Sizin reklam burada
Sizin reklam burada

Avropa Məhkəməsi Ramil Səfərov barədə QƏRAR ÇIXARDI - YENİLƏNİB

Avropa Məhkəməsi Ramil Səfərov barədə QƏRAR ÇIXARDI - YENİLƏNİB
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, mayın 26-da Azərbaycanla bağlı növbəti qərarını elan edib.

Bu qərar ermənilərin Azərbaycana və Macarıstana qarşı iddiası üzrədir. Qərar 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya edilmiş Ramil Səfərovun işi ilə bağlıdır.

AİHM hesab edib ki, bu işdə Konvensiyanın 2-ci (yaşamaq) (Azərbaycan), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozuntusuna yol verilib. Nə Azərbaycan, nə də Macarıstan Konvensiyanın 38-ci maddəsinə (Məhkəmə işinin araşdırılması) əməl etməyiblər.

Azərbaycan ərizəçilərə 15 min 143,33 funt strerling təzminat ödəməlidir. Təzminat xərc və məsrəflərə görədir.

Ermənilərin digər iddiaları rədd edilib. Bildirək ki, R.Səfərovun işi üzrə ermənilər maddi və mənəvi zərərin əvəzi ilə bağlı tələb irəli sürməmişdilər.

Onlar tələb etmişdilər ki, Məhkəmə cavabdeh dövlətin üzərinə R.Səfərovun əfv edilməsi qərarının ləğv olunması barədə ümumi tədbir məcburiyyəti qoysun. AİHM öz qərarında bununla bağlı qeyd edib ki, işin hallarının işığında Azərbaycana münasibətdə hər hansı ümumi və ya fərdi tədbirlərin görülməsi öhdəliyini məqsədəuyğun saymır.

İşin materiallarına görə, Ermənistanın işğalı altında olan Cəbrayıl rayonunda doğulan Ramil Səfərov 2004-cü ildə NATO proqramları çərçivəsində Macarıstanda keçirilən üç aylıq ingilis dili kurslarına qatılıb. O, kurs yoldaşı, əslən erməni olan Qurqen Markaryanı təhqirə görə qətlə yetirib və 2006-ci il, aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum olunub. 2012-ci ildə Macarıstan hökuməti Azərbaycanın müvafiq müraciəti üzrə R.Səfərovu Azərbaycana təhvil verib, o, Azərbaycanda əfv olunub.

Həmin vaxt vəfat etmiş erməni hərbçisinin ailəsi hüquqi prosedurları başladıb, yekunda AİHM-ə şikayət edib. Ərizəçilər iddia edirdi ki, hərbçinin Azərbaycanda əfv edilməsi Konvensiyanın 2-ci maddəsi ilə təminat altına alınan yaşamaq hüququna uyğun olmayıb. Eyni zamanda AİHM qarşısında ayrıseçkiliyin qadağan olunması hüququ (Maddə 14, ekstradisiya edilmiş hərbçinin əfv edilməsi, rütbə verilməsi ilə etnik məzmunlu nifrət iddiası) və 38-ci maddənin (dövlətin səmərəli təhqiqat üçün zəruri şəraiti yaratması) pozuntusunu mübahisələndirmişdilər.

Ərizəçilər bundan əlavə, R.Səfərovun Azərbaycanda həbs cəzasının qalan hissəsini çəkəcəyi mövzusunda məcburedici təminat almadan Azərbaycan tərəfinin tələbini təmin etməsi ilə Macarıstanın Konvensiyanın 2-ci maddəsini pozduğunu da iddia edirdilər. (Musavat.com)


***11:39
Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM - Avropa Məhkəməsi -red.) Azərbaycana və Macarıstana qarşı "Ramil Səfərovun işi" ilə bağlı qərarını açıqlayacaq.
Məhkəmənin saytında verilən məlumata görə, Ermənistandan olan iki şikayətçi - qətlə yetirilmiş Qurqen Marqaryanın babası Samvel Minosyan və Hayk Mukuçyan Azərbaycan və Macarıstana qarşı şikayət veriblər.
Məlumatda deyilir ki, şikayətçilər Azərbaycanı Avropa İnsan Haqları Konvensiyasının yaşamaq hüququnun (2-ci maddə) və etnik ayrı-seçkiliyin qadağan olunması (14-cü maddə) maddələrinin pozulması ilə ittiham edirlər. Bundan başqa, Macarıstan ekstradisiya əlaqədar olaraq "məcburedici təminat almadan Azərbaycan tərəfinin tələbini təmin etməsi" (2-ci maddə) ilə ittiham olunur.
Yeniavaz.com xəbər verir ki, Ramil Səfərov BBC News Azərbaycancaya məsələ ilə bağlı şərh verməyib.
Vəkil Əsabəli Mustafayev ehtimal edir ki, məhkəmədə həm Macarıstan, həm Azərbaycan tərəfdən "insan haqlarının pozuntusu tanına bilər".
"Belə ehtimal edirəm ki, Avropa Məhkəməsi ikinci maddəni, yəni yaşamaq hüququnun pozuntusunu tam tanıyacaq. Ola bilsin ki, 14-cü maddə də, etnik ayrı-seçkilik maddəsinin də pozuntusu tanınsın", - o deyib.
Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev ekstradisiya və əfvlə bağlı deyir ki, Macarıstan beynəlxalq müqavilə, Azərbaycan isə daxili suveren qərarla bu işi həyata keçirib.
O ehtimal edir ki, "etnik ayrı-seçkilik məsələsində pozuntu tanına bilər, amma onun geri qaytarılması və cəzasını çəkməsi tələb edilə bilməz".
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərə görə, bu, "konkret şəxslər arasında baş vermiş bir hadisədir".
"Dünyada minlərlə Azərbaycan vətəndaşı Ermənistan vətəndaşı ilə qarşılaşır, bir yerdə yaşayır, mübahisə edir, susurlar, amma birinin digər birini öldürməsi çox nadir hadisədir. Bu etnik zəmində yox, emosional, affekt vəziyyətində baş vermiş hadisədir", - İsa Qəmbər BBC News Azərbaycancaya bildirib.
Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektor müdiri və Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin müavini Çingiz Əsgərov bu işlə bağlı şərh verməyin "tez olduğunu" deyib.

Nə baş verib?
Azərbaycanın hazırda Ermənistanın nəzarətində olan Cəbrayıl rayonunda doğulan 43 yaşlı Ramil Səfərov 2004-cü ildə Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən üç aylıq ingilis dili kurslarına qatılıb.
Həmin ilin fevralın 19-da, kursun bitməsinə 20 gün qalmış kurs yoldaşı, əslən erməni olan Qurqen Marqaryanı təhqirə görə qətlə yetirib.
O, 2006-ci ilin aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.
2012-ci ildə Ramil Səfərov Macarıstandan Azərbaycana ekstradisiya olunub və elə həmin vaxt Prezident İlham Əliyev tərəfindən əfv olunub.
Ramil Səfərov əfv olunduqdan sonra yerli mətbuatda onun mayor rütbəsi ilə təltif olunması, Macarıstanda həbsdə qaldığı illərdə yığılmış məvacibinin ödənilməsi və mənzil bağışlanılması ilə bağlı məlumatlar dərc olunub.
O, həbsdə olduğu müddətdə Maqda Sabonun "Qapı", Ferens Molnarın "Pal küçəsinin oğlanları" kitablarını macar dilindən azərbaycan dilinə tərcümə edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ