Sizin reklam burada
Sizin reklam burada

Paşinyan Qarabağ problemini növbəti dalana gətirəndən sonra... - TƏHLİL

Paşinyan Qarabağ problemini növbəti dalana gətirəndən sonra... - TƏHLİLQeyd edək ki, təkcə yerli yox, həm də “yaxın xarici” təmsil edən xeyli dərəcədə təcrübəli politoloqlar və siyasi təhlilçilər Tovuz istiqamətindəki son hərbi təxribatları Ermənistanın “inqilabçı demokratik hökuməti”nin təkcə neytral dünya birliyinə deyil, həm də Minsk Qrupunun həmsədrlərinə özünəməxsus cavabı kimi qəbul edirlər, yəni bununla Nikol demək istəyir ki, Azərbaycanla Ermənistan arasında ən azı tezliklə mülayimləşmə gözləmək əbəsdir, əksinə, iki ölkə arasında artan, davamlı xarakter alan hərbi gərginlik proqnozlaşdırmaq daha ehtimallıdır.

Ona görə də belə hesab olunur ki, çətin bu yaxınlarda diplomatik kontaktların növbəsi çatsın, çünki yeni erməni baş naziri özünün tamamilə düşünülməmiş, sərsəm addımları ilə prosesi elə bir dalana gətirib çıxarıbdır ki, ondan çıxmaq üçün təkcə Rusiya tərəfindən deyil, ümumiyyətlə, bütün Minsk Qrupu həmsədrləri tərəfindən ciddi səylər tələb olunur. Di gəl, vəziyyət belədir ki, bir tərəfdən pandemiya, digər tərəfdən isə ABŞ-da qarşıdan gələn prezident seçkilər siyasətçiləri və diplomatları tamamilə başqa problemlərin üzərində cəmləşməyə vadar edir, nəinki Dağlıq Qarabağ problemi üzərində.

Üstəgəl də politoloqların və beynəlxalq siyasət təhlilçilərinin, o cümlədən də hərbi ekspertlərin analizləri və düşüncələri daha çox prosesin hərbi - güc tərəflərinə yönəlibdir: kimsə daha çox son günlər ərzində baş tutan Azərbaycan-Türkiyə hərbi təlimləri üzərində diqqət cəmləşdirir, başqa birisi isə Ermənistanın güc strukturlarındakı, xüsusən də düşmənin müdafiə nazirliyindəki ən son kadr dəyişikliklərini ön plana çəkir və bu detalları analiz edir.

Odur ki, bir sual öz çılpaqlığı ilə daha çox diqqət çəkir: Azərbaycanla Ermənistan arasında böyük müharibə mümkündürmü? Bəli, ayın Dağlıq Qarabağ gündəminin ən əsas sualını məhz bu cür qoymaq lazımdı, çünki bir daha vurğulayaq ki, proses artıq diplomatik müstəvidən çıxıbdır və heç kim,- ən azı tezliklə,- onu geri qaytarmağı düşünmür.

Qeyd etdiyimiz kimi, düşmənin güc strukturlarında kadr dəyişiklikləri aparılır, onun cəbhə xəttinin və sərhədlərimizin müxtəlif istiqamətlərində təxribatları bitib-tükənmir - bütün bunlar təkrar-təkrar təkcə bizim yerli politoloqları yox, hətta əcnəbi ekspertləri belə, ilk öncə hərbi məsələlərin cavablarını axtarmağa vadar edir.

Məsələn, belə bir problem müzakirə olunur: Azərbaycan öz ərazisində Türkiyənin hərbi bazalarını yerləşdirə bilərmi? Yetərincə mürəkkəb olan bu suala cavab verməmişdən öncə qeyd edək ki, Türkiyə son illərdə çox nüfuzlu dövlətə çevrilibdi və təkcə Yaxın Şərqin, Şimali Afrikanın deyil, o cümlədən də bir NATO üzvü kimi Dünyanın digər problemlərinin də həllində çox yaxından iştirak edir.

Üstəlik qeyd etmək lazım gəlir ki, Ankara ermənilərin Tovuz istiqamətindəki hərbi təxribatlarına çox kəskin və konkret reaksiya verdi və açıq şəkildə bildirdi ki, Azərbaycanın seçimi Türkiyənin də seçimi və qərarı olacaqdır! Üstəgəl, heç bir ay belə keçmədi ki, iki yaxın müttəfiq böyük və birgə hərbi təlimlərə başladılar, özü də təkcə quru qoşunlarının iştirakı ilə yox!

Bilavasitə Türkiyənin hərbi bazalarına gəldikdə isə, bir sıra politoloqlarımız, birincisi, Azərbaycanın hərbi doktrinasının tələblərinə diqqət çəkirlər, hansılar ki, bir ölkə olaraq Azərbaycanın ərazisində əcnəbi hərbi bazalarının olmasını nəzərdə tutmur. Güman ki, ölkənin mövcud hərbi-siyasi statusu, onun Qoşulmama Hərəkatının üzvü olması, hazırda isə hətta ona başçılıq etməsi belə, bizə hansısa bir hərbi alyanslar yaratmağa imkan vermir.

Amma öz ərazi bütövlüyünü və suverenliyini qorumaq istənilən bir dövlətin, o cümlədən də Azərbaycanın ayrılmaz hüququdur və güman ki, zəruri anda Azərbaycan təkcə müvafiq beynəlxalq strukturlara yox, hətta bizə yaxın dövlətlərə də təkcə düşmənin təcavüzünün qarşısını almaq üçün yox, həm də işğal edilmiş ərazilərimizi qaytarmaq, ölkənin suverenliyini onun bütün ərazisinə şamil etmək üçün müraciət edə bilər.

Amma burada bir mühüm məqam var. Güman, Ermənistan elə bunu istəyir: bu ölkə artıq bir neçə dəfə KTMT -nı Azərbaycan - Ermənistan münaqişəsinə cəlb etməyə cəhd göstəribdir ki, Rusiya və Türkiyənin iştirakı ilə regional hərbi toqquşma yaratsın.

Qeyd edək ki, hələ ki KTMT ölkələri Ermənistanın təxribatlarına uymurlar, çünki bunun üçün ən azı əsas yoxdur - Azərbaycan yalnız öz ərazisini qoruyur.

Amma Rusiya özünün nökərini belə təxribatlardan çəkindirə də bilər, amma bunu etmir, ya da ki, prosesə o vaxt müdaxilə edir ki, Ermənistan üçün bir təhlükə yaransın, məsələn, Azərbaycanın ordusu düşməni işğal edilmiş ərazilərdən sıxışdırmağa başlasın.

KTMT-nin digər üzvlərinə gəldikdə isə, gəlin unutmayaq ki, Rusiya özünün geosiyasi iddialarını bir sıra gənc türk respublikalarının, yəni ki, Mərkəzi Asiyanın keçmiş sovet respublikalarının hesabına təmin edir və çətin ki, bu ölkələr Azərbaycana və Türkiyəyə qarşı hipotetik kampaniya zamanı Rusiyaya dəstək vermiş olsunlar.

Amma bəzən Rusiya tək də qərar verə bilir -məsələn, Gürcüstana qarşı müharibədə, Ukraynaya qarşı ilhaq zamanında olduğu kimi. Yada salaq ki, o zaman adını çəkdiyimiz iki ölkə hətta MDB müstəvisində qalmaqda idilər, nə Gürcüstan, nə də Ukrayna qurumdan tamam uzaqlaşmaq qərarı verməmişdilər.

Odur ki, bütün detalları öyrənməli və tələsməməliyik, çünki illər keçdikcə siyasi və diplomatik mövqelərimiz möhkəmlənir, bizim müttəfiqlərimiz çoxalır. Hələ onu demirik ki, ordumuz da peşəkarlaşır və onun döyüş qabiliyyəti artır. Bir məqama diqqət yetirin: Serbiya prezidenti Azərbaycan xalqından və onun prezidentindən demək olar ki, üzr istədi, halbuki, prinsipcə, bunu etməyə də bilərdi. Amma bu fakt bir daha göstərir ki, Azərbaycanın nüfuzu durmadan artmaqdadır, çünki onun xarici siyasəti stabil, məntiqli və prinsipialdır...
Hüseynbala Səlimov //musavat.com//

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ