Sizin reklam burada
Sizin reklam burada

“Çəhrayı” arzularla yaşayan narazı kütlə dərin məyusluq içindədir - Paşinyanın başı dərddə

“Çəhrayı” arzularla yaşayan narazı kütlə dərin məyusluq içindədir - Paşinyanın başı dərddə

İşğalçı Ermənistanın ordusunda acınacaqlı durum, o sırada son vaxtlar daha da artan əsgər intiharları haqda KİV-lərdə az qala hər gün yeni xəbərlər gedir. Bu barədə artıq erməni mediası açıq şəkildə yazır və həyəcan siqnalı verir. Bir neçə gün qabaq isə baş nazir Nikol Paşinyan vəziyyətlə əlaqədar Ermənistan Təhlükəsizlik Şurasının təcili toplantısını çağırdı. Ardınca bəzi generallar istefaya göndərildi. Dağlıq Qarabağdakı qondarma qurumun “müdafiə naziri” də istefa verməli oldu.

Diqqətçəkicidir ki, vəziyyətin kritikliyi artıq Nikol Paşinyan tərəfindın də etiraf edilir. Bu da ən əvvəl o anlama gəlir ki, “məxməri” baş nazirin ötən il haqqında ağız dolusu danışdığı hərbi islahatlar, peşəkar və məğlubedilməz ordu ilə bağlı vədləri tam fiasko olub. Təkcə bu da deyil. Məlum olur ki, yeni hakimiyyət iqtisadi-sosial sferada da ciddi dönüşə nail olmayıb. Bunun nəticəsi olaraq, iqtisadi tənəzzül, Ermənistandan əmək qabiliyyətli əhalinin kütləvi köçü davam edib, hərbi xidmətdən yayınma halları və ordudan fərarilik artıb. Habelə ölkənin xarici borcu böyüyüb.

“Ermənistanın dövlət borcu 2012-2018-ci illər ərzində 342% artıb”. Bunu işğalçı ölkənin Auditorlar Palatasının Metodologiya, təhlil, beynəlxalq münasibətlər departamentinin direktoru Karen Arustamyan parlamentin maliyyə-kredit və büdcə komissiyasının iclasında bildirib.

Mövcud qanunlarda nəzərdə tutulsa da, Mərkəzi Bank ilə Maliyyə Nazirliyi arasında agent müqaviləsinin hələ də açıq mətbuatda dərc olunmadığını qeyd edən palata nümayəndəsi Mərkəzi Bank tərəfindən də dövlət borcunun uzunmüddətli idarəçiliyinə dair strateji proqramın ortaya qoyulmadığını dilə gətirib. Bununla yanaşı, uzun müddət ümumi dövlət borcunda 20 faizlik payını qoruyub saxlayan daxili dövlət borcunun idarəçiliyi məsələsinə də aydınlıq gətirilmədiyini vurğulayan Arustamyan qeyri-rezidentlər tərəfindən alınan dövlət istiqrazlarının dövlət borcundakı payının cəmi 0,6% təşkil etdiyini diqqətə çatdırıb.

*****

Ən maraqlısı isə xarici borcu artan ölkənin əhalisinin bu müddətdə sürətlə azalmasıdır. Özü də söhbət təkcə emiqrasiyanın davam eləməsindən getmir. Erməni əhalinin təbii artımı, doğum faizi də son illər xeyli aşağı düşüb. Belə ki, 2016-cı ildə 12,4 min nəfər doğulmuşdusa, 2019-cu ildə bu rəqəm daha da azalaraq 9,9 min nəfərə enib. Yerli demoqraflara görə, bu minvalla 2030-cu il üçün Ermənistanda 2 milyondan da az əhali olacaq (Azərbaycan əhalisinin sayı hazırda 10 milyondan çoxdur). İnsan faktoru isə müharibə zamanı mühüm önəm kəsb edir.

Müşahidələr göstərir ki, Ermənistan əhalisinin azalması son bir neçə ildir artan tendensiya ilə davam edib. “Yeni Müsavat” xəbər verir ki, bir çox ermənilər indi də Rusiya qanunvericiliyində vətəndaşlıq almaqla bağlı qaydaların asanlaşdırılmasından istifadə edərək şimala qaçır. Erməni mediasının xəbərinə görə, təkcə ötən il 24 min erməni Rusiya vətəndaşlığını qəbul edib.

Son 4 ildə (2016-2019) Rusiya vətəndaşlığına keçən Ermənistan vətəndaşlarının ümumi cəmi təxminən 98,2 min nəfər edir. Bu, Ermənistanın ümumi əhalisinin 3,3%-nə bərabərdir. Rəsmi rəqəmlərə görə, 2016-2019-cu illərdə Ermənistanda yaşayan daimi əhalinin sayı 39,4 min nəfər (və ya 1,3%) azalıb. Bu tendensiyanı özündən razı Paşinyan iqtidarı da dayandıra bilməyib. Artıq narazı kütlədə zərrəcə şübhə qalmayıb ki, Nikol və komandası da ölkənin ən ağır problemlərinin öhdəsindən gələ bilməyəcək.

*****

“Lap əvvəldən məlum idi ki, ”məxməri inqilab"ın qələbəsindən sonra möcüzə gözləmək axmaqlıq olardı. Sehrbaz kimi də Nikol Paşinyanı seçdilər. Hərgah, apriori aydın idi ki, bu - ilğımdır".

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə Qalust Qriqoryan Armenianreport.com-da yazıb.

“Ancaq insan vərdiş edib, o, həmişə nəyəsə inanmaq istəyir. Biz də inanmışdıq ki, Paşinyandan üstəlik, xarizması ilə birgə əla diplomat çıxacaq və öz yolunda bütün arqumentləri süpürüb atacaq. Bəli, Paşinyan xalq hərəkatına rəhbərlik edib ölkəni Serj Sərkisyandan xilas eləməklə öz adını Ermənistanın yeni tarixinə yazıb. Lakin bütün bunlar onun aşkar siyasi qeyri-yetkinliyinə əsla haqq qazandırmır - hansı ki, Ermənistanın və ”artsax"ın təhlükəzisliyinə təhdid yaradır. Bu, qətiyyən şişirtmə deyil", - deyə erməni təhlilçi həm də Paşinyanım Münhen fiaskosu fonunda əlavə edib.

“Vaxtilə biz Sərkisyanın kriminal-oliqarxik antixalq rejiminin devrilməsini ürəkdən alqışlamış və ümid eləmişdik ki, yeni hakimiyyət Ermənistanda daha yaxşı, daha firavan və təhlükəsiz həyat quracaq. Əfsus, iki ildə bizim həyatımız yaxşılaşmadı. Hər şey yekunda adi hay-küy və gözə kül üfürməklə bitdi”.

Bunu isə eyni adlı saytda başqa bir erməni siyasi şərhçisi Tevos Arşakyan öz təhlili məqaləsində yazıb.
Müəllifə görə, Nikol Paşinyan və komandasının təkcə Ermənistan daxilində yox, beynəlxalq arenada da öyünəcəkləri heç nə yoxdur: “Avrasiya İqtisadi Birliyinin, KTMT və MDB-nin sammitlərində Nikol Paşinyan həmişə özünü pis qiyafədə göstərir. Belə təəssürat yaranır ki, o, nüfuzlu beynəlxalq meydançalarda, sadəcə olaraq, özünü apara bilmir. Axı bir var, Ermənistanda öz tərəfdarların qarşısında çıxış edəsən, yaxud sosial şəbəkə səhifələrində ildırım kimi çaxasan, bir də var, beynəlxalq arenada çıxış edəsən - hansı ki, Münhen debatı bir daha təsdiqlədi. Acınacaqlısı odur ki, Nikol Paşinyan İlham Əliyevə adekvat və savadlı cavablar verə bilmədi. Bizim həmkarlarımız və politoloqların da qeyd elədikləri kimi, Nikol Vovayeviç Münhendə sadəcə, yazıq və aciz dövlət başçısı kimi yadda qaldı. Deməzdik ki, İlham Əliyev Paşinyanı əzib toza çevirdi, ancaq onun Münhen raundunu udduğu birmənalıdır...”

Beləcə, işğalçı Ermənistanda əsl inqilabsonrası şok və məyusluq yaşanır...
“Yeni Müsavat”

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ