Rusiyanın Ermənistana dəstəyi sıfır səviyyəsinə düşə bilər - TƏHLİL » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Rusiyanın Ermənistana dəstəyi sıfır səviyyəsinə düşə bilər - TƏHLİL

Rusiyanın Ermənistana dəstəyi sıfır səviyyəsinə düşə bilər - TƏHLİL

Müəllif: cavidan
//
08 Nisan 2020
//
//

Rusiyanın Ermənistana dəstəyi sıfır səviyyəsinə düşə bilər - TƏHLİL

Hazırda dünyada tüğyan edən “Covid-19” pandemiyasının gözlənilən iqtisadi və siyasi nəticələrilə bağlı fərqli mövqe və yanaşmalara rast gəlinir. Bir çox analitiklər bildirirlər ki, bu pandemiyadan sonra dünya artıq tam fərqli olacaq, yeni münasibətlər sistemi formalaşacaq.

“AzPolitika.info” bu mövzuda Azərbaycanın sabiq Xarici işlər naziri Tofiq Zülfüqarovla söhbətləşib.

- Tofiq müəllim, Sizcə “Covid-19”-dan sonrakı dünya necə olacaq, doğrudanmı biz dünyada yeni münasibətlər sistemlərinin yaranmasını müşahidə edəcəyik?

- İlk növbədə bilmək lazımdır ki, təhlil aparmaq falçılıq deyil. Təhlilçi tendensiyaları görür və bunların inkişafını təhlil edərək gələcək barəsində fikirlər səsləndirir. Bəzən hansısa fikirləri deyəndə görürəm ki, bəziləri dediklərimə “bu mümkündür, bu mümkün deyil” şəklində münasibət bildirirlər. Amma əslində, insanlar bu tendensiya və amilləri, habelə onların inkişaf sürətini görsələr, bəlkə də özləri hansısa nəticələrə gələ bilərlər.

İkincisi, qeyd edim ki, koronavirusa görə yaranan vəziyyət tarixdə müşahidə olunmamış qədər qeyri-adidir. Demək olar ki, 2-3 ölkə istisna olmaqla, dünya karantin rejiminə keçib və bütün dövlətlər eyni taktikanı həyata keçirir. Karantinin nəticəsi nədən ibarət olacaq? Artıq demək olar ki, bu proses qlobal iqtisadiyyata ciddi formada təsir göstərəcək. Çox asanlıqla görmək olar ki, ərzaq mallarının istehsalı baxımından böhranlı vəziyyət müşahidə oluna bilər.

Həmçinin görünür ki, indiki mərhələdə nəsə almaq və ya investisiya qoymaq kimi addımlara gedilməyəcək. İnvestorlar indiki mərhələdə investisiya yatırmağa tələsməyəcəklər. Bu durum onu göstərir ki, iqtisadiyyat hansısa mərhələni yaşamalıdır.

Baş verənlər həm də göstərir ki, maliyyə sahəsində böhran müşahidə ediləcək. Çünki karantinin və iqtisadi böhranın nəticələrini aradan qaldırmaq üçün dövlətlər böyük maliyyə vəsaitləri xərcləmək niyyətindədirlər. Baxın, ABŞ ən azı 2 trilyon dollar xərcləmək niyyətindədir. Eyni şəkildə Avropa ölkələrini toplam şəkildə hesablasaq, onlar da həmin səviyyədə maliyyə xərcləməli olacaqlar. Ancaq həm ABŞ, həm də Avropa ölkələrinin hər birində böyük borc problemləri mövcuddur. Yəni onların Ümumi Daxili Məhsulundan qat-qat çox olan borcları yaranıb. İndi gözlənti odur ki, bu borclar daha da çoxalacaq. Faktiki olaraq, iqtisadi əsası olmadan bazarda çoxlu miqdarda pul ortaya çıxacaq. Ona görə də milli valyutaların qiymətdən düşməsi və inflyasiya gözlənilən haldır.

Nəhayət, koronavirusdan sonrakı mərhələdə böhranın dərin olacağını dedikdə bir məqamı da nəzərə almalıyıq. Bundan əvvəl, Sovet İttifaqı və sosialist bloku dağılanda, buna qlobal geopolitik hadisə kimi yanaşılırdı. Demək olar ki, dünyanın yarısı iqtisadi və siyasi həyatını ciddi şəkildə dəyişmək üçün addım atırdı. Amma hətta o vaxt da biz indiki böhranı müşahidə etməmişdik. Yəni belə səviyyədə böhran görünməyib. Bu, indiki böhranın miqyasını göstərən hallardan biridir. Bunu ona görə deyirəm ki, şərq bloku dağılanda və SSRİ çökəndə də belə fikirlər səslənirdi ki, artıq dünyanın sonudur. Hətta deyilirdi ki, iki fövqəldövlət daha bir-birinə qarşı deyil. Və ortada bir fövqəldövlət qalır və o da hegemonluq edir. Yəni o dövrdə baş verən prosesləri də dünyanın sonu kimi qiymətləndirənlər vardı. Ancaq indi müşahidə etdiyimiz vəziyyət daha təsirlidir və bütövlükdə dünyanın hər yerini əhatə edir. Bunun nəticələri də daha təsirli və böyük miqyaslı olacaq.

- Bəs bu prosesin dünya siyasətinə, beynəlxalq münasibətlərə təsiri necə olacaq?

- Anlamalıyıq ki, siyasətin əsasını iqtisadiyyat təşkill edir. İqtisadiyyatda belə böhranlar gözlənilirsə, təbii ki, bu hal siyasətdə də özünü göstərəcək. Məsələn, artıq indidən görünür ki, çoxtərəfli beynəlxalq diplomatiya demək olar işləmir. Buna qədər beynəlxalq təşkilatlar çərçivəsində siyasi, iqtisadi, hərbi məsələlər hansısa şəkildə həll edilirdi. İndi görürük ki, Avropa İttifaqı kimi nəhəng təşkilatda ciddi böhran yaşanır. Eyni zamanda, böyük bir böhran OPEK-lə onun üzvü olmayan neft istehsal edən ölkələr arasında mövcuddur, dünya enerji bazarında qlobal böhran var.

ABŞ-a gəldikdə isə, onun əsas diqqəti öz əhalisinin təhlükəsizliyinə yönəlib. Bəzi şəhərlərə karantin sistemini təmin etmək məqsədilə hərbi hissələr yeridilir. Digər ölkələr də bu gündədir.

MDB ölkələrinə də baxanda görünür ki, hər kəs öz problemlərilə məşğuldur. Sərhədlər bağlanıb. İstər-istəməz iqtisadi və humanitar əlaqələr də əvvəlki səviyyədə deyil və ola da bilməz. Yəni böhranın qlobal olduğunu bu elementlər də təsdiqləyir. Bu, həm də onu göstərir ki, gələcəklə bağlı ciddi çağırışlar mövcuddur. Hesab edirəm ki, biz dövlət və xalq olaraq bu yeni çağırışlara hazır olmalı, onlara cavab verməliyik.

- Söhbət hansı çağırışlardan gedir?

- Qeyd edim ki, qlobal baxımdan iqtisadi tənəzzül, maliyyə və neft böhranı öz yerində, amma bizim əsas problemimiz Ermənistan və Azərbaycan arasında olan konfliktdir. Biz görürük ki, burada ciddi şəkildə qüvvələrin konfiqurasiyası dəyişir. İndiki mərhələdə, yəni Ermənistanın əsas potensialını təşkil edən Rusiyadan gələn dəstək demək olar ki, azalır və bu, sıfır səviyyəsinə qədər düşə bilər. Şəxsən mən inanmıram ki, əgər indi hərbi əməliyyatlar bərpa olunsa, Rusiya hər şeyi kənara ataraq, Ermənistana iqtisadi və hərbi yardımlar edəcək. Bu, çətin inanılası məsələdir. Hesab edirəm ki, erməni tərəfi indi bunu ciddi təhlil edərək, nəhayət, reallığı başa düşməlidir. Azərbaycan tərəfindən təzyiqlər olsa, fikrimcə, ermənilərin mövqeyində qısa müddətə dəyişikliklər olacaq və onlar istər-istəməz reallıqları, habelə bölgədə olan qüvvələrin balansını qəbul edərək, bu və ya digər addımları atmalı olacaqlar.

- Dediklərinizdən belə çıxır ki, koronavirusun yaratdığı qlobal böhran həm də Azərbaycanın Qarabağ problemini həll etməsi üçün şanslar yaradır...

- Bəli, tamamilə haqlısınız. Dediyim kimi, münaqişə tərəflərinin qüvvələr balansına təsir edən məqamlardan biri də Rusiyanın Ermənistana olan dəstəyi idi. Bu, hamıya bəlli olan reallıqdır. Rusiya Ermənistana hərbi, siyasi və iqtisadi mənada böyük dəstək göstərir. İndiki atmosferdə bu dəstəyin davam etməsi mümkündürmü? Hazırda Rusiya nəhəng ölkə kimi öz problemləri ilə üz-üzə qalıb. Biz görürük ki, ABŞ kimi güclü dövlətdə belə, Nyu-Yorkda müşahidə olunan ciddi problem yaşanır və Milli Qvardiya artıq küçələrdədir. Bu vəziyyət müxtəlif bölgələrdə və dövlətlərdə də ola bilər.

Digər tərəfdən, dünya bazarında neftin qiymətinin kəskin azalması müşahidə olunur. Bu amilləri nəzərə alaraq deyə bilərik ki, Rusiyada rəhbərin kim olmasından asılı olmayaraq, həmin lider ilk növbədə öz vətəndaşlarının maraqlarını güdməli olacaq. Məntiq bunu deyir. Və Ermənistan bu köməkdən məhrum olarkən istər-istəməz yalnız özünün real qüvvəsinə arxalanmalıdır. Bu real qüvvəni isə biz yaxşı tanıyırıq və bilirik ki, o, Azərbaycanla müqayisə oluna bilməz. Məhz bu səbəbdən də qeyd edirəm ki, biz yeni çağırışlara hazır olmalıyıq.
Xəbər Lenti Giriş Populyar Reklam