Sizin reklam burada
Sizin reklam burada

Ermənistanı ən kritik il gözləyir - 2020 bahalaşma ilə gəldi

Ermənistanı ən kritik il gözləyir - 2020 bahalaşma ilə gəldi
İşğalçı Ermənistan təzə ilə iqtisadi mövzuda bəd xəbərlərlə başlayıb. Proqnoz etdiyimiz kimi, 2020-ci il girər-girməz, ölkədə bir sıra məhsullar və xidmətlərin qiyməti qalxmağa başlayıb. “Məxməri” baş nazir Nikol Paşinyanın “iqtisadi möcüzə” ilə bağlı verdiyi vədlərə rəğmən, erməni əhali, beləcə, iki ildir möcüzə-filan yox, Ermənistanda həyatın əvvəlki rejim dönəmindən də baha olmasını müşahidə etməkdədir.

Bunun da əsas səbəbi həlli uzanan Qarabağ konflikti və blokada şəraiti üzündən ölkədə yerli istehsal sahələrinin olduqca zəif inkişaf eləməsi və ya heç inkişaf etməməsi, ölkənin bütünlüklə idxalın ümidinə qalmasıdır. Bir daha qənaət hasil olur ki, inqilab edib hakimiyyəti dəyişmək və vədlər vermək asan, ölkəni inkişaf yoluna çıxarıb verilən vədləri tutmaq isə qat-qat çətindir. Baş nazirin getdikcə azalan reytinqi sonuncu qənaətin başqa bir təsdiqi sayıla bilər...

*****

“Yeni Müsavat”ın verdiyi xəbərə görə, Ermənistanda nəşr olunan “Past” qəzeti məhz bütün bunları nəzərə alaraq, 2020-ci ili iqtisadi nöqteyi-nəzərincə Ermənistan üçün kritik adlandırıb. “Baxmayaraq ki, hökumət iqtisadi inqilabın davam etdiyi haqda bəyanatlar verir - guya belə bir inqilab nə vaxta başlayıbmış”, - deyə qəzet kinayəli şəkildə yazıb.

Məqalədə daha sonra deyilir: “Hökumətin proqnozuna əsasən, bu il 4.9% həndəvərində iqtisadi artım gözlənilir. Ancaq bu göstərici iqtisadi inqilabın məntiqinə heç cür uyğun gəlmir - hansı ki, daha yüksək artım vəd etməlidir. Baş nazirin cəmiyyətə ümid verməsinə rəğmən, yalnız bu ümid və gözləntilərlə yetərlənmək olmaz. Ona görə ki, iqtisadiyyata neqativ təzir edən bir çox real risklər mövcuddur. Nəticədə iqtisadi artım vəd ediləndən də aşağı olacaq”.

Müəllif bu xüsusda ardınca yazır: “Artıq Avrasiya İqtisadi Birliyinə daxil olmayan ölkələrdən idxal mallarına gömrük rüsumlarının artırılmasının Ermənistan iqtisadiyyatına təsirləri açıq görünür. Məsələ ondadır ki, yanvarın 1-dən təxminən 700 adda məhsula gömrük rüsumu artırılıb. Ən çox diqqət çəkən isə odur ki, bahalaşan məhsullar arasında gündəlik tələbat malları da var. Bahalaşma həmçinin kənd təsərrüfatı, toxuculuq, inşaat və başqa sahələri əhatə edəcək. Bundan əlavə, Avrasiya İqtisadi Birliyində xarici avtomobillərə tətbiq edilən rüsumlar 2020-ci il yanvarın 1-dən Ermənistanda da tətbiq olunacaq. Nəticədə ölkəyə gətirilən avtomobillər təxminən 6 dəfə bahalaşacaq”.

*****

“Məxməri inqilabdan sonrakı bir il onu həyata keçirənlər və onların lideri Nikol Paşinyan üçün olduqca mürəkkəb oldu. İl bütün xalq üçün çətin oldu, xüsusən də sosial nöqteyi-nəzərdən”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözlər Aravot.ru-am portalında gedən məqalədə yer alıb. Müəllif Voskan Yerevantsi yazır ki, baş nazirin özü də inqilabdan sonrakı bir ilin çətinliklərinə toxunub və belə xoşagəlməzliklər və çətinliklərə görə təkcə əksinqilabçıları deyil, hakimiyyətin bəzi nümayəndlərini də qınayıb, habelə “Yeni Ermənistan”ın qurulmasında buraxılan səhvlərdən danışıb.

“Hərçənd qalib olan və inqilab yolu ilə hakimiyyətə gələn Nikol Paşinayan və onun təmsilçiləri hakimiyyətin potensial və resurslarından maksimum istifadə edilməsi üçün əllərindən gələni ediblər, bununla belə, söyləmək olar ki, onlar maksimum müqavimətlə üzləşiblər - o cümlədən KİV, media sferasında”, - deyə məqalədə vurğulanır.

*****

Bu arada İrəvanda neçə gündür davam edən etiraz aksiyaları daha böyük vüsət alıb (Axar.az). Ermənistan KİV-lərinin məlumatına görə, paytaxtda yüzlərlə fermer hüquqlarının pozulması və hökumətin məcburı kəsim qaydalarına etiraz olaraq dünən də səhər saatlarından Hökumət Evinin qarşısına yığılıb.

Aksiya iştrakçılarının sözlərinə görə, əvvəlki günlərdən fərqlı olaraq, heç nəyin dəyişmədiyi təqdirdə daha radikal addımlar atacaqlar. “Bizi eşitməsələr, hər tərəfi dağıdacağıq. Bizi sındıra bilməzlər. Biz hökuməti sındırarıq. Tələblər yerinə yetirilməsə, səhər saatlarından bütün yollar bağlanacaq”, - deyə fermerlər şüarlar səsləndirib.

Erməni mediasının kritik adlandırdığı 2020-ci ildə belə sosial təlatümlər sözsüz ki, daha çox olacaq. Hələlik sosial-iqtisadi tələblərlə keçirilən etirazlar siyasi təlatümlərə və yeni hakimiyyət dəyişikliyinə də gətirə bilər. Odur ki, proseslər, şübhəsiz ki, ən çox Ermənistanla müharibə vəziyyətində olan Azərbaycanda diqqətlə izlənəcək...
“Yeni Müsavat”

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ