İyulun 5-dən sonra yumşalma olacaqmı... - Sərt karantin rejiminin bir həftəsi » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » İyulun 5-dən sonra yumşalma olacaqmı... - Sərt karantin rejiminin bir həftəsi

İyulun 5-dən sonra yumşalma olacaqmı... - Sərt karantin rejiminin bir həftəsi

Müəllif: cavidan
//
30 Haziran 2020
//
//

İyulun 5-dən sonra yumşalma olacaqmı... - Sərt karantin rejiminin bir həftəsi


İyunun 29-da ölkədə sərtləşdirilmiş karantin rejiminin bir həftəsi tamam oldu. Bəs bu bir həftədə nələr müşahidə edildi?

Öncə qeyd edək ki, mütəxəssislərin də əvvəlcədən proqnozlaşdırdığı kimi, bu müddət ərzində həm yoluxanların, həm də virusdan ölənlərin sayında artım müşahidə edildi. Belə ki, artıq bir neçə gündür ki, virusa yoluxanların sayı 500-dən çox olur. Eləcə də hər gün virusdan ölənlərin sayı ən azı 5 nəfər olur. Məsələn, təkcə iyunun 28-də ölkədə 534 nəfər yoluxma sayı, 5 nəfərin isə ölüm faktı qeydə alınıb.

Təəssüf ki, virusa yoluxanlar və ölənlər arasında həkimlərin də sayı artmağa başlayıb. Ötən həftə koronavirusun qurbanı olan həkimlər arasında tanınmış anestezioloq-reanimatoloq Ceyhun Hacıyev də var. Məlumata görə, həkim təhlükəli virusa rayona yas mərasiminə gedərkən yoluxub və əlamətlər hiss olunduqdan sonra xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Daha bir məşhur həkim, Respublika Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin baş mütəxəssisi, damar cərrahı, 63 yaşlı Faiq Yusibov da ötən həftə adı çəkilən virusdan dünyasını dəyişdi.

Təkcə həkimlər deyil, artıq məhkəmə hakimləri və işçiləri arasında da koronavirusa yoluxanların və virusdan dünyasını dəyişənlərin sayı artmağa başlayıb. Ötən həftə iki məhkəmə hakiminin virusdan dünyasını dəyişdiyinin şahidi olduq. İyunun 28-də Bakı Apelyasiya Məhkəməsinin hakimləri Müseyib Hüseynov və iyunun 26-da Namiq Məmmədov koronavirusdan dünyasını dəyişdi. Bakı Apelyasiya Məhkəməsinin digər hakimi Əflatun Qasımov isə iyunun 13-də virusdan vəfat etmişdi.

Bəs son vaxtlarda həkimlər və məhkəmə hakimləri arasında virusa yoluxma halları niyə bu qədər artıb?

Pravda.az-ın xəbərinə görə, məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla danışıb. Professor öncə ötən həftə ilə bağlı müşahidələrini qeyd edib: “Bu sərt karantin rejimindən əvvəl artıq çoxlu sayda insan koronavirusa yoluxmuşdu. Çünki insanlar sosial məsafə gözləmir, maska taxmaq istəmirdilər. Şahidi olduq ki, insanlar Bakının mərkəzi küçələrindən biri olan Nizami küçəsinə, bulvara axın edirdilər, bina evlərinin həyətlərində birlikdə oturub çay içir, domino oynayırdılar. Bəziləri yenə də görüşüb, qucaqlaşırdı. Nəticədə virusa yoluxanların sayı həddindən artıq artmağa başladı”.

Adil Qeybulla qeyd etdi ki, sərt karantin rejimində belə insanlar yenə də qaydalara əməl etmək istəmir: “Bunun adı karantindir və boş yerə polisləri yorurlar. İnsanlar yenə də real vəziyyəti anlamaq istəmir, qaydalara əməl etmirlər”.

Bəs bundan sonra bizi nə gözləyir? 5 iyuldan sonra hökumət karantin rejimində yumşalmaya gedəcəkmi?

Adil Qeybulla suallarımıza cavab olaraq bildirdi ki, yaxın günlərdə vəziyyət daha da dramatik ola bilər: “Yaxın günlərdə ölkəmizdə koronavirus pik həddinə çatacaq. Bundan sonra virus yavaş-yavaş səngiməyə doğru gedəcək. Qeyd etdiyim kimi, hələ bir neçə gün vəziyyət daha da dramatik olacaq. Səbəb yenə də insanların məsuliyyətsizliyidir”.

Adil Qeybulla son vaxtlar həkim və məhkəmə hakimləri arasında da yoluxma sayının artmasından danışıb: “Məhkəmə hakimləri kosmosdan gəlməyib ki? Onlar da insandır və gün ərzində nə qədər insanla təmasda olurlar. Bəziləri isə qaydalara əməl etmir, qapalı yerlərə gedir, restoranlarda otururlar.

Qapalı yerlərdə, xüsusən də kondisioner işləyən məkanlarda virusa yoluxma ehtimalı daha çoxdur. Əgər bir otaqda xəstə insan varsa, kondisionerin havası ilə digər insanlar da rahat şəkildə virusa yoluxa bilir. Çox təəssüf ki, insanlar deyilən tövsiyələrə əməl etmək istəmir, bu təhlükəyə ciddi yanaşmır. Bəzən virusun təsirindən xəstənin ciyərinin 40-50 faizi zədələnmiş hala düşür, lakin biz xəstəyə anlada bilmirik ki, ciddi müalicə almalıdır. Düşünürəm ki, sərt karantin rejiminə davam etməkdənsə, insanların rayonlara getməsinin qarşısını almaq, maarifləndirmə işləri aparmaq lazımdır. İnsanlar artıq boş-boş əfsanələrdən əl çəkməli, şüurlu şəkildə reallığı qəbul edib, əsl vətəndaşlıq nümayiş etdirməli, bir-birilərini yoluxdurmamalıdırlar”.

Xatırladaq ki, sərt karantin rejimi günlərində, yəni iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı oldu. Açılışda ölkə prezidenti İlham Əliyev də iştirak edib. Prezident də çıxışında ölkədə bütün tələblərə baxmayaraq, bəzi insanların yenə də məsuliyyətsizlik göstərdiyini, elementar qaydalara riayət etməməsini qeyd edib.

Prezident həmçinin maska rejiminin pozulmasına görə məsliyyətin sərtləşdirilməsinin mümkünlüyünü də anons etmişdi:

“Əgər müəssisələrdə rəhbərlər görsələr ki, onların işçiləri maska taxmır, tədbir görməlidirlər. Əgər belə davam edərsə, mən cərimələrin məbləğinin artırılmasını tapşıraram”.

Qeyd edək ki, iyunun 29-da Milli Məclisin növbədənkənar iclasında tibbi maska taxmamağa görə cərimələrin artırılması müzakirəyə çıxarılaraq, qəbul edilib.

Xatırladaq ki, Azərbaycanla sərhəd olan İranda və Türkiyədə də maska taxmaq məcburiləşdirilir. Məsələn, Türkiyənin 48 şəhərində maska taxmaq məcburidir. Buna əməl etməyənlər müxtəlif bölgələrdə fərqli məbləğdə cərimələnir. Belə ki, iyunun 19-dan etibarən İstanbul şəhərində maska taxmayan şəxslər 900 lirə (təxminən 224 AZN) məbləğində cərimələnir.

İranda isə iyulun 5-dən 21-dək ölkədə maskadan istifadə məcburi olacaq.Musavat.com
Xəbər Lenti Giriş Populyar Reklam