Ürək deyir yaşa hələ... » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Ürək deyir yaşa hələ...

Ürək deyir yaşa hələ...

Müəllif: cavidan
//
06 Şubat 2020
//
//

Ürək deyir yaşa hələ...



Bu gün görkəmli xanəndə Əlibaba Məmmədovun doğum günüdür



Həyatda çoxluğun qəbul etdiyi belə bir fikir də öz təsdiqinə söykənib: Sənətdə yaratdıqlarına məxsusilik gətirməklə özünün səsi, sözü, təsviri ilə mükəmməllik qazanmaq, xalqın yaddaşında həmişəyaşarlığı ilə xatırlanmaq hər sənətkara nəsib olan xoşbəxtlik deyil. Bu, möhtəşəmlikdir və onun bir adı da ali varlığın fəth etdiyi sənət zirvəsidir. Hər sənətin öz xiridarı var, onlar öz yaradıcı əməlləri ilə tarixdə iz qoyurlar. Belə sənətkarlardan biri də muğam və təsniflərin gözəl ifaçısı, xanəndə, bəstəkar, “Şöhrət” və “Şərəf” ordenli, Prezident təqaüdçüsü Əlibaba Balaəhməd oğlu Məmmədovdur...

Bir haşiyə: Həmişə yaşlı insanlardan eşidirdim ki, keçmişlərdə qış çox sərt keçir, yolu-rizi qar elə basırdı ki, keçib-getmək mümkün olmurdu. Belə söhbətlərdən sonra düşünürdüm, bəlkə elə həmin fəsildə doğulan insanlar da soyuq, sərt təbiətli olurmuşlar. Axı insanın xarakterində formalaşmış xüsusiyyətlər təbiətlə sanki həmahəngdi: sərt, mülayim, dəymədüşər, tutqun, sakit, qaynar... Bəlkə fəsillərin insanların təbiətinə aşıladığı xüsusiyyətlər bu səbəbdən xarakterində doğallıq kəsb edir... Bilmirəm, qədim Maştağa kəndində qışın oğlan çağı, kiçik çillənin özünü göstərdiyi bir vaxtda – fevral ayında doğulan Əlibaba müəllimin təbiətində də bu fəslə xas olan əlamətlər varmı... Onun mənəvi aləminə müəyyən mənada bələd olmaqdan ötrü xanəndənin ömürlüyünü vərəqləyir, sənətdə keçdiyi həyat yoluna nəzər salır, muğam, təsnif və bəstəkar mahnılarından bəzilərini yaddaşımda təzələmək üçün onlardan bəzisini yenidən dinləyirəm. Hər muğam və təsnifin insan mənəviyyatında yaratdığı təbəddülatlarla süslənmiş zənginlik, mahnıların yaddaşımda közərtdiyi yanğı, kədər, sevinc, yurdsevərlik, vətənpərvərlik kimi duyğular düşüncəmi sarır, xəyal məni haralara aparmır ki... Bu zaman məndə belə bir hiss, əminlik yaranır ki, yeniyetmə çağlarından həyata, insanlara bəslədiyi sevgisi, musiqinin xarakterinə aşıladığı cazibədarlıq, ruhuna gətirdiyi qaynarlığı ilə təbiətində həmişəbahar ovqatı yaşayan bu alicənab, müdrik insan özünün sənət ecazı ilə neçə onilliklərdi xalqına mənəvi gözəllik, rahtlıq zənginlik bəxş edir...

Bəs, Əlibaba Məmmədovu xanəndəlik sənətinə aparan yollar haradan başladı... Hələ yeniyetmə çağlarında o, çal-çağırlı kənd toylarında müğənnilərin səsinə qulaq asar, özünün də məlahətli səsi olduğundan onların oxu tərzini öyrənməyə çalışardı. Bu, həm də Əlibabanın ürəyində musiqiyə olan intəhasız sevgisindən yaranmışdı. Elə günlərlə eşitdiyi muğamları dodaqaltı zümzümə etməkdən yorulmazdı. O vaxtdan da yeniyetmə-gənc özünün sənət yolunu müəyyənləşdirdi: xanəndə olacaq, xalqın milli ruhunu yaşadan qədim muğamlarımızı yaxşı mənimsəyəcək. Bunun üçün o, sənətdə əsl ustad məktəbi keçməli idi. Burada belə bir maraqlı nüansı da xatırlatmaq vacibdir ki, Əlibaba Məmmədovun əsl xanəndə kimi yetişib-formalaşmsında Abşeron kəndlərinin özünəməxsus muğam mühiti, mədəniyyətinin böyük təsiri olmuşdur.

Vikipedia məlumatından sətirlər: “Əlibaba Məmmədov musiqi təhsilini (1953-1958) Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində almışdır. 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988-ci illərdə isə “Azkonsert birliyi”nin solisti kimi fəaliyyət göstərmişdir. 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində maestro Niyazinin təşəbbüsü ilə “Humayun” xalq çalğı alətləri ansamblını yaratmışdır və bu günə kimi həmin ansambla rəhbərlik edir... ”. Yeri düşmüşkən, Əlibaba Məmmədov bu ansamblın bədii rəhbəri və ilk solisti oldu. Bu ilkinlik ona böyük sənət uğurları bəxş etdi. “Humayun” onun ifasında mükəmməllik qazandı, bu mükəmməlliyi bir çox sənətçilər qəbul etdilər. Görkəmli sənətkar Hacı Məmmədov da bununla bağlı fikrini belə ifadə etmişdi: “Seyiddən sonra Əlibaba kimi "Humayun"u oxuyan yoxdur... ” 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edən Bülbül, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Hacı Məmmədov kimi sənətkarlar arasında Əlibaba Məmmədov da var idi. O zaman onun oxuduğu "Bayatı Kürd" muğamı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdı. İlk dəfə sovet hökumətinin fəxri fərmanına da həmin il layiq görülmüşdü. Sonra isə 1963-cü ildə Azərbaycanın Əməkdar artisti, ondan düz 26 il sonra – 1989-cu ildə Xalq artisti fəxri adlarını aldı.

Əlibaba müəllim hər zaman radio və televiziya ilə çıxışları zamanı musiqidə, muğam sənətində atdığı ilk addımlarından özünü bir sənətkar kimi yetişdirməkdən ötrü ustadlardan, muğam bilicilərindən dərs aldığını, bəhrələndiyini və muğam sənətində öz yolunu açmaqdan ötrü böyük zəhmətlərə qatlaşdığını dilə gətirir, bununla gənc müğənnilərə xanəndəlikdə düzgün ifaya, fərdi yaradıcılıq üslubuna yiyələnməyin sirrini öyrədirdi. Ustad xanəndənin Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılan “Rast”, “Bayatı-Şiraz”, “Dəşti”, “Rahab” kimi muğam-dəsgahları xalqımızın bu gün də sevə-sevə dinlədiyi, mənəvi zövq aldığı ifalarındandır. Hər gələn xanəndə nəslinin nümayəndələri Əlibaba Məmmədovun yaratdığı mahnı və təsnifləri ustaddan dərs alaraq, ondan öyrənərək oxu maneralarında özünəməxsusluğa malik olmağa çalışırlar.

Bu gün Azərbaycanda xanəndəlik məktəbinin korifey nümayəndələri – Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinskinin davamçısı olaraq öz ifası ilə klassik muğamlarımızın, ümumən milli musiqimizin koloritini, saflığını qoruyan, təəssübünü çəkən, bu xüsusiyyətləri gənc sənətçilərə ərməğan edən Əlibaba Məmmədov az sayda xanəndələrdəndir ki, musiqi mədəniyyətimizin inkişafına təkcə muğam və təsniflərin mahir ifaçısı kimi deyil, eyni zamanda, M.Füzuli, Ə.Vahid, M.Müşfiq, S.Rüstəm, B.Vahabzadə kimi şairlərin sözlərinə yazdığı və bu gün öz şöhrətini saxlayan mahnıları ilə də xalq sevgisinin zirvəsindədir. O, muğam ifaçılığı ənənələrinin yaşadılmasında gənc xanəndələr üçün mükəmməl bir məktəb yaratmışdır. Əlibaba müəllim 1963-cü ildən Bakı Musiqi Kollecində muğamdan dərs deyir. 60 ilə yaxın çalışdığı pedaqoji fəaliyyətində gənc xanəndələr nəslinin yetişməsinə, bu sahədə klassik ənənələr üzərində kamilləşməsinə böyük əmək sərf edir.

Əlibaba müəllim bəstəkarlıq iddiasında olmasa da bir qədər əvvəldə adlarını çəkdiyimiz şairlərin sözlərinə bir-birindən bənzərsiz, yaddaqalan, sevilən mahnılar bəstələmişdir. Belə mahnıların təkcə adlarını çəkmək kifayətdir ki, yaddaşına yazılan müsiqini şirin-şirin zümzümə edəsən. “İnandır məni”, “Yaşa hələ”, “Mənim Azərbaycanım”, “Müxalif təsnifi”, “Şur təsnifi”, “Vətən yaxşıdır”... xanəndənin yaradıcılıq fəaliyyətində hər zaman məhəbbətlə xatırlanan, ifası arzulanan mükəmməl musiqi incilərindəndir. Xanəndənin muğam, təsnif və mahnıları ifa edərkən sözləri düzgün, aydın tələffüs etməsi, fərqlilik prizmasından fərdi üsluba malik olması sənətkarlığının “Əlibaba Məmmədov” novatorluğunu ehtiva edən amillərdəndir.

Əlibaba Məmmədov bütün zamanlarda muğamlarımızın mahir ifaçısı olmaqla yanaşı, təsnif janrında da bənzərsiz, bir ustad dəst-xətti ilə oxuyan sənətkar olaraq tanınıb. Çünki oxuduğu mahnıların taleyi, orda təsvir olunan həyatın böyük təsiri ilə yaşayıb. Bu cür ürəkdən, candan gələn ifasına özəlliklə müşaiyət olunan bir həyat bəxş edib. Bu yerdə “Ağarma saçım, ağarma”, “Ağrıma ürəyim, ağrıma hələ” mahnısını təkcə yada salmaq bəs edir ki, sözlərin, musiqinin və ifanın qəlbimizi kövrəldən nisgili, məyusluğu və şamın şöləsitək titrəyən alovu ürəyimizi alışdırsın... Amma müğəninin ürəyə bir qığılcım təki düşən sevgidən, qəlbinə dolan ümiddən danışan mahnıları da ovqatın bir başqa üzündə insanı sanki göyün üzünə pərvazlandırır. Bu təzadlı duyğuları bizə bəxş edən də sənətkarın kamilliyi, səsinin, nəfəsinin hikmətidir.

Bir vaxt xalq mahnılarımızın, muğamlarımızın az qala unudulması, diqqətdən kənarda qalması bir sənətkar kimi Əlibaba Məmmədovu da narahat edirdi. Nə xoş ki milli kimliyimizi, mənsubluğumuzu, xalqın ruhunu yaşadan bu sənət incilərinə yeni həyat verən oldu. Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu sənəti unudulmaqdan xilas etdi. Sənətkarlara, xüsusilə də Azərbaycan muğamlarına, xalq mahnılarına göstərdiyi diqqət ilk növbədə yaşlı sənətkarlarımızın, o cümlədən bu sənətin xiridarı Əlibaba Məmmədovun hədsiz sevincinə səbəb oldu. O zaman Əlibaba Məmmədovun söylədiyi bu fikirləri indi hamımız xatırlayırıq: “Bakıda muğam evinin tikiləcəyi xəbərini eşidəndə qulaqlarıma inanmadım. Ara-sıra toplaşdığımız guşələr, filarmoniyanın yanı, Sahil bağı yadıma düşdü. Şükür, nəhayət, bizim də bir yerdə əyləşib söhbətləşmək, sənət düşüncələrimizi bölüşmək üçün imkanımız və yerimiz olacaq”.

Ustad sənətkardan dərs almaq, onun məktəbində yetişmək, inkişaf etmək mütləq halda özünün bəhrəsini verir. Əlibaba müəllimin ustadı Seyid Şuşinskidən aldığı dərs də onun yaradıcılıq yolunda bir mayak oldu. Özünütəsdiqlə, mükəmməllik sənətdə ona bir əzəmət verdi. Gənc xanəndələri yetişdirməsinə, milli musiqimizin təbliğinə böyük yol açdı...

Əlibaba Məmmədov mahnılarının birində şövqlə, şirin avazla sanki neçə onilliklərdi uzun bir səfərə çıxdığını bəyan edir: “Səfərdəyəm, səfərimi vurmamışam başa hələ...” Hər dəfə mərhum şairimiz Rasim Kərimlinin sözlərinə xanəndənin özünün bəstələdiyi bu mahnını eşidəndə mənə elə gəlir ki, bu səfər heç zaman bitməyəcək. Əlibaba müəllim bu səsin, sözün, musiqinin yaddaşımızda közərtdiyi xatirələrə özünün sənət işığını saçaraq yolunda var olacaq. Ömür ahıllıq zirvəsinə çatsa da nə qəm... ürək ki yaşamaq, yaratmaq eşqilə çırpınır. Ömür deyir qocalmışam, ürək deyir, yaşa hələ!

Ürəyinizin səsini eşidirsinizmi, Əlibaba müəllim...
Xəbər Lenti Giriş Populyar Reklam