Sizin reklam burada
Sizin reklam burada

Baş infeksionist çimərliklərin açılmasından danışdı

Baş infeksionist çimərliklərin açılmasından danışdı


Son bir həftədir ki, ölkədə COVİD-19-a yoluxanların sayında azalma müşahidə olunur. Əgər bundan əvvəl yoluxma sayı 500-550-dən aşağı düşmürdüsə, artıq bir həftədir ki, bu rəqəm 400-dən aşağıdır. Bu günün statistikasına görə isə ölkədə 332 yoluxma faktı aşkarlanıb.

Bəs bu cür azalma dinamikası bundan sonra da davam edə bilərmi?

Xeberleragentliyi.com xəbər verir ki, mövzu ilə bağlı ölkənin baş infeksionisti Cəlal İsayev Musavat.com-a danışıb:

"Çox sevindirici haldır ki, son vaxtlar ölkəmizdə koronavirusa yoluxanların sayında azalmalar var. Vəziyyət bu cür davam edərsə, karantin rejimində də yumşalmalar olar. Yəni bu bizim özümüzdən, qaydalara riayət etməyimizdən asılıdır.

Bundan əvvəl də ölkədə virusa yoluxanların sayında azalmalar oldu, karantin rejimi yumşaldıldı. Nəticədə virusa yoluxma kəskin şəkildə artdı. Bu səbəbdən ehtiyatlı davranmalıyıq".

Qeyd edək ki, tibb elmləri doktoru, professor Adil Qeybulla bu günlərdə açıqlamasında bildirmişdi ki, payız aylarından başlayaraq virus zəifləməyə başlayacaq.

Müsahibimiz bu məsələyə də münasibət bildirib:

"Virusun bundan sonrakı davranışı haqqında dəqiq proqnoz vermək mümkün deyil. Ola bilər ki, payız aylarında virus zəifləməyə başlasın. Lakin bunun əksi də mümkündür, yəni virus sürətlə yayıla bilər. Bunun baş verməməsi üçün hər zaman karantin qaydalarına ciddi cəhdlə əməl etməliyik".

Baş infeksionist yaxın vaxtlarda çimərliklərlə bağlı qadağanın da aradan qaldırıla biləcəyini deyib:

"Çimərliklərin açılması məsələsi mübahisəli olaraq qalır. Məlumata görə, çimərliklərin yaxın vaxtlarda açılması üçün Bakı şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi bu barədə söhbətlər apararaq tədbirlər sistemi hazırlamağa cəhd edirlər. Hesab edirəm ki, ölkədə yoluxma sayı azalma dinamikası ilə davam edərsə, bu məsələ də öz həllini tapar".

Cəlal İsayev son vaxtlar koronavirusdan ölənlərin sayının artması məsələsinə də toxunub:

"Uzun müddət idi ki, yoluxanların sayı yüksək rəqəmlərlə müşahidə olunurdu. Təbii ki, yoluxma sayı çox olanda ağır xəstələrin də sayı artır və beləliklə, ölüm faktları da artmış olur. Azalma dinamikası davam etdikcə yoluxanların, eləcə də ağır xəstələrin və ölənlərin sayı azalacaq".

Xatırladaq ki, bu gün Azərbaycanda koronavirus infeksiyasına 332 yeni yoluxma faktı qeydə alınıb, 573 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 29 312 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 21 547 nəfər müalicə olunaraq sağalıb, 400 nəfər vəfat edib, 7 365 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 037, ötən müddət ərzində isə ümumilikdə 667 819 test aparılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ