Eqolu taclı bəlamız, yoxsa eqosunun qurbanı olan bizlər?... » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Eqolu taclı bəlamız, yoxsa eqosunun qurbanı olan bizlər?...

Eqolu taclı bəlamız, yoxsa eqosunun qurbanı olan bizlər?...

Müəllif: cavidan
//
24 Mart 2020
//
//

Eqolu taclı bəlamız, yoxsa eqosunun qurbanı olan bizlər?...

2020-ci il, yanvar ayı... Bu da hamını təlaşa salan koronavirusun yarandığı tarix. Kimi ölümcül xəstəliyə görə Çini qınayır, kimi ABŞ-ı, kimi də səfərlərini təxirə salmayıb ölkələri dolaşamağa davam edən turisləri... Amma, bəlkə, günahkarı uzaqda deyil, elə yaxınlıqda axtaraq? Necə? Bir qədər düşünsək, görərik ki, ən böyük günahkar elə özümüzük. Hə, indi bu yazını oxuyanların çoxu da “Düz deyirsən, səninkimilərdir günahkar” deyəcəklər bəlkə də... Amma yazını sonadək oxusaz, mənimlə razılığa gələrsiniz. Bəlkə də, yox...
Əvvəlcə ondan başlayım ki, gözəgörünməz dərəcədə kiçik olan bir virus prezidentdən tutmuş fəhləyə kimi hər kəsi qorxuya salıb. Bu gün ona nə kiminsə malı-mülkü, nə də qolundakı gücü kömək edə bilir. Amma qormağa ehtiyac yoxdur. Sakit olun. Dincəlin. İnsan elə dincəlmək üçün gəlib də bu dünyaya. Yoxsa, qaçmaq üçün deyil. Şəhər tezdən durursan, səhər yeməyi yeməyə belə vaxt tapmayıb qaçırsan işə, vaxtının çox hissəsini pul qazanmağa sərf edirsən. Nə üçünsə, kimin üçünsə qazanırsan, qazanırsan...Bunun üçün isə bütün günü qaçırsan, qaçırsan...taki, ayağın nəyəsə dəyib ilişir, yıxılırsan və yalnız onda özünü lazımsız yerə xərclədiyi anlayırsan...
Bilmirəm, koronavirus haradan gəlib, necə gəlib. Heç mənə maraqlı da deyil. Amma bildiyim bir şey var. O, bizi dayandıracaq, çəkindirəcək... O bizə göstərəcək, təsir edəcək. Hə, düzdür, çox can alacaq. Bu minlərlə, milyonlarla ola bilər. Amma öyrədəcək. Başqa cür biz öyrənə bilmirik, axı... Biz insan olduğumuzu, dayanmalı olduğumuzu, ətrafa baxıb hansı günahları işlətdiyimizi görə bilmirik, axı. Bu balaca boylu virus isə bizi durduracaq. Gözümüzü açacaq. Dünyaya aydın pəncərədən baxa biləcəyik. İndi evimizdə oturub sakitcə bir küncə çəkilib baxdığımız kimi, düşündüyümüz kimi...
Biz nə etmişik?! Dünyanı nə vaxt bu hala salmışıq?! Bizə bəxş olunan nemətləri nə vaxt məhv etmişik?! Bizi böyüdən, bizə həyat verən dünyaya məxsus canlılara necə qıya bilmişik?! Kəsmişik, doğramışıq, incitmişik, ağlatmışıq, aldatmışıq, xəyanət etmişik....Məgər, biz - insanlar ancaq bunu bacara bilirik?!
Bəlkə, bütün dünyanı lərzəyə salan bu balaca virusun missiyasına başqa gözlə baxaq? Bəlkə, ondan qurtulmaq yollarını deyil, özümüz-özümüzlə mübarizəyə başlayaq? Necə ki, artıq başlamışıq da...
Taclı virusun sayəsində bu gün hamı evində, ailəsinin yanındadır. Bəziləri hər gün evə gec gəlib, səhər tezdən çıxdığı üçün övladlarının üzünü illərdir görmürdü. İndi onların nə qədər böyüdüyünü, necə güldüyünü, nəyi xoşladığını öyrəndi. Həyat yoldaşı ilə dərdləşməyə başladı. Ona arvadı (əri) kimi deyil, həyatının dostu kimi dəyər verməyə başladı...Vaxtını başqalarına deyil, onu sevənlərə sərf etməyi öyrəndi...
Onda, niyə bu qədər qorxuruq? Əslində, statistikaya nəzər salsaq, görərik ki, qrip, yol-nəqliyyat hadisələri təbii fəlakətlər və digər hallar il ərzində dünyada o qədər can alır ki, bu gün pandemiya qurbanlarının sayı onun yanında heç nədir. Onda, bu təlaş nədir belə?
Virusa yoluxanı, ondan öləni öz gözü ilə görməyənlər belə bu gün qorxur. Titrəyir. Əsir. Bəli, elə bu virusun da məqsədi bu idi. İnsanları yaxşıca silkələmək. Dünyada “Mən” anlayışının heç kimə məxsus olmadığı onlara başa salmaq. Axı, bu gün hamı onun qarşısında bərabərdir. Hamı onun qarşısında baş əyir. Kimliyindən asılı olmayaraq, hamı....
Bu dəfə biz nə pul, nə mal, nə mülk haqda düşünəcəyik. Bu dəfə biz ruhumuz haqda fikirləşəcəyik. Məhz özümüz haqda...Niyə və nə üçün mövcuduq? Onda heç qorxumuz da olmaz. Onda biz koronaya virus kimi deyil, özümüzü dərk etməyə, gözümüzü açmağa gələn bir mələk kimi baxarıq. Başa düşərik ki, əslində biz yaşamırıq... Başa düşərik ki, nə qədər çox əziyyət çəkirik, qula çevrilmişik... Yaşam tərzimizi hər kəsin gözündə yaxşı göstərmək üçün lazımlı-lazımsız yerə pul xərcləyirik, pul xərcləmək üçün durmadan işləyirik...Sonra əldə etdiklərimizi də “Qonşudan geri qalma” prinsipi ilə tullayırıq bir kənara...
Bax, onda başa düşəcəyik ki, seçdiyimiz həyat bu deyil. Təkər kimi fırlana-fırlana qalmışıq. Gedən isə canımızdan, ömrümüzdən gedir. Bu dəfə həyatımızı sıfırdan düşünməyə, onu dəyişməyə isə koronavirus bizə kömək edəcək. Odur ki, gəlin, qorxumuzu kənara qoyaq və bizə verilən fürsətdən yaxşıca istifadə edib bir də düşünək. Anlayaq ki, bu zəhrimara qalmış milyardlar bizə lazım deyil. Belə vaxtlarda heç onlar da köməyə gəlmir. Onlar sadəcə özünü başqasının yanında göstərməkdən başqa bir şey deyil. Bahalı mağazalar, bahalı restoranlar, bahalı zinət əşyaları, bahalı ev.... Bu gün bunların hansından istifadə edə bilirsən? Hər yer bağlı, sən də bir otağa məhkum...
Koronavirus yoxa çıxacaq. Amma bunun üçün sadəcə düşüncələrimi, baxış bucağımızı dəyişməyi bacarmalıyıq. Özümüzə gəlməliyik. Bizə müvəqqəti verilən canın qədrini bilməliyik. Gəlin, özümüz üçün yaşayaq. Kimin üçünsə, nə üçünsə yox... Eqoistliyi kənara ataq. Bizi virus deyil, eqoistlik öldürəcək. Gəlin, saflaşaq və dünyaya saf qəlbimizlə baxaq. Məhv etməyək. Yardım edək, əl-ələ verib düzəldək. Onda dünya özü də bizə kömək edəcək. Və biz XOŞBƏXT olacağıq!


Nabat Cəfərova
Xəbər Lenti Giriş Populyar Reklam