyə başlayıblar. Sizcə, bu haradan qaynaqlanır?

- Dünya tarixində bəzi böyük dövlətlərin hegemonluq siyasəti həyata keçirmək istədikləri hər zaman müşahidə olunur. Təbii ki, 9 milyonluq əhaliyə, 86,6 min kvadratkilometr əraziyə malik olan Azərbaycanın inkişafı - BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, beynəlxalq təşkilatlara uğurla inteqrasiyası, iqtisadi və sosial inkişafı, insan potensialının güclənməsi, müstəqil siyasət yürüdən dövlət olması, ümumilikdə qazandığımız uğurlar bəzi xarici düşmənlər tərəfindən qəbul edilmir. Azərbaycanın coğrafi mövqeyi də elədir ki, müəyyən qonşu dövlətlər də ölkəmizin inkişafına qarşı çıxırlar.

Bunun üçün də müəyyən provokativ işlərə əl atmağa cəhdlər edirlər ki, hesab edirik ki, buna müvəffəq ola bilmirlər. Belə olanda isə müəyyən şəxslərdən istifadə halları ortaya çıxır ki, təəssüf ki, ölkə daxilində belə şəxslərə rast gəlmək mümkündür. Misal üçün, Leyla Yunus kimi guya haqqın, hüququn müdafiəçisi olan insan ermənilərlə əməkdaşlıq edərək milli maraqlara qarşı çıxır. Biz gənclik olaraq bu halları utancverici hərəkət kimi qiymətləndiririk. Təəssüf ki, gəncliyin də içində az sayda gənclər var ki, onlar da bu oyunlarda iştirak edir, yaxud bura cəlb edilirlər. Əsas məqsəd isə Azərbaycanın bu tempdə inkişafının qarşısının alınmasıdır. Lakin Azərbaycanı heç kim, heç bir qüvvə öz yolundan döndərə bilməyəcək. Azərbaycan gəncliyi də ağıllı, intellektual gənclik olaraq, dövlətə, vətənə, millətə yaxın olan və Azərbaycanı sevən gənclikdir.

- Azərbaycana qarşı oyunlarda iştirak edən L.Yunus kimi şəxslərin burada hansı maraqları var?

- Bu şəxslər xarici qüvvələrin maşalarıdır. Onlar antimilli fəaliyyətin qarşılığında müəyyən miqdarda qrantlar, maliyyə dəstəyi alırlar. Bu şəxslərin adları sənədlərdə azərbaycanlıdır. Ruhları isə qrant aldıqları xarici qüvvələrin ruhları ilə eynidir. Belə şəxslər Azərbaycanı sevməyənlərdir. Çünki dövlətini, vətənini, millətini sevən insan heç kimin maşası olmağa razılıq verməz. Təbii ki, bir insan mənliyini, vətənini satırsa, ondan nəsə gözləmək də absurddur.

- Son dövlər Ziyalılar Forumunda təmsil olunan bir sıra şəxslər də Azərbaycana qarşı siyasi oyunlarda iştirak edirlər. Misal üçün, Rüstəm İbrahimbəyovun incəsənətdən siyasətə atılması, ölkə haqqında mənfi fikirlər səsləndirməsini göstərmək olar.

- Ziyalılar hər bir ölkənin ictimai həyatında aktiv iştirak edən və cəmiyyət tərəfindən sevilən insanlardır. Lakin Ziyalılar Forumu kimi bir neçə qurumlarda və yaratmaq istədikləri digər belə təşkilatlarda təmsil olunanlara nəzər salsaq, onların arasında ziyalı kimi hərəkət edənlərin olmadığını görərik. Ölkə ziyalılarının hamısı isə dövlətin yanındadırlar və bu dövləti sevirlər. R.İbrahimbəyova gəlincə, deyə bilərəm ki, bu şəxs ola bilsin ki, vaxtilə yaxşı kinorejissor olub, yaxşı filmlər çəkib. Amma indi dövr dəyişib, texnologiyalar, ideologiyalar fərqlidir.

R.İbrahimbəyov indi siyasətə qoşulmağa cəhd edir. Belə bir atalar sözü var: "Qırxında öyrənən gorunda çalar". İndiyə qədər insanlar onu kinorejissor kimi tanıyıb və müəyyən hörmət bəsləyiblər. Amma o, yaşının bu vaxtında hansısa xarici qüvvələrin marağını qorumağa, onların sözünü deməyə başlayıb. Bu isə onun cəmiyyətdə qazandığı hörməti itirir. Təbii ki, biz belə halların olmasını istəmirik. R.İbrahimbəyov özünü siyasətçi kimi aparsa da, o nə güclü siyasətçidir, nə də yaşının o vaxtı deyil ki, bundan sonra siyasət öyrənsin. Hər halda gənclik olaraq bizim ona tövsiyəmiz odur ki, öz işi ilə məşğul olsa, xalqın yaddaşında yaxşı qalar. Xarici qüvvələrin diqtəsi ilə nəsə deməklə, hansısa hərəkat yaratmaqla heç nə dəyişən deyil. Onun siyasi nəticələr əldə etməyə nə qabiliyyəti, nə elektoratı var, nə də kimsə onu dəstəkləmir. Hesab edirik ki, R.İbrahimbəyov qazandığı hörmət kisəsindən yeyib, beləcə yaddaşlardan silinəcək.

- Seçkilərdə müxalifətin potensialını necə qiymətləndirirsiniz?

- Müxalifəti tükənmiş qüvvə olaraq qiymətləndirirəm. Hazırda ətraflarında onları dəstəkləyəcək heç bir qüvvə qalmayıb. Təkcə yaxınlarından, qohumlarından, dostlarından ibarət 5-10 nəfərlə nəsə etmək mümkün deyil. Əsas olan xalqdır və xalq onların hakimiyyətdə olduğu dövrləri yaxşı xatırlayır. Digər tərəfdən, müxalifətin insanları cəlb edəcək nə vahid proqramı, nə də gücü var. Hazırda müxalifət partiyaları arasında ziddiyyətlər gedir. Onlar bir-birini qəbul etmir, hansısa məsələlərdə ittihamlar irəli sürür, hərəsi öz maraqlarını önə çəkir. Danışdıqları isə havaya üfürülən sözlərdir. Bunu görən kütlə onlara normal müxalifət kimi baxarmı? Hesab edirəm ki, ağıllı kütlə bunu yaxşı dəyərləndirir və müxalifətin heç nəyə qadir olmadığını yaxşı bilir. Ümumilikdə isə müxalifətin potensialını sıfra bərabər qiymətləndirirəm.
Xəbər Lenti Giriş Populyar Reklam