Sizin reklam burada
Sizin reklam burada

Gündəlik qazanılan milyonlar: Neft Azərbaycana nə verir? - TƏHLİL

Gündəlik qazanılan milyonlar: Neft Azərbaycana nə verir? - TƏHLİL


2020-ci ilin yanvar ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı 769 min barel olub.

Energetika Nazirliyinin məlumatına görə, bunun 678 min barelini xam neft, 91 min barelini kondensat təşkil edib. Gündəlik 540 min barel xam neft, 87 min barel kondensat, 22,3 min barel neft məhsulları ixrac edilib. Energetika Nazirliyi yanvar ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə "OPEC plus" üzrə gündəlik neft hasilatının əlavə olaraq 500 min barel azaldılması barədə qərar qəbul edilib. Yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 7 min barel artırılaraq 27 min barel müəyyən edilib. 2020-ci ilin birinci rübünün sonunadək Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamalıdır. Qeyd edək ki, 2019-cu ilin analoji dövründə Azərbaycanda gündəlik neft hasilatı 793 min barel olub. Bunun 720 min barelini xam neft, 73 min barelini kondensat təşkil edib. Gündəlik 598 min barel xam neft, 73 min barel kondensat, 16 min barel isə neft məhsulları ixrac edilib. Fevralın 11-nə olan məlumata görə, dünya birjalarında neftin qiyməti bahalaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,97 dollar artaraq 54,98 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,66 dollar bahalaşaraq 50,60 dollar təşkil edib.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,44 ABŞ dolları və yaxud 0,74 faiz artıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 59,62 ABŞ dolları təşkil edib. Məlumat üçün bildirək ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Maraqlıdır, gündəlik hasil olunan neft həcmlərinin hamısı satılırmı və gəliri nə qədər olur?

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “Cümhuriyət” qəzetinə bildirib ki, gündəlik hasil olunan neft həcmlərinin hamısı satılır. Qurum rəsmisi bildirib ki, gəlirlər haqqında məlumatı Dövlət Neft Fondu verir:

“İxrac neftin gəlirlərinin əsas hissəsi Dövlət Neft Fondunda toplanır və bu, hər ay onların hesabatında öz əksini tapır. Bu əsasən, “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” konsorsiumlarından ixrac olunan neftdir. Həmçinin SOCAR-ın özünün əməliyyatçı olduğu yataqlarda çıxarılan neft həcmləri də var. Bu həcmlər ümumi respublikanın hasilatına nisbətən kiçik hissəni təşkil edir, yəni təxminən 7 milyon ton civarında olur. Ötən il SOCAR 7.7 milyon ton neft hasil etmişdi. Bunun da əsas hissəsi ölkə daxilində emala yönləndirilir. Yəni ölkənin özünün neft emalı və yanacaq məhsullarına olan ehtiyacını qarşılamaq üçün istifadə olunur. SOCAR təxminən 7.5-7.7 milyon ton neft çıxarırsa, bunun böyük hissəsini 6 milyon tondan çox hissəsini Heydər Əliyev adına neft emalı zavoduna (NEZ) verir. Emal olunmuş neftdən dizel, benzin, təyyarə yanacağı və.s istehsal olunur. Burada emal olan yanacaq ölkə daxilində istehlaka yönəldilir. İstehsal olunan benzin tam olaraq, dizelin isə böyük hissəsi ölkə daxilində satılır, nisbətən kiçik həcmi, yəni qalıq hissə ixrac olunur. Əsas prioritet ölkə daxili tələbatı qarşılamaqdır. "Azərikimya" İstehsalat Birliyi vasitəsilə “SOCAR Polymer” kompleksinin xammala olan tələbatı SOCAR-ın neftindən qarşılanır. Həmçinin nisbətən kiçik hissəsi Bakı-Novorossiysk, Bakı-Tbilisi-Ceyhan və müxtəlif boru kəmərləri vasitəsilə digər neft həcmləri ilə birlikdə ixraca çıxarılır”.

İxrac gəlirlərinin nə qədər olmasına gəlincə, İbrahim Əhmədov qeyd edib ki, SOCAR-ın ölkə daxilində satdığı məhsulun dəyəri beynəlxalq bazarlarda olan dəyərdən aşağı olur:

“Ölkə daxilində tariflər aşağı olur. SOCAR-ın istehsal etdiyi 7.7 milyon ton neftin təxminən 1-1.5 milyon tonu ixraca olunub. Nəzərə alaq ki, 1 barel neft 159 litrdir bu o deməkdir ki, 1.5 milyon ton neft 9 min 433 bareldir. Neftin 1 bareli isə 67 dollar civarındadır. Bu isə o deməkdir ki, SOCAR-ın xam neftdən ixrac gəliri təxminən 632 min 75 dollardır. SOCAR-ın müxtəlif neft məhsullarından da ixracı var. Bu isə hər bir törəmə şirkətin öz strukturundan asılıdır. Məsələn, “SOCAR Polymer” kompleksi qismən SOCAR-a məxsusdur, qismən özəl kapitaldır. Yəni gəlirin bir qismi SOCAR-a, bir qismi isə özəl şirkətlərə gedir. Bundan əlavə, Heydər Əliyev adına neft emalı zavodunun gəliri bütövlükdə SOCAR-a gəlir. Amma onun məhsulunun böyük hissəsi daxili bazarda satılır. SOCAR-ın ölkə xaricində ticarət dövriyyəsi də formalaşır. Nəzərə almaq lazımdır ki, 100-110 milyarddan söhbət gedirsə, bu dövriyyə daha çox üçüncü tərəflərin neft və neft məhsullarının alqı-satqısıdır. Yəni öz neftimizin satışı deyil. Amma bu böyük dövriyyənin nisbətən kiçik hissəsini təşkil edir. Bundan əlavə, Azərbaycandakı neft yataqlarında dövlətin xalis mənfəəti var. Bu maliyyə də SOCAR-ın yox, birbaşa Dövlət Neft Fondunun nəzarətindədir”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ