Sizin reklam burada
Sizin reklam burada

“Kasıblara əvvəl niyə yardım etmirdiniz?”

“Kasıblara əvvəl niyə yardım etmirdiniz?”

Dünyada koronavirus pandemiyasının yayılması ilə əlaqədar Azərbaycanda karantin rejimi tətbiq olunub. Nəticədə insanlar evdə qalmağa məhkum olublar. Bu isə əksər insanların darıxmağına, depressiyaya düşmələrinə səbəb olur.

Bəs görəsən karantin rejimi uzun müddətdən bəri evdə qalan məşhurlara necə təsir edir? Mövzuyla bağlı Yenisabah.az-ın suallarını Əməkdar artist Mehriban Xanlarova cavablayıb.

- Mehriban xanım, artıq bir müddətdir ki, dünyada və ölkəmizdə insanlar təcrid olunmuş şəraitdə, karantin rejimində yaşayırlar. Bu hal sizə necə təsir edir?

- Hamı kimi mən də evdəyəm. Ramazan ayı da gəlib, Allah hamının tutduğu orucu, niyəti qəbul etsin, hər kəsin mətləbini versin. Hamının çırağı özündə gur yansın. Hamı bu rejimi necə uyğulayırsa, mən də eləyəm. Deyilənləri, verilən tövsiyələri yerinə yetirirəm.

- Bütün günü evdə oturmaqdan sıxılmırsınız?

- Düzdür, evdə bir az sıxılıram. Mən işdə-gücdə olmağa öyrəşmişəm. Hamı xoşlayır desin ki, karantində mən filan şeyi etdim, belə etdim, zəhləm elə şeydən gedir. Oturub bir-bir sadalasaq, hara gedib çıxar… Amma yenə də çalışıram ki, bacardığım qədər insanların yanında olum, hansılar ki, həqiqətən mənə ehtiyac duyurlar. Bu gündən artıq icazə müddəti də uzadıldı, əvvəl iki saata çatdırmaq olmurdu. Bu müddət ərzində bacardığım qədər insanların yanında olmuşam.

- Karantin günlərində dost-tanışla, qohumlarla əlaqənizi kəsmisiniz, yoxsa get-gəl var?

- Yox, vallah, get-gəl yoxdur. Qardaşımın yoldaşı xəstə idi, heç onun da yanına gedə bilmədim. Çünki Bakıxanovdadırlar, ora da uzaqdır. Ora gedib çıxana qədər vaxt qurtarırdı. Amma qonşuya keçmişəm və ya onlar bizə gəlib. Onlar da bizə yaxın adamlardır, 100 metr məsafə problem deyil. Amma qohumlar, dost-tanışlarla telefon vasitəsilə əlaqə saxlayıram. Əsas odur istər görüntülü, istər səsli əlaqə yarada bilirik bir-birimizlə.

- Bəs bu müddət ərzində efirlərə dəvət almısınız?

- Karantin müddətində canlı efirlərə qatılmamışam. Neçə vaxtdır “Dünya” TV məni verilişə dəvət edib, özüm ertələyirdim. Bu həftə buraxılış kağız göndərsələr, ora gedəcəyəm. Xəzər TV-də “Kino Mən” proqramına da dəvət almışdım, hətta dedilər maşın gəlib sizi götürəcək, amma sonra karantinə görə təxirə salındı.

- Bildiyiniz kimi, virus üzündən işsiz qalan aztəminatlı ailələrə yardım edilir. Sənət adamları da bu kampaniyada yaxından iştirak edirlər. Lakin yardım kampaniyasına qoşulan sənət adamlarına münasibət birmənalı deyil. Məşhurları bu çətin durumda özlərini reklam etməkdə günahlandıranlar var. Siz nə düşünürsünüz?

- Deyirəm, Allah koronavirusun canını sağ etsin. Yaxşı ki, gəldi. Mənim bu mövzuda danışılacaq sözüm çoxdur, bir söz deyən kimi də partlayış olur, yazıq canım, ona görə dinmirəm. Amma karantin bitsin efirlərdə də bu barədə fikirlərimi mütləq bildirəcəyəm. Bu gün xeyli yardımlar olur, çəkib paylaşırlar. Koronavirusun canı sağ olsun, bəs bundan qabaq niyə eləmirdik? Bundan qabaq kasıblar yox idi? Kasıb elə həmin kasıbdır da! Tutalım, mən gedib öz vəsaitimlə yardımlar etmişəm, bunu aləmə car çəkməliyəm? Uzağı kiminsə köməkliyi ilə etmişəmsə həmin adam haqqında deyərəm ki, Allah onun canını sağ etsin. Yoxsa, mənimkidirsə, nəyimə lazımdır? Mənim etdiyimi heç bilmirlər. Bu söhbətlərə gərək yoxdur. Onda gərək hərəmiz bir bayraq alaq əlimizə. Bu gün aparıb iki qutu ərzaq veririk, onu da iki-üç gün yeyirlər, bəs sonra? Kasıb elə həmişə kasıbdır. Yardım edəndə də elə adamları tapmaq lazımdır ki, həqiqətən ona yardım düşür. Allaha and olsun, elə adamlar var ki, hər şeyi var, amma istəyir ki, yardım alsın. Deyir, onsuz da müftədir, mən də alım. Yeri gələndə mən Yasamalın depuatatı Elnur Allahverdiyevə də şəxsən müraciət etmişəm. Tanıdığım beş-altı nəfər həqiqətən ehtiyacı olan ailələr var idi, hansı ki, şikəst, onkoloji xəstə idi, tək yaşayırdı. Onlar üçün xahiş etmişəm, yardımlar olunub. Onda bunları da əlimizə bayraq edək düşək çöllərə? Mən kasıbamsa, elə dünən də kasıb idim, nə oldu heç onda qapımı döyən yox idi?! İndi reklam edib deyirik ki, budur. Ayıbdır, özünüzü az reklam edin! “İnstagram”da bir paylaşım etmişəm, iki talassemiyalı xəstə var. Paylaşmışam, amma reaksiya verən yoxdur. Bu dində də var ki, bir uşağa can vermək nə qədər savabdır. Niyə bunu etmirsiniz? Ay mənəm-mənəm deyənlər, ona niyə yardım etmirsiniz? Guya görmürlər? Heç olmasa, Ramazan ayında edək. Doğurdan da ehtiyacı olan körpələr var ki, onlara yardım lazımdır. Ailəsi evini də, maşınını da satıb, pulları yoxdur. Niyə görməzdən gəlirlər o uşaqları? Mən bir-iki nəfərə zəng vurdum, birinin oğlu götürdü, dedi atam zəng edər sonra, birinə zəng etdim dedi, ay elə, ay belə. Mən ad çəkmək istəmirəm, amma danışmağa qalsa, o qədər şey danışaram ki… Hanı o yardımları edənlər? Baxsınlar da, guya o səhifəni görmürlər?! İndi o adamlara zəng etsən, deyəcəklər ki, “Yox. mənlik deyil”. Əgər biz bu gün birləşmişiksə, birlikdəyiksə, gəlin həmişə bir olaq. Mən müğənni deyiləm, o qədər də gəlirim yoxdur, amma çalışdığım qədər kasıb təbəqənin yanındayam. Mənəvi də olsa yanlarındayam.

- Karantin rejimi başa çatandan sonra qaldığınız yerdən davam edəəcksinzimi? Tamaşaçıları hansı yeniliklər gözləyir?

- İki serial yarımçıq qalıb, karantindən sonra onlara çəkiləcəyəm. Çoxu bilir ki, mən seriallara çox getmirəm, yaxşı, səviyyəli seriallar olsa gedirəm. Teatr da açıldıqdan sonra təbii ki, fəaliyyətimiz davam edəcək. Yenə festival olmalıdır. 2018-ci ildə “Aytmatov və teatr” Beynəlxalq Teatr Festivalında qalib olmuşdum. Bu il də yəqin ki, olacaq. İnşallah, yenə də Azərbaycana qalib kimi geri qayıdaram. Təki bu bəla bitsin, həyat öz axarına qayıtsın.

Əsmətxanım



“Kasıblara əvvəl niyə yardım etmirdiniz?” – Mehriban Xanlarova

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ