Sizin reklam burada
Sizin reklam burada

Rahim Əliyev COVİD-19 pandemiyası dövründə Azərbaycanın səhiyyə sahəsinə aid beynəlxalq aləmdə tutduğu mövqeyi və qazandığı uğurlardan danışıb

Rahim Əliyev COVİD-19 pandemiyası dövründə Azərbaycanın səhiyyə sahəsinə aid beynəlxalq aləmdə tutduğu mövqeyi və qazandığı uğurlardan danışıb
Səhiyyə nazirinin müavini Rahim Əliyev ARB TV telekanalının "Həftəyə baxış" adlı verilişində çıxış edib, COVİD-19 pandemiyası dövründə Azərbaycanın səhiyyə sahəsinə aid beynəlxalq aləmdə tutduğu mövqeyi haqqında danışdı.

İlk növbədə, nazir müavini Azərbaycanın beynəlxalq səhiyyə tədbirlərində hər zaman fəal iştirak etməsi haqqında söhbət açdı. Rahim Əliyev bir neçə belə tədbirlərin keçirilməsi haqqında tamaşaçılara ətraflı məlumat verdi. Nazir müavini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 10 aprel 2020-ci il tarixində videokonfrans vasitəsilə keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının “COVİD-19 pandemiyası ilə mübarizədə həmrəylik və əməkdaşlıq” mövzusunda fövqəladə Zirvə görüşü haqda danışdı. Şuraya üzv dövlətləri ilə aparılan danışıqların nəticəsində 28 aprel 2020-ci il tarixində videokonfransın keçirilməsi haqqında razılıq alındı. Onlayn konfransda bir sıra səhiyyə rəsmiləri çıxış etdilər. Hər bir iştirakçı öz ölkəsində COVİD-19 pandemiyası üzrə sanitar-epidemioloji vəziyyət, səhiyyə infrastrukturu, diaqnostika və müalicə, karantin tədbirləri və digər məsələlər ətrafında çıxışlar etdi. Yekun olaraq, Türk Şurasının Sammitində qəbul edilən bəyannamənin müddəalarının yerinə yetirilməsinə dair bir sıra qərarlar qəbul edildi.

Veriliş qonağının qeyd etdiyi digər tədbir 18-19 mayda dünyada mövcud COVİD-19 pandemiyası şəraiti ilə əlaqədar videokonfrans formatında baş tutmuş 73-cü Ümumdünya Səhiyyə Assambleyası oldu. Ümumdünya Səhiyyə Təşkilatına üzv olan 194 dövlətin nazirləri və bir sıra beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə keçən onlayn görüş zamanı COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, epidemioloji nəzarət, karantin qaydalarının həyata keçirilməsi, qazanılmış müsbət təcrübədən istifadə, mütəşəkkillik və görüləcək işlərin müzakirələri aparıldı. Assambleyanın keçirilməsi zamanı Azərbaycan tərəfi beynəlxalq təsisatlarla və dünya birliyi ilə bundan sonra da əməkdaşlıq etməyə hazır olduğunu bildirdi. Bundan sonra Rahim Əliyev 4 mayda baş verən Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin COVİD-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünü də xüsusi qeyd etmək istədiyini bildirdi. Azərbaycan Respublikası Prezidenti və QH-nın hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında təşkil olunmuş görüşdə QH üzv dövlətlərindən 25 dövlət və hökumət başçısı, 1 vitse-prezident, 1 baş nazirin müavini və 11 nazir iştirak etmişdir. Bu vacib tədbirin nəticəsi olaraq, QH üzv dövlətləri tərəfindən Bəyannamə qəbul edilmiş və QH-nın COVİD-19 pandemiyasına qarşı mübarizə üzrə İşçi Qrupu təsis edilmişdir. Qrupa QH üzv dövlətlərinin pandemiyaya qarşı mübarizədə əsas tibbi, sosial və humanitar ehtiyaclarının əks olunacağı vahid məlumat bazasının hazırlanması tapşırılmışdır. Rahim Əliyevin sözlərinə görə, bu kimi tədbirlərin önəmliyi və müsbət təsiri göz önündə və şübhəsizdir.

Verilişdə toxunulan məsələlərdən biri dünya miqyasında COVİD-19 pandemiyası ilə mübarizə aparmaq məqsədilə Azərbaycan səhiyyəsi tərəfindən atılmış addımlar da oldu. Səhiyyə nazirinin müavini Rahim Əliyev bu mövzuya aid təfərrüatlı məlumat verdi: “Bildiyiniz kimi, artıq 30 ilə yaxındır ki, Azərbaycan Ümumdünya Səhiyyə Assambleyasının (ÜST) üzvüdür və onunla sıx əməkdaşlıq həyata keçirir. Bu əməkdaşlıq münasibətləri Azərbaycan Respublikasının müvafiq nümayəndə heyətlərinin Ümumdünya Səhiyyə Assambleyası, ÜST-ün İcraiyyə Şurası, ÜST-ün Avropa Regional Ofisinin sessiyaları, o cümlədən, il ərzində ÜST çərçivəsində keçirilən iclaslar, beynəlxalq konfrans və təlimlərdə fəal iştirakı və ÜST nümayəndələrinin müxtəlif illərdə Azərbaycan Respublikasına etdikləri rəsmi səfərlərdə özünü göstərir”.

Söhbət zamanı nazir müavini dəfələrlə dünyada müsbət qəbul olunan, dövlətimiz tərəfindən həyata keçirilən kompleks qabaqlayıcı tədbirlər haqqında da söhbət açdı. Onun fikrinə görə, buna səbəb olan bir neçə amilə diqqət yetirmək lazımdır. Xəstəlik elan olunan gündən ölkə Prezidenti cənab İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu məsələ ilə bağlı qərarları və göstərişləri nəticəsində bu məsələnin həlli üçün bütün dövlət qurumları cəlb olunub, səfərbər edildi. Buna görə də ÜST COVİD-19 epidemiyasının pandemiya elan edəndə ölkə artıq epidemiya dalğasının geniş miqyasda yayılmasının qarşısını alırdı. Məsələn, pandemiya elan edilməsindən əvvəl sərhədlərdə müvafiq tədbirlər artıq görülmüşdü. Bundan başqa, qısa müddət ərzində koronavirusa yoluxan xəstələrin müalicəsi üçün xüsusi səhiyyə müəssisələri ayrılmışdı, modul tipli xəstəxanalar inşa edilmişdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə koronavirusla mübarizə sahəsində bütün vaxtında görülən tədbirlər ölkəmizi COVİD-19 ilə mübarizədə nümunəvi ölkələr sırasına əlavə etdiyini xüsusi vurğulayan Rahim Əliyev, müsahibəsini davam etdirdi.

Verilişin sonunda Azərbaycan Respublikası səhiyyə nazirinin müavini tamaşaçılara karantindən çıxış dövrü ilə əlaqədar bir neçə məsləhət verdi. O dedi: “Artıq bəllidir ki, dövlət öz tərəfindən bütün lazımi tədbirləri görür. İndi məsuliyyət hər birimizin üzərindədir. Hamını nümunəvi intizam, yüksək şüurluluq və birlik göstərməyə çağırıram”. Nazir müavini Ramazan bayramı ərəfəsində karantin rejiminin kifayət qədər yumşaldılmasını qeyd edib, məhz bu müddətdə hər bir vətəndaşın üzərinə düşən sosial məsuliyyəti dərk etmək və sanitar-gigiyenik qaydalara riayət etməyin olduqca vacib olduğunu vurğuladı. Rahim Əliyev öz çıxışını Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik etməklə tamamladı.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ