Sizin reklam burada
Sizin reklam burada

"Çempionluq "Qarabağ"a verilsə, idman prinsipləri pozulmuş olar" - Aslan Kərimov

"Çempionluq "Qarabağ"a verilsə, idman prinsipləri pozulmuş olar" - Aslan Kərimov

Futbol mütəxəssisi Aslan Kərimovun Qol.az saytına müsahibəsi

- Həm Azərbaycanda, həm də Avropada çempionatlar dayandırılıb. Bu qərara münasibətiniz necədir?

- Mən də hamı kimi qərarı normal qarşılayıram. Çünki məlum səbəblərdən dayandırılıb. Əslində, biz bir yana, İtaliya, İspaniya, İngiltərə, Fransada da futbol dayanıb. Futbol da elə bir oyundur ki, insanlar kütləvi halda bir yerdə olur. Düzdür, Azərbaycanda azarkeşlər bir yerə çox yığılacaq deyə qorxu yoxdur. Amma oyunçuların bir yerdə olması, məşq etməsi, məşq edərkən immun sistemlərinin zəifləməsi baxımından düşünsək, məncə, ən doğru qərarlardan biridir. Bir az gözləyək, görək, başımıza nə gəlir. Yəni, hesab edirəm ki, atılan doğru addımlardan biridir.

- Çempionatın 1 ay sonra- aprel ayından sonra bərpa ediləcəyi deyilir. Məşqlər də dayandırılıb. Sizcə, bu, komandaların fiziki, taktiki, psixoloji hazırlığına, futbolçuların formasına necə təsir edəcək?

- Əslində ümumi oyun planı tərəfdən bir az təsiri olacaq. Fiziki baxımdan təsiri edə bilməz. Bütün komandalar eyni şərtlər altında olacaq. Biri oynayır, məşq edir, digəri oynamır, məşq etmir deyə bilmərik. Bu, komandalarda sırf qış fasiləsi zamanı oyun praktikasının azalması kimi görünə bilər. Amma yenə deyirəm, ümumi olaraq elə böyük bir təsir göstərməyəcək. Psixoloji cəhətdən də kiməsə təsir edəcəyini düşünmürəm. Sözün düzü, belə bir situasiya ilə ilk dəfədir qarşılaşıram. UEFA-nın da belə vəziyyətə düşdüyü yadıma gəlmir ki, nə vaxtsa bütün çempionatlar dayandırılsın. Amma məntiqi olaraq fikirləşəndə hesab edirəm ki, böyük bir təsir etməyəcək. Oyun praktikasının azalması baxımından isə cüzi olaraq nələrsə olacaq. Bəlkə də komandalar qış fasiləsindən gələndə özlərini necə hiss edirlərsə, təxminən elə bir şey hiss edə bilərlər.

- Bəs, çempionatın dayandırılması futbolçuların maaşlarının azaldılmasına və ya verilməməsinə səbəb ola bilərmi?

- Düşünürəm ki, bu, oyunçuların maaşlarına təsir etməməlidir. Amma bütün klubların ümumi durumundan xəbərim yoxdur. Elə komanda ola bilər ki, onların gəlir mənbəyi hardansa başqa yerdən gəlir, iqtisadiyyatla bağlı ola bilər. Amma bir dövlət müəssisəsi bağlanırsa və orada maaşlar verilirsə, məncə, futbol adına da bağlanılan müəssisəyə görə maaşlar ödənilməlidir. Kimə təsir edəcək, ya etməyəcək, bu, komandanın maddi vəziyyətindən asılıdır. Hesab edirəm ki, AFFA-ya təsir etməli deyil.

- Belə ehtimal var ki, UEFA yerli liqaların liderlərini, o cümlədən “Qarabağ”ı bu mövsüm Azərbaycan çempionunu kimi tanıya bilər...

- Bu, çox müəmmalı bir məsələdir. Əslində liderlə 2-ci yerdə qərarlaşan komanda arasında 8 xal var. Real baxsaq, “Qarabağ” 3 oyun ardıcıl uduzsa, “Neftçi” isə ardıcıl 3 matçda qalib gəlsə, bu 8 xallıq fərqi qapamaq mümkündür. Amma inanmıram ki, çempionluğu indidən “Qarabağ”a versinlər. Çünki digər ölkələrdə də liqalar dayandırılır. Lakin bu cür davam edə bilməz, bərpa olunmalıdır. Lap 10 xallıq da fərq olsa da, inanmıram ki, kimsə buna razılaşsın.

- Sizcə, belə bir qərar “Neftçi” üçün haqsızlıq olar?

- Mənə görə, idman prinsipləri pozulmuş olar. Real olaraq çempionluq şansları var. Sözün düzü, daxili çempionatda “Neftçi”nin “Qarabağ”a çatmasının qeyri-mümkün olduğunu ən birinci söyləyənlərdən biri də mən idim. Deyirdim ki, bu mövsüm də “Qarabağ” rahatlıqla çempion olacaq. Amma bu, baş verə biləcək bir şeydir. Sadəcə idman prinsiplərinə görə, indidən “Qarabağ”ı qalib elan etsək, “Neftçi” deyə bilər ki, bəlkə, mən çatıb, çempion olacaqdım.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ