Sizin reklam burada
Sizin reklam burada

Ermənilərin sosial mediada azərbaycanlı adı ilə informasiya hiyləsi – önləmə planı...

Ermənilərin sosial mediada azərbaycanlı adı ilə informasiya hiyləsi – önləmə planı...

“İlk növbədə azərbaycanlı adı ilə qeydiyyatdan keçən, bizim adımızdan istifadə edərək iş görən ermənilərlə bağlı ciddi araşdırma aparılmalıdır.

Azərbaycanın müvafiq strukturları öyrənməlidirlər ki, informasiya müharibəsi aparan kimlərdir, saytlarda Azərbaycan adından kimlər istifadə etməlidir.

Araşdırmaların nəticəsində adlar açıqlanmalıdır, dünyaya çatdırılmalıdır və beynəlxalq ictimaiyyətdə ifşa olunmalıdır".

Bu sözləri “Yeni Müsavat”a Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə müdafiə naziri Zakir Həsənovun “Bu gün azərbaycanlı adı ilə qeydiyyatdan keçən çoxsaylı ermənilər var” açıqlamasına münasibət bildirərkən vurğuladı.

Deputat hesab edir ki, Ermənistanla informasiya müharibəsində hələ görülməli çox iş var: “Ermənilər dünyaya səpələnib, peşəkar şəbəkəsi var və bizə qarşı hər cür üsuldan istifadə edirlər.

Bu gün onlar yaşadıqları ölkədə siyasi korrupsiyadan, mediadakı adamlarından istifadə edərək hərtərəfli iş aparırlar.

Ona görə biz də səfərbər olmalı, onlara peşəkar şəkildə cavab verməliyik. Çünki informasiya müharibəsi səngərdəki müharibə qədər əhəmiyyətlidir".

A.Mollazadənin fikrincə, həm sosial mediada, həm peşəkar mətbuatda ermənilərin fəaliyyəti, bizə qarşı addımları ilə bağlı informasiya toplanmalıdır:

“Bildiyim qədər Bakı Dövlət və Azərbaycan Dillər Universitetlərində erməni dili tədris proqramı hazırlanıb. Hesab edirəm ki, bu mütəxəssislər prosesə cəlb olunmalıdır.

Çünki Ermənistanda Azərbaycan dilini mükəmməl bilən xeyli erməni var, hətta Türkiyə mediasında çalışırlar, iş aparırlar.

O baxımdan Azərbaycan tərəfi də informasiya savaşında imkanlarını genişləndirməlidir".

İstanbulda yaşayan azərbaycanlı politoloq Ramiyə Məmmədovanın fikrincə, düşmənlə informasiya savaşında yanaşma dəyişməlidir.

Ekspertin sözlərinə görə, özümüz deyib, özümüz eşidək dövrü geridə qalıb: “Müdafiə naziri havadan söz deməyib. Görünür ki, əlində ciddi məlumatlar var. Bu məlumatlar digər strukturlarda da olmamış deyil.

Tovuz döyüşləri də göstərdi ki, ermənilər sosial şəbəkədən necə hiyləgərcəsinə istifadə edə, mütəşəkkil hərəkətlənə bilirlər.

Biz informasiya təhlükəsizliyi ilə bağlı addımlar atmalıyıq, təcrübəli kadrlarımızı beynəlxalq mediaya çıxarmalıyıq, erməni dili bilənlər üçün geniş şərait yaradılmalıdır, Qərb və Rusiya mətbuatına çıxış imkanlarımız artmalıdır, sosial şəbəkə fəalları arasında ingilis dilini yaxşı bilənlər bayağı müzakirələri, gündəmə işləyən replikaları kənara qoyub, ermənilərlə informasiya müharibəsində sistemli iş görməlidirlər".

Siyasi şərhçi ehtimal edir ki, sosial şəbəkə platformalarında azərbaycanlı adı ilə qeydiyyatdan keçən ermənilər Ermənistan xüsusi xidmət orqanlarının nəzarətində olan adamlardır:

“Onlar yaratdıqları saxta profillərlə Azərbaycanda ictimai rəyi çaşdırmağa çalışırlar. Amma Tovuz döyüşlərində Müdafiə Nazirliyinin operativ fəaliyyətini və peşəkar medianın fərziyyələrə uymadan dəqiq xəbərə üstünlük verməsini də qeyd etmək lazımdır. Yəni aprel savaşı ilə müqayisədə bu dəfə daha tədbirli, hazırlıqlı görünürdük”.

Qeyd edək ki, müdafiə naziri Zakir Həsənov gənclərlə görüşündə kifayət qədər ciddi mesaj verib.

Onun fikirlərindən aydın olur ki, nazir səhih informasiyalara malikdir və ermənilər sosial şəbəkələrdə Azərbaycan əleyhinə hiyləgər bir iş aparırlar.

Nazirin sözlərinə görə, düşmənin əsas işlərindən biri gənclərdə ölkəmizlə bağlı müxtəlif, xoşagəlməz fikirləri formalaşdırmaqdır.

Sitat: “Bu gün azərbaycanlı adı ilə qeydiyyatdan keçən çoxsaylı ermənilər var. Onların əsas məqsədi bir çox Azərbaycan gəncinin vətəninə, ölkəsinə, dövlətinə qarşı mənfi rəyini formalaşdırmaqdır”.

Z.Həsənov qeyd edib ki, mütləq şəkildə iki hədəfimiz olmalıdır: “İlk növbədə gənclər hər bir işdə həmrəy olmalıdırlar.

Digər məqam, biri-birimizə dəstək olmağımızdır. Biz daim çiyin-çiyinə vətən uğrunda döyüşlərə, onun müdafiəsinə hazır olmalıyıq".
“Yeni Müsavat”

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ