Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda benzin ucuzlaşacaq? - Tarif Şurasından CAVAB

Azərbaycanda benzin ucuzlaşacaq? - Tarif Şurasından CAVAB


Hazırda dünya birjalarında neft qiymətlərində kəskin enmələr bəzi ölkələrdə benzinin qiymətinin ucuzlaşmasına səbəb olub. Deməli, ölkəmizə idxal olan məhsulların maya və daşınma xərcləri də azalıb.

Bəs, əsas neft istehsalçısı və ixracatçısı olan Azərbaycanda bununla bağlı hansısa dəyişiklik gözlənilir?

Azərbaycan Dövlət Neft Şirkəti (ARDŞ) SOCAR-ın İctimai əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, qurumlar arasında daim məşvərətlər aparılır:

“Amma qeyd edilən mövzu ilə bağlı hansısa məlumat yoxdur”.

Tarif Şurasının mətbuat xidmətinin rəhbəri Abbas Əliyev də öz növbəsində Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda benzinin qiymətinin aşağı salınması müzakirə mövzusu deyil:

“Neftin qiymətinin ucuzlaşması ilə bağlı benzinin qiymətinin ucuzlaşdırılması üçün SOCAR Tarif Şurasına müraciət etməyib”.

Hələ 2015-ci il hadisələrindən sonra Tarif Şurası dünya bazarlarında duruma rəğmən ölkədə benzinin ucuzlaşması üçün əsas olmadığını, Azərbaycanda istehlak edilən benzinin 95 faizindən çoxunun tam olaraq ölkə daxilində istehsal edilən Aİ-92 markalı yanacaq olmasından irəli gəldiyini açıqlamışdı.

Qeyd olunurdu ki, dünya bazarlarında neftin ucuzlaşması fonunda Azərbaycanda benzinin qiymətlərinin əvvəlki səviyyədə qalması onunla Aİ-92 markalı benzinin dəyərinin formalaşmasına təsir edən xərclərin (neftin istehsalı və emalına, vergiyə çəkilən və s.) dəyişməməsilə əlaqədardır:

“Bu markadan olan benzin Azərbaycanda istehsal edildiyindən, dünya bazarında baş verən proseslər onun qiymətinə təsir etmir. Buna görə də hazırda benzinin qiymətinin dəyişdirilməsi məsələsini müzakirə etmirik. Azərbaycana idxal edilən "Premium Evro-95" markalı benzinə gəlincə, onun ümumi istehlakda payı azdır (4-5 faiz) və Tarif Şurası bu markanın qiymətini tənzimləmir”.

Qeyd edək ki, dünya birjalarında bazar ertəsindəki düşüşdən sonra bu gün Brent markalı neftin 1 bareli 38,66 dollar, WTI markalı neftin 1 bareli 35,41 dollardır.

Məlumat üçün bildirək ki, hazırda Honq Konqda benzinin 1 litri 2,23 dollar, Monakoda 1.96 dollar, Yunanıstanda 1,78 dollar, İtaliyada 1,73 dollar, Fransada 1,62 dollar, Almaniyada 1,54 dollar, İspaniyada 1,44 dollar, Türkiyədə 10,9 dollar, Çində 0,98 dollar, Gürcüstanda , 0.90 dollar, Rusiyada 0.63 dollar, Birləşmiş Ərəb Əmirliklərində 0.56 dollar, Azərbaycanda 0.47 dollardır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ