Sizin reklam burada
Sizin reklam burada

Böhranın ən çox ziyan vurduğu orta təbəqəni xilas planı - TƏHLİL

Böhranın ən çox ziyan vurduğu orta təbəqəni xilas planı - TƏHLİL
Koronavirus pandemiyası dünyanın əksər ölkələrində müəssisələrin bağlanmasına, yaxud fəaliyyətinin məhdudlaşmasına gətirib çıxartdı. Bu prosesdən ən çox zərər çəkən bütün dünyada orta təbəqə - kiçik və orta biznesdir. Buna görə də hökumətlərin iqtisadiyyata yardım proqramlarının əsasında məhz bu təbəqə dayanır. Çünki müasir iqtisadiyyatın əsasında kiçik və orta sahibkarlıq dayanır. Məsələn, Çində sayı 30 milyona yaxın olan kiçik və orta sahibkarlıq subyektləri ölkənin Ümumi Daxili Məhsulunun 60 faizdən yuxarısını yaradır, bu sektor ölkə üzrə toplanan vergilərin yarıdan çoxunu təmin edir. Bu müəssisələrdə Çinin məşğul əhalisinin 80 faizdən yuxarısı çalışır. Kiçik və orta biznes ABŞ-da ÜDM-in 53 faizini, Rusiyada isə 22 faizini yaradır.

Buna görə də dünya ölkələrinin antiböhran tədbirlərinin mühüm hissəsi məhz kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəldilir. Hər dövlətin həyata keçirdiyi tədbirlər həcminə görə fərqlidir. Məsələn, ABŞ-da kiçik və orta biznesi dəstəkləmək üçün iki proqram tətbiq olunub. Onların ümumi dəyəri 730 milyard dollar təşkil edir. Bu proqramların əsasında kiçik və orta sahibkarlıq subyektlərinə əmək haqqının saxlanması üçün 1 faizlə kredit verilməsi dayanır. Aldığı kreditlə işçilərin 90 faizini 1 mart-30 iyun tarixlərində işdə saxlayan, yaxud yeni işçi götürən sahibkarların aldıqları kredit qranta çevrilir və geri qaytarılmır.

ABŞ-da 5,5 milyon kiçik və orta sahibkarlıq subyekti var ki, onların da 90 faizinin işçi sayı 20 nəfərdən aşağıdır. Bundan əlavə, ölkədə 25 milyona yaxın fərdi sahibkar fəaliyyət göstərir. ABŞ hökumətinin bu subyektlərə dəstəyinin bir istiqamətini də vergi tətilləri, icarə haqqında güzəştlər təşkil edir.

İsveçrədə martın 25-də kiçik biznesə dəstək proqramı qəbul edilib. Dəyəri 20 milyard frank olan proqramın icrasına 4 gün ərzində start verilib. Daha sonra aprel ayında hökumət onun həcmini 40 milyard franka çatdırıb. Proqram biznesin 500 min franka qədər aldığı kreditin 100 faiz, 20 milyon franka qədər olan kreditlərinin isə 85 faiz dövlət zəmanətinə alınmasını nəzərdə tutur. Bu zaman dövlət zəmanəti verilən kreditlər üzrə faiz dərəcəsi 0,5, qalan 15 faizlik hissə üçün bazara uyğun hesablanır.

Böyük Britaniyada şirkətlərə işçiləri saxlamaq üçün yardım proqramı 60 milyard funtsterlinq (75 milyard dollar), kreditlərə dövlət zəmanəti proqramı isə 330 milyard funt (ölkə ÜDM-nin 15 faizi həcmində) məbləği əhatə edir. İşini dayandıran müəssisələrin əmək haqqı fondunun 80 faizi dövlət tərəfindən ödənilir. Özünüməşğul şəxslər də son 3 il üzrə orta aylıq qazancın 80 faizi miqdarında dövlətdən əvəzsiz yardım alırlar.

Fransada kiçikli-böyüklü biznesi dəstəkləmək üçün 45 milyard avro ayrılıb. Bu zaman divident ödəyən şirkətlər proqrama daxil edilmir. Bundan əlavə, dövlət əməkdaşlarını işdən çıxarmayan müəssisələrin əmək haqqı fondunun 84 faizini ödəyir. Daha bir güzəşt proqramı bütün müəssisələr üçün vergi və sosial sığorta haqqı ödənişi müddətinin uzadılmasını, kiçik sahibkarlar üçün bu qaydanın kommunal ödənişlərə də şamil edilməsini nəzərdə tutur.

Almaniya hələ ki dünya ölkələri arasında ən keyfiyyətli və təkmil yardım proqramı həyata keçirən ölkədir. Burada biznesə və fərdi sahibkarlara, əhaliyə dəstək proqramları qısa müddətə və yüksək keyfiyyətlə tətbiq olunmağa başlayıb. Almaniya İnkişaf Bankı olan KfW 500 milyard avro dəyərində kreditlərə dövlət zəmanəti təqdim edib. Xüsusi yaradılmış Antiböhran Fondu 400 milyard avro kreditə zəmanət verməyi, 100 milyard avroluq qrant verməyi, həmçinin kapitalın artırılması üçün birbaşa 100 milyard avro yardım etməyi hədəfləyib. Verilən kreditlər üzrə faiz dərəcəsi 1-dir.

Şimal qonşumuz olan Rusiyada martda biznesə dəstək üçün qəbul edilən ilk dəstək proqramı əsasən 1,1 minə qədər iri müəssisələr üçün idi. Daha sonra aprelin sonlarında hökumət kiçik və orta biznesə dəstəyə köklənmiş ikinci paketi qəbul edib. Paket kiçik və orta sahibkarlara birbaşa dövlət yardımı, vergi və kredit tətilləri və digər tədbirləri əhatə edir. İki proqram birlikdə 2,1 trilyon rublu əhatə edir.

Azərbaycanda da mikro, fərdi, kiçik və orta sahibkarların dəstəklənməsi üçün dövlət tərəfindən bir neçə istiqamətdə dəstək tədbirləri həyata keçirilir. Bunlardan birincisi pandemiyadan zərər çəkmiş müəssisələrin əmək haqqı fonduna yardımdır. Bu tədbir çərçivəsində 600 min işçinin əmək haqqına dəstək verilməsi nəzərdə tutulur. İqtisadiyyat Nazirliyinin açıqladığı məlumata görə, quruma muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 27 min 557 vergi ödəyicisi müraciət edib. Bunlardan 205 min 484 işçini əhatə edən 23 min 360 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 93 milyon 95 min manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 46,97 milyon manat təşkil edir. Mayın 18-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 22 min 682 vergi ödəyicisinə 199 min 449 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 69,12 milyon manat, o cümlədən, 2-ci ay üzrə (50 faiz) 23,95 milyon manat vəsaitin köçürülməsi təmin edilib.

Dövlət yardımının ikinci istiqamətini fərdi və mikrosahibkarlara birbaşa ödənişin edilməsi təşkil edir. Bu proqram çərçivəsində 300 minədək fərdi və mikro sahibkara keçən il ödədiyi vergilər geri qaytarılır. İqtisadiyyat Nazirliyinə indiyədək maliyyə dəstəyi almaq üçün 108 min 216 fərdi (mikro) sahibkar müraciət edib. Bundan 100 min 690 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 58,5 milyon manat təşkil edir. Mayın 18-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 55,95 milyon manat vəsaitin 95 min 271 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Biznesə dəstək tədbirlərinin üçüncü istiqaməti vergi və sosial sığorta ödənişlərində güzəşt və tətillərinin verilməsini nəzərdə tutur. Bu barədə qanunvericiliyə ediləcək dəyişikliklər artıq Milli Məclis tərəfindən qəbul edilib.

Nəhayət, daha bir istiqamət kreditlərə dövlət zəmanətinin verilməsidir. Ümumilikdə dövlət 1,5 milyard manatlıq kreditə dövlət zəmanəti verməyi nəzərdə tutur.

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, Azərbaycanda orta təbəqənin dəstəklənməsi üçün həyata keçirilən tədbirləri xeyli dərəcədə əhatəli hesab etmək olar: “Düşünürəm ki, bu tədbirlər kiçik və orta biznesin pandemiyadan çəkdiyi zərərin əsaslı bir hissəsini kompensasiya edəcək. Lakin daha yaxşı olardı ki, mikro və kiçik sahibkarlıq subyektlərinin sabit xərcləri ilə də bağlı müəyyən güzəştlər ediləydi. Bura həm əmək haqqı fondundan ödənilən sosial sığorta haqqına, həm də icarə haqqına dəstək tədbirləri daxil edilə bilərdi. Düzdür, sosial sığorta haqqı ilə bağlı bir qrup hüquqi və fiziki şəxslərə güzəşt edilir, lakin bunun əhatə dairəsinin daha geniş götürülməsinə ehtiyac vardı. Məsələn, kənd təsərrüfatı ilə məşğul olanlar üçün tətbiq olunan güzəşt bilavasitə pandemiya ilə bağlı deyil, çoxdan hazırlanan dəyişiklik idi. Hazırda əmək haqqından ödənilən sosial sığorta haqqı sahibkarlar üçün ciddi xərclər yaradır. Daha bir ciddi xərc icarə haqqından yaranır. Müşahidələr göstərir ki, mikro və kiçik sahibkarların böyük hissəsi fəaliyyətini icarə əsasında götürdüyü ofisdə qurub. Pandemiya dövründə əmlak sahibləri icarədarlara demək olar ki, güzəştə getmədilər. Bu isə mikro və kiçik sahibkarlar üçün ciddi problemlər yaradır. Bu istiqamətdə daha təkmil bir dəstək mexanizminin düşünülməsinə ehtiyac var. Eyni zamanda müəssisələrin kommunal xərclərinin ödənməsində də müəyyən dəstək mexanizmlərinin işə salınması daha təkmil yanaşma olardı”.

Ekspert bildirir ki, dünyanın heç bir ölkəsində sahibkarların çəkdiyi bütün zərər tam olaraq qarşılanmır: “Bu, mümkün olan məsələ də deyil. Ona görə də hər bir ölkə zərərin maksimum kompensasiya olunmasına çalışır. Hansı ölkə buna nail olursa, orada postpandemiya dövründə iqtisadiyyatın bərpasına daha az zaman tələb olunacaq. Bu baxımdan, düşünürəm ki, Azərbaycanda həyata keçirilən tədbirləri tam qənaətbəxş hesab etmək doğru olmazdı”.
“Yeni Müsavat”

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ