Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda koronavirusa niyə inanmırlar? - TƏBİB RƏSMİSİNDƏN AÇIQLAMA

Azərbaycanda koronavirusa niyə inanmırlar? - TƏBİB RƏSMİSİNDƏN AÇIQLAMA

Azərbaycanda koronavirusla bağlı tədbirlərin davam etməsi ilə yanaşı bəzi şəxslər bu virusun ümumiyyətlə mövcudluğunu şübhə altına alır. Digərləri isə virusun "deyildiyi qədər təhlükəli" olmadığı qənaətindədir.

Bəs niyə bəzi vətəndaşlar ölkədə koronavirusla bağlı yayılan xəbərlərə etimadsızlıq göstərirlər? Ayrı-ayrı şəxslərin inamsızlığı ciddi problemlər yarada bilərmi?
Metbuat.az xəbər verir ki, təhlilçilər hesab edir ki, "Azərbaycanda əhalinin inamsızlığı siyasi səbəblərdən qaynaqlanır".

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyir ki, yoluxmuş şəxslərlə bağlı geniş məlumatın olmaması inamsızlığa gətirib çıxarsa da, qurum "xəstələrin məxfiliyinin qorunması üçün" adları açıqlaya bilmir.

Rəsmi məlumatlara görə, Azərbaycanda koronavirusa yoluxanların sayı iki mini ötüb. İndiyədək bu virusdan 1500-dən çox şəxs sağalıb, 25-dən çox şəxs vəfat edib.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva yoluxmuş şəxslərlə bağlı geniş məlumatın olmamasının da bəzi şəxslərin inamsızlığına gətirib çıxarması fikrilə razılaşır.

"İnsanlar tanış axtarır, bizimsə xəstələrin kimliyini açıqlamağa ixtiyarımız yoxdur. Xəstələr də görünür çoxusu özlərini gizlətmək istəyir, çünki qorxurlar ki, koronavirusa tutulduqlarını bilən olsa, gəlib-gedən olmaz. Ona görə də biz telekanallar vasitəsilə ümumi vəziyyəti çəkib göstəririk, amma inamsızlığa nə demək olar ki, insanların şəxsi fikridir. İstər sosial şəbəkələr olsun, istər telekanallar vasitəsilə əhali ilə maarifləndirici işlər aparılır. Ciddi maarifləndirmə işlərini davam etdiririk", - qurum rəsmisi bildirib.

Hökumətin açıqladığı rəqəmlərin həqiqəti əks etdirib-etdirmədiyi iddialarına gəlincə, Rəvanə Əliyeva "şaiyələrin həmişə olacağını" bildirib.

"Koronavirus başlayanda dedilər ki, virusa yoluxanlar çoxdur, sayını azaldırlar. İndi də say çox olanda deyirlər ki, rəqəmləri artırırlar. Şaiyələr həmişə olub, olacaq", - qurum rəsmisi deyib.

Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb.

Ölkədə martın 24-dən elan edilmiş xüsusi karantin vəziyyəti mayın 4-dən yumşaldılıb.

Virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət bu il mayın 31-dək uzadılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ