Sizin reklam burada
Sizin reklam burada

Havada SAVAŞ qoxusu var... - GƏLİŞMƏ

Havada SAVAŞ qoxusu var... - GƏLİŞMƏ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 6-da Qarabağ məsələsi ilə bağlı söylədiyi fikirlər işğalçı ölkəyə və münaqişənin tənzimlənməsində vasitəçi rolunu oynayan beynəlxalq dairələrə ciddi xəbərdarlıq kimi qiymətləndirilir.

Prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək deyib ki, Azərbaycanın mövqeyi tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanır. “Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək” - ölkə başçısı bəyan edib. Eyni zamanda Prezident bildirib ki, Azərbaycan ATƏT-in Minsk Qrupunudan başqa, konkret bəyanatlar gözləyir və onu eşitmək istəyir. “ATƏT-in Minsk Qrupu Ermənistanın baş nazirinin ”Qarabağ Ermənistandır" iddiasına niyə cavab vermir? Niyə cavab verilmir ki, bu ifadə əslində Minsk Qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir?"-Prezident sual edib. Ölkə rəhbəri qeyd edib ki, Azərbaycan danışıqları imitasiya üçün aparmaq niyyətində deyil.

Ölkə rəhbəri beynəlxalq təşkilatları Ermənistanda formalaşmış diktatura rejiminə heç bir reaksiya vermədiklərinə görə də tənqid edib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar bütün aparıcı beynəlxalq təşkilatlar müxtəlif vaxtlarda, o cümlədən son vaxtlarda açıq-aydın ifadələr işlədiblər, qərarlar, qətnamələr qəbul ediblər”. Dövlət başçısı qeyd edib ki, Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Lakin beynəlxalq qurumlardan buna adekvat cavab verilmir: “ATƏT MQ həmsədrləri Ermənistanın iddialarına bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verirlər” - deyən ölkə başçısı əlavə edib ki, Azərbaycan danışıqlar formatına sadiqdir, danışıqların mahiyyətini əsas götürür. “Ermənistanın baş naziri ”Qarabağ Ermənistandır" deməklə tamamilə danışıqların mahiyyətini yerə vurur. “Formatı dəyişmək lazımdır” fikri danışıqları əhəmiyyətsiz edir. Yəni buna adekvat reaksiya verilməlidir, yoxsa yox?!" Qondarma Dağlıq Qarabağda saxta seçkilər nəticəsində seçilməmiş saxta prezident Şuşada andiçmə mərasimi keçirir. Buna adekvat cavab verilir, yoxsa yox?! Nə üçün deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq. ATƏT MQ həmsədrlərinin bəyanatında əsas tezis odur ki, hərb variantı mümkün deyil".

Prezident çox mühüm bir məqama da toxunub. Sitat: “BMT-nin Nizamnaməsində ölkələrin özünümüdafiə hüququ təsbit olunub. ATƏT Minsk Qrupu özünü BMT-nin Nizamnaməsindən üstün hesab edir? Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparır. Bu məsələ ilə bağlı Minsk Qrupunun həmsədrləri açıqlama verir, yoxsa yox?! ATƏT-in axırıncı faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olub. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. ATƏT MQ həmsədrləri buna heç Azərbaycan ATƏT MQ həmsədrlərindən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir bir reaksiya vermirlər”. Prezident deyib ki, Azərbaycan dözümlülük göstərir və konstruktiv olmağa çalışır. Amma bu gün faktiki olaraq danışıqlar prosesi getmir. “Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur. Bu, sadəcə olaraq, Minsk Qrupunun sanki fəaliyyətdə olmasını göstərir. Azərbaycan danışıqları imitasiya üçün aparmaq niyyətində deyil”.

Ölkə başçısı kifayət qədər ciddi mesajlar verməklə yanaşı, danışıqlara nöqtə qoyulması vaxtının yetişdiyinə işarə edib. Bu isə Azərbaycan xalqının çoxdan gözlədiyi günün anons edilməsi, Ermənistanın isə fəlakət astanasında olması anlamını verir.

Ali Baş Komandanın bu xəbərdarlıqlarından sonra Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ön xətt bölmələrində xidmət edən hərbi qulluqçularla görüşüblər. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ali Baş Komandan İlham Əliyevin son çıxışlarından irəli gələn tələbləri diqqətə çatdıran müdafiə naziri bu tələblərin gündəlik xidməti fəaliyyətdə rəhbər tutulmasını tapşırıb. Əməliyyat şəraitinin vəziyyəti barədə məruzələri dinlədikdən sonra müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və bölmələrin daim döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə müvafiq tapşırıqlar verib.Düşmənlə təmas xəttindəki vəziyyəti qiymətləndirən nazir qarşıda duran vəzifələri şəxsi heyətə çatdırıb. Bölmələrdəki şəraitlə tanış olan nazir ön xətdə xidmət edən hərbi qulluqçularla da görüşüb, onların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin dövlətimizin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini vurğulayıb.

Bir çox müşahidəçilər hesab edirlər ki, bütün bunlar savaşın qapıda olmasının anonsudur.

Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə də “Yeni Müsavat”a açıqlamasında böyük savaşı real saydı: “Hərbi əməliyyatların bərpası hər an mümkündür. Bu məsələ daim gündəmdədir. Ermənistan bilməlidir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyənə qədər daim bu mövqedə olacaq. Azərbaycan öz ordusunu, özünün müdafiə qabiliyyətini ərazi bütövlüyünü təmin etmək üçün formalaşdırıb. Cənab Prezidentin həm dövlət başçısı, həm Ali Baş Komandan kimi çıxışı onu göstərdi ki, Azərbaycan Ermənistandan konstruktiv mövqe gözləyir və Ermənistana bir qarış torpağını da güzəştə getmək fikrində deyil. Bu məsələdə Azərbaycan beynəlxalq təşkilatların susqunluğunu da qəbul edə bilməz. Ermənistanda hakimiyyətlərin formasını dəyişməsinə baxmayaraq, mahiyyətini dəyişməməsi də qəbulolunmazdır”.

A.Mirzəzadə şübhə etmir ki, Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə bölgəsinə getməsi Ali Baş Komandanın tapşırığı ilə baş verib: “Bu, birbaşa yerində hərbi gücümüzün təftiş olunması deməkdir. Eyni zamanda ərazi bütövlüyümüzü müdafiə etmək üçün suveren dövlət olaraq hüququmuzdan həmişə istifadə etməyə bizim ixtiyarımız var”.

Deputat Arzu Nağıyev isə bir az fərqli qənaətdədir: “Düşünmürəm ki, bu, müharibənin başlanması ilə nəticələnəcəkdir. Birinci ən vacib məsələ nə qədər təəccüblü olsa da, koronavirusla bağlı yaranmış vəziyyətdir. Belə bir vaxtda müharibənin başlanması inandırıcı deyil. Çünki bunu heç kim qəbul etməz və başa düşülməsi də mümkün deyil. Lakin bu son xəbərdarlıq kimi də dəyəndirilə bilər. Ermənilərin ən son bəyanatına görə, yenə də əsas məsələ qondarma qurumun uzunmüddətli təhlükəsizliyi və statusun saxlanması məsələsidir. Bundan başqa, cəmiyyətin sülhə hazırlığı, üçüncü tərəf kimi iştirakı təmin etməkdir. Yəni məsələnin sülh yolu ilə həlli üçün guya zəmin yaratmaqla belə bir mesaj verən ermənilər hər hansı hərbi əməliyyat başlayarsa, bunu Azərbaycan tərəfinin adına yazmağa çalışırlar və indidən özlərini sığortalamağa çalışırlar. Hətta Paşinyanın qondarma qurumun adını icma kimi çəkməsi də öz aralarında qıcıq yaratsa da, bunun qəsdən edildiyi məlumdur”.

A.Nağıyevin sözlərinə görə, Minsk Qrupu təəssüf ki, hələ də deklorativ bəyanatlardan başqa bir iş görmür: “Lakin müharibənin qarşısının guya bunlar tərəfindən alındığı ilə bağlı anonslar verir. Rusiya tərəfi hər hansı bir irəliləyişin olmamasını desə də optimizmin olduğunu təkrarlayır. Rusiya əvvəllər problemin həlli ilə bağlı mərhələli plan haqqında danışsa da ermənilər bunu təkzib etdi. ABŞ və Fransa isə həmişə olduğu kimi, ciddi bir fikir və ya münasibət bildirmirlər. Yəni keçirilən görüşlər və bəyanatlar münaqişənin həlli ilə bağlı heç bir irəliləyişin olmadığından xəbər verir. Regional və beynəlxalq oyunçu dövlətlər də narahat olmalıdır ki, bu proseslər ciddi bir hərbi toqquşmaya gətirib çıxara bilər, onda artıq danışıqlar və bəyanatlar da gec olacaq. Çünki Azərbaycan heç vaxt ərazi bütövlüyünə olan təcavüz və işğalla razılaşmayacaq və ərazidə də ikinci erməni dövləti olmayacaq. Bunu tək ermənilər yox, dünya ictimaiyyəti də anlamalıdır”.

Düşmənin təxribatlardan əl çəkməməsi də danışıqların İrəvan üçün sadəcə vaxtı uzatmaq üçün vasitə olmasını təsdiqləyir. Məlumata görə, ötən sutka ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 78 dəfə pozub. Bu vəziyyət isə əbədi davam edə bilməz. Hər halda, dövlət başçısının xəbərdarlığını ciddiyə almayanlar peşman olacaqlar...

Prezidentin dediyi kimi, aprel döyüşləri unudulmamalıdır...
“Yeni Müsavat”

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ